Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-206/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh, X5 və X2 vəkili (eyni zamanda Cavabdeh nümayəndəsi) olan X4 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-474/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh, X11 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Tovuz rayon Əyyublu kənd S.İsgəndərov adına tam orta məktəbi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəbin mülkiyyətində olan bufet otağının cavabdeh tərəfindən boşaldılması və onun qanunsuz hərəkətlərdən çəkinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi vəsatətlər təqdim edərək, Cavabdeh ailə üzvləri – X11, X5, X3, X8 və X2 da məktəbin mülkiyyətində olan bufet otağına daxil olduqlarını göstərməklə, onların da cavabdeh qismində cəlb olunmalarını və eyni zamanda, İddiaçı üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmiş və vəsatətlər təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-474/2022 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilmiş, Tovuz rayon Əyyublu kənd S.İsgəndərov adına tam orta məktəbin həyətində inşa edilmiş bufetin cavabdehlər Cavabdeh, X11, X6, X5, X3 və X8 tərəfindən boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh, X11 və X6 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-474/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan texniki pasportdan görünür ki, mübahisə predmeti olan bufet məktəbin balansında deyil və bufetin məktəbə aid torpaq sahəsində yerləşməsi ilə bağlı da heç bir sübut yoxdur. Məhkəmə iddiaçının torpaq sahəsi və bufet üzərində mülkiyyət hüququ üzrə subyektiv hüquqla bağlı münasibəti, həmçinin iddiaçı məktəbin direktoru ilə onların arasında mübahisənin olması və mübahisə olunan bufetin onlar tərəfindən inşa edilməsi ilə bağlı məsələləri aydınlaşdırmamışdır. Torpaq sahəsinin kimə aid olması müəyyən deyil. Həmçinin, iddia tələbinin iddiaçı tərəfindən iddia etmək səlahiyyətinə aid olması məsələsi müəyyən edilməmişdir. İddiaçı Tovuz rayon Əyyublu kənd S.İsgəndərov adına tam orta məktəbinə, cavabdehlər X11, X3 və X7 və üçüncü şəxs İddiaçınə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiyanın iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh, X5 və X2 vəkili (eyni zamanda Cavabdeh nümayəndəsi) olan X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehlər məktəbin əvvəlki direktoru Nizami müəllimin icazəsi ilə əvvəllər məktəbin daxilində boş otağı bufet kimi istifadə etmiş, otaq balaca olduğu üçün sonradan məktəbin həyətində ona yer ayırmış və Cavabdeh orada bufet inşa etdirmişdir. Həmin bufetdə qida məhsulları ilə yanaşı dəftər-qələm və digər ləvazimatlar da sataraq, pərakəndə satış göstərir. Gültəkin Nəsibova həmin məktəbin direktor əvəzi ona həvalə edildikdən sonra onlarla qərəzli davranmağa və onların fəaliyyətinə mane olmağa başlamışdır. Hazırda cavabdehlər fəaliyyətini dayandırmışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-474/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-474/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirmiş, iddianın təmin olunmamış hissəsi mübahisələndirməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqların Qediyyatı İdarəsi tərəfındən verilmiş 33 saylı qeyri yaşayış binasının texniki pasportundan görünür ki, Tovuz rayonu Əyyublu kəndində Tovuz rayonu Əyyublu kəndi S.İsgəndərov adına orta məktəb qeydiyyata alınmışdır. Həmin texniki pasportdan görünür ki, sonradan inşa edilmiş bufet texniki pasportda öz əksini tapmamışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tovuz rayonu Əyyublu kəndi S.İsgəndərov adına orta məktəbin həyətində inşa edilmiş bufet iddiaçının torpaq sahəsində yerləşməklə, cavabdehlərin həmin torpaq sahəsi və bufet ilə bağlı hər hansı hüquqa malik deyildir. Cavabdehlər apellyasiya şikayətinin dəlili kimi, mübahisə predmeti olan bufetin məktəbin balansında olmaması və bufetin məktəbə aid torpaq sahəsində yerləşməməsini qeyd edərək, iddiaçının hazırkı tələblə bağlı subyektiv hüquqa malik olmamasını göstərmişlər. Məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizsı təyin edilmiş və məhkəmə kollegiyası tərəfindən mübahisəli bufet tikilisinin Tovuz rayon Əyyublu kənd S.İsgəndərov adına tam orta məktəbin texniki pasportunda əks olunmuş torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsinin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmiş, əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən 39.6 kv.m ölçüdə bufet tikilisinin 33.0 kv.m-ə qədər hissəsi Tovuz rayon Əyyublu kəndi S.İsgəndərov adına tam orta məktəbin registr nömrəsi 00221531 olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Tovuz rayonu Əyyublu kəndində Tovuz rayonu Əyyublu kəndi S.İsgəndərov adına orta məktəbinə aid məktəb binaları və torpaq sahəsinə dair müvafiq texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən 39.6 kv.m ölçüdə bufet tikilisinin 33.0 kv.m-ə qədər hissəsi Tovuz rayon Əyyublu kəndi S.İsgəndərov adına tam orta məktəbin registr nömrəsi 00221531 olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, cavabdehlər tərəfindən inşa edilmiş mübahisəli bufet tikilisinin 33.0 kv.m-ə qədər hissəsi Tovuz rayon Əyyublu kəndi S.İsgəndərov adına tam orta məktəbin texniki pasportunda əks olunmuş torpaq sahəsinin sərhədləri daxilində yeləşməklə, cavabdehlər tərəfindən heç bir hüquqi əsaslar olmadan istifadə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-474/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-474/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-206/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-206/2023
21.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver