Məhkəmə qərarları › İş №2(104)-240/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-240/2023

11.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-240/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, X7, İddiaçı2, onun nümayəndəsi və vəkili X5, cavabdehlərin nümayəndəsi və vəkili X2 və cavabdeh X3 vəkili X6 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə aralannda yazılı qaydada tərtib olunmuş 15 aprel 2001 -ci il tarixli bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1 ünvanmda yerləşən əmlakın adına rəsmiləşdirlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı2 dəqiqləşdirilmə ərizəsi verərək, iddia ərizəsinin xahiş etdim hissəsində göstərdiyi “Göygöl rayon Caykənd kəndi 16-cı məhəllə ev 7 də yerləşən əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsi” hissəsini “qəbul edilmiş qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin” hissəsində dəyişdirilməsini, iddia ərizəsinin giriş və xahiş etdim hissəsində göstərdiyi xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinin xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində dəyişdirilməsini, iddia ərizəsinin tələbi barədə yazılmış “əmlak tələbi” “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi ilə dəyişdirilməsini, həmcinin xx.xx.2001-ci il (iddia ərizəsində texniki səhv olaraq 27.06.200-ci il göstərilmişdir) tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddianın təmin edilməsi, İddiaçı2 və Cavabdeh1 arasında bağlanmış 15 aprel 2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra (Qeydiyyat nömrəsi ********** saylı çıxarışla təsdiq olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair) hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili X9 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 27 iyun 2001-ci il tarixdə aralarındakı razılaşmaya əsasən yazılı qaydada alqı-satqı müqaviləsi bağlamışlar. 27 iyun 2001-ci il tarixdə aralarındakı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ona və ailə üzvlərinə məxsus ünvan 3 ünvanında yerləşən evi 4 000 000 manata satmışdır. Müqavilənin şərtlərindən biri cavabdehə pulu verir və cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdən dərhal çıxır. Həmçinin gələcəkdə hər-hansı bir mübahisə çıxarsa bütün məsuliyyəti cavabdeh daşıyır. Onlar alqı-satqı müqaviləsini bağladıqdan sonra o və ailə üzviləri həmin evə köçərək indiki dövrə kimi yaşamışlar. O, əlindəki alqı-satqı müqaviləsi ilə bir neçə dövlət orqanına müraciət etsə də, ona bu müqavilə ilə heç bir sənədləşmə işlərini aparıla bilməməsi bildirilmişdir. Bu səbəbə görə də o, Cavabdeh1 ilə 2012-ci ildə əlaqə saxlayaraq onunla alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etmişdir. Onlar aralarında alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etdikdə, notariat kontoru tərəfindən onlara həmin evdə və torpaq sahəsində onun mərhum həyat yoldaşı X13 payı olduğunu, ona görə də vərəsəlik qaydasında mərhumun payı vərəsələrin adına keçdikdən sonra alqı-satqı müqaviləsinin bağlana biləcəyi bildirilmişdir. O, Cavabdeh1 ilə razılaşmışdır ki, Şəfəq onun qardaşı X8 etibarnamə versin və həmin etibarnamə ilə, Şəfəqin mərhum əri Vaqif Həsənovdan qalan Göygöl rayon Çaykənd kəndində yerləşən evə dair vərəsəlik işləri görüləndən sonra ev və torpaq sahəsi onun adına rəsmiləşdirilsin. Həmin razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2012-ci il tarixdə qardaşı X8 3 (üç) il müddətinə evə dair alqı-satqı müqaviləsi bağlamağı, bağışlama, vərəsəlik işlərinin aparılması və s. işləri görməyə etibarnamə vermişdir. Lakin o, etibarnamə ilə vərəsəlik işlərinin aparılması barədə notariat kontoruna müraciət etdikdə hal-hazırki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 razılığı tələb olunmuşdur. Cavabdehlər həmin dövrdə azyaşlı olduğundan alqı-satqı müqaviləsi bağlana bilməmişdir. İddiaçı sonradan cavabdehlərin ünvanlarını və telefon nömrələrini bilmədiyindən onlarla əlaqə saxlaya bilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddia ərizəsinə verdikləri yazılı etirazda göstərmişlər ki, İddiaçı2 onlara qarşı verdiyi iddia əsassızdır. Belə ki, Cavabdeh1 həyat yoldaşı Ağdərə uğrunda döyüşlərdə şəhid olduqdan sonra həyat yoldaşına məxsus ünvan 3 ünvanında yerləşən ev vərəsəlik qaydasında Cavabdeh1 keçmişdir. Cavabdeh1 həmin evlə bağlı notariat kontorunda vərəsəlik işlərinin görülməsi üçün İddiaçı2 qardaşı İddiaçı1 etibarnamə vermiş, buna səbəb isə həmin vaxtı İddiaçı2 polis orqanlarında çalışdığından və eyni zamanda Cavabdeh1 hüquqi savadının olmaması olmuşdur. Cavabdeh1 heç ünvan 3 ünvanında yerləşən evi satmaq niyyəti olmamış, iddiaçı tərəfindən isə ona heç bir pul məbləği ödənilməmişdir. Eyni zamanda İddiaçı2 və ailəsi ünvan 3 ünvanında yerləşən evdə heç zaman yaşamamışdır. Hazırda ünvan 3 ünvanında yerləşən ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Ona görə də iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İddiaçı1 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Caykənd kəndində yerləşən və 2001-ci il tarixdən İddiaçı2 məxsus olan fərdi yaşayış evinin rəsmiləşdirilməsi üçün İddiaçı2 ona 2012-ci il tarixdə zəng vuraraq Göygöl Notariat kontoruna gəlməsini bildirmişdir. O, həmin kontora getmiş kontorda Cavabdeh1 və oğlu Cavabdeh3 olmuşdur. Notariat Kontorunda işin halını öyrənəndə bilmişdir ki, belə alqı-satqı müqaviləsi bağlana bilmir. Belə ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən fərdi yaşayış evi mərhum X13 adınadır. Ona görə də, belə razılaşmışlar ki, vərəsəlik işlərinin görülməsi və evi İddiaçı2 adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 ona etibarnamə versin. Cavabdeh1 Notariat kontorunda bildirmişdir ki, etibarnamə verir ki, işlərini həll etsin və bir də notariat kontoruna gəlməyəcək. Notariat kontoruna ona etibarnamə verilmişdir. Sonradan notariat kontoruna müraciət etdikdə bildirmişlər ki, bu etibarnamə ilə evlə bağlı vərəsəlik işlərinin görülməsi üçün Vaqif Həsənovun o biri vərəsələrinin razılığı lazımdır. O da sonradan Cavabdeh1 və o biri vərəsələri tapa bilmədiyindən evi və torpaq sahəsini rəsmiləşdirə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, İddiaçı2 Göygöl rayonu Çaykənd kəndində yerləşən evi Cavabdeh1 4 000 000 manata almışdır. Həmin pulun 1.000.000 manatını İddiaçı2 o borc vermiş, İddiaçı2 də Cavabdeh1 onun yanında pulu vermişdir. Evə görə razılaşdıqları məbləğdən İddiaçı2 Cavabdeh1 heç bir borcu qalmamışdır. Həmin ev 2001-ci il tarixdən indiki dövrə qədər İddiaçı2 istifadəsində olmuşdur. Hal-hazırda yay aylarında həmin evdən və torpaq sahəsindən istifadə edirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı2 Cavabdeh1 pulu verərəkən onun yanında vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Çaykənd kəndində İddiaçı2lə qapı qonşudur. Həmin evdən və torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri tərəfindən indiki dövrə qədər istifadə edir, həmin evə və torpaq sahəsinə o nəzarət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı keçmiş polis işçisidir. Cavabdehlər isə 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş X13 ailə üzvləridirlər. Onunla Göygöl rayonu Çaykənd kəndində 16-cı məhəllə, 7 nömrəli evdə yaşamışlar. X21 həmin ünvandan müharibəyə - Dağlıq Qarabağa getmişdir. X21 şəhid olduqdan sonra ona - Cavabdeh1 iki körpə uşaqla maddi cəhətdən dolanış çox çətin olduğundan qayınları yaşadıqlaeı Göygöldəki evlərini kirayə verib Bakıya gələrək onlarla yaşamalarını məsləhət görmüşlər. Onların məsləhətinə uyğun hərəkət edib həmin vaxtlar kirayə ev axtaran hazırkı iş üzrə iddiaçı olan İddiaçı2 evi kirayəyə verib iki azyaşlı uşağı ilə Bakı şəhərinə qaynıgilə getmişlər. Onlar evi həmin şəxsə satmamışlar, kirayəyə vermişlər. Belə ki, İddiaçı2 həmin vaxt dediyinə görə Göygöldə polis işlədiyi üçün ona işinə yaxın ev lazım olmuşdur. İddiaçı2 evlərində mütəmadi olaraq qalmırdı, əvvəlcədən də razılaşmışlar ki, onlar rayona gələndə öz evlərində qalacaqlar. Ona görə ona sərf edirdi, polis işçisi olduğundan evini güvəndə hesab edirdi. İddiaçı2 Göygöl Rayon Polis Şöbəsindən Kəlbəcər Rayon Polis Şöbəsinə keçəndən sonra evlərində heç zaman yaşamayıb. Buna baxmayaraq, polis işçisi olduğundan və aralarında xoş insani münasibətlər yarandığından bayramlarda təbrik üçün və sənəd işlərində məsləhət üçün ona zəng edirdi. İddiaçı özü demişdir ki, evi sənədləşdirməkdə, vərəsəlik işi açdırmaqda ona kömək edə bilər. Mehman polis işçisi - hüquq mühafızə orqanında işlədiyi üçün ona inanırdı. Bir gün zəng edərək vərəsəlik işi ilə məşğul olmaq üçün Göygöldən taksi sürücüsü ilə etibarnamə göndərdiyini və Sabunçunun girəcəyinə gəlib həmin etibarnaməni imzalamağı bildirmiş, o da həmin yerə gedib etibarnaməni imzalamışdır. Məhkəmədə həmin etibarnamənin başqa şəxsin adına olduğunu görəndə çox təəccüblənmişdir. 2021-ci ilin dekabr ayında Cavabdeh3 mobil nömrəsinə Bakı şəhəri 16-cı Notariat Kontorundan zəng olunmuş notariat kontoruna gələrək (notariat kontorunun yerini izah etmişdir) etibarnamə verməlisiniz, qarşı tərəf buna görə sizə 30.000 - 35.000 AZN verəcəyini demişdir. O, yəni Cavabdeh3 evi satmaq fıkrinin olmadığını bildirib zəng edən notariat işçisinə sizə kim müraciət edib soruşduqda, zəng edən şəxs “gələrsiz, danışarıq” dedi. O, Şuşa şəhərində tikinti şirkətində işlədiyi üçün həmin ərəfədə oraya gedə bilmədi. 1 ay sonra isə, yəni 2022-ci ilin yanvar ayında onlara Çaykənd İƏD-dən zəng olundu ki, məhkəmədən sizə bildiriş gəlib, İddiaçı2 sizi məhkəməyə verib . Məhkəmə, iddiaçının 5 ay sonra - may ayında sonuncu məhkəmə iclasmda təqdim etdiyi akta alqı-satqı müqaviləsi kimi qiymət vermişdir. Halbuki onlar Cavabdeh1 imzasının yoxlanılması üçün ekspertiza təyin edilməsini tələb etmişlər. Hakim isə katibinə bu barədə ərizə almasını tapşırmaqla kifayətləndi. Bundan əlavə, mülki qanunvericiliyə əsasən, daşınmaz əmlakın alqı-satqısı notarial qaydaya rəsmiləşdirilməlidir. Məhkəmə sözügedən aktı həmin dövrün Mülki Məcəlləsinin müddəasına uyğun hesab etsə də 2001-ci ildə elə hazırkı Mülki Məcəllənin qüvvədə olduğunu unutmuş, o cümlədən Mülki Məcəllədə daşınmaz əmlakm alqı-satqısı zamanı tərəflər arasında aktın tərtib olunmasını nəzərdə tutan maddəni də tapmadığından göstərməmişdir. Ev hazırda şəhid X13 xüsusi mülkiyyətində olduğu halda məhkəmə hansı qanuni əsasla alqı-satqı müqaviləsini bağlanmış hesab edə bilər. İddiaçının iddia etdiyi mövcud olmayan, eyni zamanda notariat qaydasında təsiqlənməsi tələb olunan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 335.2-ci, 336.1-ci maddələrinin tətbiqi üçün alıcı və ya satıcı tərəfindən tam və ya qismən icra edilmiş hərəkət olmamışdır. Belə ki, cavabdehlərin məhkəməyə təqdim etdikləri yazılı etiraza və məhkəmə iclasında həmin etiraza uyğun izahatlarına baxmayaraq, qətnaməyə əsasən guya son 4-cü məhkəmə iclasında izahatlarını tamamilə dəyişmişlər. Konstitusiya Məhkəməsinin Qərarlarına istinadən qeyd etmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Birinci hal, yəni əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməli olması halı ilə bağlı əqdin bağlanması üçün ilk növbədə- tərəflərin iradə ifadəsi olmalı və tərəflərin nəzərdə tutduqları əqd ən azı formal baxımdan artıq bağlanmış olmalıdır. İş materiallarına əsasən iddia predmeti olan evə cavabdehlər xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ əldə etmiş və həmin sənəd əsasında evi qanuni şəkildə (notarial qaydada) özgəninkiləşdirmək imkanına malik olmuşlar. Belə olduğu halda evin alqı-satqısı barədə əqd bağlamaq üçün əvvəlcədən iddiaçının cavabdehlərə notariat orqanına getmələrini niyə təklif etməməsi və buna mane olan səbəblər aydın deyildir. Əgər həmin vaxt cavabdehlər notariat orqanına getməkdən yayınmışlarsa, deməli onların (yaxud onlardaıı hər hansı birinin və ya bir neçəsinin) həmin əqdi bağlamaq niyyətləri olmamışdır. İkinci hal, yəni məhz əks tərəfın əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı olması halı ilə bağlı qeyd etmişlər ki, əgər həqiqətən də evin alqı-satqısına dair iddiaçının nəzərdə tutduğu əqd bağlanmış olsaydı və buna cavabdehlərin iradə ifadəsi mövcud olsaydı, o zaman cavabdehlərin notariat kontoruna getməkdən yayınmaları üçün əsas və səbəb olmazdı. Üçüncü hal, yəni əqdin özünün qanuna zidd olmaması və onun daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir. Bundan əlavə, “alqı-satqı müqaviləsinin” 2001-ci ildə bağlanmış hesab edilməsi üçün həmin vaxt azyaşlı olan sözügedən ailənin üzvləri olan uşaqların (cavabdehlər Raifə və Raufun) paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır. Cavabdeh1 miras əmlaka təkbaşına sərəncam verə bilməzdi. Ən əsası sözügedən evi miras əmlak kimi faktiki olaraq onlar qəbul edib sahiblik etsələr də miras hüququ haqqında şəhadətnamə alınmamış, ev rəsmi olaraq hazırda xüsusi mülkiyyət kimi şəhidin adınadır. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, bir tərəfın daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Buna görə də, xx.xx.2001-ci il tarixli aktdakı imza Cavabdeh1 aid olsa belə, mübahisəli yaşayış sahəsinin alqı-satqısma dair əqd kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi MM-nin 384.0.4-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, hazırkı işə iddia müddətinin tətbiq edilə bilməz. Halbuki iddiaçı mülkiyyətçi və evə hər hansı bir hüququ olmadığından məhkəmə bu maddənin tətbiqində səhvə yol vermiş və iddia müddətinin ötürülməməsinə dair yanlış qənaətə gəlmişdir. İddianın predmetini evə dair əqdin bağlanmış hesab edilməsi təşkil etsə də, məhkəmə cavabdehlərin müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi barədə ərizələrinə qiymət verərkən evə qanuni əsaslarla heç bir hüququ olmayan iddiaçıya münasibətdə Mülki Məcəllənin 384.0-384.0.4-cü maddələrinə (iddia müddəti mülkiyyətçinin və ya diğər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir) əsaslanmışdır. İddia tələbinin dəyişdirilməsi barədə ərizənin surəti məhkəmə tərəfindən cavabdehlərə təqdim olunmamışdır. Belə bir ərizənin mövcudluğu barədə şifahi olaraq da cavabdehlərə məlumat verilməmişdir. Qətnaməni oxuyarkən bu barədə məlumatlı olmuşlar. Şahid ifadələri prosessual qanunvericilik pozulmaqla əldə edildiyindən sübutlar siyahısından çıxarılmalıdır. Bundan əlavə, qətnamədə göstərilən şahidlərin ikisi iddiaçının doğma qardaşları, üçüncüsü Qarayev Arzu iş yoldaşı olmuş şəxs olmaqla maraqlı şəxslərdir. Yalnız dördüncü şahid Arif Bayramov qonşu olmuş, lakin o da aldadılaraq məhkəmə bildirişi əsasında hakimin otağına gedərək bir vərəqə imza edib çıxdığını bildirmişdir. Sədrlik edən hakim cavabdehlərə tarixləri göstərməklə 3 izahat yazsa da qətnamədə şahidlərin dindirilməsi tarixi bəlli deyildir. İddiaçı cavabdehlərə evin “satılmasına” görə hər hansı məbləğdə pul verməyib. Cavabdehlərin də evi iddiaçıya satıb ondan pul almaq niyyətləri olmamışdır. İşə baxan hakim son 2 məhkəmə iclasında onlara demdir ki, barışıq üçün iddiaçıya nə qədər pul verə bilərsiz. Onlar 1-ci dəfə heç nə demişlər, lakin sonra qohumlar və dostlar məsləhət gördülər ki, yuxarı məhkəmə instansiyalarında vəkil tutmaq lazımdır, məhkəmələrə get-gəl və s. ən yaxşı halda 1.000 AZN xərcin çıxacaq, ona görə son məhkəmə iclasında hakim təkrar eyni sualı verdikdə, 1.000 AZN verə bilərik demişlər. Lakin iclasdan sonra məhkəmə iclas katbi Cavabdeh1 izahat alanda dedi ki, 200 AZN də artırın, onsuz da kömək edəcəklər. Onun səmimiyyətinə inanıb nə diktə etdisə, onu da yazmışlar. Məhkəmə isə qətnaməsində bu halı saxtalaşdıraraq, hakim öz təxəyyülünün məhsulunu əlavə edərək qeyd etmişdir ki, guya cavabdehlər evi 400 ABŞ dollarına satdıqlarını etiraf etmiş (heç iddiaçı evi bu qiymətə aldığını iddia etmir), evin geri qaytarılması üçün İddiaçı2 1200 manat təklif edirlər. Məhkəmə iclasında 1200 AZN söhbəti ümumiyyətlə olmamışdır, həmin məbləği hakim zaldan getdikdən sonra katib Cavabdeh1 yazdırmışdır. Cavabdehlərin alqı-satqını rəsmiləşdirmədən yayınmalarına və iddiaçının Cavabdeh1 pul vetməsinə dair heç bir mötəbər sübut yoxdur. Cavabdehlər hazırkı sənədlərlə istənilən vaxt notariat kontoruna getsələr belə, evə dair alqı-satqı müqaviləsinin rəsmiləşdrilməsi mümkün olmayacaqdır. Göstəilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını, işə baxaan hakim Qələmdar Abbasov barəsində intizam icraatının başılanılması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat 14:10-a təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər nümayəndə vasitəsilə təmsil olunsalar da özləri məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o və mərhum həyat yoldaşı X21 1989-cu ildə Ermənistandan qaçqın kimi Azərbaycana gəlmiş və keçmiş Xanlar rayonu X26 İcraiyyə komitəsinin komissiyası tərəfindən mərhum həyat yoldaşı X21 ailə üzvləri ilə birlikdə Xanlar (Göygöl) rayonu Çaykənd kəndi 16-cı məhəllədəki 7 saylı evdə məskunlaşdırılmışlar. O, həmin evi satmamışdır. İddiaçının təqdim etdiyi xx.xx.2001-ci il tarixli aktdakı imza onun imzasına oxşayır. Ola bilsin ki, iddiaçı ona boş vərəqdə imza etdirmişdir. Bu isə evini ona kirayəyə verməsi ilə bağlı ola bilərdi. İddiaçı Göygöl rayon Polis şöbəsində işlədiyi vaxtları çıxmaq şərtilə həmin evdə yaşamamış və yaşamır. Həmin ev hazırda da onun istifadəsindədir. Odur ki, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X9 və cavabdeh X3 vəkili X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Vəkil X9 (o həm də cavabdehlərin etibarnamə üzrə nümayəndəsidir) əlavə olaraq izah etdi ki, iddiaçının göstərdiyi xx.xx.2001-ci il tarixdə mübahisəli ünvandakı ev ümumiyyətlə mülkiyyətdə olmamışdır. Həmin ev xüsusi mülkiyyət kimi yalnız 2015-ci ildə, həm də mərhum X13 adına qeydiyyta alınmışdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməli deyildi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, onun nümayəndəsi və vəkili X15 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq izah etdi ki, Gəncə şəhərində yaşayır. 2001-ci ildə keçmiş Xanlar rayon Polis şöbəsinin Sarısu kəndindəki məntəqəsində işləmişdir və hər gün Gəncə şəhərinə gəlibgetməsi işinə uyğun olmadığından Polis bölməsinin yerləşdiyi Çaykənd kəndində ev almaq qərarına gəldiyinə görə ona Cavabdeh1 evini satdığı bildirilmiş və sonuncu ilə görüşərək evin 4.000.000 manata alqı-satqısı barədə razılaşmışlar. Alqı-satqı ilə bağlı aralarında akt tərtib edilmişdir. Bundan sonra o, həmin evin qabaq və arxa tərəfində daş hasar hördürmüş, girişdə darvaza qoydurmuş, yay aylarında ailə üzvləri və yaxın qohumları ilə həmin evdə yaşamışlar. Lakin evin elektrik sayğacı təxminən 2001-2002-ci illərdən çıxarıldığına görə generatordan istifadə etmişlər. Lakin cavabdeh 2022-ci ilin iyul ayında həmin evə elektrik sayğacı qoydurmuşdr. Evin mülkiyyət sənədlərini verilmiş etibarnamə əsasında o hazırlatmışdır. Lakin cavabdehlər alğı-satqı müqaviləsini bağlamaqdan imtina etdiklərinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Evdə məhdud sayda əşyaları olmuşdur. Məhkəmə iclaslarının keçirildiyi müddətdə cavabdehlər evin giriş qapısının qıfılını qıraraq evə daxil olmuşlar. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi və məhkəmə clasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 saylı qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Gəncə şəhər MKTİB-nin 6 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 32 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan, Fərdi uçot kartoçkasının surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 yaşayış yeri Xanlar (Göygöl) rayonu Çaykənd kəndidir. İş materiallarında olan, Fərdi uçot kartoçkasının surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh3 yaşayış yeri Göygöl rayonu Çaykənd kəndidir. İş materiallarında olan İV-BA seriyalı, 256245 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X4 12 may 1989-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1989-cu ilin mayayının 12-ci günündə 637 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan İV-JO seriyalı, 498801 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 16 sentyabr 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1997ci ilin 1-ci ayının 04-cü günündə 01 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan Göygöl rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 07 avqust 2012-ci il tarixli etibarnamədən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində yaşayan Cavabdeh1 ünvan 5 ünvanında yaşayan İddiaçı1 həmin etibarnamə ilə DT XK-i idarələrində, Dövlət arxivində, Bələdiyyə idarələrində, Mənzil kommunal təsərrüfatı idarəsində və DƏDRX-nin idarələrində, Dövlət notariat kontorlarında, müvafiq icra nümayəndəliyində, müvafiq banklarda, poçt şöbələrində onun nümayəndəsi olmaq, vərəsəliyi qəbul etmək, adından alqı-satqı müqavilələri bağlamaq sənədləri toplamaq, imza atmaq, ərizə vermək və ona çatası müqavilə, çıxarış, arayışlar və digər sənədləri almağı, almağına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bütövlükdə (“A” tikilisi) X13 adına, 0,04 ha həyətəyanı torpaq sahəsi isə bərabər paylarla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 35 nömrə vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 6604 inventar nömrəli, xx.xx.2015-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 6 ünvanın hüquq subyekti X19r. İş materiallarında olan xx.xx.2001-ci il tarixli aktda göstərilir ki, ”X1 tərtib edirəm bu aktı ondan ötəri ki, Cavabdeh1 məxsus Xanlar rayon Çaykənd kəndində olan 16-cı məhəllə 7 ünvanını İddiaçı2 4.000.000 (4 paçka şirvan) manata satdı. Ona görə də aktın doğruluğunu aşağıdakı imzalarla təsdiq edirik. C.Babayev, Cavabdeh1 və İddiaçı2”. İş materiallarında olan Göygöl rayon Çaykənd Bələdiyyəsinin 22 iyun 2022-ci il tarixli, 80 nömrəli məktubundan görünür ki, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2001-ci il tarixdən indiki dövrə qədər Cavabdeh1 və ailə üzvləri bələdiyyə vergisi keçirməmişlər. Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli ev və evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə həmçinin evdə və torpaq sahəsindən X16 və ailə üzvləri 2001-ci ildən indiki dövrə qədər istifadə etməmişlər. Həmçinin 2001-ci il tarixdən indiki dövrə qədər Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmiş və bələdiyyənin əmlak vergisini mütəmadi ödəmişdir. İş materiallarında olan Göygöl RİHB-nm Çaykənd kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 45 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə, 7 nömrəli evdə Cavabdeh1 və ailə üzvləri 2001-ci il tarixdən indiki dövrə qədər yaşamamış və istifadə etməmişdir. Həmçinin 2001-ci il tarixdən indiki dövrə qədər Göygöl rayonu, Çaykənd kəndi, 16-cı məhəllə 7-ci evdən və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən İddiaçı2 və ailə üzvləri istifadə etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilmiş Göygöl rayon İcra hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri 16 saylı Vəkil bürosunun sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli 01 saylı cavab məktubunda göstərilir ki, Çaykənd kənd məhəllə 16 ev 7-də yerləşən fərdi yaşayış evi vətəndaş Cavabdeh1 məxsusdur. İşlədikləri müddətdə Cavabdeh1 öz ailəsi ilə mütəmadi olaraq özünə məxsus evə gələrək həyət bacası ilə məşğul olmuşdur. Qonşuların dediklərinə görə evdə olan köhnə əşyalar Həsənovlar ailəsinə məxsusdur və onların istifadəsində olmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 Göygöl rayon Caykənd kəndi 16-cı məhəllə ev 7 də yerləşən əmlakı 27 iyun 2001-ci il tarixdə Şəfəq Həsənovla alqı-satqı etdiyini, alqı-satqı etdiyi dövrdən həmin evdə yaşadığını, ev və evin torpaq sahəsindən istifadə edərək indiki dövrə qədər sahiblik etidiyini, evi alarkən razılaşdıqları məbləği tam şəkildə Cavabdeh1 ödədiyini, ona heç bir borcu qalmadığını bildirsə də, iş materialları ilə 2001-ci ildə, yəni iddiaçının cavabdeh tərəfindən həmin evin ona satıldığını iddia etdiyi vaxtda mübahisəli ünvandakı evin cavabdehin və ümumiyyətlə mülkiyyətində olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MMnin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əssən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İş materialları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, mübahisəli ünvandakı fərdi yaşayış evi iddiaçının iddia etdiyi 2001-ci ildə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində yalnız xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır, həm də Cavabdeh1 adına yox, X13 adına, yəni sonuncunun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin bağlanmış hesab edilməsi ilə bağlı yaranan mübahisədir və tələbin maddi hüquqi əsasını Mülki Məcəllənin 24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılanadək qüvvədə olmuş 335.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Bu normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Konstitusiya Məhkəməsi həmin qərarda göstərmişdir ki, Mülki Məcəllənin 335-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməledilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan qeyd olunmalıdır ki, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqdlərin formasına və məzmununa dair bilavasitə Mülki Məcəllə ilə müəyyən tələblər nəzərdə tutulmuşdur. Bu cür tələblər Mülki Məcəllənin müxtəlif normalarında müəyyən olunmuşdur. Məsələn, müqavilənin forması ilə bağlı Mülki Məcəllənin 329.2-cu maddəsinə göstərilir ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsində deyilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 406.3-cü maddəsində qeyd olunur ki, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Müqavilənin forma və məzmunu ilə bağlı qanunun tələblərinə əməl olunması yoxlanılarkən əvvəlcə mübahisələndirilən müqavilənin növü müəyyən olunmalıdır. Baxılan işdə mübahisələndirilən müqavilə daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində açıqlanaraq göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsində qeyd olunur ki, daşınmaz əşyaların alqısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki dövriyyədə müəyyən növ müqavilələrin formalarını qanun birbaşa müəyyən etmişdir. Daşınmaz əmlakın dövriyyəsi ilə bağlı əqdlər də bu kateqoriyaya aiddir. Qanunvericilik, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilələrin forması kimi onların yazılı şəkildə bağlanması və notarial qaydada təsdiqlənməli olduğunu müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 394-cü maddəsinin tələbinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka dair əqdlərin bağlanma formasını dəqiq tənzimləyərək bu cür müqavilələrin yazılı şəkildə tərtib olunmasını və notariat qaydada təsdiqlənməsini tələb edir. Həmçinin qanunvericilikdə mübahisə olunan dövrdə qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində göstərilmişdir ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq imkanı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün ilk növbədə həmin daşınmaz əmlak müqavilə bağlanan anda əmlakı özgəninkiləşdirən şəxsə məxsus olmalıdır, yəni əmlakın müqəddəratını mülkiyyətçisi həll edir. İşdən göründüyü kimi mübahisəli ünvandakı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində yalnız xx.xx.2015-ci il tarixdə, həm də Cavabdeh1 yox, X13 adına qeydiyyata alındığına görə 2001-ci ildə daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin predmeti ola bilməzdi. Hazırki işdə müqavilənin bağlanmış (etibarlı) sayılması üçün Mülki Məcəllənin 335.2ci maddəsində göstərilmiş şərtlər mövcud deyildir. Belə ki, cavabdeh tərəf 2001-ci ildə həmin əmlakın mülkiyyətçisi olmamış, sonralar da həmin fərdi yaşayış evi cavabdehlərin mülkiyyəti kimi qeydiyyata alınmamışdır. İddia ərizəsinin dəlillərində göstərilir ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə qardaşı X8 3 (üç) il müddətinə evə dair alqı-satqı müqaviləsi bağlamağı, bağışlama, vərəsəlik işlərinin aparılması və s. işləri görməyə etibarnamə vermişdir. Lakin o, etibarnamə ilə vərəsəlik işlərinin aparılması barədə notariat kontoruna müraciət etdikdə hal-hazırki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 razılığı tələb olunmuşdur. Cavabdehlər həmin dövrdə azyaşlı olduğundan alqı-satqı müqaviləsi bağlana bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmır. Çünki iş materiallarından da göründüyü kimi Cavabdeh1 uşaqları xx.xx.1989-cu il və xx.xx.1991-ci il təvəllüdlü olmaqla 2012-ci ildə müvafiq surətdə 23 və 21 yaşlarında, yəni tam fəaliyyət qabiliyyətli olmuşlar. Göründüyü kimi iddiaçının dəlilləri işin faktiki hallarına uyğun deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(066)-270/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar