Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2421/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi ilə (hakim A.Səlimov) İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “işə bərpa” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(052)-166/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 may 2023-cü il tarixli, PHŞ-6-62/3-1- 166/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdeh müəssisədən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Naftalan şəhər sanatoriyasında xadimə olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1986-cı ildə Volqoqrad tibb məktəbinə daxil olmuşdur. Tibb məktəbində oxumaqla yanaşı, Volqoqrad şəhəri infeksion xəstəxanasının laboratoriyasında işləmişdir. xx.xx.1989-cu ildən xx.xx.1996-cı ilədək Naftalan şəhəri “Mil” sanatoriyasında tibb bacısı işləmişdir. xx.xx.1996-cı ildə Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzində sanitar həkim köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-xx.xx.2009-cu illərdə Naftalan şəhər Dezinfeksiya-profilaktika mərkəzində şöbə müdiri işləmişdir. xx.xx.2009-cu ildən xx.xx.2023-cü ilə kimi “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin TTTY şöbəsində tibb bacısı və böyük tibb bacısı işləmişdir. xx.xx.2023-cü il tarixli, PHŞ-6-62/3-1- 166/2023 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh orqan işdən çıxarılma əmrini onunla əsaslandırmışdır ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibb bacıları şöbəsində təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı tərəfindən dəfələrlə daxili intizam qaydaları pozulduğuna görə ona xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Xəstəxanada TƏBİB tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən monitorinq yoxlaması zamanı yol verdiyi nöqsanlara görə (əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixli PHŞ6- 62/3-1-134/2023 əmrlə intizam tənbeh növü kimi “töhmət” verilmişdir. Lakin verilən intizam tənbehindən nəticə çıxarmayaraq İddiaçı xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan aptekdən dərmanlar götürülməsinin onun səlahiyyətində olmamasını və dərmanların sənədsiz götürülməsini irad tutmaqla həmin dərmanların yenidən aptekə geri qaytarılması ondan tələb edilmişdir. Lakin İddiaçı nümayişkaranə şəkildə, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla X5 təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisə barədə TTTY şöbəsinin müdiri X9 xəstəxananın direktorunun adına xx.xx.2023-cü il tarixdə məlumat yazmışdır. Məlumatın əsasında araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Müəssisənin həmkarlar təşkilatının sədri Y.İ.Nəcəfovaya İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq bildirilməsi barədə müraciət olunmuş və X10 xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı intizam tənbehi olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qeyd olunan əsaslarla işdən çıxarılması qanunsuz və əsassızdır. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən həmin xəstəxana hərbi hospital elan olunmuşdur. O, xx.xx.2020-ci il tarixədək tibb bacısı kimi əsgər və zabitlərə xidmət göstərmişdir. Bununla bağlı olaraq hərbi biletində qeydlər aparılmışdır. Əlavə olaraq fəxri fərmanlarla təltif edilmişdir. Onun iş fəaliyyəti təkcə əsgər və zabit qardaşlarına xidmət göstərilməklə bitməyib, ümumi əhaliyə göstərdiyi tibb xidmətinə görə də, fəxri fərmanlarla təltif edilmişdir. İddia tələbinin hüquqi əsası ilə bağlı bir neçə məqamı diqqətə çatdırmaq istəyir. Birincisi, xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü il tarixdə ona şifahi xəbərdarlıq edilmişdir. Ona şifahi xəbərdarlıq verilməsinə səbəb xx.xx.2023-cü il tarixdə DİN-102 xidmətinə müraciət etməsi olmuşdur. Müraciətinin səbəbi onunla bağlı olmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus olan post patrul avtomobili xəstəxananın girişində təcili tibbi yardım maşınının yerində saxlanılmışdır. O, polis əməkdaşlarına avtomobildə ağır xəstə olduğunu bildirmişdir. Polislər isə onun dediklərinə məhəl qoymamışlar. Xəstənin sağlamlığını nəzərə alaraq avtomobilin çıxarılması ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə şəxsən izahat yazmışdır. İkincisi, işlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli, PHŞ-6-62/3-1- 134/2023 saylı töhmətdən xəbəri yoxdur. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Üçüncüsü, xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da xəbəri yoxdur. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. Dördüncüsü, xx.xx.2023cü il tarixdə X10 iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakını təmin etməli idi. Yuxarıda qeyd olunan xüsusatlardan görünür ki, onun işçi olaraq hüquqları işə götürən tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə və həmin qərarın qəbul edilməsinə səbəb olmuş əsaslandırma ilə qətiyyən razı deyil. Belə ki, hakim tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə hüquqlarının kobud pozulması ilə qətnamə qəbul edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməsini istəyir. Məhkəmə tərəfindən izahatı təhrif edilmişdir. Belə ki, qəbul edilmiş qətnamənin izahat hissəsində onun adından göstərilir ki, “o, həmçinin ona aid olmayan məsələyə görə töhmət almışdır. Belə ki, Təbibdən gələn audit yoxlaması zamanı təcili tibbi yardım avtomobilinin içərisində depilyator və saturasiya aparatının olmadığı müəyyən edildiyinə görə ona töhmət verilmişdir. Halbuki həmin aparatların olub-olmamasına görə cavabdeh şəxs o deyildir. Bu məsələyə cavabdeh şöbə rəisi Hikmət doktor olmuşdur. Lakin sonda Hikmət doktora verilməli olan töhmət ona verilmişdir. Direktora bu barədə iradını bildirən zaman isə o, cavabında “mən belə istəyirəm” demişdir. Bundan sonra direktora heç bir söz deməmişdir. Onunla bərabər bir neçə əməkdaşa da, töhmət verildiyi üçün “palaza bürün, elnən sürün” deyərək məsələnin üzərinə getməmişdi”. İzahatı ilə bağlı olaraq onu bildirir ki, o, məhkəmə iclası zamanı iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə hərtərəfli, tam və obyektiv araşdırma aparsaydı, ona bildirərdi ki, iddia tələbində töhmətdən xəbəriniz olmayıb bildirirsiniz, izahatınızda isə tam fərqli izahat verirsiniz. Bu ziddiyət araşdırılmalı və sənədlərlə təsdiq edilməli idi. İkincisi, töhmətin mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə o halda töhmətə istinad edə bilərdi ki, töhmətin verilməsindən xəbəri olsun. Məhkəmə töhmətdən xəbərdar olmağını izahatını təhrif etməklə əsaslandırmışdır. Bu isə kobud pozuntudur. xx.xx.2023cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü il tarixdə ona şifahi xəbərdarlıq edilmişdir. Ona şifahi xəbərdarlıq verilməsinə səbəb xx.xx.2023-cü il tarixdə DİN-102 xidmətinə müraciət etməyi olmuşdur. Müraciətinin səbəbi onunla bağlı olmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus olan post patrul maşını xəstəxanın girişində təcili tibbi yardım maşının yerində saxlanılmışdır. Polis əməkdaşlarına bildirmişdir ki, avtomobildə ağır xəstə var. Onlar isə onun dediklərimə məhəl qoymamışdır. Xəstənin sağlamlığını nəzərə alaraq avtomobilin çıxarılması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmiş, bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə şəxsən izahat da yazmışdır. İşlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023cü il tarixli, PHŞ-6-62/3-1-134/2023 saylı töhmətdən xəbəri yoxdur. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Bundan başqa xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmiş, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da, xəbəri yoxdur. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. xx.xx.2023-cü il tarixdə X10 iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakı təmin edilməli idi. Cavabdeh orqan işdən çıxarılma barədə əmrini əsaslandıra bilmir. İstinad etdiyi hüquqi əsaslandırmanın nə məntiqi, nə də hüquqi əsaslandırması yoxdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, aptekdən özbaşına olaraq dərman vasitələri götürməmişdir. Dərman vasitələrini xəstəxananın TTTY şöbəsinin müdirinin göstərişi ilə götürmüş və müvafiq işçilərə paylamışdır. Əks halda aptekdən ona paylanması üçün dərman verilməzdi. Ona töhmət verilməsindən və xəstəxananın X10 xx.xx.2023-cü il tarixdəki iclasından xəbəri olmamışdır. Çünki o, həmin iclasa dəvət olunmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, İddiaçı Naftalan Şəhər Mərkəzi Xəstəxanasında TTTY şöbəsində böyük tibb bacısı vəzifəsində çalışmış, Naftalan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının və digər ləvazimatların TTTY şöbəsinin şöbə müdirinə təhvil-təslim edilmiş olsa da, iddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq tələbnamə olmadan xəstəxananın aptekindən dərman vasitələri götürərək tibb işçilərinə paylamış, şöbə müdiri tərəfindən ona irad bildirildikdə isə daxili nizam-intizam və etik davranış qaydalarını pozan hərəkətlərə yol vermişdir. Ona görə də xəstəxananın direktoru iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına razılığını bildirməsi ilə bağlı müəssisənin X16na müraciət etmiş, müraciətlə bağlı X16 iclas keçirtmiş, iddiaçı iclasa dəvət edilmiş olsa da, iclasda iştirak etməmişdir. İlk həmkar təşkilatı iddiaçının işdən çıxarılmasına etiraz etməmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsinin, habelə iddiaçının izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Naftalan şəhər xəstəxanasına qeydiyyatçı tibb bacısı vəzifəsinə təyin edilmiş, xəstəxananın baş həkiminin xx.xx.2013-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir; -xəstəxananın baş həkiminin xx.xx.2014-cü il tarixli əmri ilə həmin tarixdən qismən ödənişli sosial məzuniyyət yerinə müvəqqəti tibb bacısı vəzifəsinə təyin edilmişdir; -xəstəxananın baş həkiminin xx.xx.2015-ci il tarixli əmri ilə həmin tarixdən daimi tibb bacısı vəzifəsinə keçirilmişdir; -“Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor vəzifəsini icraedicisinin xx.xx.2023-cü il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsi əsasında Tibb bacıları şöbəsinin böyük tibb bacısı vəzifəsinə yerdəyişmə edilmiş və TTTY şöbəsi üzrə öhdəliklərin yerinə yetirilməsi həvalə edilmişdir; -“Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun “böyük tibb bacısının üzərində olan bütün dərman vasitələrinin təhviltəsliminə dair” 12 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-113/2023 saylı əmrindən görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan bütün dərman preparatlarının TTTY şöbəsinin müdiri X6 təhvil təslim edilməsi barədə X15 - Dəstək xidməti şöbəsinin müdiri, X17 - ümumi şöbənin müdiri, X11 - baş tibb bacısı, X19 - böyük tibb bacısı və X18 – mühasibdən ibarət tərkibdə komissiya yaradılmış, əmrin icrasına nəzarət TTTY şöbəsinin müdiri X6 həvalə edilmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun 13 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-120/2023 №li “TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilməsinə dair əmrin təsviri hissəsinə əlavə”də göstərilir ki, Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13- 99/2-2222/2023 nömrəli TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova ünvanlanmış məktubda göstərilən cinayət xarakterli -faktlar, yəni İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4 (mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına, təkrarən xx.xx.2013-cü il tarixdə AR CM-nin 243.1, 244.2.1 və 66.3 (fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi göstərilmişdir. Eyni zamanda İddiaçı tərəfindən müəssisədaxili nizam-intizam qaydalarını pozaraq nüəssisəyə gəlmiş Polis əməkdaşları ilə mübahisə etməsi, onların qarşısına əmək funksiyasına aid olamayn tələblər qoyması Xəstəxananın iş ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı yuxarıda göstərilən AR CM-nin 179.2.2, 179.2.3 və 179.2.4 ( mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhrum edilməsini nəzərə alaraq onun üzərində narkotik tərkibli və psixotrop dərman preparatiarının və digər ləvazimatların maddi məsuliyyətin qoyulmasını məqsədə uyğun və mümkün hesab etmirəm. Göstərilənləri nəzərə alaraq - əmr edirəm: TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının və digər ləvazimatlar TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilsin. Əsas: TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-1762/2023 nömrəli məktubu və Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-99/2-2222/2023 nömrəli məktubu (i.v.46). İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru tərəfindən imzalanmış 20 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-134/2023 saylı əmrdən görünür ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tibb xidmətinin təşkilinin monitoringi nəticəsində aşkar olunan nöqsanlara görə həkim məsləhət komissiyasının sədri, terapiya şöbəsinin müdiri – X7, terapiya şöbəsinin böyük tibb bacısı X8 və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin böyük tibb bacısı – İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru tərəfindən imzalanmış 26 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-141/2023 saylı əmrdən görünür ki, müəssisədaxili intizam qaydalarını pozduğuna görə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri X1 xəbərdarlıq etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan X4 25 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatda göstərilir ki, 24 aprel 2023-cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı mənim icazəm olmadan xəstəxana aptekindən dərman preparatları götürmüşdür (qeyd: dərkənar 20.04.23-cü il tarixdən 25.04.23-cü il tarixə düzəliş edilmişdir i.v.-55). İş materiallarında olan X4 27 aprel 2023-cü il tarixdə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoruna yazdığı məlumatda göstərilir ki, xx.xx.2023-cü il tarixdə 13:00-da şöbənin böyük tibb bacısı İddiaçı heç bir tələbnamə verilmədən və “mənim icazəm olmadan” xəstəxananın aptekindən spazmalqon 5 qutu, metoqlopramid 5 qutu, eqilon 5 qutu, furasemid 5 qutu və dimedrol 4 ampula götürərək şöbəyə gətirmiş tibb bacılarına paylayarkən xəbəri olmuşdur. Həmin dərmanlar qanunsuz götürüldüyü üçün aptekə geri qaytarılmışdır. Həmin vaxtı İddiaçı şöbənin kollektivi qarşısında onun iş masasının üzərində olan sənədləri yerə atmış. Onu təhqiramiz sözlərlə təhqir etmişdir (i.v.59). İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş tibb bacısı işləyən X2 27 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatında göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı heç bir tələbnamə olmadan spazmalqon 5 qutu, metoqlopramid 5 qutu, eqiloq 5 qutu, furasemid 5 qutu, dimedrol ampula və plastr 3 qutu vermişdir. Sonra TTTY şöbəsinin müdiri Hikmət İbrahimov onun yanında olarkən İddiaçı gəlmiş və onlar bir-birinə səslərini yüksəltmişlər. O, onları sakitləşdirməyə çalışmış, sonra verdiyi dərmanları geri istəmiş və dərmanları götürərək aptekə aparmışdır (i.v.60). İşdə olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs ilk HTK-nın sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 97 saylı məktubda göstərilir ki, xəstəxananın TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı dəfələrlə, mütəmadi olaraq müəssisə daxili intizam qaydalarını pozur və əmək müqaviləsi üzrə əmək funksiyasını layiqincə yerinə yetirmir. Şöbədə dava-dalaş salmaqla digər işçilərinin əmək funkiyasını yerinə yetirməyə maneçilik törədir. Bu da şöbənin eləcədə xəstəxananın bütün işçilərinin haqlı narazılıqlarına səbəb olur. Göstərilənləri nəzərə alaraq İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriməsinə öz münasibət bildirməyinizi xahiş edirəm. Məhkəmə iclasında təqdim olunmuş “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs İHT-nın sədri tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 103 saylı məktubda göstərilir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 97 saylı məktubu ilə sizin əmək funksiyanızı layiqincə yerinə yetirməməyiniz və müəssisə daxili intizam qaydalarını pozduğunuza görə barənizdə intizam tənbehi tətbiq edilərək, AR ƏM-nin “70”-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə müraciət daxil olmuşdur. Odur ki, 01 may 2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət olunursunuz. İclasda iştirak etmədiyiniz halda sizin iştirakınız olmadan məktub müzakirə olunaraq, müvafiq qərar qəbul edilmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs X10 127 nömrəli iclas protokolundan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı Kəniş qızının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməməsi barədə TTTY şöbəsinin müdiri X3 direktorunun adına yazılan xx.xx.2023-cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş, həmin iclasda iclasın sədri Yeganə Nəcəfova, iclasın katibi Rəhimə Babayeva və komitə üzvü Aybəniz Məmmədovadan ibarət cəmi 03 nəfər iştirak etmiş və İddiaçı barəsində ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs X16 tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış 03 may 2023-cü il tarixli 104 nömrəli məktubdan görünür ki, HTK İddiaçı intizam tənbehi olaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun 15 may 2023-cü il tarixli PHŞ-6-62/3-1-166/2023 №li əmrindən görünür ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibb bacıları şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023cü il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Naftalan şəhər xəstəxanasına qeydiyyatçı tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilmiş, xəstəxananın baş həkiminin xx.xx.2014-cü il tarixli əmri ilə xəstəxanada tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2023cü il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsi əsasında Tibb bacıları şöbəsinin böyük tibb bacısı vəzifəsinə yerdəyişmə edilmiş və TTTY şöbəsi üzrə öhdəliklərin yerinə yetirilməsi həvalə edilmişdir. Xəstəxanada TƏBİB tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçirilən monitorinq yoxlaması zamanı yol verdiyi nöqsanlara görə (əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixli PHŞ6-62/3-1- 134/2023 əmrlə intizam tənbeh növü kimi “töhmət” verilmişdir. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun 12 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1- 113/2023 saylı əmri ilə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan bütün dərman preparatlarının TTTY şöbəsinin müdiri X6 təhvil-təslim edilməsi barədə komissiya yaradılmış, əmrin icrasına nəzarət TTTY şöbəsinin müdiri X6 həvalə edilmişdir. Xəstəxana rəhbərliyininin xx.xx.2023-cü il tarixli əmri ilə dərman preparatlarının TTTY şöbəsinin tibb işçilərinə paylanması şöbə müdirinə həvalə edilmiş olsa da, sonuncu xx.xx.2023-cü il tarixdə (TTTY şöbəsinin müdiri X9 həmin tarixi gah xx.xx.2023-cü il, gah da xx.xx.2023-cü il kimi qeyd edir) dərman vasitələrinin aptekdən götürülüb tibb işçilərinə verilməsini iddiaçıya tapşırmış, iddiaçı şöbə müdirinin tapşırığına uyğun olaraq dərman preparatlarını xəstəxananın aptekində baş tibb bacısından alaraq şöbənn tibb işçilərinə paylamışdır. TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı dərman preparatlarını qəbul edib tibb işçilərinə paylamaq səlahiyyətinin üzərindən götürüldüyünü baş tibb bacısı da bildiyi halda tələbat olunan sayda dərman preparatlarını iddiaçıya vermişdir. Bu isə onu deməyə əsas verir ki, aptekdən dərman vasitələrinin götürülməsi üçün iddiaçıya müvafiq tələbnamə verilmişdir. Əks halda tələbnaməsiz aptekdən dərman vasitələri iddiaçıya verilməzdi. Ona görə ki, aptek də hesabatlılıq (dərman preparatlarının hesabdan silinməsi üçün) üçün tələbnaməni qəbul etməli idi. TTTY şöbəsinin müdiri X9 da iş materiallarında olan izahatında iddiaçının həmin gün dərman preparatlarını onun icazəsi olmadan götürdüyünü göstərmişdir. Halbuki onun bu kimi icazə vermək səlahiyyəti yox idi. Lakin bununla belə iddiaçı dərmanları şöbənin tibb işçilərinə payladıqdan sonra nəyə görə dərmanları alıb tibb işçilərinə payladığını iddiaçıya irad tutduqdan sonra aralarında münaqişə yaranmış və bir-birinə etik davranışdan kənar ifadələr işlətmişlər. TTTY şöbəsinin müdirinin məlumatı əsasında PHŞnin direktoru iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi üçün X16 komitəsinə müraciət etmiş, İlk HTK iddiaçını müdiriyyəin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair müraciətinin müzakirə ediləcək həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli iclasına dəvət edilməsinə dair məktubu təqdim etmiş olsa da, həmin məktubda iclasın keçiriləcək vaxtı (saatı) dəqiq göstərilməmiş, əslində isə ilk HTK-nin iclası (təqdim olunmuş protokola görə) xx.xx.2023-cü il tarixdə keçirilmiş, iddiaçı isə həmin iclasa dəvət olunmamışdır. HTK-nin iclasında isə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun xx.xx.2023cü il tarixli müraciəti müzakirə olunması əvəzinə, TTTY şöbəsinin müdiri X3 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumat müzakirə edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmiş və “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun 15 may 2023-cü il tarixli PHŞ-6-62/3-1-166/2023 №li əmri ilə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibb bacıları şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı cavabdehin həmin əmrini qanunsuz sayaraq yuxarıda qeyd olnan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla İddiaçı iddiasının əsassız olması qənaətinə gəlinir. Belə ki, iş materialları ilə iddiaçı barəsində 20 aprel 2023-cü il tarixdə müəssisənin rəhbəri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş olması müəyyən olunur. İddiaçı qeyd edilən əmri mübahisələndirməmiş və əmr qüvvədədir. Həmçinin müəyyən olunur ki, iddiaçı, barəsində verilmiş intizam tənbehindən qısa müddət keçdikdən sonra, yəni 24 aprel 2023-cü il tarixdə tələbnamə olmadan, həmçinin götürülməsinin onun səlahiyyətlərində olmadığını bilməsinə baxmayaraq aptekdən dərman vasitələri götürərək tibb bacılarına paylamış, bu zaman ona iradını bildirən şöbə müdiri Hikmət İbrahimov ilə mübahisə etmiş, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla onu təhqir etmişdir. Qeyd edilən hadisə onu deməyə əsas verir ki, İddiaçı əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bu isə işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir ki, nəticədə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə nəticələnmişdir. Məhkəmə iddianın “məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın 15 may 2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən, qeyd edilən hissənin də müzakirəsi hər hansı əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. Həmin Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Bundan başqa həmkarlar ittifaqı təşkilatının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunub ki, İddiaçı barəsində ƏM-nin 186-cı maddəsinin “ç” bəndində əsasən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz etmir. Lakin qərarın aid olduğu protokoldan görünür ki, həmkarlar ittifaqı təşkilatının yığıncağında cəmi 3 nəfər - Həmkarlar İttifaqı Komitəsinin sədri Yeganə Nəcəfova, katib Rəhimə Babayeva və komitə üzvü Aybəniz Babayeva iştirak etmişdir. Üç nəfərin yetərsayı təşkil edib-etməməsi protokoldan görünmür. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 3 nəfərdən ibarət yığıncaqda deyil, X16 komitəsinin bütün üzvlərinin yığıncağında baxılmalı idi. Həm də barəsində intizam tənbehinin tətbiq edilməsi müzakirə olunan şəxs iclasa dəvət olunmalı idi. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə 120 nəfər işçi işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 3 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi X16 İddiaçı xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət edilməsi barədə məktub göndərilmiş, lakin iş materiallarında olan protokoldan göründüyü kimi hımkarlar təşkilatının iclası xx.xx.2023-cü ildə keçirilmiş və qərar qəbul edilmişdir. Göründüyü kimi İddiaçı həmkarlar komitəsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmiş, məktubda xx.xx.2023cü il tarixə təyin edilməsinə baxmayaraq qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə də xəstəxananın həmkarlar təşkilatı qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq qərar qəbul etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İlk HTK-nın sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 97 saylı məktubdan (təqdimatdan) həmin məktuba hər hansı sənəd əlavə edildiyi görünmür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İlk HTK isə publik hüquqi şəxsin direktoru tərəfindən verilmiş təqdimatı müzakirə etmək əvəzinə TTTY şöbəsinin müdiri X3 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumatı müzakirə etmişdir. İddia ərizəsindən, həmçinin iddiaçının izahatından göründüyü kimi ona xx.xx.2023-cü il tarixdə verilmiş töhmətdən xəbəri yoxdur, həmin intizam tənbehi ilə bağlı ondan izahat alınmamışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Lakin iş materiallarından iddiaçıya xx.xx.2023-cü il tarixli intizam tənbehi verilməmişdən əvvəl ondan izahat verilməsini tələb edilməsini təsdiq edən sübut mövcud olduğu görünmür. Cavabdeh tərəfindən təqdim edilərək işə əlavə edilmiş cavabdeh müəssisədə 2023cü il üçün əmrlərin qeydə alınması kitabından çıxarışdan görünür ki, əmrlər kitaba sistemsiz olaraq daxil edilmişdir. Belə ki, həmin kitabdan görünür ki, xx.xx.2023-cü il tarixli əmr qeydiyyata alındıqdan sonra xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və s., hətta xx.xx.2023-cü il tarixli əmrlər qeydiyyata alınmışdır. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur. Ona görə də, kollegiya Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdehin 15 may 2023-cü il tarixli, PHŞ-6-62/3-1-166/2023 nömrəli əmri ləğv olunmalı və iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa edilməlidir. Belə Kİ, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun 15 may 2023-cü il tarixli, PHŞ-6-62/3-1-166/2023 nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2421/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2421/2023
13.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver