Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-644/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(045)-1854/2024 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 13 iyul 2024- cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına 09 iyun 2014-cü il tarixdən 2020-ci il tarixədək “VAZ 2121” markalı **-BJ-*** qeydiyyat nişanlı, xx.xx.2022-ci il tarixdən hal-hazıradək “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır.
2. Goranboy rayon məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli e-2(045)-941/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Regional Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 22 iyul 2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1450 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə doğulmuş Məmmdəova Zəhra Ehtibar qızı anası İddiaçı yanında saxlanılmışdır.
3. Elektron məhkəmə informasiya sistemində Cavabdeh əmlak məlumatlarından görünür ki, “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 iyul 2022-ci il tarixdən Cavabdeh mülkiyyətindədir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi Goranboy Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə qazanılmış “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il zavod buraxılışlı avtomaşının ½ hissəsinə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədov Etibar Mürsəl oğlu ilə nigahlarını 22 iyul 2017-ci il tarixdə Gəncə “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə 9500 manata 1996-cı il zavod buraxılışlı “Mercedes Benz” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar və həmin avtomobil hazırda əri Məmmədov Etibar Mürsəl oğlunun adına qeydiyyatda olmaqla sonuncunun sahibliyində və istifadəsindədir.
6. Goranboy Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(045)-1854/2024 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddianın təmin edilməsi; “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı ½ hissədə pay hüququ müəyyən edilməsi; İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarın 3.1, 3.2, 3.6, 3.15, 3.16-cı bəndləri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 233, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil nikahda olduqları dövrdə 9500 manata alınsada, lakin birgə qazanc hesabına alınmamışdır. Avtomobil anası Lilparın bacısı İbrahimova Həmidə Firuddin qızından almış olduğu 5300 manat borc və satdığı inəklərin pulu hesabına alınmışdır. Buna baxmayaraq məhkəmə avtomobilin birgə nikah dövründə alınması qənaətinə gələırək iddianı təmin etmişdir. Bundan əlavə iddiaçı özü eltiraf etmişdir ki, aylıq qazancı 346 manat olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili qaynı Sadiqlə birlikdə bəyənmiş və anasının verdiyi 9500 manata almışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək izahatında bildirmişdir ki, “Mercedes Benz 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə qazandıqları pul hesabına alınmışdır. Ailə münasibətləri pozulduğundan payına düşən ½ hissəsini tələb edir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
14. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
16. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
17. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
18. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
19. 2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
20. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
21. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Məmmədov Etibar Mürsəl oğlu birgə nikahda olduqları müddətdə sonuncunun adına Mercedes Benz 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Avtomobil hazırda cavabdeh Etibar Məmmədovun sahibliyində və istifadəsindədir. Göranboy Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(104)-941/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah akt qeydi pozulmuşdur. Ailə münasibətləri pozulduğundan İddiaçı hazırkı iddia ilə məhkəməyə müracət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin edərək “Mercedes Benz 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payını müəyyən etmişdir.
32. 25. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
33. Apellyasiya şikayətinin “Mercedes Benz C 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin nikahda olduqları dövrdə 9500 manata alınsada, lakin birgə qazanc hesabına alınmaması, avtomobil anası Lilparın bacısı İbrahimova Həmidə Firuddin qızından almış olduğu 5300 manat borc və anasının satdığı inəklərin pulu hesabına alınmışdır” dəlillərini kollegiya əsaslı saymır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
34. Belə ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
36. Nəzərə almaq lazımdır ki, ailə hüquq münasibətlərini yaradan önəmli hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağladığı azad və könüllü ittifaqıdır. Nikahın bağlanması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.
37. Yuxarıda da qeyd olunduğu kimi “Mercedes Benz 180” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili tərəflərin birgə nikahda olduqları müddətdə alınmış, hazırda cavabdehin adına qeydiyyatda olmaqla sonuncunun sahibliyində və istifadəsindədir.
38. «E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olmayan hesab edilsin.
39. Bundan əvvəldə qeyd olunduğu kimi hazırkı işdə iddiaya etiraz edən tərəf cavabdeh Etibar Məmmədovdur. Bu baxımdan etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşsə də, lakin sonuncu irəli sürdüyü arqumenti, yəni “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin anasının ona verdiyi 9500 manat hesabına alınmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu da özlüyündə onu deməyə əsas verir ki, “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ər-arvadın (tərəflərin) birgə vəsaiti hisabına alınmış əmlakdır.
40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3. maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas
Qət etdi : Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(045)-1854/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.