Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-590/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: cehiz əşyaların mənzildən çıxarılması, mənzilə köçürülmə) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Qazax şəhəri, Nərimanov küçəsi, 90 nömrəli kvartaldan 500 kv.metr həyətyanı torpaq sahəsi Qazax rayon ZDS icraiyyə komitəsinin 31 iyul 1967-ci il tarixli 17 nömrəli icrakom iclasının protokolu əsasında İddiaçı (atası X3 verilmişdir. X5 xx.xx.2006-cı ildə ölmüşdür. Ölümündən sonra üç nəfər olmaqla birinci dərəcəli vərəsələri qalmışdır – arvadı Tahirə Sarıyeva, oğlu Zahid Sarıyev (cavabdehin əri) və digər oğlu olan iddiaçı. Camal Sarıyev sağlığında qanuni gözləntisi olan mübahisəli mənzili dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçirməmişdir. Mübahisəli mənzilə dair vərəsəlik işi 2021-ci ildə açılmış, notariusun ərizəsi əsasında həmin mənzilə dair Camal Sarıyevin adına xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. X10 (cavabdehin əri) xx.xx.2021-ci ildə notariat kontoruna müraciət edərək, atasından qalmış mirası altı ay ərzində qəbul etmədiyini, gələcəkdə də məhkəmə qarşısında müddətin bərpası ilə əlaqədar iddia qaldırmayacağını göstərmişdir. X8 (iddiaçının anası) və iddiaçı, X1 vərəsələri qismində tanınmış və bu barədə vərəsəlik haqqında şəhadətnamə tərtib edilmişdir. X8 xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında ona çatan miras payını iddiaçıya bağışlamışdır. Vərəsəlik haqqında şəhadətnamə və sözügedən müqavilə əsasında ünvan 1 ünvanda 0,0472 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 06 avqust 2021-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı X10 ilə 2000-ci ilin əvvəllərində faktiki, 10 sentyabr 2002-ci il tarixdən isə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü Əsmayə və xx.xx.2008-ci il təvəllüdlü Cansu və Aysu adlı qızları anadan olmuş, sonradan Aysu vəfat etmişdir. Cavabdeh iddiaçının qardaşı ilə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra mübahisəli ünvana köçmüş, özünə məxsus cehiz əşyalarını da həmin mənzilə yerləşdirmişdir. Lakin qısa müddətdən sonra ailəvi şəkildə daimi olaraq yaşamaq məqsədilə Türkiyə Respublikasına köçmüş, 2013-cü ilə qədər orada fasiləsiz yaşadıqdan sonra mübahisəli mənzilə qayıdaraq yaşamağa davam etmişdir. Cavabdehin əri X16 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin tarixdən də həbsə alınmışdır. Cavabdeh 2022-ci ilin iyul ayında iddiaçı tərəfindən mənzildən çıxarılmış, çıxarıldıqdan sonra azyaşlı qızı Cansu ilə birlikdə Qazax rayonu, Qarapapaq kəndində ümumi birgə adına olan torpaq sahəsində yerləşən (valideynlərindən miras qalmış) evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının - divar mebeli, taxtadan istehsal olunmuş yataq çarpayısı, 1 dəst yorğan-döşək, 1 ədəd paltaryuyan maşın, 1 ədəd televizor, stol-stul dəsti, 1 ədəd soyuducunun mülkiyyətində olan yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qardaşı ilə evlənərkən özünə məxsus cehiz əşyalarını ona məxsus evə gətirmiş, sonradan Türkiyə Respublikasına köçərək uzun müddət orada yaşamışlar. Hal-hazırda qardaşı azadlıqdan məhrumetmə növündə cəza çəkir, cavabdeh isə atası evində yaşayır. Cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətində olan evdə yerləşməsi həmin evdən sərbəst formada istifadə etməsinə ciddi problemlər yaradır. Bir sözlə həmin ev üzərindəki hüquqlarının pozulmasına səbəb olur. Dəfələrlə cavabdehə könüllü olaraq cehiz əşyalarını çıxarması tərəfindən təklif olunsa da o, (cavabdeh) həmin əşyaların çıxarılmasından boyun qaçırmışdır. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək himayəsində olan azyaşlı uşağı 09 sentyabr 2008-ci il təvəllüdlü X9 ilə birlikdə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinin yardımçı sahələrindən (hamam. tualet və s.) də istifadələri mümkün hesab edilməklə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X10 ilə 2000-ci ilin yanvar ayında ailə quraraq həmin tarixdə onun valideynlərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçərək, orada yaşamışlar. Hazırda cavabdeh İddiaçı tərəfindən evin qıfılı dəyişdirilərək onu və uşağı 09 sentyabr 2008-ci il təvəllüdlü Cansu Sarıyeva ilə evdən qovulanadək, yəni 2022-ci ilin iyul ayının axırınadək həmin evdə yaşamışlar. Bu gün də bütün cehiz əşyaları həmin evdədir. Cavabdeh onları həmin evdən istifadə etməyə imkan vermir. Onların başqa yerdə yaşamağa yerləri yoxdur. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qazax Rayon Məhkəməsinin 2(023)-1311/2022 nömrəli, 2022-ci il 1 dekabr tarixli qətnaməsi ilə (Hakim: Fəxri Məmmədov) ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi daşınmaz əmlak cavabdeh Hafiz Sariyevin mülkiyyətindədir. İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehin ailə üzvü sırasına daxil deyildir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq hüququ yoxdur. İddiaçı evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq cehiz əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.4-cü maddəsinə, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, prosessual hüquq norması kimi isə Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normasının pozulması və düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Belə ki, o mübahisəli mənzilə 2000-ci ilin yanvarında gəlin köçmüşdür, 2022-ci ilin iyun ayında iddiaçı qapını bağlayıb onları evdən qovmuşdur. Buna baxmayaraq, məhkəmə iş üzrə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Halbuki o, həmin mənzilə yanvar 2000-ci il tarixdə evin sahibi Camal Sarıyevin razılığı ilə gəlin köçərək həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən istifadə hüququ yaranmışdır. Sonradan 2021-ci il tarixdə həmin ev X1 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır, daha sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Beləliklə də, 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun həmin evdən istifadə hüququ dəyişməmişdir. X2 2(104)-708/2023 nömrəli, 2023-cü il 17 aprel tarixli qətnaməsi ilə (Hakimlər: Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbi barədə iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh ilk iddia üzrə iddiaçının qardaşı ilə 2000-ci ilin yanvar ayında faktiki evlənməklə, gəlin kimi ilk iddia üzrə iddiaçıya sonradan məxsus olan fərdi yaşayış evinə gəlin köçərək birlikdə yaşamışlar, cehiz əşyalarını da həmin evə gətirərək 2002-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra, Cavabdeh iddiaçının qardaşı ilə Türkiyə Respublikasına müvəqqəti köçərək bir müddət orada yaşamışlar. Cavabdeh iddiaçıya məxsus evi müvəqqəti tərk etsə də, ona məxsus olan və iddia ərizəsində göstərilən cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdeh sonradan yenə də həmin evdə ailəsi ilə birlikdə 2022-ci ilin iyul ayının axırınadək yaşamışlar. İddiaçı tərəfindən evin açarı dəyişdirilərək cavabdeh 09 sentyabr 2008-ci il təvəllüdlü uşağı Cansu Sarıyeva ilə evdən qovulmuşlar. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli evə gəlin köçən zaman həmin ev özbaşına tikili olmuş, yalnız xx.xx.2021-ci ildə X1 adına qeydiyyata alınmışdır. Bundan sonra həmin ev vərəsəlik üzrə İddiaçı adına keçmiş və sonuncunun mübahisəli evə dair xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydə alınmış və bu barədə ona **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin yanvar ayında Cavabdeh mübahisəli evə gəlin köçməsi ilə yarandığına və mübahisə olunan ev həmin vaxt müvafiq dövlət qeydiyyatına alınmadığına görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (köhnə redaksiyada) maddələrinə uyğun olaraq həll edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Konstitusiyası 13-cü (İ hissə), 29, Mülki Məcəllənin 152.1, 157.4, Mənzil Məcəlləsinin (köhnə redaksiya) 53.3, 54.1, 54.3, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya instansiya məhkəməsində icraat İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi və ya işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi yaranmış hüquq münasibətinin Mənzil Məcəlləsinin (köhnə redaksiyada) maddələrinə uyğun olaraq həll edilməli olduğu barədə yanlış qənaətə gəlməklə, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Hazırki mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları əsasında həll olunmalıdır. Məhkəmə kollegiyası cavabdehin onun ailə üzvləri sırasına daxil olub-olmaması məsələsini müəyyən etməli olduğu halda, bunu etməmişdir. Cavabdeh onun ailə üzvü olmadığından mübahisəli evdə yaşamaq hüququ yoxdur. Digər tərəfdən, cavabdeh onun qardaşı ilə evlənərkən yaşayış evi özbaşına tikili olmuşdur. Həmin ev üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alındıqdan sonra yaranmışdır. Həmçinin cavabdeh qardaşı ilə evləndikdən qısa müddət sonra Türkiyəyə getmiş ən azı 13 il orada daimi yaşamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3242/2023 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Mehparə Əhmədova, hakimlər Eışad Şamayev və Vüqar Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 17 aprel tarixli 2(104)- 708/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, evin mülkiyyətçisidir. Cavabdeh onun qardaşı X7 arvadıdır. Onlar evlənərkən Cavabdeh özünə məxsus cehiz əşyalarını ona məxsus evə gətirmiş, sonradan Türkiyə Respublikasına köçərək uzun müddət, yəni 2000-2013-cü illərdə orada, Türkiyədən qayıdandan sonra isə anası evində yaşamışlar. Hal-hazırda qardaşı X10 azadlıqdan məhrumetmə növündə cəza çəkir, cavabdeh isə anası evində yaşayır. Cavabdehə məxsus cehiz əşyalarını mülkiyyətində olan evdə yerləşməsi həmin evdən sərbəst formada istifadə etməsinə ciddi problemlər yaradır. Bir sözlə həmin ev üzərindəki hüquqlarının pozulmasına səbəb olur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, o, X10 ilə 2000-ci ilin yanvar ayında ailə quraraq həmin tarixdə onun valideynlərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2000-2013-cü illərdə yoldaşının Türkiyədə işləməsi ilə əlaqədar Türkiyədə yaşamışlar. 2013-cü ildən 2022-ci ilin iyul ayının axırınadək həmin evdə yaşamışlar. Cavabdeh İddiaçı evin açarı dəyişdirərək, 2022-ci ildə onu 09 sentyabr 2008-ci il təvəllüdlü uşağı Cansu Sarıyeva ilə evdən qovmuşlar. Onun cehiz əşyaları həmin evdədir. İddiaçı onları həmin evdən istifadə etməyə imkan vermir. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)- 1311/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (İİİ hissə). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malik olmaqla heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulan şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsinin “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdə iddiaçı MM-nin 152.1-ci maddəsinə istinad edərək, cavabdehə məxsus cehiz əşyalarının onun mənzilində qalmasının mülkiyyət hüquqlarını pozmasını bildirərək mənzilindən çıxarılmasını tələb etmiş, cavabdeh isə 2009-cu il 1 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad edərək mübahisəli mənzildə istifadə hüququnun olmasını bildirərək həmin mənzilə köçürülməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddəsini tətbiq edərək bildirmişdir ki, ev iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının ailə üzvləri sırasına daxil deyil. Cavabdehin cehiz əşyalarının iddiaçıya məxsus evdə qalması onun mülkiyyət hüququnu pozur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, mübahisəli tikili həyətyanı torpaq sahəsi ilə birgə Qazax rayon ZDS İcraiyyə Komitəsinin 1967-ci il 31 iyultarixli protokolundan çıxarışa əsasən iddiaçının atası-cavabdehin qayınatası Camal Sarıyevə verilmişdir. Cavabdeh iddiaçının qardaşı ilə 2000-ci ilin əvvəllərində faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin vaxt mənzilin xüsusi mülkiyyət statusu olmamış, lakin Camal Sarıyevin mülkiyyətlə bağlı qanuni gözləntisi olmuşdur. Cavabdehin 2000-ci ilin əvvəllərində mübahisəli mənzilə köçməsi ilə həqiqətən də 2009-cu il 1 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində sadalanan şəxslərin sırasına aid olmaqla həmin Məcəllənin 54-cü maddəsinə əsasən istifadə hüququ yaranmışdır. Lakin cavabdeh bir neçə il sonra ailəliklə daimi əsaslarla ölkə hüdudlarından kənara köçməklə uzun müddət fasiləsiz yaşamışdır. Bununla da, iddiaçı mənzilə istifadə hüququnu itirmişdir. Belə ki, 2009-cu il 1 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı öz yaşayış yerini daimi əsaslarla altı aydan artıq müddətdə tərk etmişdir və qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə onun istifadə hüququ artıq mövcud deyildir. Cavabdeh uzun müddət sonra, yəni 2013-cü ildə mübahisəli mənzilə daimi əsaslarla yaşamaq üçün qayıtdığı zaman istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edilməlidir ki, 2006-cı ildə Camal Sarıyev ölmüş, onun mübahisəli məzilə mülkiyyət hüququna qanuni gözləntisi olsa da, həmin hüquq rəsmiləşdirilmədən qalmışdır. Miras qoyanın ölümündən sonra vərəsələri arvadı və iki oğlu (iddiaçı və cavabdehin əri) olmuşdur. Vərəsəlik hüququ 2021-ci ildə rəsmiləşdirilərkən cavabdehin əri özünə düşən miras paydan iddiaçının xeyrinə imtina etmiş, digər vərəsə miras payını iddiaçıya bağışlamış, bununla da mənzil tam mülkiyyət hüququ ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. (Konstitusiya Məhkəməsinin “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarı) Belə olan halda, cavabdehin mübahisəli mənzilə sonuncu dəfə 2013-cü ildə daimi əsaslarla yaşamaq üçün qayıtdığı vaxt və mənzilin 2021-ci ildə xüsusi mülkiyyətə alındığı vaxt nəzərə alınmaqla mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir və qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, cavabdeh, mübahisəli mənzilə tam hüquqlu mülkiyyətçi olan iddiaçının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan ailə üzvləri və digər qohumları siyahısına aid olmamışdır. Məhkəmə kollegiyası hesab edri ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Əliyeva X4 məxsus olan əmlakların onun xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi düzgün olaraq ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi nəticəsinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-590/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-590/2024
28.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver