Məhkəmə qərarları › İş №2(104)-2310/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2310/2024

12.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2310/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2033/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə aldıqları Bərdə rayonu Türkmən kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində inşa etdirdikləri iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin dəyərini təşkil edən 60 000 manatın ½ hissəsinin, yəni 30 000 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2033/2024 saylı qətnaməsi ilə (hakim Fuad Babaşov) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2033/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, cavabdeh özü də etiraf edir ki, evin yerləşdiyi torpaq sahəsini birgə nikah dövründə almış və evi tikdirmişlər. İş materillarında olan qiymətləndirmə rəyindən görünür ki, həmin evin və torpaq sahəsinin ümumi dəyəri 60.000 (altmış min) manat təşkil edir. Mübahisəli evin çıxarışı olmadığından, bu barədə sənədi təqdim etməsə də, evin şəkilləri, qiymətləndirmə rəyi iş materiallarında olsa da, məhkəmə bunu sübut kimi nəzərə almamış və hansı səbəbdən nəzərə almamasını əsaslandırmamışdır. İddiaçı ilə aralarında olan razılığa görə evi onlara verib çıxmış, cavabdeh isə qarşılığında ona qarşı aliment tələbi olmayacağını bildirsə də, cavabdeh ona qarşı alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldırmış və hüququnun pozulması da, həmin gündən hesablanmalıdır. İddiaçı Cavabdeh ona qarşı qaldırdığı alimentin artırılması barədə tələbinə artıq baxılmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1717/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, hər ay hər uşağa ödəməli olduğu 80 manat, qaldırılaraq hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 480 manat müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, iş apellyasiya icraatındadır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2033/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin sulanına cavab olaraq göstərdi ki, cavabdeh ilə aralarında evi onlara verib çıxması, cavabdehin isə qarşılığında ona qarşı aliment tələbi olmayacağı barədə razılaşma barədə yazılı müqavilə olmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, İddiaçı ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Birgə nikahlarından 4övladları olmuş və Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(021)-4337/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan uşaqlar onun himayəsində saxlanılmışdır. Birgə nikah dövründə fərdi yaşayış evi tiksələr də, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətində iddia qaldırmamış və müddəti ötürmüşdür. Məhkəmənijn qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sulanına cavab olaraq göstərdi ki, iddiaçı ilə aralarında evi onlara verib çıxması, onun isə qarşılığında iddiaçıya qarşı aliment tələbi olmayacağı barədə razılaşma olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2033/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə X2 arasında olan nikah 01 fevral 2019-cu ildə pozulmuşdur. “X1” MMC tərəfindən verilmiş 27 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu Türkmən kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin bazar dəyəri 60 000 (altmış min) manat qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00098 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 13 mart 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmək üçün 60 (altmış) manat məbləğində xidmət haqqı ödəmişdir. 03 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60(altmış) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh Bərdə Rayon Məhkəməsinə verdiyi ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı Bərdə Rayon Məhkəməsində qaldırdığı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməi” tələbinə dair iddiasının iddia müddətinin ötürülməsi ilə verildiyindən, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı 2006-cı ildə Cavabdeh ilə evlənmiş, birgə nikahlarından dörd uşaqları doğulmuş, tərəflər aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları Bərdə Rayon Qeydiyyat Şöbəsində 01 fevral 2019-cu ildə pozulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikah dövründə əldə etdikləri mənzilin dəyəri olan 60000 manat pul vəsaitinin 1/2 hissəsinin, yəni 30.000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilən iddia müddətini ötürmüş və cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Belə ki, nikahın pozulmasından sonra uzun müddət ərzində tərəflərin ümumi əmlakdakı paylarının müəyyən edilməsini və bölünməsini tələb etməməsi tədricən qarşı tərəfdə arxayınlığın, əmlakın tək mülkiyyətçisi olması fikrinin yaranmasına, nəticədə əmlak barəsində təkbaşına sərəncam verməsinə səbəb ola bilər. Bu da əmlaka dair mülkiyyət hüququna malik ərin (arvadın) hüquqlarının pozulması ilə, eləcə də mülki dövriyyənin digər iştirakçılarının (məsələn, ümumi mülkiyyətdə olan əmlakın yeni sahibi) hüquq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Ona görə də ümumi birgə mülkiyyətdəki əmlaka dair adına dövlət qeydiyyatı aparılmış ər və ya arvad özü də nikah pozularkən həmin əmlakla bağlı gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün digər tərəfin payının müəyyənləşdirilməsi və bölünməsi tələbi ilə çıxış etməsini gözləmədən belə təşəbbüs irəli sürməkdə maraqlı olmalıdır. Göstərilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsini tövsiyə etmişdir. İş materiallarından göründüyü kimi, tərəflər 2006-cı ildə evlənmiş, nikahları Bərdə Rayon Qeydiyyat Şöbəsində 01 fevral 2019-cu ildə pozulmuş və iddiaçı hazırkı iddia ilə xx.xx.2024-cü ildə, yəni nikahın pozulmasından təxminən 5 il sonra məhkəməyə müraciət etmişdir ki, bununla da, ümumi əmlakının bölünməsi haqqında iddia üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür ki, bu da, cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında hazırkı iddianın rədd edilməsinə əsasdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində huququjun pozulmasını iddiaçı ilə aralarında olan razılığa görə evi onlara verib çıxması, cavabdehin isə qarşılığında ona qarşı aliment tələbi olmayacağı barədə razılaşma olduğundan, iddiaçının ona qarşı alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldırdığı vaxtdan hüququnun pozulmasını bildiyini göstərmişdir. İşin həmin halı öz təsdiqini tapmamışdır. Digər tərfədən, belə razılaşma olsa belə, bu hal iddia müddətinin axımının nikahın pozulduğu vaxtdan deyil, ni vaxtsa cavabdehin alimnetin artırılması barədə iddia verəcəyi tarixdən hesablanacağına hüququ əsas vermir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2033/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2033/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar