Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-362/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Göygöl rayon notariat ofisi və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Göygöl rayon notariat ofisi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayon Dövlət Notariat Kontorunda 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin saxta və qanunsuz olduğuna görə etibarsız hesab edilməsi, həmin etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə və keçmiş notarius Cavabdeh2 Abuzar oğlundan 11 il ərzində ona vurulmuş və əldən çıxmış faydası olan 40.000 min manat maddi ziyanın və 20.000 min manat mənəvi ziyanın ondan alınaraq ona ödənilməsi, məhkəməyə ödədiyi dövlət rüsumunun Cavabdeh2 alınaraq, ona ödənilməsi barədə qətnamə və keçmiş notarius olmuş Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli xüsusi qərardadı ilə (hakim Əyyub Kərimov) Göygöl rayon Dövlət Notariat Kontoruun notariusu işləmiş Cavabdeh2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması faktının araşdırılması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli 2(104)- 950/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 2(102)-3916/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-950/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2024-cü il tarixli 2(104)-362/2024 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsinin iddia tələbinin Göygöl rayon Dövlət Notariat Kontorunda 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonunda doğulub boya-başa çatmışdır. Müxtəlif idarə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, X14ndan öz ərizəsi əsasında 2009-cu ildən işdən çıxmışdır, 2010-cu ildən isə Rusiya Federasiyasına daimi getmiş və orada yaşayır. Digər bir tərəfdən isə həm də "xxxx" Kombinatının Səhmdarıdır və səhmdar kimi səhmlərə malikdir. 2005-ci il tarixdən həmin idarə yəni "xxxx" ASC kimi fəaliyyətə başlanmışdır. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 06 yanvar 2006-ci il 03 saylı sərəncamına əsasən 06 fevral 02 mart 2006-ci il tarixləri arasında "xxxx" ASC-nin səhmlərinin 15 (on beş) faizi əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə satılmışdır. Həmin zaman iddiaçı və anası səhmlərin əmək kollektivinə güzəştli satışında iştirak edərək hər birilərinə 4 (dörd) ədəd özəlləşdirmə çeki verərək və 14 (on dörd) ədəd səhm əldə etmişlər. Cəmi iki nəfərə 28 (iyirmi səkkiz) səhm əldə etmişlər. 2008-ci il tarixdə Xanlar rayonunun adının dəyişdirilməsi ilə bağlı zavodun adı dəyişdirilərək "X14" ASC adı altında fəaliyyətə başlamışdır. 12 fevral 2013-cü il tarixədək guya iddiaçı zavodun səhmdarı olmuşdur. Lakin 2013-cü ildən sonra onlar hər ikisi guya öz səhmlərini hansısa Birjada satmışlar. Həmin alğı-satqılar saxtadır və onlar səhmdar kimi heç bir alğı-satqı prosesində iştirak etməmişlər. Hər hansı birjaya satış üçün və ya səhmlərin alğı-satqısı üçün hərrac və ya qeyri hərrac yolu ilə satış üçün birjaya və ya alqı-satqı prosesinə dəvət edilməmişlər. Göygöl dövlət notariat kontorunun keçmiş notariusu Cavabdeh2 onun razılığı və xəbəri olmadan onun adına olan səhmləri, başqa şəxsin adına alqı-satqı etdirmişdir. Başqa şəxs guya onun adından etibarnamə götürərək, iddiaçının səhmini Göygöl rayon X13 MMC-yə satmışdır. Belə ki, o, X11, yəni keçmiş Xanlar rayon X9 səhmdarıdır və səhmlərlə həmin şirkətin hazırkı X11 səhmdarı və mülkiyyətçisidir. Lakin özəlləşmə dövründən bu yana zavodun səhmdarı olmasına baxmayaraq, bir manat da olsun ona dividend və ya gəlir verilməmişdir. Bunun səbəblərini öyrənməyə başladıqda ona məlum olmuşdur ki, onun adından sui-istifadə edərək, notarius Cavabdeh2 saxtakarlığı və səhlənkarlığı nəticəsində onun səhmləri onun adından çıxarılmış və başqa şəxslərin adına keçirilmişdir. Hətta həmin məsələdə iddiaçının anasının adından istifadə olunmuş, hansı ki anasının xəbəri yoxdur və etibarnamə verilərkən həmin etibarnamədə göstərilmişdir, guya anası iddiaçı xəstə olduğuna görə onun əvəzindən imza etmişdir. Hansı ki, həmin tarixdə iddiaçı 2010-cu il tarixdən Rusiya Federasiyasında olmuşdur. Ölkə ərazisində olmamışdır. Heç bir xəstəliyi olmamışdır və heç bir problemi olmamışdır. Səhhətində hər şey qaydasında olmuşdur. Etibarnamə etibarsız hesab edilməlidir. Həmin etibarnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Göygöl rayon Dövlət Notariat Kontorunda verilmiş 23 noyabr 2012-ci il tarixdə verilmiş 189622 nömrəli etibarnamə onun iradəsini ifadə etmir. Onun iradəsi ziddinə olaraq verilmiş etibarnamədir. Əslində həmin etibarnamə saxta etibarnamədir və heç bir hüquqi əhəmiyyət daşımadığı halda həmin etibarnamə əsasında səhmləri başqa şəxslərin mülkiyyətinə verilmiş olmuşdur. İş materiallarında olan: Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən verilmiş 23 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnamənin surətindən görünür ki, Göygöl şəhəri, H.Əliyev prospekti, ev 88-də yaşayan X8 (xəstə olduğuna görə onun əvəzindən Xanlar RPŞ-si tər.xx.xx.2005-ci il tarixli AZE 04659902 şəx.vəs. olan X6 imza edir) həmin vəkalətnamə ilə Bakı şəhəri, Bakıxanov qəs., M.Gəncəvi küçəsi, ev 23A, mənzil 35-də yaşayan X2 “X14” ASC-də onun adına olan 14 (on dörd) ədəd adi səhmlərin alqı-satqısını və rəsmiləşdirilməsini, satmağı, satmağına dair imza etməsini, həmin səhmlərə dair Milli Depozit Mərkəzindən çıxarışın alınmasını və.s bütün hərəkətləri etməyi vəkil etmişdir. Etibarnamə üç il müddətinə verilməsi və xx.xx.2015-ci il müddətə qüvvədə olması göstərilmişdir; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 20 may 2021ci il tarixli 33/1690 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən hazırki vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çıxış-giriş istiqaməti üzrə məlumatlar qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli 4/1305 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 23 noyabr 2012-ci il tarixli, AN-İ 189622 nömrəli etibarnamədə “İmza” qrafasında “Məmmədova” yazısı və imza X6 tərəfindən icra olunmuşdur. Hazırkı apellyasiya baxışı zamanı alınmış Göygöl Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(066)-552/2019 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı və X6 cavabdeh “X14” ASC-yə qarşı səhmlərə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən sonra verilmiş hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair 2019-cu ildə məhkəmədə iddia qaldırmışlar. Göygöl Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(066)-552/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş xüsusi qərardad iş üzrə cavabdeh notarius Cavabdeh2 tərəfindən saxtakarlığa yol verilməsinin sübutudur. Saxtakarlıq nəticəsində ona məxsus səhmlər başqa şəxsə etibar edilmiş və həmin etibar edilmiş səhmlər "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Səhmlər saxtakarlıq edilərək ondan alınmışdır, ona görə də sözügedən etibarnamə etibarsız hesab edilməli və hüquqi nəticələr ləğv edilərək və ya etibarsız hesab edilərək səhmlər əvvəlki hüquqi vəziyyətinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi məbləğ və əldən çıxmış fayda ilə bağlı mübahisə olduğu halda iş üzrə məhkəmə mühasibatlıq ekspertiza təyin etməli olduğu halda etməmiş, bu barədə vəsatətə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normasının düzgün tətbiq etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: 23 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan etibarnamə verilərkən İddiaçı ölkə ərazisində olmamışdır. İddiaçı heç kimə etibarnamə verməmiş, habelə səhmlərini kiməsə satmamışdır. Etibarnamə əsasında iddiaçının hüquqları pozulub və səhm paylarından məhrum olub. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, “X14” ASC-dəki səhmləri qaytarmaq istəyirlər. Maddi və mənəvi zərərin əvəzini hazırkı iş üzrə cavabdeh olan keçmiş notariusdan tələb edir. Etibarnamədəki imza İddiaçı adından onun anası tərəfindən icra edilməmiş, habelə onun tərəfindən icra edilməsi təsdiqini tapsa belə, iddiaçı tərəfindən anasına belə bir səlahiyyətin verilməsi iş materialları ilə müəyyən olunmur. Mübahisə predmeti olan etibarnamə iddiaçının adından onun anası Qiyafət Məmmədova tərəfindən Seminar adlı şəxsə verilib və həmin şəxs artıq vəfat etmişdir. Seminar adlı şəxs etibarnamə üzrə verilən səlahiyyətlər əsasında “X14” ASC-dəki iddiaçıya məxsus olan səhmləri birja vasitəsilə satmışdır. 23 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı anası notariat ofisinə gələrək oğlunun xəstə olduğunu, eləcə də ölkə ərazisində olmadığını və pulu olmadığından ölkəyə gələ bilmədiyini bildirərək etibarnamənin təsdiq olunmasını tələb etmişdir. O da əvvəlcədən İddiaçı və ailəsini tanıdığından etibarnaməni təsdiqləmişdir. 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək əvvəlki izahatına əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan etibarnamə əsasında iddiaçıya məxsus səhmlər özgəninkiləşdirildiyindən sonuncuya maddi və mənəvi ziyan dəymişdir. İddiaçı “X14” ASC-nin səhmdəki payı 0,0061 (mində altmış bir) hissədən ibarət olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, etibarnamə verilməmişdən əvvəl, yəni 2012-ci ildən qabaq iddiaçı “X14” ASC-dən dividend götürməmişdir. Bunun səbəbi zavodun ziyanla işləməsi olmuşdur. 14 səhm olmuşdur və hər birinin dəyəri 2 manat göstərilmişdir. Lakin dəymiş maddi ziyan indeksasiya edildikdə 40000 manat məbləğində müəyyən edilir. 2019-cu ilidə məhkəmədə dividend tələbləri olmuş və həmin işə baxılan zaman iddiaçıya məlum olmuşdur ki, ona məxsus səhmlər onun xəbəri olmadan satılıb. 2019-cu ildən əvvəl də dividendlə bağlı məhkəməyə müraciət etməmişlər, çünki zavod yenə ziyanla işləyirdi. Səhmlər Bakı Fond birjasında satılmışdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasınan apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasın və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vermiş olduğu izahatına əlavəsi olmadığını bildirmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Göygöl rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2024-cü il tarixli 2(104)-362/2024 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsi “iddia tələbinin Göygöl rayon Dövlət Notariat Kontorunda 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsinin təmin edilməməsi” hissədə ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı “23 noyabr 2012ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin etibarsız hesab edilməsi, əldən çıxmış faydası olan 40000 min manat maddi ziyanın və 20.000 min manat mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi” hissədə yoxlanılır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “iddia tələbinin 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin etibarsız hesab edilməsi, vurulmuş və əldən çıxmış fayda olan 40000 min manat maddi ziyanın və 20.000 min manat mənəvi ziyanın keçmiş notarius Cavabdeh2 Abuzar oğlundan alınaraq İddiaçı ödənilməsinin təmin edilməməsi” hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X15 Kombinatı 2005-ci ildən yəni "xxxx" ASC kimi fəaliyyətə başlamışdır. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 06 yanvar 2006-ci il 03 saylı sərəncamına əsasən 06 fevral 02 mart 2006-ci il tarixləri arasında "xxxx" ASC-nin səhmlərinin 15 (on beş) faizi əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə satılmışdır. Həmin zaman iddiaçı və anası səhmlərin əmək kollektivinə güzəştli satışında iştirak edərək hər birinə 4 (dörd) ədəd özəlləşdirmə çeki verilərək və 14 ədəd, cəmi 28 səhm əldə etmişlər. 2008-ci ildə zavodun adı dəyişdirilərək “X14” ASC adı altında fəaliyyətə başlamışdır. 23 noyabr 2012-ci il tarixdə Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən AR-İ seriyalı, 189622 nömrəli etibarnamə təsdiq edilmiş və etibarnamənin mətnində qeyd olunmuşdur ki, Göygöl şəhəri H.Əliyev prospekti, ev 88-də yaşayan X8 həmin vəkalətnamə ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 23A, mənzil 35-də yaşayan X2 “X14” ASC-də onun adına olan 14 ədəd adi səhmlərin alqı-satqısını və rəsmiləşdirilməsini, satmağı, satmağına dair imza etməsini, həmin səhmlərə dair Milli Depozit Mərkəzindən çıxarışın alınmasını və.s. bütün hərəkətləri etməyi vəkil etmişdir. Etibarnamə üç il müddətinə - xx.xx.2015-ci il tarixədək verilmişdir. Etibarnamədə, həmçinin notarius tərəfindən qeyd edilmişdir ki, X8 xəstə olduğuna görə onun əvəzindən X6 imza edir. Etibarnamə İddiaçı Ziyad oğlunun anası X6 tərəfindən imzalanmış və vəkalət alan X3 etibarnamə üzrə göstərilən səlahiyyətləri həyata keçirmək hüququ əldə etmişdir. Bundan sonra İddiaçı məxsus səhmlər sonuncunun etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən Göygöl rayon Şərab Zavodu və "xxxx" MMC-yə satılmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, 23 noyabr 2012-ci il tarixdə Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş AR-İ seriyalı, 189622 nömrəli etibarnamə onun iradə ifadəsi ilə verilməmişdir. Yəni, “X14” ASC-də onun adına olan 14 ədəd adi səhmlərin alqı-satqısını və rəsmiləşdirilməsini, satmağı, satmağına dair imza etməsini, həmin səhmlərə dair Milli Depozit Mərkəzindən çıxarışın alınmasını və.s. bütün hərəkətləri etmək barədə X1 verməmiş, habelə belə bir arzusu olmamışdır. Ona görə də həmin etibarnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin nin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsində deyilir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan qeyri-müəyyən iddia tələbinə mahiyyəti üzrə baxılmışdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, etibarnamənin verilməsindən səkkiz ildən artıq müddət keçmiş, iddiaçı həmin müddətdə etibarnamənin mövcudluğundan məlumatlı olmuş, lakin buna baxmayaraq bir il ərzində etibarnamənin etibarsızlığı barədə iddia qaldırmamışdır. Məhkəmə bununla bağlı, Mülki Məcəllənin həm 354.1-ci, həm də 354.2- ci maddəsinə istinad etsə də, qətnamədən mübahisəyə məhz hansı maddədə nəzərdə tutulmuş bir illik müddətin tətbiq edildiyi aydın deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sözügedən etibarnamədən məlumatı olmaması inandırıcı deyildir. Mülki qanunvericiliyin tələbinə əsasən əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər, lakin baxılan işdə iddiaçı bu müddəti də ötürmüşdür. İfadə edilmiş əlavə əsaslandırmadan aydın olur ki, məhkəmə Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş müddətin keçməsini iddianın rədd olunmasına hüquqi əsası hesab etmişdir. Lakin baxılan iş üzrə Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində müəyyən edilmiş müddətlərin hazırkı mübahisəyə tətbiq edilməsi üçün hüquqi əsas olmamışdır. Belə ki, Mülki Məcəllənin 354.1ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarına görə, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Qeyd olunan qərara əsasən mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1- 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (Mülki Məcəllənin 337.2-ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlı kimi qalmaqda davam edir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiq oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında, həmçinin Mülki Məcəllənin 354.1-ci maddəsi ilə bağlı bildirmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət əqdin əhəmiyyətsizliyinin müəyyən edilməsi barədə iddiaya tətbiq edilmir, çünki əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyündə etibarsızdır. Bu müddət Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsassız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddətidir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş müddət iddia müddəti olduğu üçün Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən həmin müddət yalnız mübahisə tərəfinin birinci instansiya məhkəməsinin qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilə bilər. Halbuki baxılan iş üzrə cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Göründüyü kimi birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normaları – Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələri tətbiq edilmiş, iddianın mahiyyəti üzrə əsaslı olubolmadığı ilə bağlı hər hansı başqa hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiyası məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin həm 354.1-ci, həm də 354.2- ci maddəsinə istinad edərək, iddianın rədd olunması barədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, etibarnamənin verilməsindən səkkiz ildən artıq müddət keçmiş, iddiaçı həmin müddətdə etibarnamənin mövcudluğundan məlumatlı olmuş, lakin buna baxmayaraq bir il ərzində etibarnamənin etibarsızlığı barədə iddia qaldırmamışdır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd olunan tövsiyəni nəzərə alıb, birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermişdir. Ona görə də, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli 4/1305 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 23 noyabr 2012-ci il tarixli, AN-İ 189622 nömrəli etibarnamədə “İmza” qrafasında “Məmmədova” yazısı və imza X6 tərəfindən icra olunmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən verilmiş 23 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnamə İddiaçı anası X6 tərfindən imzalanmışdır. Yuxarıda da göstərildiyi kimi Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən verilmiş 23 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnamənin etibarsız hesab eilməsi ilə bağlı iddiaçı (vəkalət verən) İddiaçı başlıca dəlili ondan ibarət olmuşdur ki, etibarnamə onun iradə ifadəsi ilə verilməmişdir. Yəni, “X14” ASC-də onun adına olan 14 ədəd adi səhmlərin alqı-satqısını və rəsmiləşdirilməsini, satmağı, satmağına dair imza etmək, həmin səhmlərə dair Milli Depozit Mərkəzindən çıxarışın alınmasını və.s. bütün hərəkətləri etmək barədə X1 verməmiş, habelə belə bir arzusu olmamışdır. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bir xüsusatı qeyd edir ki, Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən verilmiş 23 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnaməni İddiaçı adından imzalayan şəxs sonuncunun anası (ailə üzvü) X5r. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 20 may 2021-ci il tarixli 33/1690 nömrəli məlumatdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ölkəyə çıxış-giriş istiqaməti üzrə məlumatlar qeydə alınmışdır. Həmin məlumatdan müəyyən olunur ki, İddiaçı 15 avqust 2011-ci il tarixdən 21 noyabr 2019-cu il tarixdək olan dövr ərzində müəyyən vaxt aralıqları ilə ümumilikdə 13 dəfə ölkə ərazinə giriş etmişdir. Bundan başqa məhkəmə kollegiyası diqqətəlayiq bir xüsusatı da qeyd edir ki, mübahisə predmeti olan etibarnamə 23 noyabr 2012-ci il tarixdə notariat ofisində təsdiqlənmişdir. İddiaçı isə həmin etibarnamənin mövcudluğundan, yəni “X14” ASC-dəki səhmlərinin başqa şəxsə satılmasından 7 il sonra xəbərdar olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, göstərilən müddət kifayət qədər uzun vaxt əhatə edir. Digər tərəfdən səhmdarın cəmiyyətin idarə edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş bir sıra hüquq və vəzifələri vardır. Bu halda iddiaçının ötən 7 il ərzində sözügedən etibarnamədən məlumatsız olması inandırıcı və ağlabatan deyil. Həmçinin kollegiya iddiaçının nümayəndəsinin 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında izahatında göstərdiyi “2019-cu ilidə məhkəmədə dividend tələbləri olmuş və həmin işə baxılan zaman iddiaçıya məlum olmuşdur ki, ona məxsus səhmlər onun xəbəri olmadan satılıb” xüsusatla bağlı qeyd ki, iddiaçının hazırkı etibarnaməni mübahisələndirməsi üçün əsas verən halları 2019-cu ildə öyrənmiş olması inandırıcı hesab edilə bilməz. Ona görə ki, kollegiyanın sorğusuna əsasən əldə edilmiş Göygöl Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(066)-552/2019 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı və X6 tərəfindən cavabdeh “X14” ASC-yə qarşı səhmlərə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən sonra verilmiş hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair 2019-cu ildə məhkəmədə iddia qaldırılmış və Göygöl Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(066)-552/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda sadalanan işin faktiki halları ağlabatan məhkəmə mühakiməsi əsasında iddiaçının mübahisə predmeti olan etibarnamədən daha da əvvəldən məlumatlı olmasına dəlalət edir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli etibarnamə səlahiyyəti olmayan şəxs tərəfindən verilsə belə, İddiaçı etibarnamənin (əqdin) mövcudluğu barədə məlumatı olduğu halda onu mübahisələndirməmiş və beləliklə etibarnamənin (əqdin) onun tərəfindən bəyənildiyini bariz şəkildə nümayiş etdirmişdir. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 3 mart 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin (əqdin) imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında da qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Beləliklə işin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən verilmiş 23 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, 3 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnamə etibarsız hesab edilmədiyindən, iddia tələbi digər hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış xətşünaslıq ekspertizası tədqiqatıın dəyəri 120 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsi yoxlanılan, yəni “iddia tələbinin Göygöl rayon Dövlət Notariat Kontorunda 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin saxta və qanunsuz olduğuna görə etibarsız hesab edilməsi, 11 il ərzində İddiaçı vurulmuş və əldən çıxmış faydası olan 40000 min manat maddi ziyanın və 20.000 min manat mənəvi ziyanın keçmiş notarius Cavabdeh2 Abuzar oğlundan alınaraq İddiaçı ödənilməsinin təmin edilməməsi” hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-362/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-362/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver