Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-313/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4712/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X3 adına qeydə alınmış, hazırda onun və ailə üzvlərinin istifadəsində olan Daşkəsən rayonu Ş.İ.Xətai küçəsi, ev 4, ev 5-də yerləşən 2 otaqlı mənzilə dair X8 ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4712/2023 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4712/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı mənzil X3 adına qeydə alınmışdır. Həmin mənzili o, 1998-ci ildə X2 şəxsi vəsaiti hesabına almışdır. X8 həmin mənzilin ona məxsus olmasını qeyd etmiş, Daşkəsən rayon Ş.İ.Xətai küçəsi, ev 4, ev 5-də yerləşən 2 otaqlı mənzilə dair bütün hərəkətləri etməyi ilə bağlı notarial qaydada təsdiq olunmuş 27 may 1998-ci il tarixli 3 illik etibarnamə vermişdir. Sonra isə mənzilin alqı-satqısına dair aralarında müqavilə bağlanmış, lakin maddi imkanı ağır olduğuna görə notarius tərəfindən təsdiqlədə bilməmişdir. 2005-ci ildə X8 vəfat etmiş, onun vəfatından sonra heç bir ailə üzvü olmamış, qanun üzrə və vəsiyyət üzrə vərəsəsi olmamışdır. Daşkəsən rayon Qeydiyyat Şöbəsinin və Daşkəsən rayon Notariat Kontorunun məktubundan da görünür ki, X3 hər-hansı vərəsəsi yoxdur. Əsli Ələkbərova ilə notarial qaydada təsdiq edilməyən müqavilə bağlanmış, özü də 2005-ci ildə vəfat etmişdir. Bu səbəbdən də, onlar həmin mülkə dair rəsmiləşdirmə həyata keçirə bilməmişlər. Hesab edir ki, onlar arasında alğı-satqı müqaviləsi məhkəmə qaydasında bağlanmış hesab edilməlidir. Cavabdehlərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 4712/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4712/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3, ailə üzvləri barədə məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və aşağıda göstərilən ailə üzvləri aşkar edildi: Əri - X4 (xx.xx.1996-cı ildə vəfat edib və ölümü xx.xx.1996-cı il tarixdə 7N°-li aktla Daşkəsən RQŞ tərəfindən dövlət qeydiyyatına alınıb). X8 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və onun ölümü xx.xx.2005-ci il tarixdə 17 nömrəli aktla Tovuz rayonunun Bozalqanlı icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Daşkəsən rayon Dövlət Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhumə X3 adına Daşkəsən rayon dövlət notariat ofisində vərəsəlik işi açılmamışdır. xx.xx.1998-ci il tarixli notariat qaydada təsdiq olunmuş etibarnaməyə əsasən, X8 həmin vəkalətnamə ilə vətəndaş İddiaçı ona məxsus olan Daşkəsən rayon Ş.İ.Xətai 4, mənzil 5-də yerləşən 2 otaqlı mülkü satmağa, almağa dair imza etməyə və bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyə xx.xx.2001-ci ilədək vəkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Daşkəsən rayon Dövlət notariat kontorunun xx.xx.1992-ci il tarixli, 1-84 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 vərəsəsi X6 xx.xx.1994-cü il tarixli, 1088 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil ümumi sahəsi 55.8 kv.m, yaşayış sahəsi 29.0 kv.m olan iki yaşayış otağından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibəti iddiaçının 1998-ci il tarixdə X2 onun Daşkəsən rayonu Ş.İ.Xətai küçəsi, ev 4, ev 5-də yerləşən 2 otaqlı yaşayış evini alması ilə həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməldir. xx.xx.2000-ci ilə tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. 43-cü maddəsinə əsasən, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. İş materiallarından görünür ki, iddia tələbi ona cavab verməli olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı irəli sürülmüşdür. Azərbaycan Respublikası MPM-nin: 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ona cavab verməli olmayan şəxslərə qarşı verilmiş və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cavabdehlərin əsl cavabdeh ilə əvəz edilməsi məsləsi həll edilməmiş və məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı cavabdehlərə qarşı onun X10 ilə Daşkəsən rayonu, Ş.İ.Xətai küçəsi, ev 4, ev 5-də yerləşən evinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf ilk növbədə mərhum X5 qanun üzrə növbəli vərəsələrinin olub-olmamasını müəyyənləşdirməli və iddia tələbinini ona cavab verməli olan mərhumun hüquqi vərəsəinə qarşı verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4712/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4712/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-313/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-313/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver