Məhkəmə qərarları › İş №2(104)-373/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-373/2025

06.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-373/2025 06.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(061)-1043/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh olan onun mülkiyyəti sayılan daşınmaz əmlakın – Tərtər rayonu, Sarıcalı kəndində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 ədəd hər birinin tutumu 5 ton olan və 1 ədəd tutumu 1 ton olan cəmi üç ədəd yanacaq çənlərinin və həmin çənlərin altında quraşdırılmış 6 ədəd beton oturacaqların onun qanunsuz sahibliyindən alınıb ona verilməsi və ödənilmiş 100 manat rüsumunun ondan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(061)-1043/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim K.Rzayev) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(061)-1043/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının qərarı ilə aqrar islahat aparılan zaman 1998-2000-ci illərdə keçmiş Narçılıq sovxozunda sovxozun balansında əsas vəsait kimi uçotda olan 2 ədəd Tərtər rayonu, Sarıcalı kəndində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, hər birinin dəyəri 500 dollar, tutumu 5 ton olan 2 ədəd və dəyəri 200 dollar, tutumu 1 ton olan 1 ədəd, cəmi dəyəri 1200 dollar olan 3 ədəd yanacaq çənləri ona satılmışdır. Bundan əlavə Düyərli kəndinin ərazisində Tərtər şəhərinə gedən asfalt yolun sağ kənarında 0,03 ha torpaq sahəsi isə 1000 manata qiymətləndirilərək ona satılmışdır və o, həmin pulu Aqrar İslahat Komissiyasının sədri vəzifəsində işləyən X2 nəğd yolla vermişdir. Pulu ödədikdən sonra yuxarıda göstərilən 3 ədəd çəni vətəndaşların köməyi ilə ona satılmış həmin 0,03 ha torpaq sahəsinə gətirib yerləşdirmişdir. Bundan sonra Yenikənd kəndində X1 6 ədəd beton oturacaq alıb, onları da X3 avtomobili ilə ona satılmış həmin torpaq sahəsinə gətirmişlər. X5 Məntəqəsi açmaq məqsədi ilə həmin çənlərin hər birinin altında 2 ədəd olmaqla, cəmi 6 ədəd beton oturacaqlar quraşdırmışlar. Bundan başqa o, 400 manat əlavə xərc çəkərək həmin çənin altına 10 avtomobil torpaq tökmüş və ekskovatorla düzləndirmə işləri aparmışdır. Bundan sonra o, həmin yerdə çənlərə dizel yanacağı tökmüş və satış etmişdir. Sonralar çənləri və bütün torpağın sənədlərini müvəqqəti olaraq idarə edilməsi üçün Tərtər rayon Düyərli kənd sakini Əjdər Abbasova 80 manat müqabilində həvalə etmişdir. Əjdər Abbasov ona nə vaxt gəlsə bütün sənədləri və çənləri ona geri qaytaracağını bildirmişdir. Hal-hazırda ona məxsus həmin yeri Əjdər Abbasovun varisi Cavabdeh işlədir və orada tikinti məhsulları satışı ilə məşğuldur. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(061)-1043/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, 1999-2000-ci illərdə həmin torpaq sahəsi ona verilmiş, 2000-ci ildən sənədləri Əjdər adlı şəxsə girov qoymuş və 80 manat pul götürmüşdür. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(061)-1043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya ******* saylı Çıxarışın surətindən görünür ki, Tərtər Rayon Düyərli kəndində 0,03396 ha sahədə yerləşən 1 mərtəbəli inzibati binanın yarımçıq tikilisi xx.xx.2014-cü il tarixdə ********** sayla Cavabdeh olunun adına sənədləşdirilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya ******* saylı Çıxarışın surətindən görünür ki, Tərtər Rayon Düyərli kəndində 0,25 ha digər təyinatlı torpa sahəsi xx.xx.2014-cü il tarixdə ********** sayla Cavabdeh olunun adına sənədləşdirilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli əmlaklar üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Eləcə də, qeyd olunan həmin əmlakların məhz ona məxsus olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Bununla da iddiaçı həmin əmlaklar üzərində sahiblik və istifadə hüququ əldə etməmişdir. Məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifada etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı Cavabdeh qarşı onun mülkiyyəti sayılan daşınmaz əmlakın – Tərtər rayonu, Sarıcalı kəndində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 ədəd hər birinin tutumu 5 ton olan və 1 ədəd tutumu 1 ton olan cəmi üç ədəd yanacaq çənlərinin və həmin çənlərin altında quraşdırılmış 6 ədəd beton oturacaqların onun qanunsuz sahibliyindən alınıb ona verilməsini xahiş etsə də, həmin tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı Tərtər rayonu, Sarıcalı kəndində yerləşən mübahisəli torpaq sahəsinin Tərtər rayon Aqrar islahat Komissiyasının qərarı ilə 1998-2000-ci illərdə keçmiş Narçılıq sovxozunda sovxozun balansında əsas vəsait kimi uçotda olan Tərtər rayonu, Sarıcalı kəndində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, hər birinin dəyəri 500 dollar, tutumu 5 ton olan 2 ədəd və dəyəri 200 dollar, tutumu 1 ton olan 1 ədəd, cəmi dəyəri 1200 dollar olan 3 ədəd yanacaq çənlərinin ona satılmasını göstərsə də, sözügedən torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən Aqrar islahat Komissiyasının müvafiq qərarını və iddia ərizəsində göstərdiyi əmlakların mövcudluğunu və həmin əmlakların cavabdehin qanunsuz istifadəsində olmasına dair birinci instansiya məhkəməsinə və məhkəmə kollegiyasına mötəbər sübut növləri təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid Rəsmiyyə Həsənovanın ifadəsini mötəbər sübut növü kimi qəbul etmir və onun ifadəsi iş materialları ilə təsdiq edilmir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(061)-1043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(061)-1043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar