Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2445/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: paylı mülkiyyətin açıq hərracda satılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-684/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********18-05320-093057 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Bakı Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmışdır.
2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-485/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etmiş olduqları Abşeron rayonu, Xırdalan səhəri, 19-cu məhəllə, Abşeron-GS MTK, bina 20/59da 23 saylı (Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km, bina 1, blok 59, 16 saylı) mənzilə ½ hissədə İddiaçı payı müəyyən edilməklə həmin paya İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.
3. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-78/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir.
4. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur.
5. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Bakı Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölməsi təkfil edilmiş, əks təqdirdə bununla bağlı iddia qaldırılacağı bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehlə aralarında bərabər şəkildə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 doğulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi çıxarışına əsasən Abşeron rayonu Xırdalan şəhəri Bakı Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Ailə münasibətlərinin pozulması nəticəsində onun mülkiyyətində olan mənzildə yaşaması mümkün deyildir. Odur ki, Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadığı halda onun mənzildəki payının dəyərinin kompensasiya şəklində ödənilməsi təklif edilmiş, əks təqdirdə sözügedən mənzildə payların naturada ayrılması, mümkün olmadıqda isə mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin əmlakdakı paylara nisbətdə payçılar arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Payın satılması barədə bildiriş cavabdehlər tərəfindən qəbul edilsə də, təklifə hər hansı münasibət bildirilməmişdir. Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-78/2023 saylı qətnaməsinə əsasən Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil çıxarış əsasında hazırda iş üzrə tərəflərə məxsusdur. Lakin onun mübahisəli mənzildə yaşaması mümkün deyil. Bundan başqa, o mənzilin ona aid hissəsini satmaq istəyir. Bununla əlaqədar olaraq cavabdehə bildiriş ünvanlayaraq mənzilin razılıq əsasında satılaraq satışdan əldə edilən pulun tərəflər arasında bərabər bölünməsini cavabdehə təklif etmişdir. Lakin, cavabdeh təklifinə reaksiya verməmişdir. Odur ki, Abşeron rayonu Xırdalan şəhəri Bakı Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq satışdan əldə olunan pulun tərəflər arasında bərabər bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-684/2023 nömrəli qətnaməsi (hakim Marif Kazımov) ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********18-05320-093057 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmış Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2, 220.3, 220.4, 220.5 və 220.6-cı maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227, 233.1-ci və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-684/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birgə nikahdan olan övladları Allahverdiyev Cəlildə 2022-ci ilin avqust ayından etibarən onun himayəsindədir. Yeganə yaşayış yerləri də məhz hazırda mübahisələndirilən əmlakdır. Həmin evin hərracda satılması da, kifayət qədər onu və oğlunu çətin vəziyyətə salacaqdır. Kompensasiya məbləğinin müəyyənləşdirilməsi baxımından isə əmlakın qiymətləndirilməsi xüsusilə vacib nüansdır ki, bu hissədə məhkəmə tərəfindən heç bir addım atılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, İddiaçı, iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, onların bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü Cəlil adlı uşaqları olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri Bakı Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Ailə münasibətlərinin pozulması nəticəsində onların mülkiyyətində olan mənzildə birlikdə yaşaması mümkün deyildir. Odur ki, Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadığı halda onun mənzildəki payının dəyərinin kompensasiya şəklində ödənilməsi rəsmi olaraq təklif edilmişdir. Cavabdehə mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin əmlakdakı paylara nisbətdə payçılar arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Payın satılması barədə bildiriş cavabdehlər tərəfindən qəbul edilsə də, təklifə hər hansı münasibət bildirilməmişdir. Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi barədə iddia qaldırılmışdır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)- 78/2023 saylı qətnaməsinə əsasən Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Həmin mənzil çıxarış əsasında hazırda iş üzrə tərəflərə məxsusdur. İddiaçının mübahisəli mənzildə yaşaması mümkün deyil və mənzilin ona aid hissəsini satmaq istəyir. Bununla əlaqədar olaraq cavabdehə rəsmi bildiriş ünvanlayaraq mənzilin razılıq əsasında satılaraq satışdan əldə edilən pulun tərəflər arasında bərabər bölünməsini cavabdehə təklif etmişdir. Lakin, cavabdeh təklifinə reaksiya verməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
16. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
17. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
18. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
19. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
“Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermə imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)- 684/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin halları ondan ibarətdir ki, Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanda yerləşən mənzil üzərində İddiaçı ½ hissədə, Cavabdeh oğlunun ½ hissədə payları müəyyən edilmiş və həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda, tərəflər arasında olan ailə münasibətləri pozulduğu üçün onların birgə mənzildə yaşamağı mümkün olmamışdır.
39. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri paylı mülkiyyətdə olan əşya üzrə kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun mütənasib şəkildə bölünməsi ilə bağlı yaranan mülki münasibətlərdir və işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasından bəhs edən 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 220.2-ci maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
42. Azərbaycan Respublikasının MM-in 220.3-cü maddəsində deyilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
43. Azərbaycan Respublikasının MM-in 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
44. Azərbaycan Respublikasının MM-in 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
45. “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermə imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
46. Göründüyü kimi, qanunverici müəyyən etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri payın ayrılması ilə bağlı razılığa gələ bilmədikdə, paylı mülkiyyətçi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman payın naturada ayrılması mümkün olmadıqda ayrılan mülkiyyətçi öz payının miqdarının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi kimi hüquqa malik olur. Həmçinin, qanunverici müəyyən etmişdir ki, yuxarıda qeyd olunan qaydalar əsasında əmlakın bölünməsi və ya ondan pay ayrılması mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Baxılan işdə iddiaçı paylı mülkiyyətdə olan evin açıq hərracdan satılaraq onun payına uyğun vəsaitin verilməsini tələb edir. Kollegiya hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır.
47. Cavabdehin evin ilkin satış qiymətinin müəyyən olunmaması barədə dəlilini kollegiya əsassız sayır. Çünki, paylı mülkiyyətdə olan evin açıq hərracdan satılması barədə qətnamədə evin ilkin satış qiymətinin müəyyən olunmasını qanunvericilikdə tələb edilmir. Bunun da səbəbi ondadır ki, satılmalı olan əmlakın qiymətləndirilməsi, hərraca çıxarılan mərhələdə həyata keçirilən tədbir kimi qanunda əksini tapmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsində icra zamanı əmlakın qiymətləndirilməsi qaydaları müəyyən olunaraq göstərilmişdir ki, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur (Qanunun 51.1-ci maddəsi).
48. Əmlakın icra mərhələsində qiymətləndirilməsi həmçinin ona görə daha məqsədəuyğun hesab olunur ki, qətnamə qanuni qüvvəyə minəndən əmlakın satılmasınadək qiymət dəyişməsi tərəflərin hüquqlarına təsirsiz ötsün. Göründüyü kimi, əmlakın satış qiymətinin qətnamədə müəyyən olunmaması tərəfin hüquqlarını pozmur və bu tədbir ixtisaslaşdırılmış hərrac təşikatı tərəfindən qətnamənin icra mərhələsində həyata keçiriləcək bir hərəkətdir. Odur ki, apellyasiya şikayətinin göstərilən dəlili qətnamənin ləğvinə əsas vermir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur və apellyasiya şikayətində göstərilən dəlil qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-684/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.