Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-671/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpağın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Mərdan Musayev küçəsi, 3 saylı mülkü zəbt edilmiş 86 kvadratmetr torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpağın boşaldılmaqla ona təhvil verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.İmanov) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manatın Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, nəhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Asif ilə onun arasında razılıq əsasında hazırda mübahisələndirilən torpaq sahəsi yol kimi istifadə edilməsi üçün onun istifadəsinə verilmişdir. Asif onun istifadəsinə verdiyi yol hissəsindən sonra özünə aid torpaq sahəsini mişar daşı ilə təcrid edərək ayırmışdır. Onun mülkiyyətində olan evə həmin yoldan başqa digər giriş-çıxış yolu yoxdur. Onun adına olan ev Dövlət Reyestrində qeydə alınarkən məhz qonşusu Asif tərəfindən onun yol kimi istifadəsinə verdiyi torpaq sahəsi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş və texniki pasportda da mülkün giriş-çıxış yolu olaraq əksini tapmışdır. Onun tərəfindən Asif adlı qonşusunun torpaq sahəsi onun özünün razılığı ilə servitut qaydasında yüklü edilmişdir. Belə olan halda məhkəmənin onun mülkiyyətindən maneəsiz hərəkət etmək, evinə giriş-çıxış yolunu kəsməsi barədə qərar çıxarması əsassız və qanunsuz olmuşdur. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, cavabdehin evinə gedib-gəlmək üçün başqa avtomobil yolu yoxdur, piyada yolu vardır. İddiaçıya məxsus torpaq sahəsinin əvvəlki sahibi həyətindən kəsib ona yol vermişdir. O da həmin sahədən uzun illərdir ki, istifadə edir. Hətta iddiaçıya mübahisəli ərazini satın almağı təklif etsə də, iddiaçı bununla razılaşmamışdır. Cavabdeh tərəfindən əvvəlki mülkiyyətçi olan Asif adlı qonşusunun torpaq sahəsi onun özünün razılığı ilə servitut qaydasında yüklü edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq göstərdi ki, notariat qaydasında təsdiq edilmiş yazılı servitut müqaviləsi yoxdur və yalnız əvvəlki mülkiyyətçi ilə şifahi razılaşma olmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ümumi sahəsi 119,60 kvadratmetr olan ünvan 1 və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi ona məxsusdur. Həmin 0,04 ha torpaq sahəsini Asif adlı şəxsdən almışdır. Torpaq sahəsini alan zaman Asif adlı şəxs təxminən 80 kvadratmetr torpaq sahəsini qonşusu Namiqin müvəqqəti istifadəsinə verdiyini ona demiş, sonra Cavabdeh yanına çağıraraq, sözügedən torpaq sahəsindən müvəqqəti istifadə etməsini bildirmişdir. Özü də Cavabdeh müvəqqəti olaraq ona məxsus torpaq sahəsinin bir hissəsindən istifadə etməsinə şərait yaratmışdır. Cavabdehin özünün avtomobil yolu vardır və bu işdə olan şəkillərdən də görünür. Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində şikayətin dəlillərində iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin tələbin təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 119,60 kvadratmetr olan Gəncə şəhəri, Mərdan Musayev küçəsində yerləşən 3 nömrəli ev və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6618 nömrəli ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edir. İddiaçı adına qeydə alınmış **********03- 10301 reyestr nömrəli texniki pasportun, torpaq sahəsinin planı səhifəsində, bu barədə qeyd olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********66-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 169,3 kvadratmetr olan ünvan 2 ünvanı və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 119,60 kvadratmetr olan Gəncə şəhəri, Mərdan Musayev küçəsində yerləşən 3 nömrəli ev və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh tərəfindən cavabdehin ona məxsus Gəncə şəhəri, Mərdan Musayev küçəsi, 3 saylı mülkü 86 kvadratmetr torpaq sahəsinin zəbt edildiyini göstərərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2- 10/6618 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsaslanmaqla, iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası məhkəmənin İddiaçı Cavabdeh qarşı iddiası üzrə gəldiyi nəticə ilə razılaşır və birinci instansiya məhkəməsində əldə edilmiş ekspert rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6618 nömrəli ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsinin evin əvvəlki mülkiyyətçisi Asifin razılığı ilə servitut qaydasında yüklü edildiyini, həmin yoldan başqa onun evinə başqa digər girişçıxış yolu olmadığını göstərsə də, iş materialları ilə bu hal təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, cavabdehin özünün avtomobil yolu mövcuddur. Bundan başqa, mülki qanunvericiliyin tələbinə görə, servitut müqaviləsi notariat qaydasında təsdiq edilməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğu halda, belə müqavilənin mövcudluğu təsdiq edilmir və cavabdehin vəkili də belə bir yazılı müqavilənin olmadığını bildrimişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-671/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-671/2024
29.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver