Məhkəmə qərarları › İş №2(104)-233/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-233/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-233/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka predmetinə hüquqların itirilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-43/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 07 mart 2019-cu il tarixli, 800850- 662182/1 saylı kredit müqaviləsi üzrə 37177.99 manat məbləğində əsas borc və 3882.74 manat faiz borcu, ümumilikdə 41060.73 manat, 07 mart 2019-cu il tarixli 800875-663590/1 saylı kredit müqaviləsi üzrə 69708.75 manat məbləğində əsas borc və 7280.42 manat faiz borcu, ümumilikdə 76989.17 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31.95 dövlət rüsumu və 62.13 manat xidmət haqqı olmaqla, cəmi 94.08 manat xərcin və iddia ərizəsinin verilməsi üçün küçürülmüş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh4 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m.) və Cavabdeh3 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30.7 kv.m.) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsi (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m.); Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m.) ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh4 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinin və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilin boşaldılması barədə və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçinin nümayəndəsi iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh4 və Cavabdeh2 04 mart 2022-ci il tarixə 07 mart 2019 il tarixli, 800875-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69,708.75 manat əsas borc və 32,790.95 manat faiz borcu olmaqla, cəmi 102,499.70 manat və 07 mart 2019 il tarixli, 800850- 662182/1 nömrəli kredit müqaviləsi üzrə 37,177.99 manat əsas borc və 17,451.08 manat faiz borcu olmaqla, cəmi 54,629.07 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31.95 manat dövlət rüsumu və 62.13 manat xidmət haqqı olmaqla, cəmi 94.08 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh4 oğlmun tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m) və Cavabdeh3 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30,7 kv.m) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsi (16.1 kv.m.), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m.), Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m.) ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci bir ay ərzində Cavabdeh4 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsindən və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 56 nömrə binanın, 41 nömrəli mənzilindən çıxarılması və Cavabdeh3 Gəncə şəhəri. Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılması və həmin əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-43/2022 saylı qətnaməsi ilə (hakim K.Hüseynov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4 mart 2022-ci il tarixə 07 mart 2019-cu il tarixli, 800875-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69,708.75 manat əsas, 32,790.95 manat faiz, cəmi 102,499 (bir yüz iki min dörd yüz doxsan doqquz) manat 70 (yetmiş) qəpik məbləğində borc və 07 mart 2019-cu il tarixli, 800850-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37,177.99 manat əsas borc və 17,451.08 manat faiz borcu olmaqla, cəmi 54,629 (əlli dörd min altı yüz iyirmi doqquz) manat 07 (yeddi) qəpik məbləğində borcun tutularaq ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m.), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m.) və Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30.7 kv.m.) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin ilkin satış qiymətinin (likvid) 32000 (otuz iki min) manat, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin (likvid) 46000 (qırx altı min) manat və ünvan 3 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin (likvid) 80000 (səksən min) manat müəyyən edilməsi, ipoteka predmetləri satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsindən və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 56 nömrəli binanın, 41 nömrəli mənzilindən, Cavabdeh3 isə Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılmaları və həmin əmlakların boşaldılması, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik rüsum və 62 (altmış iki) manat 13 (on üç) qəpik xidmət haqqının cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4 və Cavabdeh3 apellyasiya şikayətləri verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-43/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İş üzrə Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq, səhhəri ilə əlaqədar Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak etməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların dispoziya şərtlərindən görünür ki, qanunverici işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsinin əsası kimi göstərilmiş halların üzürlü səbəblərlə əlaqədar olması və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borclu olmaları ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş müraciətə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, teleqramda göstərilən halı əsaslandıracaq mötəbər sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh4 arasında bağlanmış 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 illik 19% dərəcəsi ilə 36 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh4 arasında bağlanmış 07 mart 2019-cu il tarixli, 800875-663590/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 illik 19% dərəcəsi ilə 36 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemindən vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə çıxarışdan görünür ki, Cavabdeh4 vergi uçotuna alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemindən vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə çıxarışdan görünür ki, Cavabdeh2 vergi uçotuna alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-43/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC Cavabdeh4 ilə aralarında bağlanmış 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 800875-663590/1 saylı kredit müqavilələri üzrə ödənilməmiş borcun cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçı hər iki kredit müqaviləsi üzrə tələbi bir-biri ilə əlaqəli olduğundan bir iddiada birləşdirmişdir. 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 kredit məbləği fiziki şəxs kimi, şəxsi istehlak məqsədi ilə verilmiş, 07 mart 2019cu il tarixli, 800875-663590/1 nömrəli kredit müqaviləsi ilə kredit məbləği cavabdehə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi, əsas vəsaitin artırılması məqsədi ilə verilmişdir. Göründüyü kimi, tələblərdən biri mülki qaydada baxılmalı olduğu halda, digər tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MM-nin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30.-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarının 16-cı bəndində əsasən, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Həmin qərarın 17-ci bəndinə əsasən, MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. İş materiallarından da görünür ki, hazırki iddia məhkəmənin icraatına 2020-ci il yanvarın 1-dən sonra daxil olmuşdur. Odur ki, hazırki mübahisənin aidiyyəti məhkəmədə baxılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Qanunla (2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir) edilmiş dəyişikliklərə əsasən müəyyən edilməlidir. İş materiallarından görünür ki, kredit müqavilələri üzrə mübahisənin tərəfləri hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmçinin tələblərdən biri üzrə mübahisənin tərəfi olan cavabdeh sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Qanunvericiliyin tələbinə əsasən isə, birbiri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası yuxarılda göstərilənlərə əsasən hesab edir ki, hazırki mübahisəyə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-43/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-398 -ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-43/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka predmetinə hüquqların itirilməsi” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar