Məhkəmə qərarları › İş №2(104)-36/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-36/2024

24.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-36/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi və müdaxilələrə son qoyulması. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və müdaxilələrə son qoyulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(076)- 46/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 24 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-3247A KOD50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Şəmkir rayonu Morul kəndi ərazisində 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir;

2. Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 10/4513 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, JN-3247A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyatyanı torpaq sahəsinin 8.3312 kv.m hissəsi Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh tərəfindən istifadə edilir və aralarında çəkilmiş sərhəd boyunca 14.76 m uzunluğunda hasar inşa edilmişdir; Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğu üçün JN- 3247A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh mülkiyyətində olan torpaq sahələri müəyyən hissələrdə üst-üstə düşür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli 3-16-16/2-10/3098 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus JN-3247A Kod50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. RX ******* saylı xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğu nəzərə alınaraq elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən JN-3247A KOD50401004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iş üzrə İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinin koordinatları ilə Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 2.77 kv.m hissəsinin koordinatları üst-üstə düşür. Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğunu nəzərə alınaraq elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən iş üzrə Cavabdeh istifadəsində olan torpaq sahəsinin 9 kv.m (8.3312 kv.m) hissəsinin koordinatlarının JN-3247A KOD 50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iş üzrə İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Şeyidlər kəndində ona məxsus olan qeydiyyat nömrəsi JN-3247 A kod 50401004 olan 0,06 ha torpaq sahəsindəki qanunsuz tikilinin sökülməsi, Cavabdeh torpaqdan çıxarılması və ona yönəldilmiş qanunsuz müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Şeyidlər kəndində ona JN- 3247A kod 50401004 olan Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 68 saylı qərarı ilə, 0.06 ha torpaq sahəsi verilmişdir. O həmin torpaq sahəsini qanuni şəkildə əldə etmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də mövcuddur. O, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi üzərində ölçü işlərinin aparılması zamanı mübahisəli hal aşkar edilmişdir. Bundan başqa müayinə zamanı məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin cənubunda olan qonşu tərəfindən 0.0011 ha hissəsi mişar daşı ilə hasarlanmışdır. Bu səbəbdən də ərizənin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Şəmkir rayonu Şeyidlər kənd sakini Cavabdeh həmin torpaq sahəsini özbaşına tutaraq oranı hasarlamışdır. O cavabdehə dəfələrlə həmin torpaq sahəsindən könüllü olaraq hasarın sökülməsini təklif etsə də, lakin müsbət nəticə olmamışdır. Hazırda cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(076)-46/2022 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) İddiaçı Cavabdeh qarşı Şəmkir rayonu Şeyidlər kəndində ona məxsus olan qeydiyyat nömrəsi JN-3247 A kod 50401004 olan 0,06 ha torpaq sahəsindən qanunsuz tikilinin sökülməsi, Cavabdeh torpaqdan çıxarılması və ona yönəldilmiş qanunsuz müdaxilələrinə son qoyulmasına dair iddiasının təmin edilməməsi; İş üzrə torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 406 manatın və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.5 və 157.2-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 66.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, məhkəməyə kifayət qədər sübut təqdim edərək ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub orada tikinti işlərinin aparılmasını bildirsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin bildirişində göstərilmişdir ki, ona məxsus torpaq sahəsinin cənub tərəfinin 0,0011 ha hissəsi qonşu tərəfindən daş hasarla hasarlanmışdır. Bundan əlavə qətnamədə qeyd edilmişdir ki, guya ona və onun vəkilinin Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əslində isə, iş materialları ilə tanış olduqda müəyyən olunur ki, 11 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişin ona göndərilməsini göstərən reyestr mövcud olsa da, həmin bildirişin ona çatdırılmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyil. Onun nümayəndəsinə (vəkil) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Bununla da məhkəmə prosessual qaydalara əməl etməmiş və çəkişmə prinsipini pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi 04 mart 2022-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Hansı ki həmin rəy işin həqiqi və faktiki hallarına uyğun deyil. Mübahisənin əsas mahiyyətini təşkil edən suallara ümumiyyətlə cavab verilməmişdir. Bunu da ona görə etmişlər ki, 1-ci və 2-ci suallara DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli bildirişində tam və ətraflı cavab verilmişdir. Bundan əlavə RX ******* saylı xx.xx.2016-cı il tarili hüquqların dövlət qeydiyyatı haqqında da əmlakın dövlət reyestrinin çıxarışı ilə iş materiallarında olan digər sənədləri müqayisə etdikdə görünür ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi onun mülkü olan torpaq sahəsindən çoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi İlqar Məmmədov verilmiş sula cavab olaraq bildirmişdir ki, rəydə cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın 9 kv.m hissəsinin zəbt edilməsi qeyd edilmişdir. Qeyd edilən 9 kv.m (8.3312 kv.m) içərisinə cavabdehin mülkiyyətində olan, lakin iddiaçının mülkiyyətində torpaq sahəsi ilə üst-üstə düşən 2.77 kv.m hissə də daxildir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın 9 kv.m hissəsinin zəbt edilməsi yeni elektron uçot xəritəsinə əsasən müəyyən edilir. Rəyi mövcud koordinatlar əsasında vermişdir. Həmçinin mütəxəssis suala cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus torpağın 8.3312 kv.m hissəsinin zəbt kimi göstərilməsinə səbəb əvvəlki qərardadda qoyulmuş suala görə qeyd edilmişdir. Əslində iddiaçıya məxsus torpaq cavabdeh tərəfindən 9 kv.m hissədə faktiki istifadə edilir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh JN-3247A KOD 50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı məxsus Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinin 6,23 kv.m hissəsindən çıxarılmalı və torpaq sahəsinin həmin 6,23 kv.m hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar Cavabdeh vəsaiti hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, JN-3247A KOD 50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsi İddiaçı məxsusdur. Bundan başqa, Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 118.4 kv.m fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı və Cavabdeh məxsus torpaq sahələri qonşu torpaqlardır. İddiaçı ona məxsus 0,06 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, qanunsuz tikili inşa edildiyini, habelə həmin torpaq sahəsinə sahiblik və istifadə etməsinə cavabdeh tərəfindən qanunsuz müdaxilələr edildiyini əsas göstərməklə hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

34. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsi, habelə orada tikili inşa edilməsi və.s halların həqiqətən də mövcud-olub-olmamasını aydınlaşdırmaq məqsədilə apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 10/4513 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, JN- 3247A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyatyanı torpaq sahəsinin 8.3312 kv.m hissəsi Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh tərəfindən istifadə edilir və aralarında çəkilmiş sərhəd boyunca 14.76 m uzunluğunda hasar inşa edilmişdir; Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğu üçün JN-3247A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh mülkiyyətində olan torpaq sahələri müəyyən hissələrdə üstüstə düşür.

35. Apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv tədqiqi baxımından təkrarən iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli 3-16-16/2-10/3098 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus JN-3247A Kod50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. RX ******* saylı xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğu nəzərə alınaraq elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən JN- 3247A KOD50401004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iş üzrə İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinin koordinatları ilə Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 2.77 kv.m hissəsinin koordinatları üstüstə düşür. Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğunu nəzərə alınaraq elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən iş üzrə Cavabdeh istifadəsində olan torpaq sahəsinin 9 kv.m (8.3312 kv.m) hissəsinin koordinatları JN- 3247A KOD 50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iş üzrə İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

36. Beləliklə, iş üzrə alınmış ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən iş üzrə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 9 kv.m hissəsi JN-3247A KOD 50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, Cavabdeh faktiki olaraq İddiaçı məxsus Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinin 9 kv.m hissəsindən istifadə edir.

37. Bununla yanaşı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yeni elektron uçot xəritəsinə əsasən JN-3247A KOD50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinin koordinatları ilə Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 2.77 kv.m hissəsinin koordinatları üst-üstə düşür.

38. Mülki Prosessual Məcəllənin 64.1-ci maddəsinə görə, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

39. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş ekspert rəyində tərəflərin mülkiyyətində olan torpaq sahələrinin 2.77 kv.m hissədə üst-üstə düşdüyü göstərilmiş olsa da, lakin bunun torpaq sahəsinin hansı hissəsində olduğu rəydə qeyd olunmamışdır.

40. Ona görə də məhkəmə kollegiyasının təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi İlqar Məmmədov məhkəmə iclasına dəvət edilmiş və rəydə olan natamam məlumatların aydınlaşdırılması məqsədilə adı qeyd olunan mütəxəssisin fikirləri öyrənilmişdir. Çünki, iş üzrə verilmiş ekspert rəyi də X3un verdiyi rəy əsasında tərtib edilmişdir.

41. X2 verilən suallara cavab olaraq bildirmişdir ki, rəydə cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın 9 kv.m hissəsinin zəbt edilməsi qeyd edilmişdir. Qeyd edilən 9 kv.m içərisinə cavabdehin mülkiyyətində olan, lakin iddiaçının mülkiyyətində torpaq sahəsi ilə üst-üstə düşən 2.77 kv.m hissə də daxildir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın 9 kv.m hissəsinin zəbt edilməsi yeni elektron uçot xəritəsinə əsasən müəyyən edilir. Rəyi mövcud koordinatlar əsasında vermişdir.

42. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi və X3un izahatının əlaqəli tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinin 9 kv.m hissəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilir. Eləcə də müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0,06 ha həyatyanı torpaq sahəsinin koordinatları ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin koordinatları 2.77 kv.m hissədə üst-üstə düşür. Həmin üst-üstə düşən 2.77 kv.m hissə də İddiaçı mülkiyyətində olan, lakin Cavabdeh tərəfindən faktiki istifadə edilən 9 kv.m sahədə yerləşir.

43. Cavabdeh iş üzrə keçirilmiş ekspert rəylərinin düzgün olmadığını iddia etsə də, bununla bağlı hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Hərçənd ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və ünvan Reyestru Xidmətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mütəxəssis rəyləri və həmin rəyə əlavə edilmiş tərəflərə məxusus torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yeləşmə kordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin koordinatları 2,77 kv.m hissədə üst-üstə düşməsi müəyyən olunur. Lakin nəzərə almaq lazımdır ki, tərəflərə məxsus qeyd olunan torpaqlara dair hüquqmüəyyənedici sənədlər hazırkı məqamda hüquqi qüvvədədir. Belə olduqda isə, tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşən 2,77 kv.m hissəsinin, əslində, tərəflərdən hansının mülkiyyətində olmasını, habelə hansı biri tərəfindən zəbt edilməsini müəyyənləşdirmək mümkün deyildir.

44. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan 0,06 ha həyatyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən 9 kv.m hissəsinə daxil olan torpaq sahələrinin üst-üstə düşdüyü 2.77 kv.m hissəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyi kimi qiymətləndirilə bilməz.

45. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan 0,06 ha həyatyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən digər hissəsi, yəni (9 kv.m - 2.77 kv.m=6.23 kv.m) 6.23 kv.m hər hansı hüquqi əsas olmadan Cavabdeh tərəfindən zəbt edilməklə iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdır. Ona görə də Cavabdeh İddiaçı məxsus Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha torpaq sahəsinin zəbt edilən 6.23 kv.m hissəsindən çıxarılmalı, həmçinin torpaq sahəsinin qeyd olunan hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar sonuncunun vəsaiti hesabına sökülməlidir.

46. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə edilən qanunsuz müdaxilələrə son qoyulması hissəsinə də hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulmasını xahiş etsə də, lakin bu müdaxilələrin konkret nədən ibarət olmasını əsaslandırmamışdır.

47. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

48. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+50) 150 manat təşkil edir. Həmçinin həmin ekspert rəylərinin verilməsinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsindən alınmış mütəxəssis rəylərinin smeta haqqı olaraq İddiaçı tərəfindən ümumilikdə (95+95) 190 (bir yüz doxsan) manat vəsait ödənilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə xərcləri tərəflərə aid edilməli, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 150 (bir yüz əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 190 (bir yüz doxsan) manat vəsait də bərabər qaydada tərəflərə aid edilməli, iddiaçı Ələsgər Həsənov tərəfindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 (doxsan beş) manat vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(076)-46/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və müdaxilələrə son qoyulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh JN-3247A KOD 50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı məxsus Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinin 6,23 kv.m hissəsindən çıxarılsın və torpaq sahəsinin həmin 6,23 kv.m hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar Cavabdeh vəsaiti hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 190 manat vəsaitin 95 (doxsan beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin. Mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş qalan 95 manat isə İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar