Məhkəmə qərarları › İş №2(104)-2408/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2408/2024

16.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2408/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “əmlak tələbinə” dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)- 655/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ilə cavabdeh bir müddət nikaha daxil olmadan qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Sonradan ailə münasibətləri korlanmış və tərəflər ayrılmışlar. İddiaçı xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edərək təxminən 3 ay öncə Mingəçevir şəhərində ər-arvad münasibətində yaşadığı Cavabdeh ondan 700 manat pul, Redmi S2 markalı mobil telefonun alması, qaynı Rasim Aslanovun və onun arvadı X1 isə ona məxsus 600 manat dəyərində olan bir ədəd qızıl üzüyünün oğurlandığını bildirmişdir. Rasim Aslanovun və onun arvadı X1 hərəkətlərində cinayət təqrkibi olmadığından Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli HK-1/469 nömrəli material üzrə qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı DİN 102 xidmətinə müraciət edərək Cavabdeh ondan 1 ədəd qızıl üzük, 700 manat pul, Redmi S2 markalı mobil telefonun alıb qaytarmaması ilə bağlı polis orqanlarına etdiyi müraciət əsasında tədbir görülmədiyindən Arazın evinin yanında intihar edəcəyini bilirmişdir. İddiaçının məlumatı əsasənda toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli HK-1/1494 nömrəli material üzrə qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Polis orqanlarında aparılmış araşdırmalar zamanı cavabdeh 1 ədəd qızıl üzükün, 700 manat pulun, Redmi S2 markalı mobil telefonu onda olduğunu etiraf etməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı “qızıl-zinət aşyası, ona məxsus telefonun naturada və ya onun pulla dəyərinin cavabdehdən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, o, cavabdehlə 2019-cu ildə qeyri-rəsmi rəsmi nikaha daxil olub onunla 4 ay yaşamışdır. Dolanışıqları zəif olduğu üçün anası ona 700 manat pul vermişdir. Birgə yaşadıqları dövrdə cavabdeh onun təhdid edib döyərək 700 manat pulunu, 800 manat dəyərində qızıl üzüyünü və 550 manat dəyərində telefonunu zorla almışdır. Bununla bağlı o, polis və prokurorluq orqanlarına müraciət etsə də ona məhkəməyə müraciət etməli olması bildirilmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh birinci instansiyası məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2019-cu ildə Nüşabə ilə dörd ay ər-arvad kimi yaşamış, lakin rəsmi nikahı olmamışdır. İddiaçının əlindən 700 manat almamışdır. Nüşabənin 800 manat dəyərində nişan üzüyü və 550 manat dəyərində “Samsung S 2” markalı telefonu olmamışdır. Nüşabənin əlindən heç nə almamış və hazırki iddia böhtan xarakterli olmuşdur. İddiaçıun tələb etdiyi əmlakların onun sahibliyində olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(045)-655/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf 800 manat dəyərində nişan üzüyü və 550 manat dəyərində telefonun mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını məhkəmədə sübut edə bilməmişdir. Göstərilən səbəbdən iddiaçının tələbi təmin edilə bilməz. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-655/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlə qeyri-rəsmi yaşadığı 4 ay ərzində cavabdeh ona kobudluq edərək anasını verdiyi 700 manat pulunu, 800 manat dəyərində nişan üzüyünü və 550 manat dəyərində telefonunu zor tətbiq edərək əlindən almışdır. Ər və arvad arasında baş vermiş narazılığın şahidi olmuş və heç kim ər ilə arvadın münaqişəsinə müdaxilə etmir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2019-cu ildə İddiaçı ilə dörd ay ər-arvad kimi bir yerdə yaşamış, lakin rəsmi nikahları olmamışdır. İddiaçı nişan üzüyü və Samsung S 2 markalı telefonu olmamışdır. İddiaçı əlindən heç nə almamış və hazırkı iddia böhtan xarakterlidir. İddiaçı tələb etdiyi əmlaklar onun sahibliyimdə deyildir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-655/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbinə tətbiq olunan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu zəruridir: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mövcudluğunu və mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə araşdırması zamanı qaytarılması tələb olunan üzükün və mobil telefonun mövcudluğu sübuit oluinmur, iş materiallarında bu halı təsdiq edəcək sübut mövcud deyildir və cavabdeh bu halı istər birinci, istərsə də apellyasiya icraatı zamanı etiraf etməmişdir. Göründüyü kimi, iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı tələb olunan əşyanın mövcud olmasını və həmin əşyanın cavabdehin qeyri-qanuni sahibliyində olmasını təsdiq edə bilməmişdir ki, birinci instansiyası məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-655/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar