Məhkəmə qərarları › İş №2(104)-396/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-396/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-396/2025 30.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı əmlak tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 16 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Ayan və xx.xx.2016-cı il təvəllüdlü Aysun adlı uşaqları doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı) - 2250 manat, 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük – tana dəsti – 900 manat, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük – 800 manat, 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep – 100 manat, 583 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep – 100 manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan fantaziya qaşlı üzük – 520 manat, 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 1 ədəd ortası göz şəkilli klon – 140 manat, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü – 750 manat, ümumilikdə 5560 manat dəyərində olan 8 adda qızıl-zinət əşyalarının, 60 manat dəyərində bijuteriyanın, 2950 manat dəyərində birgə nikah dövründə alınan əşyaların 1/2 hissəsinin və 167 manat dəyərində fərdi istifadə əşyalarının, olmadıqda isə onların cəmi dəyəri 7262 manat pulun və 132 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2013-cü ildə ailə qurmuş, bu barədə Goranboy rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Cavabdeh ilə birgə nikah münasibətindən iki uşağı, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 vardır. O, 2014-cü ildən Goranboy rayonunun Qızılhacılı qəsəbəsində Musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləyir, aylıq əmək haqqı təxminən 770 manat təşkil edir. Cavabdeh isə hərbidə xidmət edir. Təxminən 2014-cü üdə o, iş yoldaşına bankdan kredit götürüb vermiş, iş yoldaşı krediti ödəmədikdə cavabdeh həmin krediti banka ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin atası Arzu Hacıyev onun maaş kartını əlindən almışdır. Müəyyən müddətdən sonra kredit tam ödənilib qurtarsa da, onun atası Arzu Hacıyev həyat yoldaşı Cavabdeh maaş kartını qaytarıb özünə verməmişdir. Arzu Hacıyev həmin maaş kartından pullar çıxarıb öz evində əsaslı təmir və yenidən qurma işləri aparmışdır. Onların isə yaşadığı ev yarımçıq və yaşayış üçün yararsız vəziyyətdə idi. Ona görə də o, X8 müraciət edirdi ki, cavabdehin maaş kartında olan vəsaitdən ayırıb onların yaşadığı ev üçün də müəyyən işlər görülsün. X8 isə kartı əlində saxlamaq üçün “hələ sizin yaşadığınız evi kimə verəcəyi məlum olmadığını” deyirdi. Ailənin, həyat yoldaşının, uşaqlarının, özünün bütün xərcləri onun əmək haqqı hesabına həll edilirdi. X2 da maaş kartının ona verilməsini təkidlə tələb edirdi. O isə bildirmişdir ki, onların yaşadığı evdə də tikinti, təmir və quruculuq işləri aparılarsa onda maaş kartını verər. X10 isə onun bu sözlərindən əsəbləşərək 2021-ci ilin iyul ayında həyat yoldaşını Cavabdeh tapşırdı ki, onu apar anasının evinə təhvil ver . Cavabdeh isə ona bildirmişdir ki, bir müddət anasının evində qalsın, atası sakitləşsin sonra gətirər. O, cavabdehin bu sözlərinə inanmış, lakin o, 4 ay anasının yanında qalmışdır. Cavabdeh 4 ay müddətində o və uşaqları ilə maraqlanmamış və zənglərinə cavab verməmiş, ailənin hər hansı bir ehtiyacını, tələbatını təmin etməmişdir. Dayısı bu məsələyə qarışaraq X8 sən bunların kartını niyə vermirsən, onları bir-birindən ayırırsan, elə isə evlərini hazırlat evlərinə çıxsınlar birgə yaşasınlar dedi. Onun anası, dayısı bu işə qarışdıqdan sonra cavabdeh ona demişdir ki, gedək sənin adına bankdan kredit götürək, evi hazırladaq və evə yığışaq. O, cavabdeh ilə gedib bankdan onun adına 7000 (yeddi min) manat kredit pul götürüb evin hazırlanması üçün cavabdehə vermişdir. Ondan sonra cavabdeh onları evə aparmış və evin tamamlama işlərini görmüşdür. X3 yenə də soyuq münasibət bəsləyirdi. Maaş kartının Arzu Hacıyevdən alınması onun gələcək faciəsi olmuşdur. Yoldaşının bibisinin oğulluğu onların ailə taksi sürücüsü idi. Cavabdeh işə, anasıgilə, həkimə gedəndə onu və uşaqları öz ailə taksisi ilə yola salırdı. Anası və o, yoldaşına Cavabdeh onları taksi ilə göndərməsin, yol maşını ilə də gedərik deyəndə cavabdeh acıqlanaraq ona deyirdi ki, “səni onunla göndərirəm, maaşımla da taksinin pulunu verirəm”. “O, mənim qohumumdu” deyirdi. Anası ona və Cavabdeh “o, nə bizim, nə də sizin qan qohumu” deyil, “sabah mənim qızıma ləkə yaxarlar” deyirdi. O, hər gün yatandan sonra səhər duranda telefonunu qoyduğu yerdə tapmırdı, ağlına da pis heç nə gəlmirdi. Yoldaşının da onun telefonu ilə maraqlanması onu narahat etmirdi. O, telefonuna baxanda görmüşdür ki, Xəyaldan ona, onun telefonundan Xəyala SMS göndərilmiş və qəbul edilmişdir. O, cavabdehə demişdir ki, “sən mənim telefonumdan Xəyala SMS yazmısan?” Cavabdeh isə ona “yazmamışam” demişdir. xx.xx.2022-ci ildə anası onu X16 xəstəxanasına cərrahiyyə əməliyyatına aparmışdır. xx.xx.2022-ci il tarixdə əməliyyatdan sonra evə gəlmiş, ağrıları çox olduğu üçün axşam tez yatmışdır. Gecə 3-ə qalmış Cavabdeh onu cərrahiyyə əməliyyatı keçirmiş, ağrıyan bir insanı oyadaraq vicdansızcasına döymüşdür. “Sən Xəyalla mesajlaşırsan” demişdir. Cavabdeh o yatdığı vaxt ərzində onun telefonu ilə Xəyala mesaj yazmış, onun isə Xəyala nə cavab verdiyi haqqında məlumatı yoxdur və Taleh onu günahlandırmaq üçün belə bir şər, qurama iş görmüş, onu heç nədən döymüş, sonra onu atası Arzu Hacıyevin maşını ilə anası evinə aparmışdır. Həmin gündən xx.xx.2022-ci il tarixdən o, həmin evə qayıda bilməmişdir. Onun telefonu, onun və uşaqların bütün sənədləri, onun və uşaqlarının fərdi istifadə əşyaları, bütün əmlak və əşyaları hamısı Cavabdeh qalmışdır. O isə heç bir günahı olmadığı üçün ötüb keçər deyə heç bir yerə şikayət ərizəsi verməmişdir. Cavabdeh özü sonradan ona etiraf etmişdir ki, “mən sənin telefonunla Xəyalla müəyyən vaxtlarda mesajlaşırdım”. Talehin dediyinə görə onun adı ilə, onun telefonunda öz nömrəsinə Xəyalın şəkilini qoyaraq öz telefonunla mesajlaşıb. Bu onunla sübut olunur ki, Taleh özü onun telefonu ilə mesajlaşıb. Əgər o belə iş törətmiş olsaydı Cavabdeh çoxdan bu nə mesajdı deyə onun üstünə gələrdi. Avqustun 16-sı günü Taleh onun profilə şəklini qoymuş status paylaşmış və onun adı ilə cümlələr paylaşaraq, ona böhtan atmış, onu el, camaat arasında biabır etmək, nüfuzdan salmaq məqsədi ilə şər əməllər törətmişdir. O, avqust ayının 17-i Talehin belə qurama paylaşımı ilə bağlı Goranboy rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalan cavabdehin valideynləri və öz valideynləri tərəfindən ona hədiyyə edilmişdir və ona məxsusdur. Lakin qeyd etdiyi kimi hələ də həmin əşyalar ona qaytarılmamışdır. Qeyd olunan bütün əşyaların hamısı hazırda da cavabdehin evindədir. Bunlardan başqa, birgə nikah dövründə 5 (beş) adda əşyalar, əmlaklar alınmışdır. Onların 1/2 hissəsi ona məxsusdur. Bütün bu əşyaların cəmi dəyəri 7262 manat təşkil edir. Həmin əşyalar cavabdeh tərəfindən ona geri qaytarılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları ailə həyatı dövründə daim iddiaçının istifadəsində, sahibliyində və sərəncamında olmuş və hazırda da özündədir. Belə ki, iddiaçı ilə o, sonuncu dəfə 2022-ci ilin iyul ayının 14-də ayrılmış, həmin vaxtdan öncə də onlar ayrılmışlar, 4 ay ayrı yaşamışlar, həmin vaxt iddiaçı özünə məxsus bütün əşyalarını özü ilə anası evinə aparmışdır. Onlar yeni evə köçmüş və iddiaçı birbaşa yeni evə gəlmişdir. Yeni evə gəlişində iddiaçı qızıl əşyalarını özü ilə gətirməmiş və anası evində qaldığını bildirmişdir. 7 ay birlikdə yaşadıqları dövrdə iddiaçı heç vaxt qızıl-zinət əşyalarını taxmamış və həmin əşyalar üzərində olmamışdır. Bundan başqa iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı kolye dəsti əslində 12 qram çəkidə olmuş, brilliant olmamış və 1090 manata alınmışdır, həmin dəstə kolye, qolbağ, sırğa və üzük daxil olmuşdur. İddiaçıya məxsus ayrıca qızıl sırğa-üzük dəsti olmamışdır. Bundan başqa 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı üzük – tana dəsti əslində belə bir əşya olmamışdır. Bundan başqa 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük cavabdehin xalası tərəfindən iddiaçıya bağışlanmış, qiyməti 320 manat olmuşdur. Hazırda iddiaçının özündədir. Bundan başqa 583 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep övladı Ayana məxsusdur, hazırda uşağın boynundadır və uşaq onun himayəsindədir. Bundan başqa 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə nazik sep ümumiyyətlə mövcud olmamışdır. Bundan başqa 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 2 ədəd ortası göz şəkilli klongöz muncuğu klonu bir ədəd olubdur. Övladı Ayanın istifadəsindədir. Bundan başqa 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan fantaziya qaşlı üzüyün mövcudluğundan onun məlumatı yoxdur. Bundan başqa 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü brilliant qaşlı olmayıbdır, 5 qram adi qızıldan hazırlanmış üzükdür və hazırda iddiaçının özündədir. Bundan başqa iddia tələbində qeyd edilən birgə nikah dövründə alınan əşyalardan 2 adda 1350 manat dəyərində olan soyuducu və “Evrolux” qaz peçinin iddiaçıya verilməsinə onun etirazı yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin qızıl-zinət əşyaları hissəsində rədd edilməsi, birgə nikah dövründə alınan əşyalardan soyuducu və “Evrolux” qaz peçinin isə iddiaçıya verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(045)- 29/2024 nömrəli iş üzrə qəbul etdiyi 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı) (2250 manat), 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük – tana dəsti (900 manat), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük (800 manat) və 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü (750 manat), olmadıqda isə onların cəmi dəyəri 4700 (dörd min yeddi yüz) manat məbləğində pulun, həmçinin birgə nikah dövründə alınmış əşyalardan soyuducu (1000 manat) və “Evrolux” qaz peçi (350 manat), olmadıqda isə onların cəmi dəyəri 1350 manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında cavabdeh tərəf iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük və 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyünün mövcudluğunu tam inkar etməsə də, lakin həmin qızıl-zinət əşyalarının iddia ərizəsində qeyd olunduğu çəkidə, ölçüdə və dəyərdə olmadığını, eyni zamanda həmin əşyaların iddiaçının özündə olduğunu, bundan başqa tələb olunan digər qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəsti, 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep və 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 1 ədəd ortası göz şəkilli klonun ümumiyyətlə mövcud olmadığını iddia edərək buna dair etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibətdə bildirir ki, qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzük və 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəstinin mövcudluğu və dəyəri iddiaçının təqdim etdiyi fotoşəkillər, “CD” disk və mütəxəssis rəyi ilə təsdiq olunduğu halda, digər qızıl-zinət əşyaları 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep və 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 1 ədəd ortası göz şəkilli klonun mövcudluğu isə məhkəmə iclasında sübuta yetirilməmişdir. Ona görə də, 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzük və 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəstinin mövcudluğu işin mübahisəsiz halı, həmin qızılların hazırda kimdə olması isə işin mübahisəli halı kimi müəyyən edilməlidir. Odur ki, mövcud qızıl-zinət əşyalarının kimdə olmasının müəyyən edilməsinə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla qanunauyğun qiymət verilməlidir.Məhkəmə işin hallarına qiymət verərkən iddiaçının gəlin köçdüyü cavabdehin evindən sonuncu dəfə münaqişəli vəziyyətdə getməsi və daha sonra cavabdehlə münasibətləri kəskinləşdiyi üçün həmin evə qayıtmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının belə bir şəraitdə özü ilə hər hansı qızıl-zinət əşyalarını aparması ağlabatan mühakimə hesab oluna bilməz. Məhkəmə tərəfindən cavabdehin qızıl-zinət əşyalarının onda olmasını təkzib etməsi özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirilir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzük və 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəstinin İddiaçı olması işin faktiki halları və məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə qismən təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 225.1, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.1, 32.2.2, 36.3, 37.1, 37.2-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı qeyd etdiyi qızıl-zinət əşyalarını və özünə məxsus diplomu özü ilə valideynləri yaşadığı ünvana aparmışdır, cavabdeh hərbiçi olduğu üçün məhkəmə cavabdehin xidmət etdiyi hərbi hissəyə məhkəmə iclası barədə heç bir məlumat verməmişdir, məhkəmə iclas zalında iddiaçının hansı ünvanda cavabdehlə yaşaması və hansı vaxtda və necə valideynlərinin yaşadığı ünvana getməsi qeyd edilməmişdir, onlar neçə ildir ki, ayrı ünvanda kirayədə yaşayırdı, iddiaçı qızıl-zinət əşyalarını işə gedən vaxt evə girib oğurlayarlar deyə anasına verməsi əyani sübutdur, lakin cavabdehin etibarnamə üzrə nümayəndəsi bu faktların araşdırılmasını bildirsə də heç bir araşdırma olmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın qismən təmin olunması ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və o, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin qızıl-zinət əşyalarına münasibətdə təmin edilməsi hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldəetdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlarınümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü Ayan və xx.xx.2016-cı il təvəllüdlü Aysun adlı 2 övladları olmuşdur. Ailə qurduqdan sonra iddiaçı cavabdeh olan ərinin valideynlərinin yaşadığı Goranboy rayonu, Qızılhacılı kəndində yerləşən ünvana gəlin gəlmiş, həmin ünvanda yaşamışdır. 2021-ci ilin iyul ayında ailədə olan söz-söhbət səbəbindən cavabdeh iddiaçını onun valideynlərinin evinə aparmışdır. Təxminən 4 aydan sonra tərəflər barışmış və iddiaçı, cavabdehin təmir etdiyi Goranboy rayonu, Qızılhacılı kəndində yerləşən yeni ünvanda yerləşən evə gəlmiş, cavabdehlə birlikdə həmin ünvanda yaşamışdır. 2022-ci ilin iyul ayının 13-dən 14-ə keçən gecə cavabdeh iddiaçını xəyanətdə günahlandıraraq onu atası Arzu Hacıyevin avtomobili ilə iddiaçını anası evinə aparmışdır. Həmin vaxtdan tərəfər faktiki ayrı yaşamış, iddiaçı, cavabdehlə yaşadığı ünvana qayıtmamışdır. Goranboy Rayon Məhkəməsinin 2(045)-52/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Yuxarıda qeyd olunan bu faktları hər iki tərəf qəbul etdiyindən, Məhkəmə həmin halları işin mübahisə edilməyən hallan kimi qəbul edərək araşdırmamışdır. Hazırda apelyasiya baxışının predmeti olan qızıl-zinət əşyalarının (750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı) (2250 manat), 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük – tana dəsti (900 manat), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük (800 manat) və 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü (750 manat)) qeyd olunan çeşiddə, qiymətdə və sayda toy ərəfəsində iddiaçıya hədiyyə olunması da tərəflər arasında mübahisə doğurmur. Mübahisə doğuran hal, həmin qızıl-zinət əşyalarının kimdə olmasıdır. İddiaçı bildirir ki, cavabdehlə birgə yaşadığı ünvandan, cavabdeh tərəfindən döyülmüş vəziyyətdə valideynlərinə aid evə aparılmış, həmin qızıl-zinət əşyaları isə cavabdehdə qalmışdır. Cavabdeh isə tələb olunan əşyalarının oğurlanması ehtimalı olduğu üçün iddiaçı tərəfindən öz anasına saxlanca verildiyini bildirmişdir. Məhkəmə, tərəflər arasında mövcud olan mübahisənin həlli ilə bağlı qeyd edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən toy zamanı çəkilmiş fotoşəkilləri və video görüntüləri əks etdirən CD-ləri məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə apellyasiya şikayətində ifadə ifadə olunmuş dəlilərinin əsası kimi heç bir sübut təqdim etməmişdir. Belə olan halda, sübutetmə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf mübahisəli qızıl əşyalarının iddiaçı tərəfindən aparıldığını heç bir mötəbər mənbədən əldə edilmiş sübutlar vasitəsi ilə sübut edə bilməmişdir. Rayon Məhkəməsində şahid qismində dindirilmiş X4 və X5 ifadələrində 2022-ci ilin iyul ayında cavabdeh tərəfindən gecə vaxtı anasının evinə gətirilən iddiaçının ev paltarında olduğunu, iddiaçının özü ilə qızıl-zinət əşyalarını gətirmədiyini göstərmişlər. Cavabdehin təşəbbüsü ilə dindirilən X6 isə ifadəsində göstərmişdir ki, iş üzrə tərəflər ilk dəfə ayrıldıqları vaxt (iyul 2021-ci il) iddiaçı özünə aid bütün əşyaları valideynlərinin evinə aparmışdır. Məhkəmə şahid ifadələrinə qiymət verərək bildirir ki, şahid qismində ifadə vermiş şəxslər iş üzrə tərəflərin qohumlarıdır və işin nəticəsində maraqlıdırlar. Lakin bununla yanaşı Məhkəmə qeyd edir ki, 2022-ci ilin iyul ayında baş vermiş hadisəni zidiyyətsiz təsvir edən X4 və X1 ifadələri daha inandırıcıdır. Çünki gecə vaxtı döyülmüş vəziyyətdə cavabdeh tərəfindən yaşadığı evdən çıxarılaraq, valideylərinin evinə gətirilən iddiaçının özü ilə qızıl-zinət əşyalarının götürülməsi mümkün deyil. Bundan başqa, tərəflərin məhkəməyə verdikləri məlumatlara əsasən məlum olur ki, 2021-ci ilin iyun ayında da iddiaçı yaşadığı evi könüllü tərk etməmiş, iddiaçı cavabdeh tərəfindən valideynlərinin yaşadığı evə gətirilmişdir. Bu vəziyyətdə də iddiaçının özünə aid əşyaları, o cümlədən qızıl-zinət əşyalarını götürməsi inandırıcı deyil. Eyni zamanda cavabdeh apellyasiya baxışının məhkəmə iclasında bildirmişdir ki, sonuncu dəfə iddiaçını valideynlərinin evinə aparanda iddiaçı həqiqətən özü ilə heç bir əşyasını götürməmiş və paltarlarını sonradan qohumları vasitəsi ilə aparmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən özü ilə aparılması və (və ya) anasına saxlanca verilməsi faktını sübuta yetirə bilməmişdir. Belə olan halda hesab edilməlidir ki, mübahisəli qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apelyasiya baxışının predmeti olan hissədə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia tələbi əsaslıdır. Rayon Məhkəməsi həmin tələbi təmin etməklə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər bir dəlil isə - Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı barədə onun xidmət etdiyi hərbi hissəyə məlumat verməməsidir. Bununla bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsi işə baxılmasının yeri və vaxtı barədə cavabdeh tərəfi lazımi qaydada məlumatlarndırmış, cavabdeh də məhkəmə iclasında iştirak edərək izahat verərək, iddiaya etiraz etmişdir. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili formal mülahizəlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Goranboy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2024cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar