Məhkəmə qərarları › İş №2(104)-37/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-37/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-37/2024 04.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı Maraqlı şəxs2 və digərlərinəna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: faktiki nikah münasibətində olma, qohumluq münasibətinin, mirasın qəbul edilməsi, vərəsəliyin açılma yerinin müəyyən edilməsi və miras əmlaka vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Maraqlı şəxs X16 iştirakı ilə, Ərizəçi İddiaçı faktiki nikah münasibətində olma, qohumluq münasibətinin, mirasın qəbul edilməsi, vərəsəliyin açılma yerinin müəyyən edilməsi və miras əmlaka vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 fevral 2007-ci il tarixli, 2-9/2007 saylı qətnaməsindən işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində X22 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 14 avqust 2006-cı il tarixli 898 inventar nömrəli pasportdan məlum olur ki, miras mülkdəki “A” literli ev 1930-cu ildə tikilməklə ümümi sahəsi 37,6 kv.m iki yaşayış otağından və “B” literli ev isə 2001-ci ildə tikilməklə ümumi sahəsi 76,8 kv.m olan iki yaşayış otaqdan və örtülü eyvandan ibarətdir. Torpaq sahəsi sənəd üzrə 0,28 hektar, əslində 0,2276 hektardır.

2. 11 avqust 2006-cı il tarixli ********* qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli ******* seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan məlum olur ki, Şəmkir rayonun, Qapanlı kəndində 0,25 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 99,8 kv.m yaşayış, 14,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X17 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Şəmkir rayon Qapanlı kənd İƏV üzrə nümayəndənin xx.xx.2007-ci il tarixli arayışından görünür ki, ərizəçi İddiaçı X10, anası X13 olmuş və valideynlərinin vəfatından sonra miras ata mülkünün İddiaçı faktiki olaraq qəbul edərək həmin evdə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mərhum X10nun X13 ilə faktiki nikah münasibətlərində olma faktının, atası Əhəd İsmayılov və anası Ziveydə İsmayılovanın doğma oğlu olması barədə qohumluq münasibətləri faktının müəyyən edilməsi, ata-anasından miras qalmış Şəmkir Rayon Qapanlı kəndində yerləşən evə görə mirasın onun tərəfindən qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin müəyyən edilməsini, miras mülkə vərəsə tanınaraq ona mülkiyyət hüququnun verilməsi və həmin mülkə görə ona X20 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsinin DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə tapşırılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 anası X18 ilə 1928-ci ildə faktiki nikah münasibətinə daxil olaraq evlənmişdir. Valideyinlərinin faktiki nikahlarından yeddi uşaqları doğulmuşdur. X10 1976-cı ildə Şəmkir rayon Qapanlı kəndində vəfat etdikdən sonra həmin kənddə ona məxsus evi miras qalmışdır. Uşaqları və faktiki nikah münasibətində yaşadığı arvadı X18 1-ci növbə vərəsə olmuşlar. Valideynlərinin rəsmi nikahı olmadığına görə qardaş və bacılarının bəzisi ata soyadı ilə İsmayılov, bəzisi isə Quliyev kimi qeyd olunmuşdur. Özünün isə doğum haqqında şəhadətnaməsi valideynləri tərəfindən alınmamışdır. Atalarının vəfatından sonra birinci dərəcəli vərəsələri olan övladları ailə qurub ayrılmış və qardaşı Maraqlı şəxs5 hərbi xidmətə getdiyi vaxtdan Qazaxıstan Respublikasının Şevçenko şəhərində qalıb ailə qurmuş, həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. X1 özünə məxsus evdə ailəsi ilə bərabər yaşamış, xx.xx.1991-ci ilə vəfat etmiş bacıları X34 ailə qurmamış, ancaq özünə məxsus Şəmkir rayonu Kür qəsəbəsindəki evində yaşamış, X24 ailə qurmuş və hazırda ailəsi ilə birlikdə Şəmkir rayonu Kür qəsəbəsindəki ərinə məxsus evdə yaşayır, X25 da ailə qurmuş və ailəsi ilə birlikdə Şəmkir rayonu Qapanlı kəndində yerləşən evlərində yaşayır, X29 ailə qurmamış, 2003-cü ildə vəfat etmiş, vəfat edənə qədər isə Şəmkir rayonu Kür qəsəbəsində işləmiş və bacısı Maraqlı şəxs2 ilə həmin qəsəbədə yerləşən evində yaşamışdır. Atası vəfat edəndən sonra miras mülkdə anası tək qalmasın deyə ata evinə qayıdaraq anası ilə birlikdə faktiki olaraq mirası qəbul edərək təsərrüfatı birgə idarə etmişlər. Eləcədə evi təmir etdirmiş, meyvə ağaclarına qulluq etmiş, həyətyanı torpaq sahəsini becərmişdir. 1993-cü ildə anasının vəfatından sonra da miras mülkü yalnız o, faktiki olaraq qəbul edərək həmin evdə yaşamışdır. 2001-ci ildə isə miras mülkdə əlavə iki otaqlı və örtülü eyvandan ibarət yaşayış evi tikdirmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 05 fevral 2007-ci il tarixli, 2-9/2007 saylı qətnaməsi ilə (hakim X.Quliyev) iddia təmin edilərək, X23 ilə X5 faktiki nikah münasibətində olmaları faktının müəyyən edilməsi, İddiaçı mərhum X23 və X5 doğma oğlu olması, yəni qohumluq münasibətləri faktının müəyyən edilməsi, İddiaçı mərhum X23 və X3 miras qalmış, Şəmkir rayonun Qapanlı kəndində yerləşən evə görə mirası qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı həmin miras mülkə vərəsə hesab edilərək mülkiyyətçi tanınması və həmin mülkə görə İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsinin DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə tapşırılması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1243.2 və 1246-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 307.2.1, 357-365-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İşə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində X22 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, X23 onun babası, X32 onun atası, İddiaçı əmisi, X26 anası, X13 nənəsi, X29 isə onun bibisidir. X2 təsərrüfatı babasının təsərrüfatı olmaqla hazırda onun təsərrüfatındadır. X15 və nənəsi X6 adına Şəmkir rayonu Qapanlı kəndində adlarına fərdi yaşayış evləri vardır. Bu ev 1929-cu il tarixində inşa edilmişdir. X11 tək yaşamış və onun heç bir övladı olmamışdır. Tək olduğu üçün onun bütün təsərrüfatını o idarə etmiş, onun mülkiyyətində JN-486 saylı Torpağın mülkiyyət hüququna dair 0.45 ha torpaq sahəsi olmuşdur. X11 1993-cü ildə vəfat etmiş, X15 isə 1991-ci il tarixində vəfat etmiş və onun miras olaraq əmlakı onun sahibliyində olmuşdur. Birinci instansiya məhkəməsi qərarı qəbul edərkən X15nun varisləri olaraq nə onu, nə də qardaşlarını işə cəlb etməmişdir. Halbuki, atasının vəfatından sonra ona məxsus mirası o və qardaşları qəbul edərək həmin evdə yaşamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X22 məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, aasına məxsus evdə hazırda o yaşayır, əmisi İddiaçı isə öz evində yaşayır. X45 vəfat etdikdən sonra nənəsi Ziveydə İsmayılova və bibisi Əlamət İsmayılova həmin evdə yaşamışdır. Atası Məhəmməd isə başqa evdə, yəni öz evində yaşamışdır. Nənəsi vəfat etdikdən sonra bibisi Əlamət İsmayılova tək yaşamış, onun vəfatından sonra isə digər bibisi Maraqlı şəxs2 əri Mayıl ilə birlikdə həmin evdə yaşamışdır. X7 məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçi İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

14. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

15. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

16. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

17. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X17 1976-cı ildə Şəmkir rayon Qapanlı kəndində vəfatından sonra həmin kənddə yerləşən ona məxsus fərdi yaşayış evi miras qalmışdır. X23 ilə X9 faktiki nikahlarından yeddi uşaqları anadan olmuşdur. Ərizəçi İddiaçı atasının ölümündən sonra mirasın onun tərəfindən qəbul edilməsini, digər vərəsələrin mirası qəbul etməmələrini əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə ərizəni təmin etmişdir. Ərizəni təmin edərkən birinci instansiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qoyanın vəfatından əvvəl onun birinci növbə vərəsələri ailə qurub ayrılmışlar. Belə ki, Maraqlı şəxs5 hərbi xidmətə getdiyi vaxtdan Qazaxstan Respublikasının Şevçenko şəhərində qalıb ailə qurmuş, eləcədə həmin respublikanın vətəndaşlığını qəbul etmiş, hazırda da həmin ölkədə yaşayır. X12 rayonu Qapanlı kəndində öz evində ailəsi ilə birlikdə yaşamış, 23 sentyabr 1991-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs2 ailə qurmamış, ancaq özünə məxsus Şəmkir rayonun Kür qəsəbəsində yerləşən evində yaşamışdır. X24 ailə qurmuş, ailəsi ilə birlikdə Şəmkir rayonunun Kür qəsəbəsindəki ərinin evində yaşamışdır. Maraqlı şəxs3 ailə qurmuş, ailəsi ilə Şəmkir rayonu Qapanlı kəndində yaşamışdır. X29 ailə qurmamış 2003-cü ildə vəfat etmiş, vəfat edənə qədər Şəmkir rayonu Kür qəsəbəsində yerləşən və bacısı Bəstiyə məxsus evdə yaşamışdır. Ərizəçi İddiaçı isə atasının vəfatından sonra anası tək qalmasın deyə ata evinə qayıdaraq anası ilə birlikdə həmin evdə yaşamış və atasından miras qalan evi faktiki olaraq qəbul etmişdir.

30. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən maraqlarına toxunan şəxs qismində X22 apellyasiya şikayəti vermişdir.

31. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

32. Belə ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

33. İşə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində X16 apellyasiya şikayəti verməkdə məqsədi, yəni hüquqi hədəfi babasının ölümündən sonra atası Məhəmməd Quliyev tərəfindən də mirasın qəbul edilməsinə, lakin birinci instansiya məhkəməsi tərəfindən qərarı qəbul edilərkən X15nun varislərinin, yəni onun və digər qardaşlarının işə cəlb olunmaması və bunun nəticəsində onların vərəsəlik hüquqlarının pozulmasına yönəlmişdir.

34. Lakin işdən müəyyən olunur ki, miras açılarkən X16 atası, X1 yerləşən öz evində ailəsi ilə birlikdə yaşamışdır. İşin qeyd olunan bu halı Rövşən Quliyevin apellyasiya icraatı zamanı verdiyi izahatla təsdiq olunur.

35. Eləcədə, X22 izahatında nənəsinin vəfatından sonra babasından miras qalmış evdə bibisi Əlamət İsmayılovanın tək yaşadığını, onun vəfatından sonra isə həmin evdə digər bibisi Maraqlı şəxs2 əri Mayıl ilə birlikdə yaşamasını qeyd etsədə onun bu dəlilidə sübut olunmur. Belə ki, işə əlavə olunmuş 20 noyabr 2006-cı il tarixli 350 nömrəli və 24 noyabr 2006-cı il tarixli 1464 nömrəli arayışlardan müəyyən olunur ki, Maraqlı şəxs2 Şəmkir rayonu Qapanlı kəndində qeydiyyatda durmur, Şəmkir rayonu Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi 1 saylı binanın 2 saylı mənzili ona məxsusdur.

36. İşə əlavə olunmuş 01 fevral 2007-ci il tarixli 135 nömrəli arayışdan isə müəyyən olunur ki, X17 (eləcədə Ziveydə İsmayılovanın) ölümündən sonra Əhəd İsmayılovdan miras qalmış fərdi yaşayış evində İddiaçı yaşamışdır.

37. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, ərizəçinin X15 13 sentyabr 1976-cı ildə ölmüş X14, yəni atasından miras qalmış fərdi yaşayış evini nə qanun üzrə, nədə faktiki olaraq qəbul etməmişdir. Bu da bir daha onu deməyə əsas verir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri qətnamənin ləğvi üçün əsas sayıla bilməz.

38. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İşə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti verən X16 şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 05 fevral 2007-ci il tarixli, 2-9/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar