Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-274/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun qaytarılması; iddia müddətinin buraxılması; iddia müddətinin tətbiqi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(061)-689/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh adından yazılmış xx.xx.2020- ci il tarixli əlyazma qəbzdən görünür ki, o, İddiaçı xx.xx.2020-cu il tarixdə 4300 manat pul götürdüyünü qeyd etmişdir;
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1203 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2020-ci il tarixli qəbzdəki əlyazma mətni və imza Cavabdeh tərəfindən icra olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 4300 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ilin sentyabr ayında ondan 4300 manat borc pul almışdır. Cavabdeh bu barədə ona yazılı qəbz vermişdir. Cavabdeh aldığı borcu 3 aya qaytaracağına dair öhdəlik götürsə də, lakin öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə borcun qaytarılmasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır.
5. Cavabdeh iddiaya etiraz verərək qeyd etmişdir ki, borc müqaviləsinin qanunla yazılı və şifahi qaydada baglanması nəzərdə tutulsa da, borc müqaviləsinin məbləgi 3000 manatdan çox olduğu halda, belə müqavilə yazılı qaydada bağlanmalıdır. Bu isə o deməkdir ki, aralarında heç bir müqavilə öhdəliyi olmadıgı üçün iddiaçı qarşısında 4300 manat pul tələbinə dair öhdəlik daşımır. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilməməlidir.
6. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək qeyd etmişdir ki, iddia müddəti keçdiyi üçün məhkəmə mənim hazırkı ərizəmi nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxartmalıdır. Belə ki, əvvəla, iddiaçı X1 tanımır və bu səbəbdən həmin şəxsə heç bir borcu yoxdur. Digər tərəfdən, əgər həmin borcun ona verilməsi fərz edilsə belə, iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir.
7. Tərtər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(061)-689/2024 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia təmin edilərək, Cavabdeh borca görə 4300 manat pul tutularaq İddiaçı ödənilməsi; İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilməli olan dövlət rüsumuna görə 63 manat pul Cavabdeh tutularaq dövlət mədaxilinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 manat pulun Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1, 529.3 və 739.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddiaçının iş üzrə təqdim etdiyi borcun yaranmasını təsdiq edən yazılı qəbzi müqavilə kimi qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki qanunvericiliyin tələbinə görə mülki hüquq münasibətləri qanunla müəyyən olunmuş konkret hallar istisna olmaqla, tərəflər arasında baglanmış müqavilə əsasında yaranır, dəyişir və ya xitam olunur. Borc müqaviləsinin qanunla yazılı və şifahi qaydada baglanması nəzərdə tutulsa da, borc müqaviləsinin predmeti 3000 manatdan çox oldugu halda isə belə müqavilənin yazılı qaydada baglanması mülki qanunvericilikdə (MM-nin 739.2-ci maddəsində) imperativ şərt kimi müəyyən olunmuşdur. Hazırki iddianın predmeti isə 4300 manat təşkil edir. Mülki iş materiallarından isə görünür ki, İddiaçı ödənilməmiş borcun əvəzi qismində 4300 manat məbləgində pul vəsaitinin ondan tutulub iddiaçıya verilməsini xahiş etmiş, iddiasının faktiki əsası kimi borc müqaviləsinə, hüquqi əsası kimi isə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normalarına istinad etsə də məhkəməyə iddia tələbini dəstəkləyən sübut kimi yalnız guya onun tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş yazılı qəbzi təqdim etmiş, yəni tərəflər arasında baglanmış yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Bu isə iddianın rədd edilməsi üçün əsas olmuşdur. Çünki, məhkəmə yazılı qəbzi deyil, yazılı müqavilənin oldugu təqdirdə iddianı təmin edə bilərdi. Belə ki, oxşar işlər üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli, 2(102)- 2099/2023№-li, 29 yanvar 2024-cü il tarixli, 2(102)-528/2024№-li, 04 iyun 2024- cü il tarixli, 2(102)-1863/2024№-li və 11 iyun 2024-cü il tarixli, 2(102)-1938/2024№-li qərarlarında borc müqaviləsinin predmeti 3000 manatdan çox oldugu halda yazılı qəbzin deyil, məhz yazılı müqavilənin olmaması səbəbindən və iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibət bildirilməməsi səbəbindən iddiaçının xeyrinə çıxarılmış məhkəmə qətnamələrinin ləgv edilməsi və iddianın rədd edilməsi əsaslandırılmaqla göstərilmişdir (Bu faktıtəsdiq edən Ali Məhkəmənin Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli,2(102)-2099/2023№-li, 29 yanvar 2024-cü il tarixli, 2(102)-528/2024№-li, 04 iyun 2024-cü il tarixli, 2(102)-1863/2024№-li və 11 iyun 2024-cü il tarixli, 2(102)-1938/2024№-li qərarlarının surətini bu şikayətə əlavə edir). Bundan əlavə, iddia müddətinin tətbiqi barədə ərizədə xahiş etmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddəti keçdiyindən iddia müddəti tətbiq edilməklə iddia rədd edilsin. İddia müddətinin tətbiqi barədə ərizəni onunla əsaslandırmışdır ki, borcun ona verilməsi fərz edilsə belə yenə də iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. Çünki, İddiaçı iddia ərizəsində guya borcun ona 2020-ci ilin sentyabr ayında 3 ay müddətinə borc verdiyini göstərilmişdir. Bu isə o deməkdir ki, iddia müddəti keçmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki,o, iddiaçını tanımır. Borcu iddiaçıdan deyil, Nazilə adlı xanımdan almışdır. Həmin xanım da Tərtər rayonunda sələmçiliklə məşğul olur. Əslində, 1400 manat borc almış və əlyazma qəbzdə də borc məbləği 1400 manat göstərilmişdir. Sonradan qəbzə müxaxilə edilərək borc məbləği 4300 manat göstərilmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 1400 manat borc pul almış, onu da qaytarmışdır. Borcu 2020-ci ilin sentyabr ayında 3 ay müddətinə götürmüşdür. Borcun tələb olunması üçün qanunla nəzərdə tutulmuş iddia müddəti də bitmişdir. O, bu barədə işə baxan məhkəməyə ərizə təqdim etsə də, lakin ərizəyə hər hansı hüquqi qiymət verilməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, anası İddiaçı Nazilə adlı xanım vasitəsilə cavabdehə borc pul vermişdir. Cavabdeh isə aldığı borcdan ödəniş etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, anası xx.xx.2020-ci il tarixdə üç ay müddətinə qaytarmaq şərtilə cavabdehə 4300 manat borc pul vermişdir. Borcun qaytarılmaması ilə bağlı əvvəllər aralarında məhkəmə mübahisəsi olmamışdır. Cavabdeh aldığı borcdan ümumiyyələ ödəniş etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı nümayəndə (qızı) vasitəsilə məhkəmə iclasında təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
16. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
20. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 742.1. Borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 4300 manat borc almışdır. Tərəflər arasında əldə edilmiş razılığa görə öhdəliyin icrası üçün 3 ay müddət nəzərdə tutulmuşdur. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə əlyazma qəbz tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə, yəni öhdəliyin icrası üçün qanunla nəzərdə tutulmuş müddət bitdikdən sonra cavabdehin borcu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
36. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
37. Cavabdeh adından yazılmış xx.xx.2020- ci il tarixli əlyazma qəbzlə müəyyən olunur ki, o, İddiaçı xx.xx.2020-cu il tarixdə 4300 manat pul götürdüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 4/1203 saylı ekspert rəyi ilə də həmin əlyazma qəbzdəki mətn və imzanın Cavabdeh tərəfindən icra edildiyi öz təsdiqini tapır.
38. Beləliklə, işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, həqiqətən də Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 4300 manat borc almışdır.
39. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır.
41. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
42. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
43. Çünki, iddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında da göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur».
45. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
46. Hazırkı işin hallarından göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 4300 manat borc almışdır. Tərəflər arasında əldə edilmiş razılığa görə öhdəliyin icrası üçün 3 ay müddət nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin son icra tarixi xx.xx.2020-ci il tarixə müəyyən edilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə, yəni müqavilə tələbləri üçün Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
48. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır.
59. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
50. Cavabdeh iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə vermiş və iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
52. İşdən müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində icrat zamanı iddia müddətinin tətbiqi barədə ərizə versə də, işə baxan birinci instansiya məhkəməsi ərizəyə hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir.
53. Məhkəmə lollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
54. Bundan əlavə, işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 125 manat təşkil edir. Lakin, işdəki sənədlərdən göründüyü kimi İddiaçı şəhid ailəsi üzvüdür. Belə olan təqdirdə, o, dövlət rüsumu ödəməkdən azad sayılır.
55. Çünki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.
56. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat dövlətə aid edilməlidir.
57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 (beş min) manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(061)-689/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 125 (bir yüz iyirmi beş) manat dövlətə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.