Məhkəmə qərarları › İş №2(104)-2493/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2493/2023

27.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2493/2023 27.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(042)- 955/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında 27 yanvar 2017-ci il tarixli AZ-İİİ seriyalı 900913 nömrəli şəhadətnamənin surətlərindən görünür ki, X5 12 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır.

2. Şəxsiyyət vəsiqəsinin surıtindın görünür ki, X3 12 iyul 2018-ci il tarixdə anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır.

3. 17 iyun 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi mediasiya təklifini qəbul etmiş və tərəflər arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən, tərəflər arasında ailə münasibətləri pozulacağı təqdirdə həmin gündən etibarən Maraqlı şəxs 12 sentyabr 2016-cı il doğum tarixli X2 və 12 iyul 2018-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üşün 220 manat olamqla iki uşaq üçün 440 manat alimenti ödəyəcəyini öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublilkası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik püquqi şəxs “X8” publik püquqi şəxs tərəfindən verilimş 29 avqust 2023-cü il tarixli arayışn surətindən görünür ki, Maraqlı şəxs 24 may 2023-cü il tarixdən halhazıradək “X8” publik püquqi şəxsin İdarəetmə aparatında direktorun köməkçisi vəzifəsində işləyir, aylıq gəliri 716 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi ilə Gədəbəy Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 12 sentyabr 2016-cı il təvəllüdlü X5 və 12 sentyabr 2018-ci il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay sabit pul məbləğində 220 manat, cəmi 440 manat aliment ödənilməsinə dair razılığa gəlinməsi barədə Maraqlı şəxs ilə bağlanmış 17 iyun 2023-cü il tarixli barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2015-ci ilin avqust ayında faktiki olaraq ailə qurmuşlar. Faktiki nikahlarından 12 sentyabr 2016cı il tarixdə X5, 12 iyul 2018-ci il tarixdə isə X3 adlı iki uşaqları anadan olmuşlar. Uşaqlarının atalığı müəyyən edilmişdir. Maraqlı şəxs ilə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında baş verən narazılığa görə faktiki olaraq ayrılmışlar. 2023-cü ilin iyun ayının əvvəlində aliment almaq üçün Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. 17 iyun 2023cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət olunmuşlar. Həmin vaxt Maraqlı şəxs mediasiya təklifində göstərdiyi miqdarda, yəni hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhərində yaşamağa davam etmişlər, lakin 2023-cü ilin avqust ayının əvvəlində Maraqlı şəxs ailə münaqişəsi yaradaraq, onu Gədəbəy rayoununda yerləşən atası evinə göndərmişdir. Artıq onların ailə münaasibətləri tamamilə pozulmuşdur. Hal-hazırda iki azyaşlı uşağı ilə birlikdə atası evində yaşayır. Ailə münasibətləri pozulmasına baxmayaraq, Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etmir.

7. Gədəbəy Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(042)- 955/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) ərizə təmin edilərək, 12 sentyabr 2016-cı il tarixdə doğulmuş X5 və 12 iyul 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi, 440 manat miqdarında aliment ödənilməsi haqqında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 17 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməsi; Qətnamə dərhal icra edilməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 106.1, 217.4, 355-25.1, 355-25.2, 355- 25.3, 355-25.4, 355-26.1, 355-26.1.1, 355-26.1.2, 355-26.2, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və alimentin 1/3 hissədə müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, onun maddi və ailə vəziyyəti nəzərə alınmamışdır. Müəyyən olunmuş alimentin məbləği yüksək olduğundan ödəməyə maddi imkanı çatmır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

17. Maddə 305.1.17 Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır.

18. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

19. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

20. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

21. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

22. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

23. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.

24. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:

25. Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

26. Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

27. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin faktiki nikahından anadan olmuş 12 sentyabr 2016-cı il təvəllüdlü X5 və 12 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi, 440 manat miqdarında aliment ödənilməsi haqqında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 17 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq etməkdə düzgün nəticəyə gəlmişdir.

33. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs faktiki nikahından 12 sentyabr 2016-cı il tarixdə Nigar, 12 iyul 2018-ci il tarixdə isə Mələk adlı uşaqları anadan olmuşlar. Tərəflər ayrıldığından Mediasiya prosesi zamanı Ərizəçi ilə Maraqlı şəxs arasında 17 iyun 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən Maraqlı şəxs 12 sentyabr 2016-cı il doğum tarixli X5 və 12 iyul 2018-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üşün 220 manat olamqla iki uşaq üçün 440 manat alimenti ödəyəcəyini öhdəsinə götürmüşdür. Maraqlı şəxs uşaqların saxlanılması üçün aliment ödəməkdən yayındığı üçün iddiaçı Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etmiş, ərizəyə baxan birinci instansiya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

36. Beləliklə yuxarıda qeyd olunduğu kimi, məhkəmə kolelgiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, bundanb əvvəldə qeyd olunduğu kimi mediasiya prosesi zamanı Ərizəçi ilə Maraqlı şəxs arasında 17 iyun 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və sonuncu 12 sentyabr 2016-cı il doğum tarixli X5 və 12 iyul 2018-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üşün 220 manat olamqla iki uşağa görə cəmi 440 manat alimenti ödəyəcəyini öhdəsinə götürmüşdür.

37. Maraqlı şəxs apellyasiya şikayətində alimentin miqdarının dəyişdirilərək 1/3 hissədə müəyyən olunmasını qeyd etsədə, kollegiya şikayətin dəlilini əsassız sayır. Belə ki, barışıq sazişində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı bir uşaq üçün 220 manat, iki uşağa görə 440 manat sabit pul məbləğində qeyd olunmuşdur. Medyasiya prosesində iki uşaq üçün alimentin 1/3 hissədə əmək haqqından tutulması barədə tərəflər arasında razılaşma olmamışdır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(042)-955/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar