Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2501/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasında yaranmış fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətdə olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli evin 26 nömrəli mənzilinin və Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 29 nömrəli mənzillərin naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş əmlakın paylara mütənasib bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2461/2024 nömrəli qərardadı ilə, həmin iddia ərizəsi üzrə mülki iş iddia predmeti olan əmlaklardan birinin Gəncə şəhərində yerləşməsi əsası ilə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6896/2024 nömrəli qərardadı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2461/2024 nömrəli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş, İddiaçı X2 qarşı «paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölüşdürülməsi» tələbi barədə iddiasına dair mülki iş, həmin mülki işin ərazi aidiyyəti ilə əlaqədar məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı X2 qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölüşdürülməsi tələbinə dair iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, ümumiyyətlə aidiyyət dedikdə, hüquq haqqında mübahisənin və ya digər hüquqi işin müəyyən orqanın səlahiyyətinə aid olması başa düşülür. Mübahisələrin məhkəməyə aidiyyəti işin məhkəməyə verilməsi ilə əlaqədar olaraq xüsusi məcburi prosedurun nəzərdə tutulub-tutulmamasından asılı olaraq müəyyən qaydaları nəzərdə tutur. MPM-in 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericilik bu ümumi qaydadan fərqli olaraq həm də iddiaçının seçməsinə görə (36-cü maddə), hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (37-ci maddə), fiziki və hüquqi şəxslərin müflisləşməsinə dair işlərin aidiyyəti (38-ci maddə), müstəsna aidiyyət (39-cu maddə), müqavilə aidiyyəti (40-cı maddə) və sair aidiyyət qaydalarını da müəyyən edir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumununda bildirilmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırki halda isə iddia predmetini daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq təşkil etmir. Buna görə də iddiaya MPM-nin 39.1-ci maddəsinə əsaslanmaqla daşınmaz əmlakın yerləşdiyi yerə görə müstəsna aidiyyət qaydasında baxılması yol verilməzdir. Kollegiya qeyd edir ki, mülki iş üzrə hazırda yuxarıda sadalanan 3 əsasından heç biri müvcud olmadığından iddia tələbinin müstəsna aidiyyət olaraq verilməsinin hesab edilməsi ilə bağlı Bərdə Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının MPM-in 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddia tələbi əmlakın bölünməsi ilə bağlıdır. Belə ki, tərəflər arasında mübahisə predmeti olan 2 əmlak mövcuddur. Həmin əmlaklardan biri Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli evin 26 nömrəli mənzili, digəri isə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 29 nömrəli mənzilidir. İddiaçı Bərdə Rayon Məhkəməsinə müraciət etdiyi və əmlaklardan biri Bərdə şəhərində yerləşdiyi halda mülki işə məhz Gəncə Şəhər Məhkəməsində baxılmalı olması qənaəti isə ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-in 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə billər. Azərbaycan Respublikasının MPM-in 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri” məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının MPM-in 35.1 və 36.1-ci maddəsində qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı və ya yaşayış yeri məlum olmayan cavabdehin məlum olan axırıncı yaşayış yerinin məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə hazırki iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, Bərdə Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul edən zaman iddiaçı tərəfindən aidiyyat qaydalarına riayət edilməsini və sonradan (iddia ərizəsi icraata qəbul edildikdən sonra) cavabdehin qeydiyyat yeri olmamaqla yaşayış yerinin məlum olmamasını nəzərə almamaqla Azərbaycan Respublikasının MPM-in 44.1-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericilikdə təsbit olunan aidiyyət normaları işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şəraitin yaradılmasının təmin edilməsinə, yəni iş üzrə sübutların toplanması və prosesin digər məsələlərinin həllinin asanlaşmasına, bir sözlə prosessual qənaət prinsipinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında da qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Azərbaycan Respublikasının MPM-in 45.4-cü maddəsinə əsasən, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 36.2, 44.1 və 45.4-cü maddələrini rəhbər tutaraq Qəraraaldı: İddiaçı X2 qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölüşdürülməsi tələbinə dair mülki iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(104)-2501/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2501/2024
03.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver