Məhkəmə qərarları › İş №2(104)-1951/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1951/2024

17.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1951/2024 17.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh qızından 1800 (min səkkiz yüz) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. X1 tərəfindən apellyasiya şikayəti verilmiş və Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan X3 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərtər rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadından verilmiş şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadı ləğv edilməli və şikayətin mümkünlük məsələsinin araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 10-1, 263-264, 363, 366, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərtər Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadı ləğv edilsin. Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar