Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-282/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və əşyalarla birlikdə torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(076)-275/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 18 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı, X7, X2, X4 və X1 adına qeydiyyata alınmışdır;
2. xx.xx.2022–ci il tarixli, AA 855948 saylı “X6 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3–16–16/2–10/4375 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində istilikxana quraşdırılmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2022–ci il tarixli ********** qeydiyyat nömrəli **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndindəki 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********20 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin, cavabdeh onların icazəsi olmadan torpaq sahəsini zəbt edərək orada istilikxana quraşdırmış, yonca əkib-becərməklə özbaşına torpaq sahəsindən istifadə etmişdir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, müsbət nəticə olmamışdır. Hazırda paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər.
7. X5 və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
8. Şəmkir Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(076)-275/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddia təmin edilərək, xx.xx.2022–ci il tarixli ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı və digər ailə üzvlərinin paylı mülkiyyətində olan Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi, həmin torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin iddiaçıya qaytarılması; Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1 və 157.2-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təxminən 15 ildən çoxdur kənddə mülkiyyətində olan 2 ha torpaq sahəsində istilikxana qurmuşdur və həmin vaxtdan bu günə kimi torpaq sahəsi və istilikxana ilə bağlı ona hər hansı vətəndaşın yaxud Bələdiyyənin iradı olmamışdır. Torpaq sahəsinə bitişik ərazisi 0.32 ha torpaq sahəsini də becərmək niyyəti olduğundan kənd bələdiyyəsinə müraciət etmişdir. Həmin vaxt Şəmkir rayonu Keçili kənd bələdiyyəsinin sədri X3 və müavini ona bildirmişlər ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan adına sənədləşdirilməsinin heç bir problemi yoxdur. Bundan sonra bələdiyyənin müavini, mütəxəssislərin və onun iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, sahəsi 0.32 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, aktda o da qeyd edilmişdir ki, İddiaçı əri Ağayev Vüqarın 0.32 ha torpaq sahəsi ayrıldı və Vüqara təhvil verildi. Vüqara verilmiş torpaq sahəsi ona icarəyə verilmiş 0.32 ha torpaq sahəsindən 1000 metr aralıda yerləşir. Bildirir ki, Ağayev Vüqara ayrılmış sahəsi 0.32 ha olan torpaq sahəsi onların ailə üzvlərinə birlikdə 3 nəfərə, cəmi 0.96 ha torpaq sahəsi olmaqla vahid əmlak kimi ayrılmışdır. Həmin vaxt Vüqarın adına texniki səhvə görə iki dəfə Dövlət aktı verilmişdir. Həmin aktlardan biri JN seriyalı sahəsi 0.32 ha olan torpaq sahəsi (onun torpağına bitişik olan) bələdiyyənin dediyinə görə ehtiyat fondunda saxlanılmışdır. Təxminən 2015-ci ildən torpağa bitişik sahəsi 0.32 ha olan torpaq sahəsinin icarəyə verilməsinə dair Keçili bələdiyyəsi ilə müqavilənamələr bağlamışdır. Həmin müqavilənamələr əsasında icarəyə götürülmüş torpaq sahəsi də daxil olmaqla istilikxana tikmişdir. Müqavilə bağlandığı vaxtdan bu günə kimi icarə haqlarını mütəmadi olaraq vaxtında ödəmişdir. Həmin dövrdə Keçili bələdiyyəsinin bir neçə sədrləri olmuşdur. Bələdiyyənin bütün sədrləri həmin torpağın onun icarəsində olduğunu qəbul etmişlər. Oktay müəllimdən sonra 15 il müddətində bələdiyyənin sədri İnqilab müəllim olmuşdur. İnqilab müəllimin dövründə bələdiyyə ilə müqavilənamələr bağlanmış və yenilənmişdir. Bələdiyyə onunla icarə müqavilələri bağlayıb 23 il müddətində icarə haqları almışdır (arayışlar əlavə edilir). Kamal müəllimə torpaq sahəsinin onun adına satılmasını xahiş etdikdə, o, müxtəlif bəhanələr gətirərək tələsməməyini tövsiyə etmişdir. Düşünür ki, həmin torpaq sahəsi 23 il onun istifadəsində olduğundan onun müəlkiyyətinə verilməliydi. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. 11 Saylı Şəmkir Ərazi idarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-M-03xx-xx/2024 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan torpaq sahəsinə çıxarış verilmişdir. Bu səbəbdən qeyd olunan uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti işin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmişdir. Çünki, həmin torpaq sahəsi 23 ilə yaxındır ki, onun fasiləsiz sahibliyindədir. Gəncə İnzibati Məhkəməsinə mübahisəli torpaq sahəsinə mülkiyyyət hüququnun reyestrdə qeydə alınması öhdəliyinin qoyulması ilə bağlı iddia verilmişdir. Hal-hazırda həmin iddia Gəncə İnzibati Məhkəməsinin icraatındadır, işin icraatının dayandırılmasına dair vəsatət versə də, lakin məhkəmə işin icraatını dayandırmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi çıxarış əsasında iddiaçıya məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsinin İ hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 77-ci maddəsinin İ hissəsinin müddəalarına əsasən kassasiya instansiyası məhkəməsi hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasının məhkəmə təcrübəsini formalaşdırmalıdır. Kassasiya instansiyası məhkəməsinin faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə, məhkəmə aktı qanunsuz hesab edilə bilər. Cavabdehin mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti əsassızdır Bu məsələyə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh əlavə iddialar qaldırmaqla mülki işin mahiyyəti üzrə baxılmasına mane olmaq istəyir. Hazırki mülki işin Gəncə İnzibati Məhkəməsinin icraatında olan e-2-1(114)- 4350/2024 saylı inzibati işdən heç bir asılılığı yoxdur. Mövcud vəziyyət dəyişilərsə, yəni cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, o yeni əsaslarla iddia irəli sürmək hüququna malikdir. Hazırda çıxarışa əsasən mülkiyyətçinin İddiaçı olduğunu nəzərə alsaq, Cavabdeh tərəfindən hər hansı bir iddianın qaldırılması mülki iş üzrə icraatın dayandırılması əsası kimi çıxış edə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onlara məxsus torpaq sahəsinə bitişik olduğuna görə torpaq 2030-cu ilə qədər onlara icarəyə verilmişdir. İddiaçıya həmin torpaq sahəsi ərindən vərəsəlik qaydasında keçmişdir. İddiaçı və ailəsinə verilmiş torpaq sahəsini onlar başqa şəxsə satmışlar. İkinci dəfə səhvən Vüqar Ağayevin adına arayış gəlib və həmin arayış əsasında saxta çıxarış verilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisəli torpaq sahəsi onların istifadəsindədir. İcarə müqaviləsini qeydə aldırmaq üçün DƏDRX-ə müraciət etdikdə həmin torpağa dair çıxarış olduğu bildirilmişdir. Onlar da həmin imtinadan inzibati orqanın hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmişlər. Həmin işə nəticə verilənə qədər hazırki iş üzrə icraat dayandırılsın. İstilikxanaya yaxın olduğu üçün həmin torpağı 3000 manata almışdır. İndi onlardan 20000 manat pul istəyirlər. Onların isə o məbləğdə pulu verməyə imkanları yoxdur. İddiaçıya başqa yerdən torpaq sahəsi təklif etsə də, bu təkliflə razılaşmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış vardır. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Cavabdehin icraatın dayandırılması ilə bağlı vəsatətini əsassız hesab edir. Çünki, həmin iddia ərizəsi ilə mübahisəli torpağa dair iddiaçının adına verilmiş çıxarış mübahisələndirilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının indiyə qədər bu iddianı qaldırmamasının səbəbi bələdiyyə tərəfindən ona torpaq sahəsinin harada yerləşdiyinin göstərilməməsi olmuşdur. Torpaq sahəsi iddiaçıya konkret göstərildikdən sonra, o, bu işin üstünə düşmüşdür. Mübahisəli torpaq sahəsinin koordinatlarının cavabdehin istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi sahə ilə eyni yer olduqlarından yaxın vaxtlarda məlumatlı olmuşlar. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
21. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
22. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
36. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
37. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
38. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3– 16–16/2–10/4375 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndindəki 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində istilikxana quraşdırılmışdır.
39. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
40. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır.
42. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilir və orada qanunsuz olaraq istilikxana quraşdırılmışdır. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.
43. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.
44. Apellyasiya şikayətinin dəlilləri də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə ki, apellyator bələdiyyə ilə aralarında bağlanmış müqaviləyə əsasən mübahisəli torpaq sahəsinin ona ayrıldığını bildirsə də, lakin işin hallarından göründüyü kimi əmlaka dair iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, habelə çıxarışın verilməsinə əsas kimi hüquqmüəyyənedici sənəd hazırkı məqamda hüquqi qüvvəsini saxlayır.
45. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
46. «Mübahisəli torpaq sahəsindən 2030-cu ilə qədər istifadəyə dair bələdiyyə ilə müqavilə bağlamışdır» barədə apellyasiya şikayətinin dəlilinin əsassızlığı qənaətinə gələrkən məhkəmə kollegiyası həm də onu nəzərə alır ki, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı və ailə üzvlərinin paylı mülkiyyətində olan 0.3209 ha torpaq sahəsinin ölçüləri (koordinatları) həmin çıxarışa əsasən hazırda mövcud olan baza məlumatlarında eyni konfiqurasiyada qeydə alınmışdır. Mövcud elektron baza məlumatlarının mötəbərliyinə də hər hansı şübhə olmaz. Bu hal isə, mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olması ehtimalını birmənalı şəkildə təkzib edir.
47. «Təxminən 15 ildən çoxdur kənddə mülkiyyətində olan 2 ha torpaq sahəsində istilikxana qurmuşdur və həmin vaxtdan bu günə kimi torpaq sahəsi və istilikxana ilə bağlı ona hər hansı vətəndaşın yaxud Bələdiyyənin iradı olmamışdır» barədə apellyasiya şikayətinin dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, işin faktiki halları ilə İddiaçı istilikxananın quraşdırılması barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin orada əkinçilik fəaliyyəti ilə məşğulluğuna şərait yaratması, torpaq sahəsində görülən işlərə susaraq razılıq nümayiş etdirməsi və.s hallar müəyyən edilməmişdir. O cümlədən, iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Əksinə, iddiaçının nümayəndəsi izahatında mübahisəli torpaq sahəsinin koordinatlarının cavabdehin istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi sahə ilə eyni yer olduqlarından yaxın vaxtlarda məlumatlı olduqlarını bildirmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(076)-275/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.