Məhkəmə qərarları › İş №2(104)-773/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-773/2025

21.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-773/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə (anası) və vəkil X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(061)-1565/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Zolataya Korona-Pul Köçürmələri” sistemindən pulun köçürməsinə dair çıxarışlardan görünür ki, İddiaçı1 X1 Seymur Əlövsət oğlunun adına 16 iyun 2022-ci il tarixdə 3000 ABŞ dolları və 2000 ABŞ dolları, cəmi 5000 ABŞ dollar, İddiaçı2 isə 21 iyun 2022-ci il tarixdə 250000 rus rublu pul köçürmələri etmişlər.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15488 manat borc və ödənilmiş 136 manat dövlət rüsumu alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onların bacısı oğludur. Ev almaq məqsədilə Seymur onlardan borc istəmiş, 16 iyun 2022-ci il tarixdə İddiaçı1 Seymurun adına iki dəfəyə 3000 və 2000 ABŞ dolları olmaqla, cəmi 5000 ABŞ dolları, yəni 8500 manat, İddiaçı2 isə 21 iyun 2022-ci il tarixdə 250000 rus rublu, yəni 6988 manat göndərmişdir. Sonradan borcun geri qaytarılmasını tələb etsələrdə, cavabdeh bundan imtina etmişdir.

4. İddiaçı1 (eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi) birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iddia tələbini 8500 manat, yəni 5000 ABŞ dolları ekvivalenti hissəsində müdafiə etdməsi, 6988 manat, yəni 250000 rus rublu ekvivalentinə dair hissədə isə ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

5. Tərtər Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(061)-1565/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi 6988 manat hissəsində (250000 rus rublu ekvivalentinə dair hissədə) baxılmamış saxlanılması qərara alınmışdır.

6. Tərtər Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(061)-1565/2024 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilərək, Cavabdeh borca görə 8500 manat (5000 ABŞ dollarının ekvivalenti) və ödənilmiş dövlət rüsumuna görə 74,83 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi; İddia rüsuma dair qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 448.1, 739.1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 107, 119.1, 124.1, 217.4, 216-220, 360 maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçılara heç bir borcu yoxdur. İddiaçılar 2022-ci ilin avqust və ya sentyabr aylarında pulu ondan almışlar..

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı1 ona 5000 ABŞ dolları göndərmiş, o da həmin məbləği bankdan çıxarıb anası Kamiləyə vermişdir. Dayısı Bəhruz Azərbaycana gələndə anası həmin pulu Azərin yanında ona qaytarmışdır. Cavabdeh sonda məhkəmə kollegiyadan apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə da apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, ev almaq məqsədilə qardaşı Bəhruz onun oğlu Seymurun adına iki dəfəyə 5000 ABŞ dolları göndərmiş, Seymurda pulu bankdan götürüb ona vermişdir. Bəhruz Rusiya Federasiyasından qayıtdıqdan sonra pulu qardaşı Azərin yanında ona qaytarmışdır. 5000 ABŞ dolları qaytarsada, lakin bu barədə aralarında hər hansı bir sənədləşmə aparılmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyadan apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyadan şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarınınpozulması və ya düzgün tətbiq edilməməsi.

30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamaış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüququ aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 5000 (3000+2000=5000) ABŞ dollar, yəni 8500 manat, eləcədə 250000 rus rublu, yəni 6988 manat borc vermələrini, əsas gətirərək cavabdehə qarşı iddia qaldırmışlar. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin ərizəsi əsasında iddia tələbinin 250000 rus rublu, yəni 6988 manat hissəsi baxılmamış saxlanılmış, 5000 ABŞ dolları, yəni 8500 manat hissədə isə iddia təmin edilərək cavabdehdən alınıb iddiaçılara verilməsi qət olunmuş, həmin qətnamədən də cavabdeh apellyasiya şikayəti vermişdir.

36. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və belə nəticəyə gəlmişdir ki, tərəflər arasındakı mübahisə borc öhdəlik hüquq münasibətlərindən yaranmışdır.

37. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır, 740.1. maddəsinə görə isə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan Məcəllənin 740.2. maddəsində isə qeyd olunmuşçdur ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

39. İşə əlavə olunmuş Zolataya Korona-Pul Köçürməsindən müəyyən olunur ki, İddiaçı1 16 iyun 2022-ci il tarixdə Cavabdeh iki dəfəyə 5000 (3000+2000=5000) ABŞ dolları göndərmişdir. ABŞ dolların Azərbaycan manatına məzənnəsi ilə hər iki göndərişin məbləği 3000 manatdan çoxdur. Tərəflər arasında isə yazılı borc müqaviləsi bağlanmamışdır. Ona görə də kollegiya hesab edir ki, hazırkı mübahisənin maddi hüquqi əsasını əsassız varlanma təşkil edir.

40. Qeyd olunmalıdır ki, İddiaçı1 16 iyun 2022-ci il tarixdə Rusiya Federasiyasından Cavabdeh iki dəfəyə 5000 ABŞ dolları göndərməsi və həmin məbləğin Cavabdeh tərəfindən qəbul edilməsi işin mübahisəsiz halıdır.

41. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə 5000 ABŞ dolları Bəhruz Rusiya Federasiyasından qayıtdıqdan sonra Azərin yanında ona verilməsini bildirsələrdə, lakin bunu təsdiq edəcək hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişlər.

42. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, iddia olunan 5000 ABŞ dollar cavabdeh tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da sonuncu İddiaçı1 (məhrum olanın) hesabına əsassız varlanmışdır.

44. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 5000 ABŞ dolları birlikdə tələb etsələrdə, lakin bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh 5000 ABŞ dollar iki dəfəyə İddiaçı1 tərəfindən göndərilmişdir. Belə olan təqdirdə cavabdehdən 5000 ABŞ dollar tələb etmək hüququ (subyektiv hüquq) İddiaçı1 məxsusdur.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Tərtər Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(061)- 1565/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 5000 ABŞ dolları qətnamə icra olunan günə Azərbaycan mənatı məzənnəsinə uyğun olaraq, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105 manat alınıb İddiaçı1 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in, 10-1, 372-376, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(061)-1565/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 5000 ABŞ dolları, qətnamə icra olunan günə Azərbaycan mənatı məzənnəsinə uyğun olaraq, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105 manat alınıb İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar