Məhkəmə qərarları › İş №2(104)-256/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-256/2023

24.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-256/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak və evə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(061)-958/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 1200 manat olan 3 ədəd stol və 18 ədəd stul, 280 manat dəyərində 4 ədəd çarpayı, 200 manat dəyərində 1 ədəd qab şkafı, 300 manat dəyərində 1 ədəd dolab, 400 manat dəyərində “LG” markalı 82 dioqonal plazma ekran televizor, ümumi dəyəri 600 manat olan 3x4 ölçüdə 3 ədəd xalça, ümumi dəyəri 210 manat olan 3x6, 3x4, 3x4 ölçülərdə xalça, 30 manat dəyərində 1 ədəd divar güzgüsü, 15 manat dəyərində 1 ədəd paltar asılqanı, 120 manat dəyərində 1 ədəd elektrik sobası, 70 manat dəyərində Türkiyə istehsalı iki gözlü qaz sobası, 70 manat dəyərində 1 ədəd qızdırıcı, 70 manat dəyərində 6 ədəd karniz, 200 manat dəyərində 20 metr ölçüdə pərdə, ümumi dəyəri 320 manat olan 4 ədəd döşək, ümumi dəyəri 300 manat olan 6 ədəd yorğan, ümumi dəyəri 120 manat olan 4 ədəd yastıq, ümumi dəyəri 160 manat olan 8 ədəd döşəkçə, ümumi dəyəri 120 manat olan 4 ədəd palaz, ümumi dəyəri 120 manat olan 4 ədəd ədyal, ümumi dəyəri 40 manat olan 4 ədəd linolium, 80 manat dəyərində 1 ədəd çılçıraq, ümumi dəyəri 9 manat olan 3 ədəd vanna, ümumi dəyəri 12 manat olan 3 ədəd vedrə, ümumi dəyəri 45 manat olan 9 ədəd su qabı, 45 manat dəyərində 1 ədəd neftlə işləyən soba, 40 manat dəyərində 20 metr uzunluğunda su şlankı, ümumi dəyəri 24 manat olan 3 ədəd bel, 20 manat dəyərində 1 ədəd lom, ümumi dəyəri 10 manat olan 2 ədəd ketman, 8 manat dəyərində 1 ədəd dırmıq, ümumi dəyəri 110 manat olan 2 ədəd su motoru, 264 manat dəyərində 24 kv.m ölçüdə xrustal pəncərə şüşəsi, ümumi dəyəri 50 manat olan 2 ədəd qazan dəsti, 40 manat dəyərində 1 ədəd çay dəsti, ümumi dəyəri 40 manat olan 2 ədəd emallı ləyən, ümumi dəyəri 30 manat olan 2 ədəd ləyən, 15 manat dəyərində 1 ədəd 40 litrlik su qazanı, ümumi dəyəri 12 manat olan 6 ədəd qənd qabı, ümumi dəyəri 3 manat olan 6 ədəd duz qabı, ümumi dəyəri 12 manat olan 2 ədəd aşsüzən, ümumi dəyəri 40 manat olan 4 ədəd meyvə qabı, ümumi dəyəri 24 manat olan 30 ədəd 3 litrlik banka, ümumi dəyəri 24 manat olan 40 ədəd 1-2 litrlik bankalar, 30 manat dəyərində 1 ədəd əlüzyuyan, ümumi dəyəri 100 manat olan 2 ədəd güldan, ümumi dəyəri 40 manat olan 20 ədəd boşqab, ümumi dəyəri 20 manat olan 2 ədəd 1 nəfərlik boşqab, ümumi dəyəri 30 manat olan 20 ədəd boşqab, 5 manat dəyərində 1 ədəd dördayaq, 1 manat dəyərində 1 ədəd oxlov, ümumi dəyəri 11,20 manat olan 8 ədəd kabab şişi, 12 manat dəyərində 1 ədəd odun sobası, ümumi dəyəri 16 manat olan 8 ədəd turba, 25 manat dəyərində 1 ədəd antena, 9 manat dəyərində 30 metr uzunluğunda kabel, ümumi dəyəri 75 manat olan 3 ədəd stol süfrəsi, ümumi dəyəri 6 manat olan 2 ədəd süpürgə, ümumi dəyəri 5 manat olan 2 ədəd zibilyığan, ümumi dəyəri 100 manat olan 11-20 ədəd mürəbbə dolu bankalar, 80 manat dəyərində 1 ədəd kolonka (hamam üçün), 500 manat dəyərində dəmir su çəni olmaqla, ümumilikdə 6927,20 manat dəyərində olan əşyaların naturada verilməsi, bu mümkün olmadıqda isə həmin əşyaların dəyərinin, eləcə də evə çəkilən xərcin əvəzi olaraq 18304 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(061)-958/2022 nömrəli (hakim K.Rzayev) qətnaməsi ilə iddianın təmin edilməməsi; İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsinin predmetini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən 62 (altmış iki) adda əşyaların naturada alınıb verilməsinə, həmin əşyalar olmadıqda isə dəyəri olan 6927 (altı min doqquz yüz iyirmi yeddi) manat 20 (iyirmi) qəpik məişət əşyalarının dəyərinin və evə çəkilən xərcin dəyəri olan 18304 (on səkkiz min üç yüz dörd) manat pulun alınıb ona verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Tərtər rayonu Qafur Məmmədov küçəsində yerləşən şirə zavoduna məxsus və onun tərəfindən təmir edilmiş evə daxil olmuşlar və evdə yaşamağa başlamışlar. Həmin evdə ona məxsus əşyalar qalmışdır. Cavabdehlərdən həmin əşyaları tələb etsə də, lakin sonuncular əşyaları qaytarmamışlar. Bundan əlavə, həmin evin təmiri zamanı onun tərəfindən çəkilmiş tikinti və təmir xərcləri - ümumi dəyəri 1900 manat olan 5 ədəd pəncərə, ümumi dəyəri 1250 manat olan 5 ədəd qapı, ümumi dəyəri 270 manat olan 30 ədəd azbest markalı dam örtüyü, ümumi dəyəri 150 manat olan 6 ədəd F110 ölçüdə boru, ümumi dəyəri 255 manat olan 170 metr uzunluğunda F25 metak boru, hamama çəkilən 4500 manat xərc, ümumi dəyəri 384 manat olan 60 ədəd 300 markalı akkord sement, 150 manat dəyərində 1 avtomaşın (kamaz) dolu qum, ümumi dəyəri 40 manat olan 8 ədəd əhəng, ümumi dəyəri 2340 manat olan 117 kv.m döşəmə üçün taxta, ümumi dəyəri 45 manat olan 15 kq qara mismar, ümumi dəyəri 120 manat olan 75 qutu şrup, 5400 manat ustaların muzd haqqı və 1500 manat avtomaşın pulu, ümumilikdə 18304 manat təşkil edir. Həmin vəsait cavabdehlərdən alınaraq ona verilməlidir. Sözügedən evin əvvəlki və hazırki vəziyyətinin fotoşəkilləri mövcuddur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir Belə ki, işə baxan birinci instansiya məhkəməsi evə çəkilmiş xərcin qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Eləcə də cavabdehlərdən tələb etdiyi əşyaların həmin evdə olubolmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən evə baxış keçirilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2018-ci ildə dövlət tərəfindən ona mənzil verildiyindən mübahisəli evdən çıxıb getmişdir. Dövlət tərəfindən verilən mənzil bir otaqlı olduğuna görə özünə məxsus əşyaların hamsını özü ilə apara bilməmişdir. Əşyaların bir hissəsini özü ilə aparmış, qalan hissəsi isə cavabdehlərin hazırda yaşadığı evdə qalmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qismən qəbul edərək izahatında bildirmişdir ki, 2017-ci ildə nikahı pozulmuşdur və həmin vaxtdan İddiaçı razılığı ilə özünə məxsus əşyalarla birlikdə mübahisəli evə köçüb orada yaşamağa başlamışdır. Bir il iddiaçı ilə birlikdə yaşadıqdan sonra sonuncuya dövlət tərəfindən mənzil verilmiş və o əşyalarını da götürərək evi tərk etmişdir. 2018-ci ildən də evin sahibi Tahirə adlı xanımın razılığı ilə həmin evdə yaşamağa davam edir. İddiaçı məxsus iki ədəd çarpayı mübahisəli evdə qalmışdır. İddiaçıya həmin əşyaları evdən götürməsini bildirsə də, sonuncu həmin əşyaları götürməmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1 və 81-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Tərtər rayonu Qafur Məmmədov küçəsində yerləşən şirə zavoduna məxsus və onun tərəfindən təmir edilmiş evə daxil olaraq evdə yaşamağa başlamalarını, həmin evdə ona məxsus əşyaların qalmasını, cavabdehlərdən həmin əşyaları tələb etsə də, lakin sonuncuların əşyaları qaytarmamalarını, həmçinin həmin evin tikinti və təmirinə onun tərəfindən çəkilmiş xərcin əvəzi 18304 manatın cavabdehlərdən alınaraq ona verilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Kollegiya ilkin olaraq iddia ərizəsində qeyd olunan iddiaçıya məxsus əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin İddiaçı məxsus biri 70 manat dəyərində olan iki ədəd çarpayının Cavabdeh1 alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bilirmişdir ki, İddiaçı məxsus iki ədəd çarpayı yaşadığı evdə qalmışdır, iddiaçıya həmin əşyaları evdən götürməsini bildirsə də, sonuncu həmin əşyaları götürməmişdir. Göründüyü kimi, İddiaçı məxsus biri 70 manat dəyərində olan iki ədəd çarpayı Cavabdeh1 məxsus evdədir. Belə olan halda kollegiya hesab edir ki, həmin əşyalar Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Həmçinin kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin digər əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissədə düzgün nəticə gəlmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd olunan əşyaların (iki ədəd çarpayı istisna olmaqla) mövcudluğu, habelə həmin əşyaların cavabdehlərdə qalmasını qeyd etsə də, lakin məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsində qeyd olunan iddiaçıya məxsus əşyaların (iki ədəd çarpayı istisna olmaqla) cavabdehlərdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bundan əlavə, kollegiya iddia tələbinin evin təmir və tikintisinə çəkilmiş 18304 manat xərcin əvəzinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinin təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya həmin hissədə gəlmiş olduğu qənaətini onunla əsaslandırır ki, mülki prosessual qanunvericiyə görə mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Hazırkı işdən görünür ki, iddiaçının təmir və tikinti xərclərinin əvəzini tələb etdiyi ev cavabdehlər Cavabdeh2 və ya Cavabdeh1 mülkiyyətində deyil. Cavabdeh1 evin sahibinin razılığı ilə həmin evdə müvəqqəti yaşayır. Belə olan halda kollegiya hesab edir ki, həmin evin təmir və tikintisi üçün çəkilmiş xərcin əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(061)-958/2022 nömrəli qətnaməsi “iddia tələbinin 280 manat dəyərində 4 ədəd çarpayının naturada, naturada verilməsi mümkün olmadıqda isə dəyəri 280 manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsinin təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Ümumi dəyəri 140 manat olan 2 ədəd çarpayı naturada, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar