Məhkəmə qərarları › İş №2(104)-231/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-231/2025

16.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-231/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “əmlak tələbinə” dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 21 may 2021-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ər-arvad olmuşdur. Ağdam Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsinin təsviri hissəsində göstərilən 15.883 manat dəyərində cehiz əşyalarının, 6209 manat dəyərində qızıl-zinət əşyalarının naturada və ya dəyərinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 21 may 2021-ci ildə rəsmən qeydiyyata alınmış və birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. 2021-ci ilin payızında, yəni hamiləlik dövründə müalicə almaq üçün valideynlərinin yanına qayıtmış, valideynləri onu müayinə olunmağı üçün Bərdə rayon mərkəzi xəstəxanasına- doğum evinə aparmış,10 gün müalicə almış, sonra Bərdə rayon Saatlı kəndindəki evinə qayıtmışdır. Evdə qızıllarının olmadığını görmüş, həyat yoldaşı Cavabdeh qızıllarını sorğu etmiş, ancaq ona müsbət cavab verməmişdir. Bundan az müddət sonra Bərşadın telefonundakı mesaja rast gəlmişdir. Həmin mesajda Səbinə adlı qadına yazmışdı: “Mən pulu haradan alım, axırıncı dəfə qızılları da satıb pullarını sənə vermişəm”. Bundan sonra onunla Bərşadın arasında mübahisə düşmüş, Bərşad onu təhqir edib, ona şiddət göstərmişdir. Bərşadın ona olan xəyanəti, onu hamilə vəziyyətində təhdid etməsi ona əsəbilik yaşatdığından xx.xx.2022-ci il tarixdə ata və anasına zəng edib onu aparmaqlarını tələb etmiş, elə həmin gün gəlib onu aparmışlar. Həmin vaxtdan bir bir daha geri qayıtmamışdır. Cehiz əşyaları cavabdehdə qalmış və qızıl-zinət əşyaları cavabdeh tərəfindən mənimsənilmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(013)- 1642/2024 nömrəli iş üzrə qəbul etdiyi 05 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “Yağmur” yataq və qonaq dəsti - 7500 manat, mətbəx mebeli 1 ədəd, 1500 manat, “Eurolux” paltaryuyan 1 ədəd 650 manat, Plazma TV 82 sm ekran 1 ədəd, 600 manat, mikser 1 ədəd 35 manat, elektrik soba 1 ədəd 130 manat, blender 1 ədəd 70 manat, “Eurolux” ətçəkən 1 ədəd 75 manat, somavar (elektrik) 1 ədəd 90 manat, ütü (par) 1 ədəd 55 manat, xrustal stəkan 12 ədəd 65 manat, stəkan 6 ədəd, nəlbəki 6 ədəd, 1 dəst 15 manat, badə xrustal 1 dəst 70 manat, badə 4 dəst 60 manat, su qabı və 6 stəkan bagima 1 dəst, 140 manat, su qabı və 6 stəkan zərli, 1 dəst, 30 manat, su qabı və 6 stəkan xrustal 1 dəst, 80 manat, su qabı və 6 stəkan ağ 1 dəst, 25 manat, bakal dəsti bagima 2 dəst, 130 manat, meyvə qabı 2 ədəd, 50 manat, ədviyyat qabı dəsti 1 dəst 35 manat, mətbəx naboru-ədviyyat dəsti, 1 dəst, 25 manat, ütü feni 1 ədəd, 30 manat, bakal 2 dəst, 30 manat, ləpə çəkən 1 ədəd 12 manat, soğan doğrayan 1 ədəd, 10 manat, Şamdan 2 ədəd 27 manat, tort boşqabı dəsti, 1 dəst, 20 manat, güldan 2 ədəd, 40 manat, qəndqabı 2 ədəd 30 manat, böyük ləpə qabı 6 ulduz 2 ədəd 84 manat, çömçə-qaşıq dəsti, dəmir 1 dəst 25 manat, çömçə-qaşıq dəsti, kapron 1 dəst 15 manat, çaydan-çaynik 1 dəst 55 manat, məcməyi dəsti 1 dəst 46 manat, su stəkanı bagima 1 dəst 40 manat, 2 ədəd yekas çaynik, 2 ədəd balaca çaynik 60 manat, qaşıq dəsti (çamadan) 1 dəst 230 manat, bıçaq dəsti (çamadan) 1 dəst, 100 manat, gündəlik qaşıq- çəngəl-bıçaq 1 dəst, 80 manat, aşsüzən 3 ədəd 36 manat, ləyən 3 ədəd 24 manat, qazan dəsti tuj, 1 dəst 65 manat, qazan dəsti qranit 2 ədəd, 1 dəst 80 manat, qazan dəsti “AHİSA” 1 dəst 140 manat, qırmızı qazan dəsti keramit 1 dəst 90 manat, boz qazan dəsti keramit 1 dəst 90 manat, tava keramit 1 ədəd 35 manat, qazan dəsti güllü 1 dəst 90 manat, dördayaq-ələkoxlov 1 dəst 30 manat, poltaxtası-vanna 1 ədəd 15 manat, mətbəx taxtası 1 ədəd 10 manat, şiş (kabab üçün) 12 ədəd 15 manat, şirniyyat qabı 2 ədəd 40 manat, qəndqabı 5 ədəd 25 manat, qəndqabı xrustal 2 ədəd 60 manat, mürəbbəqabı 2 ədəd 20 manat, vedrə aliminium 3 ədəd, 30 manat, sandıq 1 ədəd, 100 manat, çamadan 1 ədəd 45 manat, ütü stolu 1 ədəd 38 manat, qoz qıran 1 ədəd 5 manat, sarımsaq əzəzn 1 ədəd 4 manat, boşqab dəsti 60 ədəd, 120 manat, yataq dəsti, tək nəfərlik 4 dəst 60 manat, yataq dəsti, iki nəfərlik 2 dəst 30 manat, yataq dəsti, tək nəfərlik 2 dəst 30 manat, yataq dəsti, iki nəfərlik ağ 1 dəst 150 manat, yataq dəsti, iki nəfərlik Gilan 4 dəst 100 manat, əl-üz silən 9 ədəd 45 manat, can silən 7 ədəd 95 manat, süfrə klyonka, 2 ağ, 3 güllü, 1 süfrə 6 ədəd 60 manat, çay məhrəbası 16 ədəd 32 manat, süfrə 1 ədəd 70 manat, süfrə 4 ədəd 120 manat, süfrə 1 ədəd 50 manat, döşək tək nəfərlik 4 ədəd 200 manat, yorğan tək nəfərlik 4 ədəd 160 manat, yastıq yekə 6 ədəd 120 manat, yorğan iki nəfərlik 1 ədəd 60 manat, döşək iki nəfərlik 1 ədəd 100 manat, divan dəsti 1 ədəd 40 manat, mütəkkə 2 ədəd 30 manat, yastıq sintifon 2 ədəd 30 manat, yorğan sintifonbənövşəyi, 2 ədəd 40 manat, gəlincik pərdə-örtük dəsti 1 dəst 150 manat, ədyal qoşa (İran) 1 ədəd 45 manat, ədyal tək (İran) 2 ədəd 40 manat, ədyal-yay gül qurusu rəngində 2 ədəd 50 manat, ədyal-qış gül qurusu rəngində 2 ədəd 70 manat, xalça 2 ədəd 200 manat, pakrıval dəsti sadə 2 ədəd 60 manat, yay yorğanı 2 ədəd 40 manat olmaqla, cəmi 15.883 (on beş min səkkiz yüz səksən üç) manat dəyərində cehiz əşyalarının naturada və ya dəyərinin alınaraq İddiaçı verilməsi, Cavabdeh 137 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək, iddiaçıya məxsus bütün cehiz əşyalarının ona məxsus evdə olduğunu və nə zaman istəsə gəlib götürə bilcəyini, lakin iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının hamısının iddiaçının özündə olduğunu, ümumiyyətlə onun yaşadığı evdə heç bir qızıl-zinət əşyalarının olmadığını və həmin qızıl-zinət əşyalarından onun xəbəri olmadığını bildirmişdir. Məhkəmə tərəfindən iddia tələbi üzrə iddiaçıya cavabdehdən iddia ərizəsində göstərilmiş qızıl-zinət, cehiz əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahidlər qismində dindirilmiş X2 və X3 ifadələrinə tənqidi yanaşaraq onların iş üzrə İddiaçı ilə yaxın qohum münasibətdə olmaları baxımından onun xeyrinə ifadə vermələrini istisna etmir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, Ağdam Rayon Məhkəməsi iddiaçının tələbini 6209 manat dəyərində qızılzinət əşyalarının alınıb verilməsi hissəsində təmin etməmişdir. Halbuki iddia tələbinin tam əsaslı olması məhkəmə baxışı iclaslarında tam sübuta yetirilmişdir: 1. Nişan və toy mərasimində çəkilmiş foto-şəkillər, 2. Nişan və toy mərasimlərində çəkilmiş disk və kasetlər. 3. X1 və X3 ifadələri, 5. Cavabdeh qismən etirafı. Məlumat üçün bildirilir ki, sözügedən qızıl-zinət əşyaları Cavabdeh tərəfindən mənimsənilmiş, ancaq iddiaçının nişan üzüyü həmişə barmağında olduğundan Cavabdeh onu mənimsiyə bilməmişdir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Məhkəmə yuxarıda qeyd edilən, iş üçün əhəmiyyətli olan bütün faktiki halları nəzərə almamış, bu səbəbdən məhkəmə qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir ki, bu isə yolverilməzdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, sözügedən qızıl əşyaları mövcud olsa da, həmin əşyalar onda deyil. Qızıl əşyaları həmişə iddiaçının özündə olub və evi tərk edib gedəndə də özü ilə aparıb. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və qətnaməni mübahiləndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbindən görünür ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. Başqa sözlə iddianın təmin edilməsinin əsas şərti iddiaçıya hədiyyə edilmiş və onun mülkiyyətinə keçmiş qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Lakin iddiaçı hazırkı iddia tələbində ümumi dəyəri 6209 manat olan ona məxsus qızılzinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyaların cavabdeh tərəfindən götürülməsinə, satılmasına və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının iddiasının, habelə apellyasiya qaydasında mübahisələndirdiyi qətnamənin əsaslarına qarşı apellyasiya şikayətində ifadə olunmuş dəlilləri ondan ibarətdir ki, 2021-ci ilin payız ayında iddiaçı hamiləliyi ilə bağlı müayinə və müalicə alması üçün valideynlərinin evinə getmiş, bir müddət sonra cavabdehlə birgə yaşadığı evə qayıtdıqda qızıl-zinət əşyalarının evdə olmadığını görmüş, bu barədə cavabdehdən soruşmuş, lakin sonuncu ona müsbət cavab verməmişdir. Daha sonra iddiaçı cavabdehin telefonunda Səbinə adlı şəxsə “mən pulu haradan alım, axırıncı dəfə qızılları da satıb pullarını sənə vermişəm” məzmunda mesaja rast gəlmişdir. Bundan sonra iş üzrə tərəflərin arasında mübahisə düşmüş, cavabdeh onu təhqir edib, ona şiddət göstərmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə bildirmişdir ki, o, cavabdehin telefonunda aşkar etdiyi həmin mesajın şəklini öz telefonu ilə çəkmiş və saxlamışdır, lakin hazırda həmin telefon sındığı üçün sözügedən mesajın şəklini məhkəməyə təqdim edə bilmir. Məhkəmə iddiaçının istinad etdiyi sübutun təqdim edilməsi məqsədilə telefonu düzəltirmək üçün iddiaçıya müəyyən vaxt verərək, məhkəmə iclasını təxirə salmışdır. Lakin növbəti məhkəmə iclasında iştirak edən iddiaçı telefonun düzəldilməsinin mümkün olmadığını və bu səbəbdən cavabdehin mesajının şəklini məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. İddiaçı, tələbinin əsaslı olmasını həmçinin qızıl-zinət əşyalarını əks etdirən fotoşəkilərin, videoyazıların mövcud olması ilə əsaslandırır . Məhkəmə bununla bağlı bildirir ki, mübahisə predimeti olan qızıl-zinət əşyalarının mövcud olması, habelə əşyaların mövcudluğunun cavabdeh tərəfindən inkar edilməməsi, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində qalmasını təsdiq etmir. Məhkəmə həmçinin iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahid ifadələrini də iddianı təsdiq edən sübut kimi qəbul etmir. Çünki iddiaçının təqdim etdiyi həmin şahidlər onun qohumlarıdır və işin iddiaçının xeyrinə həll olunmasında maraqlıdırlar. Ona görə Məhkəmə hesab edir ki, həmin ifadələr də mötəbər hesab edilə bilməz. Göründüyü kimi, iddiaçı istinad etdiyi halları, yəni qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilməmiş, bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia tələbi əsassızdır. Rayon Məhkəməsi həmin tələbi təmin etməməklə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdam Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 sentyabr 2024cü il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar