Məhkəmə qərarları › İş №2(104)-1959/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1959/2025

17.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1959/2025 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X24 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X10 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh2 və cavabdeh, həmçinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3169/2021 saylı qərardadının surətindən görünür ki, X26 maraqlı şəxs DƏDRX-in Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə yaşayış evinə sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2-160 2007 saylı iş üzrə 17 iyul 2007-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X16 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m. olan yaşayış evinə görə X17 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə X17 mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə X19 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi idarəsinin Gədəbəy rayon şöbəsinə tapşırılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3169/2021 saylı qərardadı ilə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli, 2-160/2007 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması qət edilmişdir.

2. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində № ******* nömrəli çıxarışından görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində X17 istifadəsində olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 105 nöməli vərəqində qeydiyyata alınmışdır.

3. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-265/2022 saylı qətnaməsindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən mərhum X17 adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2007-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında X13 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V-23, 2V-23, 2V25 və 2V-26 № ilə qeydə alınmış X43 hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi qət edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2194/2022 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-265/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2194/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-265/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. X43 Hüququ Haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamədən görünür ki, vərəsəliyi anası X14 qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2024-cü ildə vəfat etmiş X11 xx.xx.2002-ci ildə vəfat etmiş anası X16 vərəsəsi Moskva Vilayəti, Sergiyevo-Posadsky rayonu, Boqorodskoye FQ, ev 15, mənzil 60 ünvanında qeydiyyatda olan nəvəsi İddiaçı (46, 14 536360, Moskva Vilayəti üzrə Sergiyevo-Posadsky Bələdiyyə rayonu üzrə FMXİŞ 5№-li ƏM bölmə kodu 500-501, xx.xx.2014, d/t xx.xx.1988) və o miras əmlakdan tam hissədə pay almalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X20 verilmiş **********57- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndi, ev-Yeni qaydalarla AZ 2141, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.0 kv/m olan fərdi yaşayış evindən ibarətdir

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121 kv.m olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır.

7. Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121 kv.m olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin 29 aprel 2025-ci il tarixinə bazar dəyəri 45(qırx beş min) manat təşkil edir.

8. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-44/2-15/2026 saylı xx.xx.2026 tarixli məktubundan görünür ki, Gədəbəy rayonu, Slavyanka kənd sakini Abdullayeva X8 sakini mərhum X26 ilə 1999-cu il tarixdə ailə qurmuşdur. Ailə qurduğu tarixdən Slavyanka kəndində qeyd olunan ünvanda mərhum əri ilə birgə yaşamış, hər iki övladı Slavyanka kəndində anadan olmuş, onlar orada bağçaya və məktəbə getməklə böyümüşlər. Yaşadıqları evi birgə nikahdövründə inşa etdirmişlər. Hazırda Cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşayır. Məktubda qeyd olunan məlumatlar qonşular arasında aparılan sorğular zamanı müəyyən edilmişdir. Sorğuların aparılması ilə akt tərtib olunmuşdur.

9. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2026-cı il tarixli Aktından görünür ki, Gədəbəy rayonu Slavyanka kənd sakini Abdullayeva X8 sakini mərhum X26 ilə 1999-cu il tarixdə ailə qurmuşdur. Ailə qurduğu tarixdən Slavyanka kəndində qeyd olunan mərhum əri ilə birgə yaşamış, hər iki övladı Slavyanka kəndində anadan olmuş, onlar orada bağçaya və məktəbə getməklə böyümüşlər. Yaşadıqları evi birgə nigah dövründə inşa etdirmişlər. Hazırda Cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşayırlar. Aktın doğruluğunu Slavyanka kənd sakinləri Cavabdeh3, Zeynəb Cabbarova, Tərgül Mirzalıyeva, Əli Vəliyev, Arzuman Əhmədov tərəfindən təsdiq edilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası tam orta təhsil haqqında E № 165543 nömrəli attestatın surətindən görünür ki, 09 iyul 2000-ci il təvəllüdlü Cavabdeh1 2018-ci ildə Gədəbəy rayonu, X.İsmayılov adına 2 saylı Slavyanka kənd tam orta məktəbini bitirmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası tam orta təhsil haqqında E № 739477 nömrəli attestatın surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 2018-ci ildə Gədəbəy rayonu, X.İsmayılov adına 2 nömrəli Slavyanka kənd tam orta məktəbini bitirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu, Slavyanka kəndində (Yeni qaydalarla: ünvan 2 ünvanında) yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X26 anası X21 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladı olmuşdur: o - İddiaçı (əvvəlki adı X27), qardaşları X25 və X28. X5 anası, yəni onun ana nənəsi X16 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Slavyanka kənd İƏD üzrə nümayəndəliyin 03 saylı təsərrüfatbaşına kitabının 477-ci şəxsi hesabında 0.25 ha həyətyanı torpaq sahəsi və 1986-cı ildə tikilmiş ümumi sahasi 48 kv.m, yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. X4 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evini ona vəsiyyət etmişdir. Həmçinin, sözügedən mülkə faktiki olaraq o sahiblik etmişdir. Bunun nəticəsidir ki, həmin evin yerləşdiyi 0.25 ha həyətanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Bu barədə keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən adına xx.xx.2006-cı il tarixli, JN-602D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. O, Gədəbəy rayonu. Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, idarənin əməkdaşları 16 avqust 2023-cü ildə əraziyə gəlmiş, lakin orada cavabdehlər ölçmə işlərinə maneələr yaratmışdır. 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə xx.xx.2023-cü il tarixli məktub verilmişdir. Bundan sonra o, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-602D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun mülkiyyətinə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra sözügedən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eləcə də, adına fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Fərdi yaşayış evinin ünuımi sahəsi 121 kv.m, torpaq sahəsinin ölçüsü isə 0.25 hektardır. Hazırda Cavabdeh1, Cavabdeh2 və onların anası Cavabdeh3 ona məxsus fərdi yaşayış evindən çıxmırlar. Torpaq sahəsini isə əkib becərmişlər. Bu isə onun mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.

14. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı Nazimovçin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Gədəbəy rayonu. Slavyanka kəndində (Yeni qaydalarla: ünvan 3 ünvanında) yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsindən çıxarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı Nazimovçə verilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mərhum atası X26 anası X21 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladları doğulmuşdur. X11 anası, yəni iddiaçının nənəsi X16 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Slavyanka kənd İƏD üzrə nümayəndəliyin 03 saylı təsərrüfatbaşına kitabının 477-ci şəxsi hesabında 0,25 ha həyətyanı torpaq sahəsi və 1986-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. X6 rayonu, Slavyanka kəndində yerləşən evini iddiaçıya vəsiyyət etmişdir. Bu barədə 19 iyun 1999-cu il tarixdə X29 tərəfindən Gədəbəy Rayon Notariat Kontorunda onun adına vəsiyyətnamə tərtib edilmişdir. Həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya verilmişdir. X29 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir (işin bu halları iş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir.) Bundan sonra ünvan 2 ünvanında yerləşən hazır ki iş üzrə mübahisəli, ümumi sahəsi 121 kv.m olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq cavabdehin ona məxsus olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasını tələb edir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, X11 anası, yəni iddiaçının nənəsi X16 cavabdehlər ilə hər hansı qohumluq əlaqələri yoxdur. İddiaçının atası X26 ilə Cavabdeh3 X1 ikinci dəfə ailə qurmuş və onların Cavabdeh1 və Cavabdeh2 adından övladları olmuşdur. Hazırda Cavabdeh3, onun övladları Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus sözügedən fərdi yaşayış evində yaşayırlar və torpaq sahəsini istifadə edirlər. Həmin əmlaklardan cavabdehlərin hər hansı istifadə hüquqlarının olması məhkəmədə təsdiqini tapmır. Göründüyü kimi, cavabdehlərin İddiaçı məxsus əmlakları istifadə etməsi sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı Nazimovçin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Gədəbəy rayonu. Slavyanka kəndində (Yeni qaydalarla: ünvan 3 ünvanında) yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdır.

16. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 228.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

17. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(042)-891/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlərə qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlərin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Gədəbəy rayonu Slavyanka kəndində(Yeni qaydalarla: ünvan 3 ünvanında) yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsini qanunsuz və əsassız hesab etmişdirlər. Belə ki, o, Cavabdeh3 X26 ilə 1999-cu ildə faktiki ailə qurmuşdular. Birgə yaşadıqları dövrdə onların Cavabdeh1 və Cavabdeh2 adından övladları olmuşdur. İddiaçı, Nazimin ondan əvvəl qurduğu ailəsindən doğulmuşdur. 28 ildir ki, sözügedən evdə yaşayırlar. Bütün cavanlığı həmin evdə keçmişdir. Qızları həmin evdə böyüyüb, uşaqlıqları həmin evdə keçmişdir. Əri Rusiya vətəndaşı olduğu üçün evi yoldaşının adına sənədləşdirmək mümkün olmamış, həmin ev onun keçmiş qaynanasının adına sənədləşib, daha sonra qaynanası ilə aralarında narazılıq olduğuna görə evi Ruslanın adına sənədləşdirmişdir. Əri hal-hazırda yaşasaydı, onları həmin evdən çıxarmaq istəməzdi. Əri rəhmətə gedəndə övladları heç atalarının yas mərasiminə belə gəlməmişlər. Artıq neçə illərdir ki, məhkəmədə mübahisələri gedir. Onların həyətdə iki evi var. Evin birində hal-hazırda o, və qızları yaşayır, digərində isə yaşayış yoxdur. Yaşayış olmayan evin sadəcə qapısı və pəncərəsi vardır. Həmçinin həmin evdə nə qaz, nə də işıq sistemi var. Sözügedən evi əri Nazimlə birlikdə evləndikdən sonra inşa etmişlər. Nazimin birinci yoldaşından olan övladları Rusiya vətəndaşıdır. Əsas məqsədləri onları həmin evdən çıxardıb, evi dəyər-dəyməzə satmaqdır. İddiaçı evi satmasa belə o, həmin evdə yaşayası deyildir. İddiaçının Rusiyada şəxsi evləri var. Lakin cavabdehlərin bu evdən başqa qalmağa yerləri və evləri yoxdur. Onlar bu evdən çölə atıldıqları gündən evsizeşiksiz qalacaqlar. Hazırda iki qız övladı ilə yaşamağa evləri var, əgər evdən illər sonra çıxarılıb çölə atılarlarsa, bu qızların aqibəti necə olacaq. Qardaş bacılarını çölə atır. Onların mübahəsli evdən istifadə hüquqları var. Belə ki, əri Nazim İsgəndərov onları öz aldığı evə köçürmüş, həmin ev onun keçmiş qaynanasının adına olsa da, onun qaynanası Solmaz Sarıyevanın da onların həmin evdə yaşamaqlarına etirazı olmamışdır. O vəfat etdikdən sonra iddiaçı həmin evi adına keçirib, illər sonra onları evdən çıxardır. Onun əri ilə birlikdə həmin evdə illərdir əməyi və zəhməti olmuşdur. Ev alınarkən hazırki vəziyyətdə olmamışdır. Onlar birlikdə evdə əsaslı təmir işləri aparmışdılar. Bu gün isə iddiaçı tərəfindən onlara heç bir kompensasiya ödənilmədən, evə çəkdikləri xərcin əvəzi ödənilmədən evdən çıxarılırlar. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli qətnaməsinin əsassız hesab etmişdir. Məhkəmə tərəfindən qeyd olunan halların heç biri nəzərə alınmadan düzgün araşdırma aparılmamış, maddi hüquq normaları düzgün tətbiq edilmədən iddia tələbi əsassız olaraq təmin edilmişdir. Onların həmin evdən istifadə hüquqları olduğu halda məhkəmə tərəfindən evdən və torpaq sahəsindən çıxarılmaqları qət edilmişdir. Qeyd edilənlərə əsasən qətnaməni tamamilə əsassız və qanunsuz hesab edirlər. Hakim öz qətnaməsində Mülki Məcəllənin bu maddəsinə istinad etsə də, qətnamənin məzmunundan aydın görünür ki, bu hüquq norması düzgün tətbiq edilməmişdir. Cavabdeh3 1999-cu ildə Nazim İsgəndərovla ailə quraraq mübahisəli evə köçmüşdür, həmin vaxtdan da mübahisəli evdə birlikdə yaşayaraq, birgə təsərrüfat idarə etmişdilər və övladları da həmin evdə doğulmuşdur. Hətta cavabdeh tərəfindən evdə əsaslı təmir işləri aparılmışdır. Lakin, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən istinad olunan Mülki Məcəllənin 228.5-ci maddəsi isə 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr həll edilməli olduğu halda hazırki qətnamədə məhkəmə tərəfindən həmin normaya istinad edilməklə onların həmin evdə yaşamaqlarının mülkiyyətçinin razılığı ilə yol verildiyinə istinad etməklə, həmçinin cavabdehlərin mübahisəli evdən hər hansı istifadə hüquqlarının olmasının məhkəmədə təsdiqini tapmadığı və onların iddiaçıya məxus əmlakları istifadə etmələrinin sonucunun qanunla qorunan mülkiyyət hüquqlarının pozmasına gətirib çıxarması nəticəsinə gəlmişdir. Halbuki, onların mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmaqla, həmin ev onların vəsaitləri hesabına yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Lakin, məhkəmə qeyd olunan halları nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarından görünür ki, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin, məhkəmə tərəfindən onun mübahisəli evdə 1999-cu ildən əri Nazim İsgəndərovun və evin keçmiş mülkiyyətçisi Solmaz Sarıyevanın razılığı ilə köçərək yaşamışlar, Solmaz Sarıyevanın ona qarşı heç vaxt evdən istifadə və evdən çıxarılma ilə bağlı heç bir tələbi olmamışdır. Solmaz Sarıyeva da, evin onun əri tərəfindən alındığını, yalnız formal olaraq onun adına rəsmiləşdirildiyini bilmişdir. O, 1999-cu ildən orada yaşayaraq, övladları isə doğulduğu vaxtdan hazırki vaxta kimi həmin evdə yaşayaraq mübahisəli əmlakdan istifadə hüququ əldə etmişdilər. Qeyd olunan normaların tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən o, Nazim İsgəndərov tərəfindən ailə üzvü kimi mübahisəli mənzilə 1999-cu ildə köçürüldüyü andan, övladları isə həmin mənzildə doğulub yaşamağa başladıqları vaxtdan onların həmin mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüquqları əmələ gəlmişdir. Belə ki, onlar mübahisəli fərdi yaşayış evinin icarədarı olan Nazim İsgəndərovun arvadı və övladları olaraq onun ailə üzvü olmuşlar. Evə köçdükləri vaxtdan heç bir qeyd şərt olmadan hazırkı vaxta qədər fasiləsiz olaraq həmin mənzildə yaşamış və birgə təsrrüfat aparmış, həmin əsasla onların mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ əmələ gəlmişdir. İddiaçı sonradan həmin məzilə mülkiyyət hüququna dair çıxarış almış və hazırda mülkiyyətçi olaraq onları evdən çxıarmaq istəmişdir. Halbuki, həmin ev hələ mülkiyyətçinin adına keçməmişdən əvvəl onların evdən istifadə hüquqları yaranmış, evin keçmiş mülkiyyətçisi və kirayəçisi olan əri Nazim İsgəndərov onlara qarşı evdən və torpaqdan çıxarma ilə bağlı tələb irəli sürməmişdir. Hazırki, vəziyyətdə onları cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən yaranmış istifadə hüquqları yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında da mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olması qeyd edilmişdir. Mənzil Məcəlləsinin 53–cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. Onlar də evin kirayəçisi Nazim İsgəndərovun arvadı və övladları olmaqla onun yaxın qohumu olaraq Nazim İsgəndərovun və evin keçmiş mülkiyyətçisinin razılığı ilə evə köçmüşlər və evdə yaşayırlar. Bununla da, onlar evdən istifadə hüququ əldə etmişlər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O, iddia tələbi üzrə bütün sübutlarını təqdim etsə də, məhkəmə tərəfindən həmin sübutlara istinad edilmədən, iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən onun iddia tələbinin əsaslı olması barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır.

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh, həmçinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətini müdafiə etidiyini bildirərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 1999-ci ildə evlənərək mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, daha sonra həmin ünvana qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Solmaz İddiaçı nənəsidir. O, 1999-ci ildə evlənərək mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, uşaqlarım doğulduqdan sonra həmin ünvana qeydiyyata alınmışdır. Həyətdə iki ev olmuşdur. Biri hazır evi idi, digəri isə sonradan yoldaşı ilə o, təmir etdirmişlər. Onlar hazır olan evdə yaşayırdılar. İkinci evin təmiri 2003-cü ildə başlamış, 2005-ci ildə bitmişdir. Torpaq sahəsi Ruslanın adınadır. Həyat yoldaşı evi qayınanasının adına almış, daha sonra qayınanası isə evi Ruslana vermişdir.

21. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

22. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafə edərək bildirmişdir ki, o, Gədəbəy rayon Slavyanka kəndində anadan olmuşdur. Həmin evdə yaşamışdır. mübahisəli fərdi yaşayış evi onların ata yurdudur. İddiaçı isə onların ögey qardaşlarıdır.

23. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:

24. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

25. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

26. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

28. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

29. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

41. İşin hallarından müəyyən olunur ki, X26 anası X21 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladları İddiaçı (əvvəlki adı X27), X25 və X28 doğulmuşdur. 1997-ci il 22 sentyabr tarixli müqavilənin surətindən görünür ki, X7 rayonu, Slavyanka kəndində yerləşən ona Gədəbəy rayon Dövlət Texniki inventarlaşdırma bürosunun verdiyi qeydiyyat vəsiqəsi əsasında ona məxsus yaşayış evini X11 anası X2. Bundan sonra Afər İsgəndərova ilə Nazim İsgəndərova ayrılmış və X3 Elnarə Bayram qızı ilə 1999-cu il tarixdə ailə qurmuşdur. Ailə qurduğu tarixdən onlar Solmaz Sarıyevaya məxsus Slavyanka kəndində qeyd olunan evdə yaşamış, onların Sevinc və Sevgi adlı iki uşağı doğulmuş, hazırkı vaxtadək Cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşayırlar. xx.xx.2002-ci ildə X29 vəfat etmiş, bundan sonra X26 maraqlı şəxs DƏDRX-in Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə yaşayış evinə sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2-160 2007 saylı iş üzrə 17 iyul 2007-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X16 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m. olan yaşayış evinə görə X17 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə X17 mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə X19 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi idarəsinin Gədəbəy rayon şöbəsinə tapşırılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3169/2021 saylı qərardadı ilə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli, 2-160/2007 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması qət edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhəmə aktları ilə DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən mərhum X17 adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2007-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilmiş, həmin çıxarış əsasında X13 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestrdə 2V- 22, 2V-23, 2V-23, 2V25 və 2V-26 № ilə qeydə alınmış X43 hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. X43 Hüququ Haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamədən görünür ki, vərəsəliyi anası X14 qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2024-cü ildə vəfat etmiş X11 xx.xx.2002-ci ildə vəfat etmiş anası X16 vərəsəsi nəvəsi İddiaçıdir. Bundan sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121 kv.m olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmış və iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

42. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halıdır ki, mübahisəli ev iddiaçının nənəsi Solmaz Sarıyevaya məxsus olmuş, lakin onun sağlığında, eləcə də, onun vəfatından sonra həmin evdə mərhum Nazim İsgəndərov və onun ailə üzvləri (hazırki iş üzrə cavabdehlər) yaşayaraq evdən isitifadə etmişlər. Hazırda da, mübahisəli ev cavabdehlərin istifadəsindədir. Belə ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli Aktı və Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2026-cı il tarixli məktubu, həmçinin işdə olan digər sübutlarla Cavabdeh3 mərhum X17 1999-cu il tarixdə ailə qurması, ailə qurduğu tarixdən Slavyanka kəndində qeyd olunan mərhum əri ilə birgə yaşaması, hər iki övladı Slavyanka kəndində anadan olması, onların orada bağçaya və məktəbə getməklə böyüməsi və hazırda Cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşaması müəyyən edilir.

43. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

44. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, mərhum Nazim İsgəndərov 1999-cu ildə ailə üzvləri ilə (hazırki iş üzrə cavabdehlər) həmin evə köçüb orada yaşadığından 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Həmin maddənin məzmununa görə yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

46. İşin müəyyən olunan hallarından göründüyü kimi, Cavabdeh3 1999-cu ildə mübahisəli evə gəlin köçmüş, digər cavabdehlər isə həmin evdə doğulub boya-başa çatmış, hətta onlar birlikdə hazırkı vaxtadək həmin evdə yaşamağa davam edir. Əvvəlki mülkiyyətçi isə həmin halı mübahisələndirməmiş, cavabdehlərin evdən istfadə etməsi razılaşmışdır. Bu hal isə ona dəlalət edir ki, onun fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Hazırda isə mülkiyyətçinin dəyişməsi onların istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. MM-nin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.03.16-ci il tarixli qərarında qeyd edilmişdir ki, bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin 2(042)-891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar