Məhkəmə qərarları › İş №2(104)-378/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-378/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-378/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: şəxsin ölmüş elan edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(125)-4634/2024 nömrəli qətnaməsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. XVİ-JQ 386751 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1992-ci ildə anadan olmuş X8 ata qrafasında X19, ana qrafasında isə Ərizəçi1 kimi qeyd edilmişdir;

2. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli, 186 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X2 qəyyum təyin edilməsi qərara alınmışdır;

3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 214 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 186 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi və “Zülqərneyn” adının “Xalid” adı ilə əvəz edilməsi qərara alınmışdır;

4. AZ-İV 377559 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci ildə anadan olmuş X9 ata qrafasında X20, ana qrafasında isə X1 qeyd olunmuşdur;

5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli 3- 39/2-24/5-3359/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü AR vətəndaşı X16 xx.xx.2014-cü il tarixdə Azərbaycanı Türkiyə istiqamətində tərk etmiş və hazırkı müddətədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan informasiyalar daxil olmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992- ci il tarixdə Gəncə şəhərində anadan olmuş X8 2017-ci ilin yanvar ayının 14-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi2 qızı 06 iyul 1995-ci il tarixdə anadan olmuş X13 2014-cü ildə öz dayısı oğlu X3 ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuş, həmin ildə qızı və onun əri X27 Respublikasına qaçaq yolla getmiş və orada dini radikal dəstələrə qoşulmuşlar. Sərxan Məmmədov 2016-cı ildə İraq Respublikasının Telafər şəhərində gedən döyüşlərdə vəfat etmişdir. Daha sonra qızı Nigar Səlimova şəriət qaydalarına uyğun olaraq 2016-cı ildə ikinci dəfə Ərizəçi1 X5 ilə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuş, onların birgə nikahlarından 11 may 2017-ci ildə X6 adlı uşaqları anadan olmuşdur. X5 2017-ci ilin yanvar ayının 14-də İraqın Sincar vilayətində döyüşlər zamanı vəfat etmişdir. X13 isə halhazırda İraqda Bağdad şəhərində həbsxanadadır. Övladları xx.xx.2017-ci il təvəllüdlü X6 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasının İraqdakı səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və babası Ərizəçi2 himayəsinə verilmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 186 saylı Sərəncamına əsasən Ərizəçi2 qızı X7 övladının qəyyumu təyin olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-541/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Ərizəçi2 cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı aparatının yanında Qəyyumluq və Himayəçilik komissiyası) qarşı doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikasının İraqdakı səfirliyinin AA ******* nömrəli qayıdış şəhadətnaməsində və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 05 dekabr 2019-cu il tarixli, 186 nömrəli sərəncamında qeyd edilən məlumatlar - soyadı Səlimov, adı Zülqərneyn, ata adı Elvin, ana adı X13, doğum tarixi xx.xx.2017-ci il, doğum yeri İraq Respublikası qeyd edilməklə, doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023cü il tarixli, 214 nömrəli sərəncamına əsasən, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 05 dekabr 2019-cu il tarixli, 186 nömrəli sərəncamında qismən dəyişiklik edilərək, “Zülqərneyn” adı "Xalid” adı ilə əvəz edilmişdir. Bundan sonra nəvələrinə X21 adı ilə yeni doğum haqqında şəhadətnamə verilmişdir. Nəvələri xx.xx.2017-ci il təvəllüdlü X21 halhazırda babası Ərizəçi2 qəyyumluğu altındadır, onun bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Lakin nəvələrinin atası X8 ölməsini təsdiq edən sənəd olmadığına görə onun nəvələrinin atası olması faktının müəyyən edilməsini həyata keçirə bilmirlər və nəvələrinə ailə başçısını itirməyə görə sosial müavinət ala bilmirlər. Buna görə də X8 2017-ci ilin yanvar ayının 14-də İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

8. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X14 ifadəsində göstərmişdir ki, Elvin ağıllı övlad olmuşdur. Yeni İl ərəfəsi İraqda rəhmətə getmiş, orada dəfn olunmuşdur. Pis qruplara qoşulmuşdur. Burada yas mərasimi keçirilmişdir. Yoldaşı da olmuşdur. Orada 1 uşağı anadan olmuşdur. Hazırda nənəsi və babası Telmanın yanında qalır.

9. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X10 ifadəsində göstərmişdir ki, Elvin bacısı nəvəsidir. Yanvar ayında İraqda ölmüşdür. 1 oğlu da vardır. Uzaqda olduqlarına görə yoldaşının adı yadında deyildir. Elvini İraqda dəfn etmişdirlər. Necə öldüyünü bilmir.

10. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(125)-4634/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) ərizə təmin edilərək, xx.xx.1992-ci ildə anadan olmuş X8 ölmüş elan edilməsi; Qətnamənin qanuni qüvvəyə mindiyi gün X8 ölüm günü hesab edilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1 və 41.3-cü maddələrinə, həmçinin Ailə Məcəlləsinin 158.1, 193.2 və 194-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və xx.xx.1992-ci il il tarixdə Gəncə şəhərində anadan olmuş X8 2017-ci ilin yanvar ayının 14-də İraq Respublikasında ölmüş elan edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Ərizəçilər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Ərizəçi1 məhkəmədə şifahi vəsatət verərək İraq Respublikası məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Bağdad həbsxanasında cəza çəkən qızı X11 ilə video telefon əlaqəsi vasitəsilə izahatının alınmasını xahiş etmişdir. Lakin, məhkəmə vəsatətini təmin etməmişdir. Belə ki, Bağdad həbsxanasında cəza çəkən qızı Bayramova Zümrüd qardaşı Bayramov Elvinin öldüyünü görmüşdür və onun hansı tarixdə ölməsini dəqiq bilir. Lakin, məhkəmə bu vəsatətini təmin etməmişdir. Halbuki, Gəncə Şəhər Məhkəməsində baxılmış qəyyumluğunda olan nəvələri 14 aprel 2016-cı il təvəllüdlü X17 və 14 yanvar 2018-ci il təvəllüdlü X12 atasıSüleymanov Sadiq Arif oğlunun ölmüş elan edilməsinə dair ərizəsi üzrə 2(125)-4632/2024 saylı mülki işə baxılarkən, işə baxan hakim Bağdad həbsxanasında cəza çəkən qızım X11 ilə videotelefon əlaqəsi vasitəsilə izahatının alınmasını təmin etmişdir. İraq Respublikasının Bağdad həbsxanasında cəza çəkən qızı X4 video-görüntü vasitəsilə ifadəsini almış olsaydı X33in öldüyü tarixi dəqiq müəyyən edə bilərdi. Əgər Ərizəçi2 qəyyumluğu altında olan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X9 atası X8 ölüm günü, onun vəfat etdiyi xx.xx.2017-ci il tarixi məhkəmə qaydasında müəyyən edilərsə, nəvəsin saxlanması üçün ailə başçısını itirməyə görə müavinəti ən azı üç il əvvəlki tarixdən ala bilər. İraqdan gətirilən nəvəsi ona təhvil verilsə də və onun üzərində qəyyum təyin olunsa da dövlət tərəfindən heç bir yardım və müavinət ala bilməmişdir. Ərizəçi2 birinci qrup əlildir, hərəkət edə bilmir, heç bir yerdə işləyə bilmir. Aldığı müavinətlə ailəni saxlamaq mümkün deyildir. Nəvəsi Xalidin müalicəyə, sağlamlığının bərpasına ehtiyac vardır. Ancaq əlillik pensiyası ilə bunları qarşılamaq mümkün deyildir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qızı və gəlini İraq Respublikasının sərhədini qanunsuz keçdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, əvvəlcə ömürlük, daha sonra isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər və artıq 8 ildir ki, Bağdad şəhərində yerləşən həbsxanada cəza çəkirlər. Oğlu isə xx.xx.2017ci il tarixdə silahla vurularaq öldürülmüşdür. Bu barədə qızı ona məlumat vermişdir. Lakin, onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət edərək onun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq Ərizəçi1 bildirmişdir ki, oğlu X29 müəllimi olmuşdur. O, gedəndə heç bir müharibə olmamışdır. 2013-cü ilin noyabr ayında əvvəlcə oğlu, sonra gəlini İraq Respublikasına getmişlər. Həmin ilin dekabr ayında isə qızı kürəkəni ilə birlikdə oğlunu və ailəsini gətirmək üçün oraya getmişlər, həmin vaxt sərhədlər bağlanmışdır. 102 nəfərin barəsində cinayət işi açılmışdır. Daha sonra qızından aldığı məlumata əsasən bilmişdir ki, oğlunu öldürmüşlər. Oğlu öləndə hələ qızıgil tutulmamışdı. Kürəkəni də orada öldürülmüşdür. Kürəkəninin ölmüş elan edilməsi barədə işə baxılarkən məhkəmə iclasında hakim onun qızı ilə WhatsApp sosial şəbəkə vasitəsilə əlaqə saxlamış və nəticədə ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Hazırki işə birinci instansiya məhkəməsində baxılarkən isə qızı həbsxanada olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmamışdır. Hazırda onlarda video görüntü vardır. Hansı ki, həmin görüntüdə qızım çəkiliş edərək oğlunun öldüyü barədə məlumat verir.

16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi2 apellyasiya şikayətini müdafiə etdiyini qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq Ərizəçi2 bildirmişdir ki, kürəkəni X35 Respublikasında öldürülüb, nəvəsi isə onun himayəsinə verilib. Ərizəçi2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi1 apellyasiya şikayətini müdafiə etmiş və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq Ərizəçi1 bildirmişdir ki, 2017-ci ildə qızı ona telefonla zəng edərək həmin gün, yəni 14 yanvar 2017-ci il tarixdə oğlunun öldüyünü bildirmişdir. Qızı oğlumun vurulma anını görməyib, cənazəsini gətirəndə görüb. Həmin vaxtdan 1 il keçdikdən sonra isə qızı həbsə düşmüşdür. Nəvəsi ata babasının, yəni digər Ərizəçi2 himayəsinə verilib. Məhkəməyə təqdim etdiyi CD diskdəki video görüntüdə danışan qadın onun qızıdır. Hazırda Bağdad şəhərində türmədədir. Hadisədən sonra ev bombalanmışdır, uşağın da bədənində qəlpələr qalıb, gözünün biri görmür, əlində, ayağında problem var, yeriməsi də normal deyil. Ərizəçi1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər.

20. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

21. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır.

22. Maddə 193.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

23. Maddə 194. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

29. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

30. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.

31. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

32. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

33. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.

34. Maddə 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ərizəçi1 xx.xx.1992-ci il təvəllüdlü X8 anasıdır. Digər Ərizəçi2 isə Elvin Bayramovun qaynatasıdır. Belə ki, Elvin Bayramov Ərizəçi2 qızı Nigar Səlimova ilə ailə qurmuşdur və onların birgə ailə münasibətlərindən Xalid (əvvəlki adı Zülqərneyn) adlı uşaqları anadan olmuşdur. Bununla yanaşı müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü AR vətəndaşı X16 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş və daha ölkəyə geri qayıtmamışdır. Dövlət təhlükəsizlik orqanlarına onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan informasiyalar daxil olmuşdur. Ərizəçilər xx.xx.1992-ci il təvəllüdlü X8 2017-ci ilin yanvar ayının 14-də İraq Respublikasında ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi şəxsin ölmüş elan edilməsini müəyyən etsə də, lakin qətnamənin qanuni qüvvəyə mindiyi günü şəxsin ölüm tarixi saymışdır.

42. Hazırki iş üzrə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, ərizəçilər xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş X8 2017-ci ilin yanvar ayının 14-də ölmüş elan edilməsini tələb edir. Lakin sonuncunun həmin tarixdə ölməsinə güman etməyə əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məsələnin obyektiv həlli baxımından diqqət yetirilməli haldır ki, ərizəçilər X8 2017-ci ilin yanvar ayının 14-də öldüyünü təkidlə bildirsələr də, lakin onların deməsinə görə şəxs 2017-ci ildə İraq Respublikası ərazisində ölmüşdür və həmin zaman ərizəçilər Azərbaycan Respublikasında olmuşlar. Ərizəçi1 hazırkı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2017-ci ildə qızı ona telefonla zəng edərək həmin gün, yəni 14 yanvar 2017-ci il tarixdə oğlunun öldüyünü bildirmişdir. İşin şərh olunan halları isə ona dəlalət edir ki, «X8 2017-ci ilin yanvar ayının 14-də ölmüşdür» barədə ərizəçilərin irəli sürdüyü dəlil hər hansı sübuta və ya fakta istinadən deyil də, başqa bir şəxsin onlara verdiyi məlumata istinadla irəli sürülmüşdür.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ərizəçilər tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki video görüntü də məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, əvvəla, video görüntüdə danışığı qeydə alınan şəxs bu işdə tərəf deyildir. Bundan əlavə, həmin fərdin eyniləşdirmə məlumatları aydın deyildir və bu səbəbdən onun şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Bu halda isə, ümumiyyətlə həmin şəxsin bildirdiyi məlumatları sübut növü kimi qəbul edilməsi yolverilməzdir.

44. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

48. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, apellyasiya şikayətin dəlili sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, ərizəçilər dəlillərini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişlər.

50. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(125)-4634/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar