Məhkəmə qərarları › İş №2(104)-203/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-203/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-203/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı Sabiq qızının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Sabiq qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin evdən çıxarılması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ 492205 nömrəli, 27 mart 2022-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı arasında 27 mart 2023-cü il tarixdə rəsmi nikah bağlanmışdır.

2. AZ-İİ 319995 nömrəli, 20 fevral 2023-cü il tarixli, ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur.

3. Qaçqınların və Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə Rayon Nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 79 nömrəli məktuba cavabdan görünür ki, Cavabdeh1 Sadiq qızı müvəqqəti olaraq Bərdə rayonu, Yeni-Əyricə kəndi- Fermada məskunlaşmışdır.

4. “Dövlətqaçqınkom”-un Tərtər rayon Mənzil Kommunal İstismarı idarəsi tərəfindən verilmiş 180 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır.

5. Bərdə rayon Qaradağlı Bələdiyyəsinin 09 oktyabr 2006-cı il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bələdiyyə mülkiyyətində mülkiyyətçilərdən alqı-satqı yolu ilə alınmış torpaq sahəsində 0.022 ha torpaq sahəsi ayrılıb ev tikmək məqsədi ilə Kəlbəcər rayon Qasımbinəsi kənd sakini X1.

6. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X3 özünün qeyri-rəsmi evini və 0,022 ha torpaq sahəsini X5 22000 manata satmış, 20000 manatını akt iştirakçılarının yanında ödəmiş, 2000 manatını isə bir aya ödəməyi öhdəsinə götürmüşdür.

7. Bərdə Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(021)-2571/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər İddiaçı, Cavabdeh1 Sadiq qızına və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbi əsassız olduğundan rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 Sadiq qızına və Cavabdeh2 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən 0.22 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh1 Sadiq qızının və Cavabdeh2 çıxarılmasına və onun əmlakları olan evə köçüb yaşamağına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 Sadiq qızı mərhum həyat yoldaşının anası, Cavabdeh2 isə bacısıdır. O, Bərdə rayon sakini X8 ilə 27 mart 2022-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründə övladları anadn olmamışdır. Həyat yoldaşı 07 yanvar 2023-cü il tariuxdə dəqiqləşdirilməmiş komadan anidən vəfat etmişdir. Elman Cəfərovla birgə nikah zamanı Bərdə rayon Qaradağlı kənd Bələdiyyəsinin 09 oktyabr 2006-cı il tarixli 10 saylı iclas protokolu ilə Elman Cəfərova həyətyani torpaq sahəsi kimi istifadə edilməsi üçün 0.022 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq isə tam yararlı halda tikili 3 otaqlı fərdi yaşayış evi olmuşdur. Onlar həmin evi birgə nikahda olan zaman almışdırlar. Hazırda torpaq sahəsi Bələdiyyənin sənədi ilə Elman Cəfərovun adına olsada, lakin evin rəsmi Çıxarışı olmamışdır. Nikah bağlandıqdan sonra o, Elman Cəfərovla birlikdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən qeyri-rəsmi tikilmiş evi alaraq orada yaşamağa başlamışdır. 0.22 ha torpaq sahəsi Bərdə şəhər B.Hacıyev küçəsində yerləşsə də, lakin 2006-cı il tarixdə həmin ərazilər Bərdə rayon Qaradağlı Bələdiyyəsinin tərkibində olmuşdur. Bunun görə sənədlərdə torpaq sahəsi Bələdiyyənin mülkiyyətində qeyd edilmiş və mərhum həyat yoldaşına satılmışdır. Həyat yoldaşı 07 yanvar 2023-cü il tarixdə vəfat etdikdən sonra atası da, 31 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Anası atasının vəfatından sonra tək qala bilmədiyi üçün anasının yaşadığı evə getmişdir. Onun evdə olmamağından sui-istifadə edərək baldızı və qaynanası mərhumun sabiq həyat yoldaşı ilə birlikdə ona qarşı xoşagəlməz hərəkətlər edərək onu evdən qovmuşlar. Mərhumun sabiq həyat yoldaşı X11 qaynanası və baldızı ilə birləşib, Vüsalə Əliyevanın həmin evə köçməsi ilə bağlı məhkəməyə iddia vermişlər. Bərdə Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə Vüsalə Əliyevanın iddiası əsassız olduğundan rədd edilmişdir. İddianın rədd edildiyini bildikdən sonra, yəni 30 avqust 2023-cü ildən sonra Bərdə şəhəri B.Hacıyev küçəsində yerləşən evə gedərək qapını qırmış və qapının qıfılını dəyişərək onun həmin evdə yaşamağına maneçilik törətmişlər. Həmçinin cavabdehlər Elman Cəfərovla birgə nikahda olan zaman almış olduğu əmlakları razılığı və xəbəri olmadan satmışlar. O, həmin evdən çıxarıldığı zaman qızıl-zinət əşyaları evdə qalmışdır. Cavabdehlər həmin evdə yaşamasa da, ona da, yaşamağa imkan vermirlər, onun isə başqa yaşayacaq yeri olmadığından, həmin evdə yaşamaq istəyir. Buna görə də, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаnın təmin edilməsi, Bərdə şəhər B.Hacıyev küçəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 Sadiq qızı və Cavabdeh2 çıxarılması və İddiaçı əmlakları olan həmin evə köçüb yaşamasının təmin edilməsi (həmin fərdi yaşayış evinə köçürülməsi) iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Sadiq qızı və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, araşdırılmış sübutlarla Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı mərhum həyat yoldaşı X5 məxsus olması və həmin əmlakın birgə nikah dövründə əldə edilməsi faktı təsdiqini tapdığından, həmçinin cavabdehlərin iddiaçının fərdi yaşayış evindən istifadə hüququna maneə törətməsi məhkəmə tərəfindən müəyyən edildiyindən İddiaçı iddiası təmin olunmalı və cavabdehlər Cavabdeh1 Sadiq qızı, Cavabdeh2 sözügedən evdən çıxarılmaqla İddiaçı həmin evə köçüb yaşaması təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyanın 125-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.5, 157.4-cü və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 217.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Bərdə Rayon Məhkəməsinin 2(021)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının onların ailə üzvü olmadığını öz qətnaməsində qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının onlar ilə ailə münasibətlərində olmadığını diqqətə almamışdır. Məhkəmə qətnaməsində yazır: “İddiaçı Elman Cəfərovla birgə nikah zamanı Bərdə rayon Qaradağlı kəndBələdiyyəsinin 09 oktyabr 2006- cı il tarixli 10 saylı iclas protokolu ilə Elman Cəfərovahəyətyani torpaq sahəsi kimi istifadə edilməs i üçün 0.022 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq isə tam yararlı halda tikili 3 otaqlı fərdi yaşayış evi olmuşdur. Onlar həmin evi birgə nikahda olan zaman almışdırlar. Hazırda torpaq sahəsi Bələdiyyənin sənədi ilə Elman Cəfərovun adına olsa da, lakin evin rəsmi Çıxarışı olmamışdır. Nikah bağlandıqdan sonra o, Elman Cəfərovla birlikdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən qeyri-rəsmi tikilmiş evi alaraq orada yaşamağa başlamışdır. 0.22 ha torpaq sahəsi Bərdə şəhər B.Hacıyev küçəsində yerləşsə də, lakin 2006-cı il tarixdə həmin ərazilər Bərdə rayon Qaradağlı Bələdiyyəsinin tərkibində idi. Bunun üçün də, sənədlərdə torpaq sahəsi Bələdiyyənin mülkiyyətində qeyd edilmiş və mərhum həyat yoldaşına satılmışdır. Diqqət etdikdə görmüşdür ki, birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarında söhbət “mülkiyətçi” və “keçmiş ailə üzvü” ifadələrindən gedir ki, hazırkı iş üzrə əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində rəsmi qeydə alınması yoxdur və nə də, ididaçı bizə münasibətdə heç bir keçmiş ailə üzvü statusu daşımır çünki iddiaçının onlarla ədavəti vardır. Birinci instansiya məhkəməsi mülkiyyətçinin kimliyini müəyyən etmədən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat məsələsini iş üzrə aydınlaşdırmadan qərar qəbul etmişdir. Məhkəmə qətnaməsində müəyyən olunmur ki, torpaq hansı şəkildə daşınmaz əmlakda qeydə alınıbdır, evin hüquqmüəyəynedici sənədi olan çıxarış və ona bağlı texniki pasport niyə iddaçı tərəfidnən məhkəməyə təqdim edilmir? Təəssüf ki, birinci instansiya məhkəməsi mülkiyyət və mülkiyyət hüququ ilə bağlı iddiaçının hüquqi statusunu mötəbər sübutlarla təsdiq edib müəyyən edə bilməməsinə baxmayraq onlara qarşı iddiaçının iddiasını əsası olmayan şəkildə təmin etmişdir. Mülki məcəllənin verdiyi analyışa əsasən (178.1.) Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki məcəllənin 228.2.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, məhkəmə mübahisə predmeti olan evlə bağlı hüquqmüəyyənedici sənədlərin mövcudluğu barədə obyektiv araşdırmaya sahib olmamışdır. Birinci instansiya məhkəməsi digər payçınn hüquq və qanuni mənafelərinin pozulmasını bildiyi halda onun işdə iştirakı üçün məhkəmə hər hansısa prosessual hərkət etməmişdir. Məhkəmə işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verməlidir. Lakin birinci instansiya məhkəməsi bunu etməmişdir. Belə oldquda isə birinci instansiya məhkməsi onunla bərabər digər payçıların da, mülkiyyət hüququna qanunsuz müdaxiləyə yol vermişdir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməlidir. Ancaq hazırkı mülki iş üzrə qəbul olunmuş qətnamədə məhkəmənin hansı mötəbər sübutlar əsasında iddiaçının tələbini təmin etməsi ilə əlaqədar heç bir ağlabatan izah yoxdur. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Məhkəmə qətnaməsi o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsi mülkiyyətçinin kimliyini müəyyən etmədən və daşınmaz əmlakın dövlət resytrində qeydiyyat məsələsini iş üzrə aydınlaşdırmadan iddiaçının evə köçürülməsini AR MM-nin 228 və mənzilməcələsinin 30-cu maddəsi ilə əsasladırmağa cəhd etmişdir. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarım sahəsində və sahəsində axtarılmalıdır. Ancaq hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnamədə əsaslandırmağa çalışdığı AR MM 228-ci vəMənzil Məcəlləsinin 30-cu maddələrinin iş üzrə anologiya prinsipi ilə tətbiq olunması mümkün deyil. Məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ev ona məxsusdur. Evi tikili vəziyyətdə almışdır. Ancaq nə vaxt almağını xatırlamır. İddiaçının əşyalarını çıxartmasını istəyir.

17. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qardaşı deyirdi ki, ev uşaqlarımındır. Evdə qardaşı və o, yaşamışdır. İddiaçı 3-4 ay yaşamışdır.

18. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı Sabiq qızı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi 2022-ci ilun yanvar ayında alınıb. Evi 22 min manata almışlar. Atası köməklik etmişdir. Ev nikahdan əvvəl alınıb, evi satan Məzahir olmuşdur. Evə pul verməyi ilə bağlı sübutu yoxdur. 0.10 ha torpaq sahəsini evə görə satmışdır. Ailə qurandan sonra Yeni Əyricə kəndinə köçmüşdür. 2022-ci ilin mart ayında evlənmişlər. Əşyaları həmin evdədir. Bir il sonra rəhmətə gedib. Notariusa getmişdir, demişlər ki, evi adına keçirtsin, ancaq onun pulu olmadığı üçün adına keçirə bilməmişdir. Notariusa ərizə verməmişdir. Yoldaşından qalan heç nəyi qəbul etməmişdir. Vaxtında məhkəməyə müraciət etməməyinin səbəbi, demişlər ki, narahat olmasın onsuz da, onun da, payı vardır evdə. Ona görə də, arxayın olmuşdur. Sonra onlar iddia qaldıranda o da, məcbur olub məhkəməyə müraciət etmişdir. Həmin evdə əri ilə o, yaşamışdır. Qaynanası digər oğlunun evində, Sevil isə Tərtər rayonunda yaşamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

22. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

24. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. 384.0.2. apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 Sadiq qızına və Cavabdeh2 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, onun mülkiyyətində olan Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən 0.22 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh1 Sadiq qızının və Cavabdeh2 çıxarılmasına və onun əmlakları olan evə köçüb yaşamağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı mərhum həyat yoldaşı X5 məxsus olması və həmin əmlakın birgə nikah dövründə əldə edilməsi faktı təsdiqini tapdığından, həmçinin cavabdehlərin iddiaçının fərdi yaşayış evindən istifadə hüququna maneə törətməsi məhkəmə tərəfindən müəyyən edildiyindən İddiaçı iddiası təmin olunması və cavabdehlər Cavabdeh1 Sadiq qızı, Cavabdeh2 sözügedən evdən çıxarılmaqla İddiaçı həmin evə köçüb yaşaması təmin edilmişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallaından görünür ki, Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bərdə rayon Qaradağlı Bələdiyyəsinin 09 oktyabr 2006-cı il tarixli, 10 saylı iclas protokolu ilə ayrılıb ev tikmək məqsədi ilə Kəlbəcər rayon Qasımbinəsi kənd sakini X1. Nə torpaq sahəsi, nə də ki, üzərində inşa edilmiş fərdi yaşayış evi dövlət reyestrində qeydə alınmamışdır. Həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə mərhum X4 gözlənilən mülkiyyət hüququ olsa da, iddiaçı həmin əmlakların mərhumun adına qeydə alınması və həmin əmlakların vərəsə kimi qəbul edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.

41. İddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı kollegiya qeyd edir ki, dövlət reyestrində qeydə alınmamış mübahisəli fərdi yaşayış evinin məxsus olduğu ehtimal edilən iddiaçının əri X8 öldüyündən və iddiaçı ilə nikaha münasibətlərinə xitam verildiyindən iddiaçının həmin evə köçürülməsi tələbi əsassızdır.

42. Kollegiya birinci instansiya məhkəməsinin mərhum həyat yoldaşı X5 məxsus olması və həmin əmlakın birgə nikah dövründə əldə edilməsi faktının təsdiqini tapmasına dair gəldiyi nəticə ilə bağlı qeyd edir ki, məhkəmənin gəldiyi nəticəni təsdiqləyən sübutlar iş materiallarında mövcud deyildir. İş materiallarında mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mərhum X5 bələdiyyə tərəfindən satılması barədə protokol olsa da, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X3 özünün qeyrirəsmi evini və 0,022 ha torpaq sahəsini X5 22000 manata satmış, 20000 manatını akt iştirakçılarının yanında ödəmiş, 2000 manatını isə bir aya ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan, əgər mübahisəli fərdi yaşayış evini inşa etmiş şəxs tərəfindən evin daşınmaz əmlakın alqı-satqı qaydalarına ruaiyət etmədən iddiaçının mərhum əri X2 qəbul edilsə belə, həmin alqı-satqı da, tərəflərin nikahından əvvələ təsadüf edir. Odur ki, birinci instansiya mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə edilməsi ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur.

43. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması ilə bağlı qeyd edir ki, birinci instansiya həmin hissədə də, düzgün nəticəyə gəlməmişdir. Belə iddiaçının hazırda mübahisəli fərdi yaşayış evinə hər hansı hüququ olmadığından cavabdehlərin həmin evdən çıxarılmasını tələb etmək hüququ da, yoxdur.

44. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Bərdə Rayon Məhkəməsinin 2(021)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1518/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar