Məhkəmə qərarları › İş №2(104)-269/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-269/2025

20.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-269/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi(qanuni təmsilçisi) Nümayəndə və onun vəkili Vəkil1, cavabdehlər Cavabdeh4, Cavabdeh2(eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi X7 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və qaytarılması tələbi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tаrixli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Tərtər şəhəri, Heydər Əliyev prospekti, ******* ünvanında yerləşən ümumi sahəsi 73,5 kv.m olan qeyri-yaşayış binası İddiaçı MMC-nin, qeyri-yaşayış binasının yerləşdiyi 0,145 ha torpaq sahəsi isə həmin MMC-nin təsisçisi Nümayəndə adına 27 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixli 04685 nömrəli texniki pasportda göstərilən plan-sxem üzrə ona məxsus olan, Tərtər şəhəri H.Əliyev prospektində yerləşən 1450 kv.m torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nümayəndə İddiaçı MMC-nin hazırkı təsisçisidir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 000108 nömrəli özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməyə əsasən Tərtər rayonu köhnə Avtovağzalının yerləşdiyi 1450 kv.m torpaq sahəsi və onun üzərində olan tikili “Fəxrəddin” firmasının mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi və onun üzərində olan tikiliyə dair xx.xx.1998-ci il tarixli 04685 nömrəli texniki pasport tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə “Fəxrəddin” firmasının adı dəyişdirilərək İddiaçı MMC kimi yenidən təsis edilmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən VÖEN ********** nömrə ilə qeydiyat aparılmışdır. Sözügedən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binasına mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin plan-sxemi üzrə müəyyən edilmiş torpaq sahəsinin bir hissəsində hazırda cavabdehlərə məxsus qanunsuz tiklilər - çayxana (retoran) tikilmişdir və torpağın bir hissəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə edilir. Cavabdehlərdən həmin tikililərin sökülməsini və torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)-26/2024 nömrəli iş üzrə qəbul etdiyi 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşırılması İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli 04685 saylı texniki pasport əsasında hazırlanmış “Fəxrəddin” firması, Avtovağzal Torpaq sahəsinin plan-sxeminə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan sənəd üzrə avtovağzala ayrılmış torpaq sahəsinə hazırlanmış sxemdəki torpağın şimalşərq küncü ilə faktiki avtovağzala aid sanitar qovşağın şimal-şərq hissəsi və daş hasarla sxemdəki şərq sərhəddi hissəsində iddiaçıya məxsus 9,78 kv.m, istinad nöqtəsini köhnə daş hasarla götürərək sənəddəki torpaq sahəsi ilə naturada Azərittifaqa aid olan torpaq sahəsinin küncü ilə sənəddəki Azərittifaqa saxlanılan torpaq sahəsi hissəsində iddiaçıya məxsus 56,73 kv.m, istinad nöqtəsi sənəd üzrə ayrılmış torpaq sahəsinin qərb sərhəddi ilə faktiki naturadakı qərb sərhəddi və naturada Azərittifaqa aid olan torpaq sahəsinin küncü ilə Azərittifaqa saxlanılan torpaq sahəsi hissəsində iddiaçıya məxsus 34,76 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş və hazırda cavabdehlərə məxsus qanunsuz tiklilərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahələrinin İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh, həm də digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə etiraz etməyərək iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, iş üzrə digər cavabdeh X8 iddiaya qarşı etirazını bildirib məhkəmədən iddianın rədd edilməsini xahiş etmiş, lakin öz etirazını əsaslandıra bilməmiş və iddianın rədd edilə bilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Onun iddiaya qarşı vermiş olduğu izahatı iddiaçı tərəfin izahatı ilə yanaşı, məhkəmə tikinti-texniki ekspertizasının 13-16-16/2xx/xx/5161 nömrəli, xx.xx.2024-cü tarixli rəyi ilə təkzib olunmuşdur. Məhkəmə işin müəyyən edilən hallarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı MMC-yə məxsus sözügedən torpaq sahəsinin bir hissəsinin iddiaçının iradəsinə zidd olaraq cavabdehlər tərəfindən özbaşına tikili altında saxlamaqla istifadə olunması iddiaçının mülkiyyət hüququnun pozuntusudur. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 84.3, 103, 111ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 124.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı hansı əsasla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 cavabdeh müəyyən etməsini və onlara qarşı iddia qaldırmasını əsaslandırmamışdır. İddiaçı sözü gedən qeyri- yaşayış sahəsinin əsl mülkiyyətçisini əvvəlcə müəyyən etməli daha sonra bu barədə iddia verməli idi. Belə ki, Tərtər rayonu, Heydər Əliyev prospektində yerləşən sözügedən qeyri- yaşayış sahəsini 138 kv.m və 65 kv.m (torpaq sahəsi 77.8 kv.m istifadə) olmaqla Maraqlı şəxs məxsusdur. O, həmin qeyri-yaşayış sahəsini cavabdehlərdən biri olan X1 və övladlarından alğı-satqı yolu ilə almışdır. Mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İddiaçı şifahi olaraq ona məxsus qeyri-yaşayış sahəsinin onun mülkiyyət hüququnu pozmasını bildirərək ondan həmin hissənin sökülməsini bildirib, lakin ona bununla bağlı məhkəmədə iddia qaldırdığını bildirməyib. İddiaçı qeyri-yaşayış sahəsinin ona aid olduğunu bilirsə, niyə başqa, aiddiyyəti olmayan şəxsləri cavabdeh qismində işə cəlb edib. İddiaçı həmin şəxsləri şüurlu şəkildə qəsdən, iddianın təmin edilməsinə nail olmaq üçün cavabdehlərlə əlbir olaraq cavabdeh qismində cəlb etməklə iddianı vermişdir. Məhkəmə qəbul etdiyi qətnamə ilə onun mülkiyyət hüququnu pozmuşdur. Sözügedən torpaq sahəsi və qeyri-yaşayış sahəsinin inzibati ərazisi uzun illərdir eyni şəkildə mövcüddür. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il çıxarışı və torpaq sahəsinin plan sxemi üzrə İddiaçı MMC-yə (əvvəlki adı “Fəxrəddin” firması) məxsus Tərtər şəhəri H.Əliyev prospektində yerləşən 1450 kv.m torpaq sahəsinin koordinantları qeyri müəyyəndir. 1450 kv.m torpaq sahəsi həm sağ-sol və arxa-ön hissəsi ümumi istifadədir. İddiaçının “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığı üçün torpaq ölçülərinin hardan başlamasını bildirməsi əsassızdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hallarına düzgün hüquqi qiymət verməmiş, işin hallarını araşdırmamış, maraqlı şəxs qismində onu işə cəlb etməmişdir. Məhkəmə tərəfindən ümumiyyətlə sözügedən qeyri-yaşayış sahəsinin əsl mülkiyyətçisi barədə müvafiq araşdırma aparılmamış, əsl mülkiyyətçi işə cəlb edilməmişdir. Mülki işin materiallarına əlavə edilmiş 19 mart 2024-cü il tarixli ekspertiza rəyi və xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərindən görsənir ki, TEKUİS məlumat bazasında iddiaçıya məxsus torpaq sahəsinin sağ və sol tərəflərində yol var, həmçinin TEKUİS məlumat bazasında cavabdehlərə məxsus mülkiyyət olmadığından torpaq sahəsinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün deyildir. Məhkəmə qətnaməsində qeyd edilib ki, məhkəmə tikinti-texniki ekspertizasının 13-16-16/2xx/xx/5161 nömrəli, xx.xx.2024-cü tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın DövlətReyestr Xidmət reyestrindən qeydiyyat nömrəsin **********, qeydiyyat tarixi xx.xx.2021-ci il çıxarışa və torpaq sahəsinin plan sxemi üzrə İddiaçı MMC-yə (əvvəlki adı “Fəxrəddin” firması) məxsus Tərtər şəhəri H.Əliyev prospektində yerləşən 1450 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından və DƏK-in Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib etdiyi 04685 saylı texniki pasport əsasında hazırlanmış “Fəxrəddin” firması, Avtovağzal Torpaq sahəsinin plan-sxeminə əsasən iddiaçının mülkiyyətində olan 1450 kv.m torpaq sahəsinin sxemindəki torpaq sahəsinin konfiqurasiya, həndəsi ölçüləri ilə faktiki natura arasında uyğunsuzluq vardır. Hal-hazırda 1648.18 kv.m istifadə olunur. Məhkəmə bundan sonra ekspertin təsadüfi ölçmələrinə istinad edərək, ekspertiza rəyini qətnamənin qət etdi hissəsinə köçürməklə qətnamə çıxarmışdır. Ekspertiza rəyindən görsəndiyi kimi ekspert yalnız təsadüfi ölçmələrlə rəy vermiş, ona məxsus qeyri yaşayış sahəsinin ölçüləri, həmin qeyri yaşayış sahəsinə giriş-çıxışın həmin hissədən olması, həmçinin ümumiyyətli zəbt olunduğu deyilən hissə ümumi istifadə olunan yol olmasını, heç kimin mülkiyyətində olmadığını nəzərə almamış və məhkəmə həmin hissələri araşdırmamışdır. Məhkəmə eksperti və ya mütəxəsisi dəvət edərək yerli baxış keçirtməklə ölçüləri nəyin əsasında aparıldığını dəqiqləşdirməli, ona məxsus qeyri yaşayış sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin yanakı olmasını necə müəyyən etməsini öyrənməli, torpaq sahəsinin arxa hissəsində yaşayan şəxslərin evlərinə və ona məxsus qeyri yaşayış sahəsinə hansı hissədən yol olmasını mütəxəsisə suallar verməklə yerində araşdıraraq qətnamə çıxarmalı idi. Bundan başqa məhkəmə qətnaməsində qeyd edib ki, cavabdeh, həm də digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 ekspertiza rəyinə etiraz etməmiş və qanuni qətnamənin çıxarılmamısını xahiş etmişdir. Məhkəmə həmin vaxt digər cavabdehlərin ekspertizanın rəyinə etiraz etməməsi halından şübhələnməli, işin hallarını obyektiv araşdırmalı idi. Belə ki, onda olan şifahi məlumatlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 əvvəllər həmin qeyri-yaşayış sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmələr vərəsəlik şəhadətnaməsini ləğv etməmişdir. Məhkəmə qeyd edilən sübutları və sair digər məlumatları nəzərə almadan iddiaçının iddiasını sübut etməsi ilə bağlı yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi(vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi(qanuni təmsilçisi) Nümayəndə və onun vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 (eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi) izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun atasına məxsus olub və həmin torpaqda atasına məxsus tikililər olub. Atasına məxsus torpaq sahəsinin başqalarının mülkiyyətinə necə keçməsi barədə məlumatı yoxdur. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, o və oğulları vərəsəlik qaydasında onlara keçən, eyni zamanda bir hissəsi də özlərinə məxsus olan torpaq sahəsinin və tikilinin bir hissəsini qətnamə maraqlarına toxunan Maraqlı şəxs satmışlar. Digər cavabdehlərin mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, Sabir İbrahimovdan miras qalan torpağı onu mərhum əri Şahmar qəbul edib. Torpağın digər cavabdehlərə aidiyyəti olmadığından onlar iddianı etiraf edərək, iddinın təmin olunmasını məhkəmədən xahiş ediblər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə Maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəmsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 000108 nömrəli özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnaməyə əsasən Tərtər rayonu Avtovağzalının yerləşdiyi 1450 kv.m torpaq sahəsi və onun üzərində olan tikili “Fəxrəddin” firmasının mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində olan tikiliyə dair xx.xx.1998-ci il tarixli 04685 nömrəli texniki pasport tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə “Fəxrəddin” firmasının adı dəyişdirilərək İddiaçı MMC kimi yenidən təsis edilmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən VÖEN ********** nömrə ilə qeydiyyat aparılmışdır. Sözügedən torpaq sahəsi və torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binasına mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarış verilmişdir. Hazırda iddiaçı, yuxarıda qeyd olunan sənədlərə istinad edərək bildirir ki, iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsində cavabdehlərə məxsus qanunsuz tiklilər - çayxana (restoran) tikilmişdir və torpağın bir hissəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə edilir. İşə baxan Rayon Məhkəməsi, tərəflər arasında mövcud mülki mübahisənin həlli məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizsının təyin edilməsi barədə 04 iyun 2024-cü il tarixdə qərardad qəbul etmiş, qərardad icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş 13-16-16/2-xx/xx/5161 nömrəli xx.xx.2024-cü tarixli ekspert rəyində göstərilir ki, “daşınmaz əmlakın dövlət reyestr reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarix xx.xx.2021-ci il Çıxarışa və torpaq sahəsinin plan-sxemi üzrə İddiaçı MMC-yə (əvvəlki adı “Fəxrəddin” firması) məxsus Tərtər şəhəri H.Əliyev prospektində yerləşən 1450 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından və DƏK-in Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib etdiyi 04685 saylı texniki pasport əsasında hazırlanmış “Fəxrəddin” firması, Avtovağzal Torpaq sahəsinin plan-sxeminə əsasən iddiaçının mülkiyyətində olan 1450 kv.m. torpaq sahəsinin sxemindəki torpaq sahəsinin konfiqurasiya, həndəsi ölçüləri ilə faktiki natura arasında uyğunsuzluq vardır. Hal-hazırda 1648.18 kv.metrdən istifadə olunur. Bu səbəbdən İddiaçı MMC-yə (əvvəlki adı “Fəxrəddin” firması) məxsus Tərtər şəhəri H.Əliyev prospektində yerləşən 1450 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından və DƏK-in Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib etdiyi 04685 saylı texniki pasport əsasında hazırlanmış “Fəxrəddin” firması, Avtovağzal Torpaq sahəsinin plan-sxeminə əsasən iddiaçının mülkiyyətində olan 1450 kv.m. torpaq sahəsinin sxemi ilə faktiki naturadakı vəziyyət müqayisə olunmuşdur. Avtovağzalın şərq hissəsini əhatə edən daş hasar, Sanitar qovşağı və Azərittifaqa məxsus tiklilər əvvəlki və indiki ortofoto materiallarına əsasən məkan göstəriciləri və yerləşmə mövqeyi dəyişmədiyindən əsas istinad nöqtələri yuxarıda adları çəkilən tiklilər götürülmüşdür. A) Sənəd üzrə Avtovağzala ayrılmış torpaq sahəsinə hazırlanmış sxemdəki torpağın şimal-şərq küncü ilə faktiki Avtovağzala aid sanitar qovşağın şimal-şərq hissəsi və daş hasarla sxemedəki şərq sərhədi üst-üstə gətirəndə cavabdeh iddiaçıya sənəd üzrə məxsus 9,78 kv.m, hissədən istifafə edir. B) İstinad nöqtəsinin köhnə daş hasarla götürərək sənəddəki torpaq sahəsi ilə naturada Azərittifaqa aid olan torpaq sahəsinin küncü ilə sənəddəki Azərittifaqa saxlanılan torpaq sahəsinin künclərini üst-üstə gətirəndə cavabdeh sənəd üzrə iddiaçıya məxsus 56,73 kv.m, hissədə istifadə edir. C) İstinad nöqtəsi sənəd üzrə ayrılmış torpaq sahəsinin qərb sərhəddi ilə faktiki naturadakı qərb sərhəddi və naturada Azərittifaqa aid torpaq sahəsinin küncü ilə sənəddəki Azərittifaqa saxlanılan torpaq sahəsinin künclərini üst-üstə gətirəndə cavabdeh sənəd üzrə iddiaçıya məxsus 34,66 kv.m hissəsindən istifadə edir. D) İstinad nöqtəsi sənəd üzrə ayrılmış torpaq sahəsinin qərb sərhəddi ilə faktiki naturadakı qərb sərhəddini və ərazinin şimalında sənəd üzrə sanitar qovşağı kimi göstərilmiş ərazinin şimal hissəsi ilə faktiki naturadakı sanitar qovşağın şimal nöqtəsi ilə üst üstə gətirəndə cavabdeh sənəd üzrə iddiaçıya məxsus torpaq sahəsindən istfadə etmir. Hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin maraqlarına toxunduğunu bildirən və bu səbəbdən qətnamədən apellyasiya şikayəti verən Maraqlı şəxs məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən, ümumi sahəsi 138 kv.m və 65 kv.m olan qeyri-yaşayış binaları Maraqlı şəxs, həmin qeyri-yaşayış sahələrinin altında olan 0,0174 ha və 0,0078 ha torpaq sahələri isə dövlətin mülkiyyətindədir. Maraqlı şəxs həmin sənədlərə əsaslanaraq bildirir ki, iddiaçının sökülməsini tələb etdiyi və Rayon Məhkəməsinin qətnaməsi ilə sökülməsi qət edilən daşınmaz əmlak və zəbt olunduğu iddia edilən torpaq sahələrinin cavabdehlərə aidiyyəti yoxdur, həmin əmlaklar Maraqlı şəxs məxsusdur. Qeyd olunan halların araşdırılması məqsədilə Məhkəmə tərəfindən bir sıra prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, mübahisəli torpaq sahələrinin planölçüsünün əldə olunması üçün DƏDKR-nin 7 saylı Bərdə Ərazi İdarəsinə, habelə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini, iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunubolunmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən X6 məxsus 0,145 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarında mövcuddurmu?(mövcuddursa koordinatlar məhkəməyə təqdim edilsin).

2. 1-ci sual üzrə koordinatlar mövcud olduğu halda koordinatlara əsasən X3 mülkiyyətində olan torpaq sahəsi faktiki istifadə vəziyyəti ilə üst-üstə düşürmü?(mövcud vəziyyəti əks etdirən müqayisəli sxem tərtib edilsin).

3. Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş 04685 nömrəli texniki pasport əsasında mülkiyyətdə olan torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkündürmu?(mümkündürsə koordinatlar məhkəməyə təqdim edilsin).

4. Elektron baza məlumatlarında olan koordinatlarla texniki pasport əsasında müəyyən edilmiş koordinatlar eynidirmi? (mövcud vəziyyəti əks etdirən müqayisəli sxem tərtib edilsin).

5. 1-ci sual üzrə müəyyən olunmuş koordinatlar daxilində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs aid tikililər mövcuddurmu? Mövcuddursa tikilinin ölçüsü və yerləşmə yeri müəyyən edilərək sxem tərtib edilsin.

6. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışlara əsasən dövlətə məxsus 0,0174 ha və 0,0078 ha torpaq sahələrinin koordinatları elektron baza məlumatlarında mövcuddurmu?(mövcuddursa məhkəməyə təqdim edilsin).

7. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən X6 məxsus 0,145 ha torpaq sahəsinin koordinatları ilə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022ci il olan çıxarışlara əsasən dövlətə məxsus 0,0174 ha və 0,0078 ha torpaq sahələrinin koordinatları üst-üstə düşürmü? Düşürsə həmin hissənin yerləşmə yeri və ölçüləri müəyyən edilsin”. Ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2025-ci il tarixli 10/4388 nömrəli rəy üzrə aşağıdakılar müəyyən edilmişdir: - İddiaçı Nümayəndə adına Qeydiyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2021-ci il olan çıxarışa əsasən qeydiyyata alınan 0,145 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarında mövcud deyil (1-ci sual üzrə); - məhkəmə qərardadının 1-ci sualı üzrə elektron baza məlumatlarında koordinatlar mövcud olmadığından Nümayəndə mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı (2-ci sual üzrə); - Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının inventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 04685 nömrəli texniki pasportda koordinatlar qeyd edilmədiyindən koordinatları müəyyən etmək mümkün olmamışdır. Qeyd: Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının inventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 04685 nömrəli texniki pasport əsasında ayrılmış sahənin koordinatları qeyd edilməmişdir və 0,145 ha torpaq sahəsinin döngə nöqtələrinin arasındakı məsafələr və öəzəlləşdirilmiş tikililər qeyd edilmiş plan-sxemdə göstərilən əsas və köməkçi tikililərin naturaya uyğun olmasının aid edilməsi, eləcədə tikililərə istinadən torpaq sahəsinin naturada sərhədlərinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir. Bu səbəbdən koordinatları müəyyən etmək mümkün olmamışdır. A) Sənəd üzrə Avtovağzala ayrılmış torpaq sahəsinə hazırlanmış sxemdəki torpağın şimal-şərq küncü ilə faktiki Avtovağzala aid sanitar qovşağın şimal-şərq hissəsi və daş hasarla sxemedəki şərq sərhədi üst-üstə gətirəndə cavabdeh iddiaçıya sənəd üzrə məxsus 9,78 kv.m hissədən istifafə edir. B) İstinad nöqtəsinin köhnə daş hasarla götürərək sənəddəki torpaq sahəsi ilə naturada Azərittifaqa aid olan torpaq sahəsinin küncü ilə sənəddəki Azərittifaqa saxlanılan torpaq sahəsinin künclərini üst-üstə gətirəndə cavabdeh sənəd üzrə iddiaçıya məxsus 56,73 kv.m hissədə istifadə edir. C) İstinad nöqtəsi sənəd üzrə ayrılmış torpaq sahəsinin qərb sərhəddi ilə faktiki naturadakı qərb sərhəddi və naturada Azərittifaqa aid torpaq sahəsinin küncü ilə sənəddəki Azərittifaqa saxlanılan torpaq sahəsinin künclərini üst-üstə gətirəndə cavabdeh sənəd üzrə iddiaçıya məxsus 34,66 kv.m hissəsindən istifadə edir. D) İstinad nöqtəsi sənəd üzrə ayrılmış torpaq sahəsinin qərb sərhəddi ilə faktiki naturadakı qərb sərhəddini və ərazinin şimalında sənəd üzrə sanitar qovşağı kimi göstərilmiş ərazinin şimal hissəsi ilə faktiki naturadakı sanitar qovşağın şimal nöqtəsi ilə üst üstə gətirəndə cavabdeh sənəd üzrə iddiaçıya məxsus torpaq sahəsindən istfadə etmir (3-cü sual üzrə); - Elektron baza məlumatlarında koordinatlar qeyd edilmədiyindən plan-sxem əsasında koordinatları müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən eyni olubolmadığını təyin etmək mümkün olmamışdır (4-cü sual üzrə); - İddiaçı Nümayəndə adına Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2021-ci il olan çıxarışa əsasən qeydiyyata alınan 0,145 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarında mövcud olmadığından mütəxəssis qarşısında qoyulan sualın cavablandırılması mümkün olmamışdır. (5-ci sual üzrə); - Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilən 0.0174 ha torpaq sahəsinin koordinatları baza məlumatlarında aşkar edilmədi. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilən 0,0078 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarında mövcuddur (6-cı sual); - Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilən 0,0174 ha torpaq sahəsinin və Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2021-ci il olan çıxarışa əsasən Nümayəndə məxsus 0.145 ha torpaq sahəsinin koordinatlarıbaza məlumatlarında mövcud olmadığından üst-üstə düşmə hallarının olubolmamağını müəyyən etmək mümkün olmamışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilən 0.0078 ha torpaq sahəsinin koordinatları elektron məlumat bazasında mövcud olduğundan və məhkəmə qərardadının 3-cü sualına əlavə edilmiş sxemlərə əsasən Maraqlı şəxs adına ********** nömrə ilə qeydiyyata alınan torpaq sahəsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsindən kənarda yerləşir (7-ci sual üzrə). Məhkəmə, iş üzrə verilmiş rəylə bağlı yaranmış sualların cavablandırılması üçün ekspert rəyində istifadə olunan mütəxəssis rəyini vermiş DƏDK R-nin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi X9 məhkəməyə dəvət etmişdir. Məhkəmə iclasında iştirakı təmin edilmiş mütəxəssis izahatında bildirmişdir ki, onun tərəfindən iddiaçı tərəfə aid torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Torpaq sahəsinə aid hansısa koordinatları əks etdirən sxem olmadığına görə rəyi qonşu ərazilərdə yerləşən istinad nöqtələrinə əsaslanaraq 4 variantda vermişdir. Bundan başqa, üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Tərtər rayonu, Heydər Əliyev prospekti ünvanda yerləşən 1450 kv.m torpaq sahəsinin plan-ölçüsünün əldə olunması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə sorğusu göndərilmişdir. DƏDKR-nin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmə sorğusuna verdiyi 13 avqust 2025-ci il tarixli cavab məktubunda iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Tərtər rayonu, Heydər Əliyev prospekti ünvanda yerləşən 1450 kv.m torpaq sahəsinin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin surətləri təqdim olunsa da, torpaq sahəsinin yerləşmə yerinin müəyyən ediməsinə dair hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi, işə baxan Məhkəmə, tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənməmiş, tərəflər arasında mövcud mülki mübahisənin düzgün və ədalətli həlli üçün səlahiyyətləri çərçivəsində müəyyən prosessual hərəkətlər aparmış, lakin iddiaçıya məxsus torpaq sahəsinin plan-ölçü sənədini əldə etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Tərtər şəhəri, Heydər Əliyev prospekti, ******* ünvanında yerləşən ümumi sahəsi 73,5 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ, həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,145 ha torpaq sahəsi üzərində isə MMC-nin təsisçisi Nümayəndə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etməyə imkan verən heç bir sənəd yoxdur (nə iddiaçı tərəf bu sənədləri məhkəmələrə təqdim etmiş, nə də onlar məhkəmə araşdırması zamanı əldə edilmişdir). Bu səbəbdən həmin torpaq sahəsinin bir hissəsinin zəbtə məruz qalıbqalmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan vəziyyətdə iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddiı tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. İddia tələbi əsassızdır. Rayon Məhkəməsi qeyd edilən tələbi təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 28 avqust 2024-cü il tаrixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və qaytarılması tələbi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar