Məhkəmə qərarları › İş №2(104)-697/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-697/2025

12.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-697/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-29/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir şəhərində yerləşən 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehlərlə aralarında bölünməsinə və konkret payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-29/2024 nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə, iddianın qismən təmin edilməsi, Seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və seriya MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Vəliyeva (Həsənova) Şərafət İmran qızının payına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3- 16-16/2- 10/6620 saylı ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçı Vəliyeva (Həsənova) Şərafət İmran qızının payı 1/4 hissədə naturada ayrılaraq ona təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan qətnamə ilə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in)357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinin təhlilindən göründüyü kimi, bu normaya əsasən apellyasiya şikayəti verilməsi üçün iki şərtin mövcudluğu tələb olunur:

1. Şəxsin işdə iştirak etməyə cəlb olunmaması;

2. Qəbul edilən qətnamənin hüquq və vəzifələrinə toxunması. İş materiallarından müəyyən olunur ki, X3 mülki iş üzrə tərəf deyildir. Belə ki, sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən onun hüquq və vəzifələrinə toxunmasını müəyyən edilməmiş və qanunverciliyin tələblərinə riayət etmədən mülki işin baxılmasını apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər Azərbaycan Respublikasının MPM-in 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. (Mülki Prosessual Məcəllənin 366.2 və 366.4-cü maddələri) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 364 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qəraraaldı:

Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-29/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar