Məhkəmə qərarları › İş №2(104)-319/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-319/2024

29.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-319/2024 29.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Bərdə rayonu Mollalı bələdiyyəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: tikinin sökülməsi, yolunun açılması və maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə (atası) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Bərdə rayonu Mollalı bələdiyyəsinə qarşı tikinin sökülməsi, yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(021)-1895/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair JN-398A KOD 61016018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Bərdə rayon Mollalı kənd sakini X4 mülkiyyətinə 0,51 ha torpaq sahəsi verilmişdir.

2. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2008-ci il tarixli Sərəncamından görünür ki, vətəndaşların yaşını müəyyən edən, adının, ata adının və soyadının dəyişdirilməsi komissiyasının 27 avqust 2008-ci il tarixli, 10 nömrəli qərarı təsdiq edilərək, xx xxxxxx 1991-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olmuş X1 dəyişdirilib doğum haqqında sahadətnaməsində Məmmədov yazılması qərara alnmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 mart 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayon Mollalı kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh1 tam xüsusi mülkiyyətindədir.

4. 07 mart 2023-cü il tarixli A seriyalı ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bərdə rayon Mollalı kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.

5. Apellyasiya şikayətinə əlavə olunmuş fərdi yaşayış evinin 26 mart 2021-ci il tarixli **********29-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Bərdə rayonu Mollalı kəndində 0,45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir.

6. Apellyasiya şikayətinə əlavə olunmuş Mollalı kənd İƏD üzrə icra nümayəndəsinin 28 avqust 2023-cü il tarixli 356 nömrəli arayışından görünür ki, Cavabdeh1 2012-ci ildən ayrı təsərrüfatdır və X2 mülkiyyətinə aidiyyəti yoxdur; Cavabdeh2 X2 mülkiyyətinə aidiyyəti yoxdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Bərdə rayonu Mollalı bələdiyyəsinə qarşı tikinin sökülməsi, yolunun açılması və maneənin aradan qaldırılması tələbi ilə Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, Bərdə rayon Mollalı kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən su arxının onun istifadəsinə qaytarılması, qanunsuz tikilmiş hasarın sökülməsi, su yolunun açılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiai tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Mollalı kəndində 0,51 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində babasından miras qalmış fərdi yaşayış evi var. Həyətyanı torpaq sahəsində müxtəlif növ çoxillik meyvə ağacları var. həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 onun həyətinə gedən su arxını hasara alaraq öz həyətlərinə salmışlar. Nəticədə su yolundan məhrum olmuş və bu barədə cavabdehlərə dəfələrlə irad tutmuşdur. Hal-hazırda meyvə ağacları susuzluqdan qurumaq təhlükəsindədir.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsinin cavabdehlərin hesabına sökülərək açılması, sudan istifadəyə maneə yaradan hərəkətlərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bərdə Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(021)-1895/2023 nömrəli (hakim Q.Əbilov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsinin cavabdehlərin hesabına sökülərək su yolunun açılması və cavabdehlərin sudan istifadəyə maneə yaradan hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddia təmin edilməsi; İddiaçı mülkiyyətində olan Bərdə rayon Mollalı kəndində yerləşən 0,51 ha həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək su yolu açılması, cavabdehlərin sudan istifadəyə maneə yaradan hərəkətlərinə qadağa qoyulması; İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 170, 255.1, 255.4, 255.5, 425.1, 560 maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 107, 119, 213-214, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 2016-cı ildə ailə qurmuş, 2018-ci ildə isə kəndin girəcəyində ev tikdirərək ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçı ona və qardaşına qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etsədə, əslində həmin evdə X3, atası X7 və qardaşı Cavabdeh2 yaşayır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə etiraz verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehlərin hər ikisi mübahisəli torpaqda yerləşən evdə yaşayır və su arxı onlar tərəfindən kəsilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Bərdə rayonu Mollalı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı, Cavabdeh2 və üçüncü şəxs Bərdə rayonu Mollalı bələdiyyəsinin nümayəndəsi gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

22. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

23. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

24. Maddə 175 Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

34. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(021)-1895/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə təmin olunmalıdır.

39. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Bərdə rayon Mollalı kəndində yerləşən 0,51 ha torpaq sahəsi verilmiş və bu barədə sonuncuya Torpağın mülkiyyətə verilməsinə dair JN-398A KOD 61016018 nömrəli Şəhadətnamə verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən təbii su axnın qarşısını cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kəsdiyini (hasar çəkməklə) əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

40. Bu qətnamənin 38-ci bəndində də qeyd olunduğu kimi kollegiya iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Belə ki, işdə olan Bərdə rayonu Mollalı kənd İƏD üzrə icra nümayəndəsinin verdiyi 28 avqust 2023-cü il tarixli 356 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh1 2012-ci ildən ayrı təsərrüfat olmaqla X2 mülkiyyətinə aidiyyəti yoxdur. Eləcədə işin 50-ci vərəqində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 07 mart 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayon Mollalı kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

42. İddiaçı həyətinə gedən su arxının həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş hasar nəticəsində öz torpaqlarına qatılmasını iddia etsədə, lakin cavabdehlərdən Cavabdeh1 tərəfindən də mübahisəli totrpaqda hasar çəkilməsi barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə yuxarıda da qeyd olunduğu kimi 26 mart 2021-ci il tarixli **********29-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda qeyd olunmuşdur ki, Bərdə rayonu Mollalı kəndində 0,45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (iddiaçının qonşuluğunda olan) X6 xüsusi mülkiyyətindədir. Eləcədə Bərdə rayonu Mollalı kənd İƏD üzrə icra nümayəndəsinin 28 avqust 2023-cü il tarixli 356 nömrəli arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 2012-ci ildən ayrı təsərrüfatdır. Göründüyü kimi Cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən su axının qarşısını alan hasar çəkilməsi sübut olunmur.

43. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(021)-1895/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı mülkiyyətində olan Bərdə rayon Mollalı kəndində yerləşən 0,51 ha həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsi Cavabdeh1 da hesabına sökülərək su yolu açılması, Cavabdeh1 sudan istifadəyə maneə yaradan hərəkətlərinə qadağa qoyulması və iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 da alınaraq iddiaçıya verilməsi hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(021)-1895/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində yerləşən 0,51 ha həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsi Cavabdeh1 hesabına da sökülərək su yolu açılması, Cavabdeh1 sudan istifadəyə maneə yaradan hərəkətlərinə qadağa qoyulması və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 da alınaraq iddiaçıya verilməsi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar