Məhkəmə qərarları › İş №2(104)-235/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-235/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-235/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi hakim), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X6 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Şəmkir şəhər 1 saylı Notariat Ofisinə (üçüncü şəxlər "xxxx" ASC, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 11 saylı Şəmkir Ərazi İdarəsi və Şəmkir rayon İcra və Probasiya şöbəsi) qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(076)-1400/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəmkir Rayon Məhkəməsinin (hakim R.Mustafayev) 17 avqust 2022-ci il tarixli, 2(076)- 1400/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Şəmkir 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon İcra və probasiya şöbəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 8İ-438 reyestr nömrəli icra qeydinin ləğv olunması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(076)-1400/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. işin halları İddiaçı cavabdeh Şəmkir 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmki Ərazi İdarəsinə və Şəmkir rayon İcra və probasiya şöbəsinə qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-438 reyestr nömrəli icra qeydinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 saylı kredit limit müqaviləsinə əsasən, X4 120 ay müddətinə, 500.000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2019-cu il tarixli, 19005- S00001/789284 saylı kredit limiti müqaviləsinə xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşma imzalanaraq ona xx.xx.2022-ci ilədək illik 17 % ödəmək şərti ilə 350.000 (üç yüz əlli min) manat kredit verilmişdir. Həmin kredit müqabilində mülkiyyət hüququ ilə ona məxsus olan, Şəmkir rayonunun Qılıncbəyli kəndində yerləşən fərdi yaşayış evi girov qoyulmuş və ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi ilə bağlı olaraq Yeganə Səfərovanın banka çoxlu sayda, iri məbləğlərdə ödəmələri olmuşdur. Lakin bank həmin məbləğləri Yeganə Səfərovanın banka olan borc hesabından silməmişdir. Cavabdeh Şəmkir 1 saylı Notariat Ofisinin xüsusi notariusu isə bankın müraciəti əsasında ipotekaya tutmanın yönəldilməsi barədə 17 yanvar 2022-ci il tarixli icra qeydi vermişdir. Həmin icra qeydi əsasında onun mülkiyyətində olan əmlaklar üçüncü şəxs Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən qiymətləndirməyə və açıq hərracdan satılmaq üçün təqdim olunmuşdur. Bu səbəbdən də o, cavabdeh Şəmkir 1 saylı notariat ofisinin xüsusi notariusuna ərizə ilə müraciət edib, 17 yanvar 2022-ci il tarixli, 81- 438 reyestr saylı icra qeydindən narazı olduğunu, həmin icra qeydinin ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh həmin icra qeydinin ləğvindən imtina etmişdir. Bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Üçüncü şəxs "xxxx" ASC məqsədli şəkildə onların ödəmiş olduğu kredit məbləğlərini Yeganə Səfərovanın borcundan çıxmamış, bununla da həmin borcu məqsədli şəkildə artıq hesablamış, onun mülkiyyətində olan əmlakı açıq hərracdan satıb, onun hesabına varlanmaq, zəhmətsiz gəlir əldə etmək istəmişdir. Cavabdeh isə qəbul etmiş olduğu icra qeydi barədə ona məlumat verməmiş, icra qeydini məlumat üçün onun ünvanına göndərməmişdir. Eyni zamanda hazırda aralarında narazılıq olmasını nəzərə almır və icra qeydini ləğv etməkdən imtina edir. Onun isə həmin evdən başqa yaşamağa evi yoxdur. Qanun normasının tələbinə görə icra qeydi mübahisəsiz borclar barəsində verilir. O isə həmin borcu mübahisələndirir. Bu halda cavabdeh onun müraciətini nəzərə alıb, icra qeydini ləğv etməyə borcludur. Lakin qeyd etdiyi kimi cavabdeh bundan imtina edir. O isə, cavabdehin imtinasını əsassız hesab edir. Buna görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkil) X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirmişdir ki, öhdəliklərin icrası vəziyyətinə dair xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 №-li kredit limiti müqaviləsi üzrə öhdəliyini xx.xx.2021-ci il tarixə (tutma yönəldilməsinin başlandığı günə) qədər gecikdirməklə tam icra etməmişdir. “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsinə görə ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdiyi halda da ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 №-li kredit müqaviləsi üzrə öhdəlik ödəniş qrafikinə uyğun icra olunmadığı üçün eyni tarixli 19005- S00001/789284 №-li kredit müqaviləsinin 4.2-ci bəndinə görə bu müqaviləyə əsasən verilmiş 350.000 manat məbləğində kredit vaxtından əvvəl tələb oluna bilər. Təqdim olunan sənədlərdən görünür ki, ipoteka predmetlərinə tutma yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.3-cü maddələrində göstərilən əsaslar mövcud olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir 1 saylı Notariat Ofisi tərəfindən 17.01 2022-ci ildə ipoteka saxlayan bankın müraciətinə əsasən iddiaçı X1 (ipoteka qoyana) məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə tutma yönəldilməsi barədə 8İ-43 8 reyestr №-li icra qeydi aparılmışdır. İddiaçı icra qeydinin “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və bunu icra qeydinin aparılmasına əsas olmuş borcla bağlı məhkəmə mübahisəsinin olması ilə əsaslandırmışdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olubolmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Odur ki, icra qeydi aparılarkən “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Həmçinin məhkəmədə işə baxılarkən iddiaçı tərəfindən hansı ödənişlərin edildiyini və bank tərəfindən nəzərə alınmadığını göstərə bilməmiş, buna dair hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 saylı kredit limit müqaviləsinə əsasən, onun qardaşı arvadı X4 120 ay müddətinə, 500.000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 saylı kredit limiti müqaviləsinə xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşma imzalanaraq ona xx.xx.2022-ci ilədək illik 17 % ödəmək şərti ilə 350.000 (üç yüz əlli min) manat kredit verilmişdir. Həmin kredit müqabilində mülkiyyət hüququ ilə ona və qardaşı arvadı X4 məxsus olan çoxlu sayda əmlakları girov qoyulmuşdur. Həmin kredit müqaviləsi ilə bağlı olaraq Yeganə Səfərovanın banka çoxlu sayda, iri məbləğlərdə ödəmələri olmuşdur. Lakin bank həmin məbləğləri Yeganə Səfərovanın banka olan borc hesabından silməmişdir. Cavabdeh Şəmkir 1 saylı Notariat Ofisinin xüsusi notariusu isə bankın müraciəti əsasında ipotekaya tutmanın yönəldilməsi barədə 17 yanvar 2022-ci il tarixli icra qeydi vermişdir. Həmin icra qeydi əsasında onun mülkiyyətində olan əmlaklar üçüncü şəxs Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən qiymətləndirməyə və açıq hərracdan satılmaq üçün təqdim olunmuşdur. Bu səbəbdən də o, cavabdeh Şəmkir 1 saylı notariat ofisinin xüsusi notariusuna ərizə ilə müraciət edib, 17 yanvar 2022-ci il tarixli, 81-438 reyestr saylı icra qeydindən narazı olduğunu, həmin icra qeydinin ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh həmin icra qeydinin ləğvindən imtina etmişdir. Bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir. Çünki üçüncü şəxs "xxxx" ASC məqsədli şəkildə onların ödəmiş olduğu kredit məbləğlərini Yeganə Səfərovanın borcundan çıxmamış, bununla da həmin borcu məqsədli şəkildə artıq hesablamış, onun mülkiyyətində olan əmlakı açıq hərracdan satıb, onun hesabına varlanmaq, zəhmətsiz gəlir əldə etmək istəmişdir. Cavabdeh isə qəbul etmiş olduğu icra qeydi barədə ona məlumat verməmiş, icra qeydini məlumat üçün onun ünvanına göndərməmişdir. Eyni zamanda hazırda aralarında narazılıq olmasını nəzərə almır və icra qeydini ləğv etməkdən imtina edir. Qanunun normasına görə icra qeydi mübahisəsiz borclar barəsində verilir. O isə həmin borcu mübahisələndirir. Bu halda cavabdeh onun müraciətini nəzərə alıb icra qeydini ləğv etməlidir. Cavabdeh orqan həmçinin onu çağırmadan, ona heç bir məlumat verilmədən bankın sənədlərini araşdırmışdır. Təqdim edilmiş ipoteka müqaviləsindən aydın olur ki, girov qoyulmuş əmlaklardan biri “TOYOTA” markalı avtomaşındır. Həmin maşın girov əmlakların siyahısından yoxdur. Maşının necə olması barədə onlarda hər hansı sənəd yoxdur. Cavabdeh notariat ofisi icra qeydi apararkən müqavilə müddətinin başa çatmasına hələ bir neçə ay olmuşdur. Odur ki, apellyasiya şikayətinin ləğv edilməsini, Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(076)-1400/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(076)-1400/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(076)-1400/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının bildiriş verilən tarixə, yəni xx.xx.2021-ci il tarixə ödəmiş olduğu məbləğlər ümümi borcdan çıxılmış və bu şəxsi hesabdan çıxarışda aydın görünür. İddiaçının ödədiyi digər məbləglər isə (hansı ki, buna dair müvafiq maliyyə arayışını məhkəmə kollegiyasına təqdim etmişlər) icra qeydindən sonra aparılmışdır. Təbii ki, həmin məbləğlər icra qeydi verildikdən sonra aparıldığı üçün icra qeydində görünə bilməzdi. İddiaçının sonradan hal-hazıradək ödədiyi bütün məbləğlər ümümi borc məbləğindən silinmiş və işin bu halı şəxsi hesabdan çıxarışla açıq şəkildə müəyyən olunur. Digər tərəfdən, ipoteka qoyulmuş əmlaklardan biri “Toyota” markalı avtomaşın isə tərəflərin qarşılıqlı razılığı əsasında yüklü edilmiş əmlakların siyahısından çıxarılmış və onun dəyəri olan 31000 manat xx.xx.2021-ci il tarixdə kredit borcundan silinmişdir. Odur ki, qeyd edilən avtomaşın icra qeydində yüklü edilmiş əmlak kimi ümümiyyətlə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 saylı kredit limit müqaviləsinə əsasən X4 120 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 saylı kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşma imzalanaraq "xxxx" ASC tərəfindən X4 xx.xx.2022-ci ilədək illik 17 % ödəmək şərti ilə 350.000 (üç yüz əlli min) manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 18 sentyabr 2020-ci il tarixli, 5YASEV192904701 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 saylı kredit limit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşmadan irəli gələn X2 "xxxx" ASC qarşısında öhdəliklərinin təmin edilməsi məqsədi ilə İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında olan 0.26 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 242.9 kv.m olan 78 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 21 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşma üzrə 299069.09 manat əsas borc, 2781.07 manat faiz borcu, olmaqla cəmi tutulmalı məbləğ 301850.16 manat borc məbləği təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-438 reyestr nömrəli icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipotekaya qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında olan 0.26 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 242.9 kv.m olan 78 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir. Öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 299069.09 AZN əsas borc, 2781.07 AZN faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 301850.16 manat borc üzrə və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat olmaqla tutulması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 11 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli kredit razılşaması üzrə əsas kredit borcunun məbləği 160069.09 manat, icra qeydi üzrə faiz borcunun məbləği 2781.07 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 33a nömrəli arayışdan görünür ki, "xxxx" ASC-nin Gəncə filialı ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 saylı kredit limiti çərçivəsində xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən 17 faizlə, 18 ay müddətinə 350000 manat məbləğində kredit verilmişdir. Kredit borcu üzrə gecikmə yarandıqdan sonra xx.xx.2021-ci il tarixində 20000 manat, xx.xx.2021-ci il tarixində 31000 manat, xx.xx.2021-ci il tarixində 5000 manat, xx.xx.2021-ci il tarixində 11000 manat, xx.xx.2022-ci il tarixində 17000 manat, xx.xx.2022-ci il tarixində 10000 manat, xx.xx.2022-ci il tarixində 10000 manat, xx.xx.2022-ci il tarixində 17000 manat, xx.xx.2022-ci il tarixində 17000 manat, xx.xx.2022-ci il tarixində 17000 manat, xx.xx.2022-ci il tarixində 7000 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 7000 manat, xx.xx.2022-ci il tarixində 17000 manat, xx.xx.2022-ci il tarixində 17000 manat ödəniş edilmişdir. Hal-hazırda kredit üzrə əsas borcunun məbləği 160069.09 manat, faiz borcunun məbləği 2781.07 manat olmaqla, ümumi borc 162850.16 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikаyətinin dəlillərini iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аşаğıdа qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 19005- S00001/789284 saylı kredit limit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X4 120 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmış və həmin müqavilənin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşma imzalanaraq "xxxx" ASC tərəfindən X4 xx.xx.2022-ci ilədək illik 17 % ödəmək şərti ilə 350.000 (üç yüz əlli min) manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşmadan irəli gələn X2 "xxxx" ASC qarşısında öhdəliklərinin təmin edilməsi məqsədi ilə İddiaçı məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında olan 0.26 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 242.9 kv.m olan 78 saylı fərdi yaşayış evi 18 sentyabr 2020-ci il tarixli, 5YASEV192904701 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcalan tərəfindən müqavilənin şərtləri pozulmuş, 21 dekabr 2021-ci il tarixə X2 xx.xx.2020-ci il tarixli, 2 nömrəli razılaşma üzrə "xxxx" ASC-yə 299069.09 manat əsas borc, 2781.07 manat faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 301850.16 manat borc məbləği təşkil etmiş, "xxxx" ASC iddiaçıya ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir. Həmçinin "xxxx" ASC ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair müracəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə göndərmiş və həmin orqanda qeydiyyata alınmışdır. Bundan sonra, "xxxx" ASC ərizə ilə Şəmkir 1 saylı Notariat Ofisinə müraciət edərək, borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.26 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi və satışdan əldə olunan vəsait hesabına kredit öhdəliyindən irəli gələn borcun ödənilməsi barədə icra qeydi verilməsini xahiş etmiş və Şəmkir 1 saylı Notariat Ofisinin notariusu X5 tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi aparılmışdır. İddiaçı icra qeydinin mübahisəsiz borclar barəsində verildiyini, hazırda borcun onun tərəfindən mübahisələndirildiyini bildirərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə görə, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1- 1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olubolmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki, həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri sifarişli məktubla ipoteka qoyanlara göndərmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafiq dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan qeyd edilməlidir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və müvafiq sənədlər notariat ofisinə bank tərəfindən təqdim olunmuşdur. Apellyasiya şikayətinin dəlillərində iddiaçı borcun mübahisəsiz olmadığını, borc alan tərəfindən banka çoxlu sayda iri məbləğlərdə ödəmələrin olduğunu, lakin bank həmin məbləğləri Yeganə Səfərovanın banka olan borc hesabından silinməməsini bildirsə də, bu dəlil iş materialları ilə təkzib edilir. İş materiallarına əlavə edilmiş öhdəliyin icrası vəziyyətinə dair xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 nömrəli kredit limiti müqaviləsi üzrə öhdəliyini xx.xx.2021-ci il tarixə qədər gecikdirməklə icra edilmişdir. Bank tərəfindən təqdim edilmiş şəxsi hesabdan çıxarış və maliyyə arayışları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə icra qeydi aparılandək ödənilmiş məbləğlər ümümi borc məbləğindən silinmiş, digər aparılmış ödənişlər isə icra qeydindən sonra olmuşdur. İcra qeydi verildikdən sonra aparılmış ödənişlər də ümümi borc məbləğindən silinmiş və bu işdə olan maliyyə sənədləri təsdiq olunur. Belə ki, icra qeydi verilən tarixə kredit müqavilə üzrə borc-299069.09 manat əsas borc, 2781.07 manat faiz borcu, olmaqla cəmi tutulmalı məbləğ 301850.16 manat borc məbləği təşkil etdiyi halda, hal-hazırda kredit müqaviləsi üzrə əsas borcunun məbləği 160069.09 manat, faiz borcunun məbləği 2781.07 manat olmaqla, ümumi borc 162850.16 manat təşkil edir. Odur ki, bu xüsusatla bağlı apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Göründüyü kimi, icra qeydi borc məbləğinin qaytarılması barədə deyil, müvafiq ipoteka predmetinə tutmanın yönəldilməsi barədə aparılmışdır. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydlərinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyildir, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və siyahının 1- 1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. Eyni zamanda öhdəliklərin icrası vəziyyətindən görünür ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyin şərtlərini pozmaqla qismən icra etmişdir. “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsinə görə, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdiyi halda da ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin 9-cu bəndinin (“ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi”) 1-ci hissəsinin 9-cu abzasına görə kredit öhdəliyi ödəniş qrafikinə əsasən vaxtında və lazımı qaydada icra edilmədikdə bank krediti və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edərək ipoteka qoyulmuş əmlaka tutma yönəldə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində göstərilmiş xx.xx.2020-ci il tarixli, 5AVTOM178928401 saylı ipoteka müqaviləsinin predmeti olmuş “TOYOTA LC200” markalı, ** DE *** nömrəli qeydiyyat nişanlı avtomobil ilə bağlı qeyd edir ki, göstərilən ipoteka predmeti icra qeydi əsasında deyil, əvvəlcədən tərəflərin qarşılıqlı razılığı əsasında realizə edilmiş və yüklü edilmiş əmlakların siyahısından çıxarılmışdır. Belə ki, iş materiallarında olan şəxsi hesabdan çıxarış və xx.xx.2021-ci il tarixli qəbz ilə müəyyən edilir ki, “TOYOTA LC200” markalı, ** DE *** nömrəli qeydiyyat nişanlı avtomobilin dəyəri olan 31000 manat kredit borcundan silinmişdir. Odur ki, qeyd edilən əmlak icra qeydində ipoteka predmeti kimi göstərilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinin tələbinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Yuxarıda qeyd edilən maddi hüquq normasının məzmununa əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişidə göstərilənlərlə ipoteka qoyan razılaşmadıqda onu yuxarıda qeyd edilən müddətdə mübahisələndirə bilər. İş materiallarına əlavə edilmiş icra qeydi və ipotekaya tutma yönəldilməsi barədə bildirişin alınmasına dair qəbzdən görünür ki, İddiaçı tərəfindən bildiriş xx.xx.2021-ci il tarixdə alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən bu müddət ötürülmüş, qanunda konkret proseduru nəzərdə tutulmuş qeyd edilən məsələ ümümiyyətlə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişindəəmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(076)-1400/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar