Məhkəmə qərarları › İş №2(104)-638/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-638/2023

28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-638/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1958/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan nikah haqqında çıxarışın surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2013-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil X3 ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2013-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsinə əsasən sonuncuya satılmış və Cavabdeh adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli **********89 nömrəli məktubdan və ona əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın Alqısatqısı” müqaviləsinin tə\sdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 29 saylı mənzil X1 ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsinə əsasən sonuncuya satılmış və Cavabdeh adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına alınmış ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin və ünvan 3 29 saylı mənzilin üzərində ½ payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi, ev 36, mənzil 29 və Bərdə şəhəri, Nizami küçəsi, ev 7, mənzil 26 onun şəxsi vəsaiti hesabına satın alınmışdır və cavabdehin adına qeydiyyata alınmışdır.

6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1958/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil və ünvan 3 29 saylı mənzilin paylara bölünməklə, ½ hissəsində İddiaçı, ½ hissəsində isə Cavabdeh payının müəyyən edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1958/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakda onun payının artırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, onun himayəsində iki uşağın qalmasını və birinin davamlı müalicəyə ehtiyacının olmasını nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, ailə qurduqdan sonra Rusiya Federasiyasında yaşamışlar. Ali təhsilli olsa da, iddiaçı ona işləməyə icazə verməmişdir, bu səbəbdən də iddiaçı ilə birgə nikahda olduqları zaman ərzində hem bir yerdə işləməmiş və qazancı olmamışdır. Sonradan Gəncə şəhərinə qayıtmışdır. Rəsmi nikahları pozulmamışdır. İddiaçı.Rusiya Federasiyasında bizeslə məşğuldur, özünün furaları, obyektləri vardır. Ayrı yaşamalarına baxmayaraq iddiaçı uşaqların bütün tələbatlarını ödəyir. ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil iddiaçının pulu ilə alınsa da, Gəncə şəhərindəki evi atasının pulu ilə almışlar. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi.

10. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

12. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

14. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

15. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

16. Maddə 37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir.

27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 18 yanvar 2010-cu il tarixdə rəsmi nikah bağlanmışlar. Tərəflərin birgə nikahı dövründə-xx.xx.2013-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti, ev 7, 26 saylı mənzil və xx.xx.2017-ci il tarixdə ünvan 2, 29 saylı mənzil əldə edilmiş və həmin əmlaklar Cavabdeh adına qeydə alınmışdır.

29. Cavabdeh məhkəmədə izahat verərəkən Gəncə şəhərində yerləşən evin onların deyil, onun atasının hesabına əldə edildiyini bildirmişdir. Kollegiya Cavabdeh bu dəlilini əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Həmçinin, cavabdeh məhkəmə kollegiyasının iclasında evləndikdən sonra işləmədiyini, İddiaçı işlədiyini, onun Rusiya Federasiyasında biznesinin, böyük dəyərdə əmlaklarının olmasını bildirmişdir. Belə olan halda tərərflərin maddi vəziyyətləri barədə məhkəməyə bildirdiyi hallar hazırda mübahisə predmeti olan mənzillərin iddiaçının vəsaiti hesabına alınmasına dəlalət edir. Həmçinin, tərərflər arasında olan rəsmi nikah pozulmamış və uşaqların valideynlərdən hansının yanında qalması barədə məhkəmə aktı qəbul edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən daşınmaz əmlakları tərərflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi 1/2 hissə paylara bölməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1958/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar