Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2223/2025 16.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2014/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı Kəlbəcər, cavabdeh isə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bərdə rayonu Yeni Əyricə kəndində müvəqqəti məskunlaşmışlar.
2. Tərəflər xx.xx.2006-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2007-ci ildə X1, xx.xx.2009-cu ildə X2, xx.xx.2015-ci ildə X3 adlı üç uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur.
3. “X5” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəylərdən görünür ki, İddiaçı tələb etdiyi 8 baş iribuynuzlu mal qaranın bir başı 1800 manat, 60 ədəd ev hind quşunun biri 25 manat, 70 əd ev quşunun (toyuğun) 1 ədədi 10 manat, “KİA RİO” markalı ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil 6000 manat, “Mercedes Bens” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil isə 7000 manat dəyərində qiymətləndirilmişdir.
4. Bərdə Rayonu X4 xx.xx.2025-ci il tarixli 89 saylı arayışında göstərilmişdir ki, tərəflər 2006-cı ildə ailə qurmuş, 2024-cü ildə boşanmışlar. X4 ərazisində olan Mirzalıbəyli kəndində yaşayan Cavabdeh birgə nikah dövründə 8 baş iri buynuzlu mal qara, 60 ədəd hind quşu, 70 ədəd ev toyuğu olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8 baş iri buynuzlu mal qaranın 4 başının, 60 ədəd hind quşunun 30 ədədinin, 70 ədəd ev toyuğunun 35 ədədinin naturada bölünərək alınıb ona verilməsi, olmadıqda isə dəyəri olan 16600 manat məbləğin yarısı olan 8300 manat, maşınlara görə verilən 13000 manatın yarısı olan 6500 manat və anasının verdiyi 5000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2007-ci ildə X1, xx.xx.2009-cu ildə X2, xx.xx.2015-ci ildə X3 adlı üç övladı anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-11/2025 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İddiaçı məhkəmədə iştirak etməmişdir. İddiaçı cavabdehlə bir yerdə olarkən 8 baş iribuynuzlu mal qara, 60 ədəd ev hind quşu, 70 ədəd toyuqları olmuşdur. Həmçinin birgə nikah dövründə 2 ədəd maşın almışlar. Məqsədli olaraq cavabdeh maşınları etibarnamə ilə ələ keçirmişdir. Cavabdeh evdə olarkən anasının şəhid pulundan yığdığı 5000 manatı ona vermişdir. Həmin şəhid pulunu da cavabdeh ələ keçirmişdir. İddiaçı mediasiya xidmətinə müraciət etmiş, cavabdeh dəvət olunaraq bir baş heyvan qalıb, onu da verə biləcəyini demişdir. İddiaçı razılaşmamış, mediasiya təşkilatı xx.xx.2025-ci il tarixdə 000221 saylı arayış vermişdir. İri buynuzlu mal qara və hind quşu, toyuq və maşınlar mütəxəsis rəyi ilə qiymətləndirilmişdir.
7. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(013)-2014/2025 nömrəli qətnaməsi (hakim – Mahir Niftəliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh hər birinin qiyməti 1800 manat olan dörd baş iri buynuzlu malqara, hər birinin qiyməti 25 manat olan otuz ədəd hind quşu, hər birinin qiyməti 10 manat olan otuz beş ədəd ev toyuğu, həmin əmlaklar olmadıqda onların dəyərinin alınaraq İddiaçı verilməsi, Cavabdeh 103 (yüz üç) manat dövlət rüsumunun tutulması, İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan - KİA RİO» markalı ** LP *** dövlət qeydiyyat nişanlı və “Mercedes Bens” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyərinin yarısı olan 7500 manat, həmçinin 5000 manat tələbinə dair hissəsi rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin məhkəmə baxışında məlum olduğu kimi tərəflər birgə nikah dövründə hər birinin qiyməti 1800 manat olan 8 baş iri buynuzlu malqara, hər birinin qiyməti 25 manat olan 60 ədəd hind quşu, hər birinin qiyməti 10 manat olan 70 ədəd ev toyuğu əldə etmişlər. Sözügedən əşyalar nikah müddətində ər-arvadın əldə etdikləri əmlak olduğundan onların ümumi birgə mülkiyyəti olmuşdur. Tərəflər arasında olan nikah münasibətləri pozulduqdan sonra həmin əmlaklar cavabdehin sahibliyində qalmışdır. Ona görə də İddiaçı qeyd edilən əmlakların, onlar olmadıqda isə dəyərinin yarısını tələb etməsi əsaslı olmuşdur.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 390.1, 146.1 və 146.2-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3 və 33.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(013)-2014/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onlara məxsus həyətyanı sahələrində bir baş iribuynuzlu inək və onun balası olmuşdur. Toyuqcücə isə hər bir kənd evinin həyətində olduğu kimi onlarda da olmuşdur. İddiaçının iri buynuzlu heyvanı bir ədəd deyil bir neçə ədəd göstərməyi qərəzli olmuş və işə baxan hakim isə sübut olmadan onların xeyrinə qətnamə qəbul etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq özləri və nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
15. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
17. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
18. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
19. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
20. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
21. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
22. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
23. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
24. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı
25. “Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ərarvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ərarvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür”.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
40. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin – iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi isə onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2014/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2006-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci ildə X1, xx.xx.2009-cu ildə X2, xx.xx.2015-ci ildə X3 üç uşaqları doğulmuşdur. Tərəflərin arasında bağlanmış nikah xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə olarkən 8 baş iri buynuzlu mal qara, 60 ədəd hind quşu, 70 ədəd ev toyuğundan ibarət təsərrüfatları olmuş və bunlar bələdiyyə tərəfindən qeydiyyata alınmışdır.
45. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, məkhəmə ilk öncə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissəsi ilə bağlı bildirir ki, əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak kimi bölünməsi üçün, qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən dispozisiya şərtlərinin olub-olmadığı araşdırılmalıdır.
46. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
47. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
48. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
50. Sadalanan normalar əsasında iş materiallarını araşdıran məhkəmə hesab edir ki, mübahisəli əmlaklar tərəflərin birgə nikah münasibətlərində əldə etdikləri əmlakdır. Çünki, Bərdə Rayonu X4 xx.xx.2025-ci il tarixli 89 saylı arayışı ilə, X4 ərazisində olan Mirzalıbəyli kəndində yaşayan Taleh Məhərrəmov birgə nikah dövründə 8 baş iri buynuzlu mal qara, 60 ədəd hind quşu, 70 ədəd ev toyuğu olmuşdur.
51. Göründüyü kimi, mübahisə predmeti olan əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Buna görə də yuxarıda qeyd edilən əmlaklar 1/2 hissəsinin üzərində iddiaçının payı tanınmalıdır.
52. Belə olan halda məhkəmə cavabdehin – iri buynuzlu heyvanın bir ədəd deyil, bir neçə ədəd göstərilməsi dəlillərinə tənqidi yanaşır və əsassız sayır. Belə ki, cavabdeh istinad etdiyi hala dair məhkəməyə sübut təqdim etməmişdir.
53. Cavabdeh məhkəmənin xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında izahatında 2 dənə inəyin və onun balasının və 30-40 ədəd toyuq və hinq quşunun olduğunu və bu halı təsdiq edəcək sübutları növbəti iclasında məhkəməyə təqdim edəcəyini bildirsə də hazırki məhkəmə iclasına gəlməmiş və dediklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı isə dediklərini təsdiq edəcək bələdiyyənin məlumatını məhkəməyə təqdim etmiş və bu halı inkar edəcək sübutlar hazırda mövcud deyildir.
54. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir.
55. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
56. Belə ki, Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
58. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
59. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
60. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
61. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2014/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.