Məhkəmə qərarları › İş №2(104)-727/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-727/2024

23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-727/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı3, onun vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər birinin payına düşən 19 baş qoyun və 3 keçi olmaqla, ümumilikdə 57 qoyun və 9 keçinin, onlar olmadığı halda ümumilikdə dəyəri olan 19.800 manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 2021-ci ilin iyul ayına kimi onlar oğlu Cavabdehlə bir yerdə yaşamışlar. Onların ailəsinə məxsus 76 baş qoyun və 12 baş keçisi olmuşdur və həmin heyvanları Ceyrançöl deyilən yerdə saxlamışlar. Bir müddət sonra kəndə qayıtmışlar, həmin vaxtda heyvanları Elxan və Orxan birlikdə kəndin kənarında kənd sakininə məxsus yataqda saxlamışlar. Bir il orada qaldıqdan sonra Xanlar adlı kənd sakininin yatağına getmişlər və Elxan hazırda oradadır. Orxan 2022-ci ilin yanvar ayında yataqdan ayrılaraq başqa işlə məşğul olmağa getmişdir. Hazırda Elxan nə onların payına düşən heyvanları, nə də həmin heyvanların artımını onlara vermir. Ümumilikdə 88 baş xırdabuynuzlu heyvan onları arasında bölünərək, hər birinə 19 baş qoyun və 3 baş keçi verilməlidir. Elxan onların payına düşən heyvanları istədiyi kimi satıb talan edir. Bir qoyunun və keçinin bazar qiyməti 300 manat təşkil edir. Bununla bağlı onlar Mediasiya şurasına müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. 2021-ci ilin iyul ayına kimi onlar bir yerdə yaşamışlar. Onların ailəyə məxsus 76 baş qoyun və 12 baş keçiləri vardır. Həmin heyvanları Ceyrançöl deyilən yerdə saxlamışdır. Onun səhhəti pisləşdiyinə görə Ceyrançöl ərazisindən çıxıb gəlmişdir. Gəldikdən sonra bir müddət heyvanları kənddə saxlamağa başlamışdır. Həmin vaxtdan heyvanları Elxan kiçik oğlu İddiaçı2la birlikdə heyvanları kəndin kənarında kənd sakininə məxsus yataqda saxlamağa başlamışlar. Bir il orada qaldıqdan sonra Xanlar adlı kənd sakinin yatağına getmişlər. Hazırda da Elxan Xanlar adlı şəxsin yatağındadır. Orxan 2022-ci ilin yanvar ayında yataqdan ayrılaraq başqa işlə məşğul olmağa getmişdir. Hazırda Elxan nə onların ona verdiyi heyvanların onlara düşən hissəsini qaytarır nə də ki heyvanların artımını onlara verir. Ümumilikdə 88 baş xırda buynuzlu heyvan onların arasında bölünməlidir. Hər birinə 19 baş qoyun və 3 baş keçi düşməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 məhkəmə kollegiyasının iclasında həyat yoldaşı olan digər İddiaçı3 ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, İddiaçı1 onun həyat yoldaşı, İddiaçı2 və Cavabdeh onun oğlanlarıdır. Onlar ailə olaraq 11 il Şahismayıl adlı şəxsin yatağında işləmişlər və orada özlərinə də heyvan saxlamışlar, onların 17 baş iribuynuzlu və 60 baş xırdabuynuzlu heyvanı olmuşdur. X10 kəndinə qayıtdıqda həmin heyvanları özləri ilə gətirmiş, daha sonra qoyunları sataraq ekskovator almışlar. Onların 17 baş inəyi qalmış, sonradan onu da satıb xırdabuynuzlu heyvanlar almışlar. Oğlu Elxan ailə qurduqdan sonra onun həyat yoldaşı ilə aralarında narazılıq olduğuna görə Elxan onlardan ailəsi ilə birlikdə ayrılmışdır. Həmin vaxt xırda buynuzlu heyvanlar onun özündə qalmışdır. Sonradan Elxan onun yanına qayıtmışdır. Elxan Xanlar adlı şəxsin yatağında çobanlıq etməyə getmişdir. Həmin vaxt o heyvanları satmaq istəmişdir. Lakin oğlu Elxan heyvanları satmamasını, özünün aparıb saxlayacağını və onlara da kömək edəcəyini bildirmişdir. İddia ərizəsində qeyd etdikləri heyvanların Elxana təhvil vermələri barədə hər hansı sübutu yoxdur. Elxan səfərbərliyə gedən vaxt oğlu Orxan onun əvəzinə işləmişdir. Hazırda həyat yoldaşı Eldarın səhhətində problemləri var, onlara pul lazımdır, cavabdehdən qeyd olunan heyvanlardan onların payına düşən hissəni tələb etmiş olsalar da, sonuncu onlara məxsus heyvanları qaytarmaqdan imtina edir. Ona görə də apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı3 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçıların iddia etdiyi heyvanlar cavabdehdə yoxdur, iddiaçılar cavabdehə saxlamaq üçün heyvan verməmişlər. İddiaçıların iddia etdiyi heyvanların cavabdehə təhvil verilməsi barədə hər hansı mötəbər sübut mövcud deyil. Eyni zamanda Qazax RİHB-nin Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin və Qazax rayon Dövlət Arxivinin verdiyi arayışlardan da görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı1 və İddiaçı3 birgə təsərrüfatda mövcud olduqları Yuxarı Salahlı kənd təsərrüfatbaşı kitabda 2010-2023-cü illər ərzində ümumiyyətlə heç bir heyvan qeydə alınmamışdır. Cavabdeh 2013-cü ildə ailə qurmuş və 2014-cü ildı başlayaraq onların ailə mümahisələri olmuşdur. İddiaçıların cavabdehin həyat yoldaşı ilə aralarında narazılıq olduğuna görə hazırkı iddianı qərəzli olaraq vermişlər. Cavabdeh özü bir neçə dəfə Bankdan kredit götürərək ailəsini dolandırmaq üçün xırdabuynuzlu heyvanlar almışdır. Tərəflər əvvəllər ailəlikcə Səməd adlı şəxsin çobanı işləmişlər, mal-qara da həmin şəxsə məxsus olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsini iddiaçılardan yalnız İddiaçı1 mübahisələndirmiş və onun tələbi həmin qətnamənin ləğv edilib iddianın təmin edilməsinə yönəlsə də, əslində mübahisənin predmeti bölünən olduğundan, yəni iddiaçıların hər biri payına düşən 19 baş qoyun və 3 keçi və ya olmadıqda dəyərini tələb etdiklərindən, qətnaməsinin əsaslılığı şikayət verən şəxsə münasibətdə yoxlanılır. İş materiallarında olan: Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin 24 fevral 2023-cü il tarixli 5-58-15- 11/2-97/2023 saylı arxiv arayışından görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd icra nümayəndəliyi üzrə 2010-2015-ci illərə aid 10 saylı təsərrüfatbaşı kitabının 98-ci səhifəsində İddiaçı1 təsərrüfatı İddiaçı1, İddiaçı3, İddiaçı2, X6 və X2 ibarət olmuş təsərrüfatda cəmi 0,10 ha torpaq sahəsi mövcud olmuşdur. Qazax RİHB-nin Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin 27 fevral 2023-cü il tarixli 5-58-21-12-21/2-164/2023 saylı arayışından görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı1 və İddiaçı3 birgə təsərrüfatda mövcud olduqları Yuxarı Salahlı kənd təsərrüfatbaşı kitabda 2018-2023-cü illər ərzində heç bir heyvan qeydə alınmamışdır. Kredit müqavilələrinin surətlərindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında iki dəfə ayrı-ayrı vaxtlarda bağlanmış kredit müqavilələrinə əsasən həmin bank tərəfindən Cavabdeh ümumilikdə 7.000 manat məbləğində kredit verilmişdir. Cavabdehin vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş vəkil sorğusuna cavab olaraq baytar X1 notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini Cavabdeh məxsus olan kimi və 2019-2022-ci illər ərizində onun tərəfindən müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndin, yəni peyvənd oluna iri və xırdabuynunzlu heyanlar faktiki olaraq Cavabdeh deyil, sonuncunun çoban kimi işlədiyi Yuxarı Salahlı kənd sakini X4 məxsus iri və xırda buynuzlu heyvanlardır. Peyvənd aparılarkən fermanın sahibi fermada olmadığı səbəbəindən həmin heyvanların sahibi kimi fermanın çobanı Cavabdeh olduğu göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçılar ailəyə məxsus 76 baş qoyunu və 12 baş keçini saxlamaq üçün Cavabdeh verdiklərini, lakin hazırda cavabdehin onların heyvanlarını qaytarmadığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəmyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd edərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçılar ailəyə məxsus 76 baş qoyunu və 12 baş keçini cavabdehə saxlamaq üçün verdiklərini qeyd etsələr də, həmin halları təsdiqləyəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində iddiaçıların heyvan saxladığını bildiyini və həyətlərində heyvan olduğunu gördüyünü desə də, lakin həmin heyvanların sayını və həmin heyvanların Cavabdeh apardığını görmədiyini bildirmişdir. Eyni zamanda iddiaçıların vəsatəti əsasında dindirilmiş digər şahidlər iddiaçıların mülkiyyətlərində xırdabuynuzlu heyvanların əvvəldən mövcud olduğunu qeyd etmişlər. Lakin onlar öz ifadələrində məhz həmin heyvanların cavabdeh tərəfindən aparıldığını görmədiklərini bildirmişlər. Eyni zamanda iş materiallarında olan Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin və Qazax RİHB-nin Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi arayışlardan da görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı1 və İddiaçı3 birgə təsərrüfatda mövcud olduqları Yuxarı Salahlı kənd təsərrüfatbaşı kitabda 2010-2023-cü illər ərzində heç bir heyvan qeydə alınmamışdır. Məhkəmə, iddiaçıların sübut növü kimi məhkəməyə təqdim etdiyi 13 yanvar 2023- cü il tarixli aktla bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, həmin aktda göstərilən hallar iddiaçılar tərəfindən iddia olunan heyvanların cavabdehə verilməsini təsdiq etmir. Bundan əlavə aktda adı göstərilən X5 məhkəmə iclasında şahid qismində dindirilərkən, aktın onun iştirakı olmadan tərtib olunduğunu, sonradan İddiaçı3 xahişi ilə o, gedib aktı imzaladığını, ümumiyyətlə aktın məzmunu ilə tanış olmadığını və akta nə barədə yazıldığının bilmədiyini göstərmişdir. Aktda adı göstərilən digər şəxs X3 isə məhkəmə iclasında şahid qismində iştirakı iddiaçılar tərəfindən təmin edilməmişdir. Ona görə də məhkəmə qeyd olunan aktı sübut növü kimi qəbul edə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir. Göründüyü kimi, İddiaçı1 iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində iddiaçılar ailəyə məxsus 76 baş qoyunu və 12 baş keçini cavabdehə saxlamaq üçün verdiklərini göstərmişdir ki, bu hal heç bir mötəbər sübut növü ilə öz təsdiqini tapmır. Eyni zamanda iş materiallarında olan Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin və Qazax RİHB-nin Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi arayışlardan da görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı1 və İddiaçı3 birgə təsərrüfatda mövcud olduqları Yuxarı Salahlı kənd təsərrüfatbaşı kitabda 2010-2023-cü illər ərzində heç bir heyvan qeydə alınmamışdır. Digər tərəfdən, cavabdehin vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş vəkil sorğusuna cavab olaraq baytar X1 notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini Cavabdeh məxsus olan kimi və 2019-2022-ci illər ərizində onun tərəfindən müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndin, yəni peyvənd oluna iri və xırdabuynunzlu heyanlar faktiki olaraq Cavabdeh deyil, sonuncunun çoban kimi işlədiyi Yuxarı Salahlı kənd sakini X4 məxsus iri və xırda buynuzlu heyvanlardır. Peyvənd aparılarkən fermanın sahibi fermada olmadığı səbəbindən həmin heyvanların sahibi kimi fermanın çobanı Cavabdeh olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar