Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1855/2025 29.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1911/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ərizənin təsviri hissəsində göstərilən 5235 manat dəyərində qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki övladları anadan olmuş, ailə münasibətləri pozulmuş, cavabdeh onu təhqir etmiş və döymüşdür. Sonuncu dəfə də cavabdeh tərəfindən döyülmüş və polis əməkdaşlarının köməyi ilə evi tərk etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1685/2024 saylı qətnaməsinə əsasən boşanmışlar. Evi tərk edərkən ona məxsus iddia ərizəsində göstərilən 5235 manat dəyərində qızıl-zinət əşyaları evdə qalmış və həmin qızılları onun xəbəri və razılığı olmadan cavabdeh qardaşı uşaqları ilə birlikdə satmışdır.
3. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1911/2025 nömrəli qətnaməsi (hakim Rafiq Məmmədov) ilə iddianın təmin edilməsi, komplekt (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində, komplekt bir dəst (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 18 qram (1 qramı 90 manat) 1620 manat dəyərində, Klon bir ədəd 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində,üzük qaşlı 585 əyarlı, 1.5 qram 135 manat dəyərində, nişan üzüyü bir ədəd 583 əyarlı, (briliyant qaşlı) 3 qram 600 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2.5 qram (1 qramı 90 manat) 225 manat dəyərində, boyunbağı bir ədəd 583 əyarlı, 5 qram 450 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2 qram (1 qramı 90 manat) 180 manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadıqda onların dəyəri olan cəmi 5235 (beş min iki yüz otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi, iş üzrə ödənilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
4. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2 və 157.2-ci maddəsinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cu maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 191.3 və 216-220-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1911/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qızıl-zinət əşyalarının satışı qarşılıqlı razılaşma əsasında baş tutmuşdur. Tərəflər arasında ailə münasibətləri pisləşməmişdən əvvəl qızıllar ailə ehtiyacları üçün satılmışdır. Məhkəmə qətnaməsindən belə qənaətə gəlinir ki, guya iddiaçının qızlların satılmasından məlumatı olmamışdır. Halbuki qızılların satılması iddiaçının razılığı ilə həyata keçirilmişdir. İddiaçı əşyaların ona hədiyyə verildiyini qeyd etsə də, məhkəməyə bu barədə heç bir yazılı sübut təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunan qızıl-zinyət əşyaları mövcud olmuşdur. Həmin qızıl-zinət əşyalarının satışı qarşılıqlı razılaşma əsasında baş tutmuşdur. Yəni tərəflər arasında ailə münasibətləri pisləşməmişdən əvvəl qızıllar ailə ehtiyacları üçün satılmışdır. İddiaçının qızlların satılmasından məlumatı olmuşdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan iki övladları anadan olmuş, ailə münasibətləri pozulmuş, cavabdeh onu təhqir etmiş və döymüşdür. Sonuncu dəfə də cavabdeh tərəfindən döyülmüş və polis əməkdaşlarının köməyi ilə evi tərk etmişdir. Nikahları pozulmuşdur. Evdən çıxarkən ona məxsus və iddia ərizəsində göstərilən 5235 manat dəyərində qızıl-zinət əşyaları evdə qalmışdır. Ona məxsus olan həmin qızıllar onun xəbəri və razılığı olmadan cavabdeh öz qardaşı uşaqları ilə birlikdə satmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, iddiaçı Rövşanə Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq evlənmiş və iki uşaqları olmuş, ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçını təhqir etmiş, döymüş və o, polis əməkdaşlarının köməyi ilə evi tərk etmişdir. Tərəflərin nikahları pozulmuşdur. Evdən çıxarkən iddiaçıya məxsus və iddia ərizəsində göstərilən 5235 manat dəyərində qızıl-zinət əşyaları evdə qalmışdır. Cavabdeh tərəf həmin qızılların mövcud olduğunu bidirmişlər. Həmin qızılların iddiaçının razılığı ilə birlikdə satılmasını qeyd edirlər. İddiaçı isə qızılların satılmasını məhkəmə iclasında eşitdiyini bildirmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. İş üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh nümayəndə (vəkil) ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
17. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35.
19. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur.
20. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1911/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaq ailə münasibətləri qurmuşlar. Birgə ailə münasibətlərindən iki övladları doğulmuşdur. İddiaçı ailə quran zaman cavabdehə məxsus evə gəlin köçmüşdür. Bu zaman mübahisəli qızıl-zinət əşyaları iddiaçıya toy zamanı hədiyyə edilmiş, ailədaxili münaqişələr zəminində iddiaçı məcbur qalıb evdən çıxmışdır. Evdən çıxan zaman iddiaçının qızıl-zinət əşyaları cavabdehə məxsus evdə qalmışdır.
38. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.
39. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
41. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
42. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
43. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.
44. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
45. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
46. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
47. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:
1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;
2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;
3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.
48. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
49. İşin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə sübut olunur. Cavabdeh tərəfindən qızılların mövcudluğu mübahisələndirilmir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.
50. Həmçinin kollegiya göstərir ki, cavabdeh tərəfin qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə satılması barədə göstərdikləri dəlillər əsassızdır. Çünki, cavabdeh tərəfindən qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
54. Kollegiya xatırladır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
56. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
59. Baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1911/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.