Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2438/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3671/2024 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Gəncə şəhəri 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) "miras əmlak üzərində payların müəyyən edilməsi və miras paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(125)-3671/2024 nömrəli qərardadı vəsatət təmin edilərək iş üzrə icraat dayandırılmışdır. İşə baxmış məhkəmə xx.xx.2024-cü il tarixli, 2(125)-3671/2024 nömrəli qərardadında mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin izahatından, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən alınmış məlumatdan aydın olmuşdur ki, Cavabdeh5 Cavabdeh4 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 və Cavabdeh2 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 100, hazırkı ünvanı isə Heydər Əliyev prospekti 100 kimi müəyyən edilmiş ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair etdiyi maneənin aradan qaldırılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh5 Cavabdeh4 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin icraata götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. MPM-in 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər icraat dayandırılır. Məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatından, iş materiallarından aydın olur ki, iddiaçı hazırkı tələbində mərhum nənəsi X1 miras qalmış ünvan 3 ünvanda yerləşən miras əmlak üzərində qanun üzrə vərəsə olaraq paylarının müəyyən edilməsini, onun tərəfindən 2023- cü il tarixdə, yəni mirasın açılmasından 32 il keçdikdən sonra bacısı Cavabdeh4 xeyrinə miras paydan imtinaya dair verdiyi ərizəsinin onun aldadılması nəticəsində verildiyini iddia edir. Gəncə Şəhər Məhkəməsinin icraatında olan digər mülki iş üzrə iddia tələbində isə sözügedən - ünvan 3 ünvanda yerləşən miras əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına hazırkı iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 etdiyi maneənin aradan qaldırılması tələb edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-5144/2024 nömrəli mülki iş üzrə müəyyən ediləcək hallar hazırkı mülki iş üçün preyudisial əhəmiyyətli ola bilər, odur ki, həmin mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki işə baxılması mümkün olmadığından, iş üzrə icraat dayandırılmalıdır. Cavabdeh4 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3671/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosessual qanunvericiliyin tətbiqində səhvə yol verməklə yanaşı, icraatın dayandırılması barədə qərardadı prosessual hüquq normaları çərçivəsində əsaslandıra bilməmişdir. Belə ki, işlərin birinin digərindən asılılğı yoxdur. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3671/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmiş və mövqeyini xx.xx.2024-cü il tarixli, 2(125)- 3671/2024 nömrəli qərardadında nümayiş etdirdiyi mövqeyə uyğun əsaslandırmışdır. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilərək barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş baxılması üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, məhkəmə prosesii zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X3 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi iş üzrə icraatın dayandıdırlması qənaətinə gələrkən istinad etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 və Cavabdeh2 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 100, hazırkı ünvanı isə Heydər Əliyev prospekti 100 kimi müəyyən edilmiş ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair etdiyi maneənin aradan qaldırılmasını tələbinə dair iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinin 2(125)-5144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata götürülmüşdür. Lakin iş materiallarına bu halı təsdiq edən sübutlar əlavə edilməmişdir. Bu hal cavabdehlər tərəfindən münahisələndirilməsə də məhkəmə istinad etdiyi sübutları iş materiallarına əlavə etməlidir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında nümayiş etdiyi mövqeyə əsasən qeyd edir ki, iş üzrə icraatın dayandırılması mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Hazırki iş üzrə iddiaçının tələbi vərəsəlik payının müəyyən edilməsi və miras paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsindən ibarət olmaqla, icraatda olması iddia olunan digər iş üzrə mülkiyyət hüququnun qeydə alınmasına hazırkı iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 etdiyi maneənin aradan qaldırılmasından ibarətdir. Göründüyü kimi, tələblərin birinin digərindən öncə baxılmasını və birinin digərindən asılılığını şərtləndirən hal mövcud deyildir. İddia tələblərinin nəticəsinin isə birinin digərinə təsiri mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsi işlərin birinin digərindən asılı olmasına dair gəldiyi qənaət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməli və iş materialları işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3671/2024 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3671/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Gəncə şəhəri 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) "miras əmlak üzərində payların müəyyən edilməsi və miras paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi" tələbinə iş materialları baxılmasının davam etdirilməsi üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2438/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2438/2024
03.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver