Məhkəmə qərarları › İş №2(104)-530/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-530/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-530/2025 30.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-3352/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları Ərizəçinin oğlu X9 xx.xx.2008-ci il tarixdə doğulmuş və onun doğumu Ağdam Rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. O, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Kamandar kəndi ərazisində yerləşən otlaq sahəsində heyvanlarını otararkən ildırım vurması nəticəsində ölmüşdür. Sonuncunun ölümü ilə bağlı Şəmkir Rayon Prokuroruğunda araşdırma aparılmış və Şəmkir Rayon Prokuroruğunun 02 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Meyitə baxış protokolunda X2 müytinin döş qəfəsəsinin ön səthibdə 25x20 sabtimetr ölçüdə qeyri-müəyyən formalı, xəritə şəkilli yanıq izinin olması göstərilsə də cinayət işinin rədd edilməsi barədə qərarda meyitin yarılması və müayinə aparılmasına dair qeyd mövcud deyildir. Bundan sonra ərizəçi oğlunun ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsası ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ərizəçi Şəmkir Rayon X5 Hüquqi Şəxsinə müraciət etmiş və sonuncunun müraciətinə bildirilmişdir ki, X6 xəstəxana tərəfindən ölüm haqqında şəhadətnamənin verilmədiyini və bu səbəbdən ölüm haqqında tibbi arayışın veilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi birinci instansiyası məhkəməsinə (maraqlı tərəf - Maraqlı şəxs) ərizə ilə müraciət edərək, 06 oktyabr 2008-ci ildə Tovuz rayonunda doğulmuş mərhum oğlu X2 25 avqust 2024- cü il tarixdə Şəmkir rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonu Qullar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Kamandar kəndində yaşayır. X3 ilə faktiki evlənməklə nikahlarını rəsmiləşdirməmişlər. Birgə ailə həyatından xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və 06 oktyabr 2008-ci il təvəllüdlü İlham adlı övladları doğulmuşdur. Rəsmi nikahları olmadığından, həmçinin qanunu bilmədiklərindən atalığın müəyyən edilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etmədiklərindən övladımın soyadı onun soyadı ilə yazılmışdır. 25 avqust 2024-cü il tarixdə övladı X1 rayonu Kamandar kəndi ərazisində yerləşən otlaq sahəsində heyvanlarını otararkən ildırım vurması nəticəsində vəfat etmişdir. Oğlu İlham vəfat etdikdən sonra polis şöbəsinin və prokuroluq əməkdaşları evlərinə gəlmişlər. Meyiti və hadisə yerini onun iştirakı ilə müayinə edən zaman övladı artıq yanıb qurumuş vəziyyətində olduğundan daxili müayinəni apara bilməmişlər. X18 rayonunda vəfat etmiş və Şəmkir rayonu Sarıtəpə kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt oğlunun meyiti yarılmadığından onun ölümü barədə tibbi sənədlər verilmədiyindən o, mərhum oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan müvafiq sənədləri təqdim etmədiyindən mərhum övladının ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-3352/2024 nömrəli qərardadı ilə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonu Sarıtəpə kəndində yaşamış X4 ildirım vurması nəticəsində ölməsi Şəmkir Rayon Prokuroruğunda araşdırılaraq 02 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə təsdiq edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, göstərilən ildirım vurması hadisəsindən sonra X8 X17 Stansiyasının həkimləri tərəfindən müayinə edilmiş və soncunun öldüyünü təsdiq etmişlər Ərizəçi oğlu X2 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonunda vəfat etməsi faktının müəyyən edilməsi dair ərizəsinə xüsusi icraat qaydasında baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə hazırki mübahisə ilə bağlı Şəmkir Rayon Prokuroruğunun 02 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını müvafiq icra hakimiyyəti orqanına (Maraqlı şəxsnə) təqdim etməklə müraciət etmək, əsassız imtina edildiyi təqdirdə həmin quruma qarşı inzibati icraat qaydasında ərazi üzrə müvafiq inzibati məhkəməyə iddia qaldırmaq hüququnun olduğu izah edilməlidir. Birinci instansiyası məhkəməsi mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 3 nömrəli qərarının 1.2, 1.3, 4.8, 9, 9.1, Ailə Məcəlləsinin 193.1, 194 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin istinadən əsaslandırmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-3352/2024 nömrəli qərardadından şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(013)-3352/2024 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri a) Qərardaddan şikayətinin dəlilləri O, tibb müəssisəsinə müraciət etdikdə oğlu X6 ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün onun meyiti üzərində patoloji-anatomik yarılma aparılmasının məcburi olduğu, həmin yarılmanın isə mümkün olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. O, Tibb Müəssisəsinə müraciət etmiş və ona Qanunun tələbləri izah edilərək, oğlunun ildırım vurması nəticəsində yanması onun meyiti üzərində patoloji-anatomik yarılma aparılmasının mümkün olmadığı ölüm haqqında tibbi şəhadətnamə verilməsinin qeyri-mümkün olduğu bildirilmiş və bu barədə müvafiq sənəd verilmişdir. O, də həmin sənədi ərizəyə əlavə etmişdir. Hazırki vəziyyətdə ərizənin icraata qəbulundan imtina edilməsini əsassız hesab edir. Belə ki, o, lazımi sənədləri ala bilmədiyinə dair sübutlarını ərizəyə əlavə etmişdir. “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikas Qanununun 41-ci maddəsinin tələbindən də göründüyü kimi patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər. Beləliklə, yuxarıda göstərilən hallarda pataloji-anatomik yarma aparılmadan ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi qeyri-mümkündür. Digər hallarda patoloji-anotomik yarma aparılmadan (ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin xahişi ilə) ölüm haqqında tibbi şəhadətnamə verilə bilər. Onun mərhum oğlu X9 yanaraq öldüyündən Qanununun tələbinə uyğun olaraq müvafiq tibb müəssisəsi onun meyitinin patoloji-anatomik yarmanın məcburi olması səbəbindən hazırda ona ölüm haqqında tibbi şəhadətnamə verə bilmir. b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Tətbiq edilən hüquq “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunu Maddə 39. İnsanın ölüm anının müəyyən edilməsi İnsanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyə Maddə 41. Patoloji-anatomik yarma Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patolojianatomik müayinə aparılmaya bilər. Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 3 nömrəli qərarı 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı ərizə və ona əlavə edilmiş sənədlərlə müəyyən edildiyi kimi ərizəçinin oğlu X9 xx.xx.2008-ci il tarixdə doğulmuş və onun doğumu Ağdam Rayon Qeydiyyat şöbəsinə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. O, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Kamandar kəndi ərazisində yerləşən otlaq sahəsində heyvanlarını otararkən ildırım vurması nəticəsində ölmüşdür. Sonuncunun ölümü ilə bağlı Şəmkir Rayon Prokuroruğunda araşdırma aparılmış və Şəmkir Rayon Prokuroruğunun 02 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Materiala əlavə edilmiş meyitə baxış protokolunda X2 müytinin döş qəfəsəsinin ön səthibdə 25x20 sabtimetr ölçüdə qeyri-müəyyən formalı, xəritə şəkilli yanıq izinin olması göstərilsə də cinayət işinin rədd edilməsi barədə qərarda meyitin yarılması və müayinə aparılmasına dair qeyd movcud deyildir. Bundan sonra ərizəçi oğlunun ölümünü qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsası ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ərizəçi Şəmkir Rayon X5 Hüquqi Şəxsinə müraciət etmiş və sonuncunun müraciətinə cavab olaraq bildirilmişdir ki, X6 xəstəxana tərəfindən ölüm haqqında şəhadətnamənin verilmədiyini və bu səbəbdən ölüm haqqında tibbi arayışın veilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsinin ölümün qeydə alınması ilə bağlı qeydiyyat orqanına müraciət ediməsi və tələbinin təmin edilməyəcəyi təqdirdə inzibati məhkəmə icraatı qaydasında iddia irəli sürülməli olmasına dair dəlilləri əsassızdır. Belə ki, istinad olunan qanunvericilik aktlarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarının tələblərinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin oğlunun ölməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamə mövcud deyildir. Belə olan halda ərizəçinin oğlunun ölməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamə mövcud olmadığından qeydiyyat orqanları tərəfindən ölümün qeydiyyatının aparılması və müvafiq akt qeydinin tərtib olunması mümkün deyildir. Qeydiyyat orqanının bununla bağlı imtinası mövcuddur və inzibati məhkəmələr tərəfindən inzibati orqanın hərəkət və ya hərkətsizliyinin qanuniliyinin araşdırılması aparılır ki, hazırki iş üzrə ölüm haqqında tibbi şəhadətnamə mövcud omadığından inzibati orqanın ölümün qeydiyyatından imtinası qanunidir. İnzibati orqanın hərkətlərinin qanuni olduğu halda isə sonuncunun üzərinə hər hansı hərəkətin edilməsi ilə bağlı öhdəliyin qoyulmasından sönbət gedə bilməz. Belə olan halda ərizəçinin öğlunun ölümünün dövlət qeydiyyatına alınması üçün görüləcək qanuni tədbirləri tükənmiş olur ki, qanunvericliyin tələblərinə əsasən ölümün dövlət qeydyyatı mütləq aparılmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinad edərək iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunduğu kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçinin hazırki müraciətinə ümumi (rayon, şəhər) məhkəmə tərəfindən baxılmalıdır. Bu səbəbdən də Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 3352/2024 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-3352/2024 nömrəli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-3352/2024 nömrəli qərardadı ləğv edilsin və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar