Məhkəmə qərarları › İş №2(104)-772/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-772/2025

02.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-772/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (maraqlı şəxs X10) ərizəsi üzrə Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, X1 və maraqlı şəxs X6 iştirakı ilə, X1 (maraqlı şəxs X10) barışıq sazişinin təsdiq edilməsi ərizəsi üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-4342/2024 nömrəli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ İİ579646 nömrəli çıxarışdan görünür ki, X10 və X8 17 iyun 2023-cü ildə 616 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir.

2. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZV044903 nömrəli doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2024-cü ildə Əsmər adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il təvəllüdlü X9 “ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X8 qeyd edilmişdir.

3. X2 iştirakı ilə tərtib edilən 27 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01332 saylı Barışıq Sazişinin: 1-ci bəndindən görünür ki, birinci tərəf (X8, AA2448904, 6ZULUUP, xx.xx.2002) Mediasiyaya müraciət edərək, bildirir ki, ikinci tərəf (X10, AA4747402, 6LCFABX, xx.xx.1997) ilə rəsmi nikaha daxil olmaqla ailə quurmuşlar və nikahları 17 iyun 2023-cü il tarixdə Bərdə regional Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 616 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X12 adlı övladları olmuşdur. Tərəflər bir müddət birlikdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətlər pisləşmiş və ayrılmışlar. Halhazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və ayrı yaşayırlar. Birinci tərəf bildiridi ki, ikinci tərəf ilə aralarında bağlanmış 17 iyun 2023-cü il tarixdə Bərdə regional Asan Xidmət mərkəzinin qeydiyyat Şöbəsində akt qeydlər kitabında 616 nömrə ilə qeyd edilmiş rəsmi nikahın pozulması, aliment və uşaqların himayədə saxlanılması tələbi ilə təklif verdi. 1-ci bəndinə görə, birinci tərəf bu barışıq sazişinin (1.1,1.2, 1.3) birinci bəndində göstərilən təklifləri təklif edir. 1.1-ci bəndinə görə, nikahın pozulması, birgə nikahdan olan uşağın himayədə saxlanılması, həmin uşağa dair 200 (iki yüz) manat aliment. 1.2-ci bəndinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə uyğun olaraq aralarında razılığa gəlinmiş 50 (əlli) manat aliment. 1.3-cü bəndinə görə, mediasiya xərclərinin birinci tərəfin öz öhdəsinə götürməsi. 2.-ci bəndinə görə, ikinci tərəf bu barışıq sazişinin (2.1) ikinci bəndində göstərilən təklifləri təklif edir. 2.1-ci bəndinə görə, ikinci tərəfin hər hansı təklifi və tələbi yoxdur. 3-cü bəndinə görə, barışıq sazişinin birinci və ikinci tərəfləri bu barışıq sazişinin 2.1 yarımbəndində göstərilənlərlə razılaşırlar. 4-cü bəndinə görə, sazişin imzalanması bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5-ci bəndinə görə, bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı müübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. X3 (maraqlı şəxs X10) ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün maraqlı şəxs X10 ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə maraqlı şəxs X13 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 616 nömrəli rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 08 oktyabr 2024-cü il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. xx.xx.2024-cü il tarixdə aralarında olan nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbinə dair mübahisənin həll edlməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 616 nömrə ilə rəsmi nikalarının pozulmasına, birgə nikahlarından olan 08 oktyabr 2024-cü il təvəllüdlü X12 adlı övladları onun himayəsində saxlanılmasına və uşağın saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində aliment və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1 maddəsinə uyğun olaraq aralarında razılığa gəlinmiş 50 (əlli) manat aliment olmaqla, cəmi 250 manat aliment məbləğini onun xeyrinə ödənilməsi tələbinə dair maraqlı şəxs X10 ilə razılığa gəlmişdirlər. Barışıq sazişi hər iki tərəfin könüllü razılığı ilə imzalanmış və bağlanmışdır. Bərdə 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” bağlansa da, nikahın pozulması, məhkəmənin səlahiyyətinə aid olduğuna görə, bu səbəbdən barışıq sazişinin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-4342/2024 nömrəli qətnaməsi (hakim Bayram Məhərrəmov) ilə, ərizənin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizəçi Səbinə İbrahimova ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və mediatorun iştirakı ilə 27 noyabr 2024-cü il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmışdır. Ərizəçi nə ərizəsində, nə də məhkəmə iclasında verdiyi izahatında maraqlı şəxsin barışıq sazişinin icrasından boyun qaçırmasına dair heç bir əsas irəli sürməmiş və bu əsası təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinin maraqlı şəxs tərəfindən pozulması barədə ərizəçi məhkəməyə sübut təqdim etmədiyindən X3 ilə maraqlı şəxs X10 arasında mediasiya prosesi nəticəsində bağlanmış 27 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01332 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 214, 216-220, 233, 355-23.1, 355-23.2, 355-24, 355-25.1, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. X3 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-4342/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, maraqlı şəxs X10 ilə ailə münasibətlərimiz yaxşı getmədiyindən ayrılmaq qərarına gəlmişlər. Bunun üçündə ikisi də könüllü şəkildə Mediasiya şurasına müraciət etmişlər. Mediasiya şurasında ikisi də hər bir tələblə razı olduqları üçün birlikdə barışıq sazişi bağlamışlar. Lakin, maraqlı şəxs öz üzərinə düşən öhdəliyi yerinə yetirmədi üçün barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, maraqlı şəxs X13 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 616 nömrəli rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 08 oktyabr 2024-cü il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş və ayrılmışlar. Mediasiya prosesində 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 616 nömrə ilə rəsmi nikalarının pozulmasına, birgə nikahlarından olan 08 oktyabr 2024-cü il təvəllüdlü X12 adlı övladları onun himayəsində saxlanılmasına və uşağın saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində aliment və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə uyğun olaraq aralarında razılığa gəlinmiş 50 (əlli) manat aliment olmaqla, cəmi 250 manat aliment məbləğini onun xeyrinə ödənilməsi tələbinə dair maraqlı şəxs X10 ilə razılığa gəlmişdirlər. Barışıq sazişi hər iki tərəfin könüllü razılığı ilə imzalanmış və bağlanmışdır. Lakin, maraqlı şəxs tərəfindən sonradan barışıq sazişi könüllü olaraq icra etməmiş və buna görə də məhkəməyə müraciət etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və barışıq sazişinin təsdiq edilməsini məhkəmə kolegiyasından xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X10 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, X3 ilə 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 616 nömrəli rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 08 oktyabr 2024-cü il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Belə ki, mediasiya prosesində uşağın saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində aliment və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə uyğun olaraq 50 (əlli) manat aliment olmaqla, cəmi 250 manat aliment məbləğinin təyin edilməsindən məlumatı olmamış və bu barədə ondan razılıq alınmamışdır. Barışıq sazişi onun tərəfindən imzalanmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kolegiyasından xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

18. Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

19. Maddə 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.

20. Maddə 17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

21. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

22. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

23. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: Maddə 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; Maxddə 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

24. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... Maddə 1.0.7. barışıq sazişi– tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; ...

26. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.

27. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

28. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.

29. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

30. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

31. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.

32. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

33. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.

43. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

44. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

45. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

46. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

49. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

50. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

53. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

55. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

56. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər 17 iyun 2023-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 08 oktyabr 2024-cü il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Ailə daxili münaqişələrə görə ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Bundan sonra ərizəçi xx.xx.2024-cü il tarixdə aralarında olan nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbinə dair mübahisənin həll edlməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 616 nömrə ilə rəsmi nikalarının pozulmasına, birgə nikahlarından olan 08 oktyabr 2024-cü il təvəllüdlü X12 adlı övladları onun himayəsində saxlanılmasına və uşağın saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində aliment və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1 maddəsinə uyğun olaraq aralarında razılığa gəlinmiş 50 (əlli) manat aliment olmaqla, cəmi 250 manat aliment məbləğini onun xeyrinə ödənilməsi tələbinə dair maraqlı şəxs X10 ilə razılığa gəlmişdirlər. Barışıq sazişi hər iki tərəfin könüllü razılığı ilə imzalanmış və bağlanmışdır. Lakin, daha sonra maraqlı şəxs barışıq sazişini könüllü olaraq icra etməmiş və buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir.

57. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin, “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir.

58. Mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir.

59. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir.

60. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3cü maddələri).

61. İstinad olunan normanın tələbindən göründüyü kimi, məhkəmə xüsusi icraat qaydasında baxdığı hazırki ərizə üzrə mahiyyəti üzrə hər hansı araşdırma aparmadan, mübahisəli münasibətlərə hüquqi qiymət vermədən, tərəflərin könüllü şəkildə mediasiyada bağladıqları barışıq sazişinin məcburi icrası üçün həmin sazişi təsdiq edir və ya təsdiq edilməsindən imtina edir. Bu zaman məhkəmənin qiymətləndirməsi MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulan əsasların olub-olmamasının yoxlanılması ilə yekunlaşır.

62. Azərbaycan Respublikasının MPM-in 355-26.1-ci maddəsi məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün yalnız 2 əsas müəyyən etmişdir: 1) barışıq sazişinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.

63. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, hazırkı işdə məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün qanunla müəyyən edilmiş 2 əsasdan heç biri mövcud olmamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişi “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, məzmun baxımından qanunazidd deyil, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunması ilə bağlı əsaslar müəyyən edilmir.

64. Həmçinin, işdə iştirak edən şəxslər tərəfindən də Azərbaycan Respublikasının MPM-in 355-26.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla bağlı hər hansı dəlil irəli sürülməmişdir.

65. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs mediasiya prosesində bağlanmış sazişdə azyaşlı uşağın yetkinlik yaşına çatana kimi təyin edilmiş alimentin miqdarı barədə məlumatının olmaması barədə bildirsə də, bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

67. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

68. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən cavabdeh X10 öhdəsinə aşağıdakı vəzifələri götürmüşdür: birgə nikahdan olan azyaşlı X9 himayədə saxlanılması ilə bağlı razılıq vermək, uşağın saxlanılması üçün hər ay 200 manat sabit aliment və əlavə olaraq Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə uyğun 50 manat aliment ödəmək. Eyni zamanda tərəflər nikahın pozulması ilə bağlı razılığa gəlmiş və bu barədə barışıq sazişinə müddəa daxil etmişlər. Hər ikisi barışıq sazişini imzalamışlar.

69. Barışıq sazişində konkret icra müddəti Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 34.1-ci maddəsinə uyğun olaraq həmin sazişin müddəalarının imzalandığı tarixdən etibarən 10 təqvim günü ərzində könüllü şəkildə icra olunması nəzərdə tutulmuşdur. Bu müddət ərzində maraqlı şəxs tərəfindən sazişdə nəzərdə tutulan aliment ödənişlərinin həyata keçirilməsi, uşağın faktiki himayəyə verilməsi və sazişin digər maddələrinin yerinə yetirilməsi tələb olunurdu.

70. Lakin, məhkəmə araşdırması zamanı maraqlı şəxs tərəfindən bu öhdəliklərin müəyyən edilmiş müddətdə və ya sonrakı mərhələdə icra edildiyinə dair heç bir sübut təqdim edilməmişdir. Əksinə, ərizəçi tərəf məhkəmə iclasında barışıq sazişinin könüllü icra olunmadığını, maraqlı şəxsin aliment öhdəliyini faktiki olaraq yerinə yetirmədiyini bildirmişdir. Maraqlı şəxs tərəf isə bu izahatları təkzib etməmiş, əksinə alimentin miqdarı barədə ziddiyyətlərin olduğunu və yüksək məbləğin təyin edilməsini bildirmişdir. Həmçinin, öhdəliklərin icrasına dair sübut da təqdim etməmişdir.

71. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişində əks olunan öhdəliklərin icra edilməməsi, bu öhdəliklərin maraqlı şəxs tərəfindən könüllü şəkildə yerinə yetirilməsinə dair hər hansı mötəbər sübutların olmaması və tərəflər arasında razılaşdırılmış məsələlərin nəticələrinin baş verməməsi halları öhdəliklərin pozulması kimi qiymətləndirilməlidir.

72. Nəticə etibarilə, 10 günlük icra müddəti keçdikdən sonra saziş üzrə razılaşdırılmış tələblərin maraqlı şəxs tərəfindən həyata keçirilməməsi, barışıq sazişinin birtərəfli şəkildə pozulması, daha doğrusu, onun könüllü icrasından imtina halıdır. Bu isə ərizəçiyə sazişin məcburi icrası və ya hüquqi münasibətlərin (o cümlədən nikahın pozulması) ayrıca məhkəmə qaydasında həll olunması üçün müraciət hüququ verir.

73. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ərizə “nikahın pozulması” hissəsində təmin edilməməlidir.

74. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış barışıq sazişində nikahın pozulması, uşağın himayədə saxlanılması və alimentin ödənilməsi məsələləri üzrə razılıq əldə olunmuşdur.

75. Lakin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən, nikah yalnız məhkəmə və ya qeydiyyat orqanı tərəfindən pozula bilər. Eyni zamanda, Ailə Məcəlləsinin 20-ci maddəsinə görə, ər və arvadın ümumi azyaşlı övladı olduğu halda nikah yalnız məhkəmə qaydasında xitam verilir.

76. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, uşağın saxlanılması və himayəsi kimi məsələlər mediasiya vasitəsilə həll edilə bilər. Lakin, bu qanunda nikahın pozulması məsələsinin mediasiya ilə tənzimlənməsi nəzərdə tutulmamışdır.

77. Buna görə də, barışıq sazişi, hüquqi baxımdan tərəflərin razılaşmasını təsdiq edən sənəd olmaqla, nikahın hüquqi cəhətdən ləğvi üçün müstəqil və kifayət qədər əsas hesab edilə bilməz. Yəni, barışıq sazişində nikahın pozulmasına dair müddəaların olması, nikahın hüquqi qüvvədən düşməsi üçün əsas sayılmır. Bu səbəbdən, nikahın pozulması ilə bağlı tələbin barışıq sazişi vasitəsilə təmin edilməsi mümkün olmadığından, nikahın ləğvi barədə ayrıca olaraq iddia icraatı qaydasında məhkəməyə və ya müvafiq qeydiyyat orqanına müraciət olunmalıdır.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

79. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

80. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

81. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

82. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

85. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə qismən təmin edilməli, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesində bağlanılmış 27 noyabr 2024-cü il tarixli, MŞB/MT039-2024-01332 saylı barışıq sazişi alimentə aid hissədə təsdiq edilməli, ərizə barışıq sazişinin nikahın pozulması hissəsində isə yuxarıda qeyd olunanlara əsasən təsdiq edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəşiyə aid edilməlidir.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 355-23, 372.1, 382.1, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-4342/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizə qismən təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesində bağlanılmış 27 noyabr 2024cü il tarixli, MŞB/MT039-2024-01332 saylı barışıq sazişi alimentə aid hissədə təsdiq edilsin:

1. Birgə nikahdan olan xx.xx.2024-cü il tarixli X12 adlı uşağın anada himayədə saxlanılması, həmin uşağa dair 200 (iki yüz) manat aliment.

2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə uyğun olaraq aralarında razılığa gəlinmiş 50 (əlli) manat aliment. Ərizə barışıq sazişinin nikahın pozulması hissəsində təsdiq edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar