Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2362/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023cü il tarixli, 2(125)-146/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat : İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “ziyanın və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən Cavabdeh1 onun avtomobilinə vurduğu 915 manat məbləğdə olan maddi ziyanın tam şəkildə alınıb ona ödənilməsi və digər Cavabdeh1 ona vurduğu ziyana görə çəkdiyi 2000 manat mənəvi ziyanın və 5250 manat əldən çıxmış faydanın ondan alınaraq ona ödənilməsi barədə və ödədiyi 102 manat məbləğdə dövlət rüsumunun müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə yaşayır. Onun “Mersedes Benz” markalı **-BF-*** nömrə dövlət nişanlı avtomobili vardır. O, xx.xx.2021-ci il tarixdə Gəncə şəhərindən hərəkət edərkən, Cavabdeh1 onun avtomobilini idarə etdiyi “Hyundai County” Avtobus markalı **-TA-*** dövlət nömrə nişanlı avtobus ilə vurmuş və nəticədə onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Onun idarə etdiyi “Mersedes Benz” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilinə vurulmuş ziyanla bağlı o, mütəxəssis rəyi almış və həmin qiymətləndirmə rəyində avtomobilə vurulmuş ziyan 915 manat məbləğdə müəyyən edilmişdir. Həmçinin cavabdeh Günay sığorta şirkətini ona görə cavabdeh qoymuşdur ki, Cavabdeh1 maşını cavabdeh Günay sığortada icbari sığorta olunmuş və həmin icbari sığortanın pulunu da həmin sığorta şirkəti ona ödəməlidir. Lakin həmin cavadbeh tərəfindən ziyan ödəmədiyinə görə həmin sığorta şirkətini də cavabdeh qoymuşdur. Hesab edir ki, icbari sığorta vurulmuş maddi ziyanı ödəməlidir. Ona dəymiş mənəvi ziyanı və əldən çıxmış faydanı isə digər Cavabdeh1 ödəməlidir. Cavabdeh1 günahkar olması və təqsirli bilinməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.1-ci maddəsi ilə sübuta yetirilmş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən ptorokol yazılmış, qərar verilmiş və həmin şəxs cərimə olunmuşdur. Həmçinin bildirir ki, o, taksi fəaliyyəti ilə məşğuldur və Göygöl Gəncə şəhər arasında işləyir. 2021-ci ilin noyabr ayından bu günədək avtomobilini təmir etdirə bilmədiyinə görə işləyə bilməmişdir və hər gün evə 20-30 manat qazanc apardığı halda həmin qazancdan məhrum olmuşdur. O, həmçinin bu aylar ərzində mənəvi istirab və əzab çəkmişdir, mənəvi ziyanını isə 2000 manat qiymətləndirir. Hesab edir ki, 5250 manat əldən çıxmış fayda və 2000 manat mənəvi ziyanı Cavabdeh1 ona ödəməlidir. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(125)-146/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 558 (beş yüz əlli səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməsməsi qət edilmişdir. İşdə olan sübutlar: “Gəncə Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərc 915 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 “Hyundai County” avtobus markalı **-TA-*** dövlət nömrə nişanlı avtobusu idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. AC 128633 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərc 260 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, PGU********** nömrəli “İcbari sığorta müqaviləsinə dair” məlumatın surətindən görünür ki, "xxxx" ASC-yə məxsus “Hyundai County” Avtobus markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixədək "xxxx" ASC tərəfindən tərəfindən əmlaka vurulan 5000 manat zərər görə sığortalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/6850 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli və “Gəncə avtomotoservis və Ticarət” müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 350 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1183 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “Gəncə avtomotoservis və Ticarət” müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 558 manat, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu buraxılışlı “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 350 manat müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(125)-146/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(125)-146/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu günkü gündə istənilən Mersedes markalı avtomobillərin təzə və ya işlənmiş ehtiyat hissələrini satışı ilə məşğul olan mağazalardan həmin qiymətlər soruşulmuş olsa görünər ki, ekspertin və Gunay sığortanın təqdim etdiyi qiymətlərlə arasında bir qat fərq vardır. Bu fərq olduğu halda yazılan ziyan, yəni vurulmuş ziyanın dəyərinin bir qat aşağı göstərilməsi vətəndaş kimi onun hüquq və azadlıqlarını pozur. Gəncə Şəhər Məhkəməsi 2(125)-146/2023 saylı iş üzrə 02 iyun 2023-ci il tarixli qətnamə qəbul edərək, iddianın qismən cuzi şəkildə təmin edilməsi barədə qanunsuz hüquqi nəticəyə gəlmişdir. Məsələ bundan ibarətdir ki, yuxarıda göstərdiyi kimi Gəncə Şəhər Məhkəməsi iş üzrə məhkəmə avtotexniki və məhkəmə əmtəəşünaslıq və ya qiymətləndirilmə üzrə ekspertiza təyin etmədən heç bir sübut və sənədlərə hüquqi qiymət vermədən qanunsuz qətnamə çıxartmaqla, maddi hüquq normalarını düzgün tövsif və tətbiq etməməklə, kobud maddi hüquq normalarının pozuntusuna yol vermiş olmuşdur. Digər bir tərəfdən isə məhkəmə işin təxirə salınması barədə ərizələrinin olmasına baxmayaraq, işə onların iştirakı olmadan baxmaqla və həmçinin işi hazırlıq iclasından baxışa təyin etmədən qətnamə qəbul etməklə, həm də kobud prosessual hüquq normalarının pozuntusuna da yol vermiş olmuşdur. Həmçinin o fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur ki, 1 il ərzində heç bir fəaliyyəti olmamışdır. Bu avto qəzaya görə əldən çıxmış fayda hissəsində tələbinə apellyasiya məhkəməsi hüqüqi qiymət verəcək və həmin hissədə də iddasını təmin edəcəkdir. Ancaq birinci instansiya məhkəməsi bu cür mötəbər sübutları nəzərə almamışdır. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, əlavə olaraq izahat verib bildirmişdir ki, ekspert tərəfindən bir neçə dəfə rəy verilmişdir. Həmin rəylər bir-biri ilə ziddiyyətli olmuşdur. Həmçinin ekspert maşına baxış keçirmədən rəy vermişdir. Buna görə də hesab edir ki, Mersedes ehtiyyat hissələrini satışı ilə məşğul olan mağazalardan nümayəndələr dəvət edilməli və ehtiyyat hissələrinin qiymətləri dəqiq müəyyən edilməli və ekspert barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirmişdir ki, iddiaçı yol nəqliyyat hadisəsi baş verdikdən sonra da avtomobilin farasını yerinə taxıb taksi kimi fəaliyyət göstərmişdir. Belə ki, o avtobus sürücüsü olduğundan hadisədən sonra da iddiaçının taksi kimi dayandığı yerdə daimi fəaliyyət göstərməsinin şahidi olmuşdur. Buna görə də apellyasiya şikayətinin tədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunu: 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticənin əsaslandırması ilə razılaşmaqla yanaşı əlavə olaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə ekspertiza keçirilmiş, ekspert tərəfindən xx.xx.2022-ci il tarixli, 9/6850 nömrəli və xx.xx.2023-cü il tarixli, 9/1183 nömrəli ekspert ekspert rəyləri verilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 9/1183 nömrəli ekspert rəyinin “Gəncə Avtomotoservis və Ticarət” müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən verilmiş 558 manat zərər məbləği əsas götürülmüşdür. İddiaçı həmin rəylə müəyyən edilmiş məbləğin düzgün olmadığını iddia edərək, həmin dəlilini ehtiyyat hissələrinin satışı ilə məşğul olan mağazalardan satış nümayəndələr dəvət edilməklə, onların izahatlarına əsasən müəyyən edilə biləcəyini iddia etmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, hər hansı bir satış mağazasının nümayəndəsinin mütəxəssis qismində verdiyi rəy, ekspert rəyindən daha mötəbər hesab oluna bilməz. Belə ki, işlənmiş və yeni ehtiyyat hissələrini satışını həyata keçirən satış mağazaları çox olmaqla, onların satış qiymtələri arasında da fərq olması mümkün olan haldır. Ekspert tərəfindən malın, xidmətin dəyəri müəyyənləşdirilərkən isə bir çox mənbələrdən əldə edilmiş məlumatlardan istifadə edilməklə müvafiq rəy verilir ki, bu da ekspert rəyinin mötəbər olmasına şübhə yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zərər məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlmiş, iddiaçının şikayətinin dəlili isə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddiaçının əldən çıxmış fayda qismində zərərə düşməsi ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının avtomobilinə dəymiş zərər məbləği böyük olmamaqla, həmin zərərin qısa müddət ərzində aradan qaldırılması və avtomobilin təyinatı üzrə istifadəsi mümkün olmuşdur. İddiaçı sığorta təşkilatı tərəfindən təklif olunan zərər məbləği ilə razılaşmadığı halda, öz vəsaiti ilə və ya sığorta şirkəti tərəfindən təklif olunan zərər məbləğini əldə etməklə, qismən öz vəsaiti ilə avtomobilini təmir etdirməklə təyinatı üzrə istifadə etmək, bununla da özünün iddia etdiyi kimi 7 aylıq əldən çımış fayda qismində zərərdən yayınmaq, həmçinin taksi kimi fəaliyyətini davam etdirməklə yanaşı, zərər məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanına malik olmuşdur. Hərçənd ki, cavabdeh iddiaçının baş vermiş yol nəqliyyat hadisəsindən sonra da qəzalı vəziyyətdə avtomobildən təyinatı üzrə istifadə etdiyini iddia etmişdir ki, cavabdehin bu izahatı inandırıcı olmuşdur. Belə ki, iddiaçı gəlir mənbəyinin avtomobili ilə taksi fəaliyyəti göstərməsi olduğunu iddia etmişdir ki, avtomobilinə dəymiş zərərin ciddi olmaması və həmin zərərin qısa müddət ərzində aradan qaldırılmasının mümkünlüyü halında iddiaçının vurulmuş zərərin məbləğinin düzgün müəyyən edilməsi üçün aylarla, bəzən illərlə davam edə biləcək məhkəmə mübahisəsinin sonunu gözləməsi, bununla da əldə edə biləcəyi gəlirlərdən imtina etməsi inandırıcı və ağlabatan deyildir. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyan çəkməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd olunduğu kimi mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunduğu kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər məbləği böyük olmamaqla, həmin zərərin qısa müddət ərzində aradan qaldırılması və avtomobili təyinatı üzrə istifadəsi mümkün olmuşdur ki, qeyd edilən halda şəxsin qısa müddətə əhvalının pisləşməsi mümkün olan haldır. Lakin, qeyd olunan vəziyyətdə əhvalın pisləşməsinə, o cümlədən hadisənin nəticəsinə görə şəxsin mənəvi iztirab və sarsıntı keçirməsi istisna olunmaqdadır. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinin işi hazırlıq iclasından baxışa təyin etmədən qətnamə qəbul etməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 29 avqust 2022-ci il tarixdə və 16 yanvar 2023-cü il tarixlərdə hazırlıq iclasları keçirilmiş, 16 yanvar 2023-cü il tarixdə hazırlıq iclasında ekspertiza təyin edilmiş və icraat dayandırılmış, ekspertin rəyi məhkəməyə daxil olduqdan sonra isə 02 may 2023-cü il tarixli qərardadla iş üzrə icraatı təzələməklə yanaşı, işi kifayət qədər hazırlanmış hesab edərək, mülki işin məhkəmə iclasında baxılmağa təyin etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmaldır. Bunununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri ilə bağlı məsələ həll edilmədiyindən, ekspertiza tədqiqatının dəyəri qismində 100 manat "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(125)-146/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(125)-146/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamənin Cavabdeh1 qarşı 2000 manat mənəvi ziyanın və 5250 manat əldən çıxmış faydanın tutulması tələbi hissəsindən, qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamənin "xxxx" ASC-yə qarşı zərərin ödənilməsinin tələbi hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamə qeyd edilən hissədə elan olunduğu andan qanuni qüvvəyə minir.