Məhkəmə qərarları › İş №2(104)-1964/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1964/2024

31.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1964/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bütün avadanlığı ilə istilik sistemi - 2075 manat, hamamın su qızdırıcısı hissələri ilə - 180 manat, əl-üz yumaq üçün avadanlıqlar – 120 manat, dörd gözlü qaz plitkası (sobası) hissələri ilə - 350 manat, işıq çilçıraqları (06 ədəd) – 600 manat olmaqla, göstərilən əmlakların (əşyaların) dəyərinin - 3325 manat pulun və 60 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən X.Səfərli ) İddiaçı Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 04.07. 2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və əmlakların (əşyaların) dəyərinin - 3325 manat pulun və 60 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2021-ci ildə vərəsəlik payını almasına baxmayaraq, 2024-cü ilin aprel ayının 14-də (4 il mənə mənəvi zərbə və maddi ziyan verdikdən sonra) mənzili boşaltmışdır. Cavabdeh ailəsi 1996-cı ildən 2024-cü ilin aprel ayinadək (24 il) həmin mənzildə kirayə vermədən yaşayıblar və evi təhvil verəndə iddiada göstərilən əşyaları da razılığı olmadan söküb aparımışdır. Bundan əlavə, mənzilin qiymətləndirilməsi Bakı şəhərindən göndərilən ekspert tərəfindən həyata keçirilmişdir. Mənzilə qiymət qoyulanda yuxarıda adları göstərilən və sökülüb aparılan ona məxsus əşyaların hamısı mənzildə olmuş və mənzilə qiymət qoyularkən sökülən həmin əyaşalar nəzərə alınmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 04.07. 2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsini ləğv edlilməsi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçı ilə ata baladır. Onun atası sözügedən evdə heç yaşamamışdır. 1996-cı ildən həmin evdə öz ailəsi ilə birlikdə yaşamış və evdən köçərkən özünə məxsus əşyaları aparmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3919/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər X2, X9, X3 və Əliyeva Pərvanə Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mənzilindən əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1124/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)- 505/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdehlər X5, X10, X6 və Əliyeva Pərvanə Əli qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3919/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1124/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X10 xx.xx.2003-cü il tarixdən halhazıradək, Əliyeva Pərvanə Əli qızı xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X7 xx.xx.2022-ci il tarixdən hal-hazıradək, X6 xx.xx.2003-cü il tarixdən hal-hazıradək və X5 xx.xx.2014-cü il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. xx.xx.2024-cü il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 hal şahidlərinin iştirakı ilə tərtib etdiyi aktdan görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda tələbkarın nümayəndəsi və hal hal şaidləri İddiaçı, X8 və X1 iştirakları ilə ünvan 3 ünvanına gəlmişlər. Tərəfindən borclulara bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1124/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli icra vərəqəsinə əsasən adları icra vərəqəsində qeyd edilən borcluların Gəncə şəhəri Təbriz küçəsi, bina 1, mənzil 48 saylı evdən istifadə hüquqlarına xitam verilmələri və həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Gəncə şəhəri Təbriz küçəsi, bina 1, mənzil 48 saylı evin açarları tələbkar İddiaçı təhvil verilmişdir. ünvan 1 saylı ünvanı təhvil verilərkən, mənzilin kombi və radiaotorları sökülmüşdür, hamamın minutkası (istilik üçün) və istilik peçi, əl-üz yuyan sökülmüşdür. Dörd gözlü qaz plitkası və istilik sistemi qızdırıcı boruları sökülmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı ona məxsus olduğunu və cavabdehin qanunsuz sahbliyində olduğunu bildirdiyi əşyaların dəyərinin tutulmasını xahiş etmişdir. Lakin iddiaçı həmin əşyaların mövcud olmasını, ona məxsus olmasını, tələb etdiyi dəyərdə olmasını, cavabdehin qanunsuz sahiblik və istifadəsində olmasını sübutları təqdim etməmişdir. Sübutların birinci instansiya məhkəməsinə təqdim edilməli olmasını nəzərə alan məhkəmə çəkişmə prinsipini təmin etsə də, tələbin tam və ya qismən əsaslı olması sübuta yetirilə bilməmişdir, buna görə iddia təmin edilə bilməz. Bununla da, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, mübahisə edilən mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşamış və iddia olunan əşyaların iddiaçıya məxsusluğu öz təsdiqini tapmamışdır. Həmçinin iş materilarına əlavə edilmiş kombiyə dair zəmanət kartından görünür ki, həmin kombini sifariş verən şəxs Cavabdeh olmuş və zəmanət kartı onun adına tərtib edilmişdir. Belə olan halda, iddia tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçı əşyaların ona məxsus olub-olmaması barədə heç bir sübüt növü təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3420/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar