Məhkəmə qərarları › İş №2(104)-783/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-783/2023

16.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-783/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndələri Vəkil (həm də vəkilidir) və Nümayəndə, Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(125)-2816/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibliyində olan ona məxsus 800 manat dəyərində 1 ədəd 750 əyyar qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzüyün, 490 manat dəyərində 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 7 qram çəkidə olan zəncir (sep) boyunbağının, 360 manat dəyərində 1 ədəd 583 əyar qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərziyin və ya həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq ona verilməsinə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı ilin avqust ayında faktiki ailə münasibətlərinə daxil olmuş, lakin onlar arasında rəsmi nikah bağlanmamışdır. Onlar aralarında mütəmmadi narazılıqlar olmuş və birgə yaşamaları mümkün olmadığından, 2019-cu ilin dekabr ayından ayrı yaşamağa başlamışlar. Cavabdeh onunla birlikdə yaşadığı mənzili tərk edib gedərkən ona məxsus olan mütəxəsis rəyinə əsasən dəyəri 800 manat təşkil edən 1 ədəd 750 əyar qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzüyü, 490 manat təşkil edən 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 7 qram çəkidə olan zəncir (sep) boyunbağını, 360 manat təşkil edən1 ədəd 583 əyyar qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərziyi özü ilə aparmışdır. Belə ki, üzük tərəflərin toyu ərəfəsində cavabehin valideynləri tərəfindən, boyunbağı və bilərzik isə 1999-cu ildə anası X2 tərəfindən ona hədiyyə şəklində verilmişdir. Qeyd olunan qızıl əşyalarının ona hədiyyə şəklində verilməsi və ona məxsus olması müvafiq olaraq iddia ərizəsinə əlavə olunmuş fotoşəkillər, vatsab yazışmaları və telefon danışıqları zamanı cavabdehin etirafı ilə sübut olunur. Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(125)-2816/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 800 manat dəyərində 750 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzük və ya olmadığı təqdirdə dəyəri olan 800 (səkkiz yüz) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(125)-2816/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş səs yazısında iddiaçının nümayəndəsi (bacısı) Nümayəndə qardaşına (iddiaçıya) məxsus boyunbağının, nişan üzüyünün və bilərziyin qaytarması barədə tələbinə cavab olaraq cavabdeh bildirmişdir ki, “qızıl məsələsi belədir, onların hamısı artıq qalmayıbdır, uşaqların pul ehtiyacları üçün biz onları xərclədik”. Bundan əlavə məhkəmə iclasında tədqiq olunmuş Vatsap yazışmaları zamanı iddiaçının onun üzüyünü və Məleykənin (anası X1 nəzərdə tutmuşdur) aldığı qızılı niyə aparmısan sualına cavab olaraq cavabdeh bildirmişdir ki, “Nə etməliyəm? Qoymalıyam qalsın, sonra anan itirsin sonr adım oğru qalsın”. Göründüyü kimi, cavabdeh tələb edilən hər üç qızıl-zinət əşyasının onda olduğunu dolayısı ilə etiraf etmişdir. Eyni zamanda, 1999-cu ilə aid fotoşəkillərin birində boyunbağının iddiaçının anası X2 tərəfindən iddiaçının boynuna bağlandığını görmək mümkündür. Həmçinin, məhkəməyə təqdim olunmuş cavabdehin toy mərasiminin video görüntüsünü əks etdirən DVD diskin məhkəmə iclasında tədqiq zamanı iddiaçının tələb etdiyi boyunbağının zəncirlərinin ölçüsünün cavabdehə toy zamanı hədiyyə olunmuş boyunbağının zəncirlərinin ölçüsündən kiçik, başqa sözlə boyunbağının zəncirlərinin nazik olduğu müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyasının iclasında nümayəndələri vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndələri Vəkil (həm də vəkilidir) və Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(125)-2816/2022 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçı ilə 2016-cı ilin avqust ayında faktiki olaraq evlənmiş, lakin rəsmi nikah bağlanmamışdır. Onlar aralarında mütəmmadi narazılıqlar olmuş və bu səbəbdən 25 dekabr 2019-cu ildə evdən getmişdir. Toy zamanı ona bir ədəd üzük, 2 ədəd isə boyunbağı hədiyyə edilmiş, onlar isə iddiaçıya bir ədəd üzük hədiyyə etmişlər ki, həmin qızılları özü ilə aparmışdır. İddiaçıya aid başqa qızıl əşyası olmamış və özü ilə aparmamışdır.Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(125)-2816/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e- 2(125)-2816/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni, iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(125)-2816/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində şikayətin dəlillərində həmin qətnamənin iddianın təmin edilməmiş 490 manat dəyərində 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 7 qram çəkidə olan zəncir (sep) boyunbağı və 360 manat dəyərində 1 ədəd 583 əyar qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərziyi hissəsini mübahisələndirmişdir. Qətnamənin təmin edilmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Mütəxəssis rəyindən görünür ki, 750 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzük - 800 (səkkiz yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış 7 qram çəkidə olan sep - 490 (dörd yüz doxsan) manat və 583 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərzik - 360 (üç yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 1999-cu ilə aid fotoşəkillərin kserosurətinə baxış keçirilərkən iddiaçının iddia etdiyi boyunbağının onun üzərində olmasını dəqiq müəyyən etmək mümkün olmamışdır. Tərəflərin toy mərasiminin videoya görüntüsünü əks etdirən DVD diskə birinci instansiya məhkəməsi tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, tərəflərin toyu zamanı iddiaçı tərəfindən cavabdehə bir ədəd qalın zəncir formasında, bir ədəd klonla birlikdə nazik formalı boyunbuğı və bir ədəd üzük hədiyyə olunur. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, həqiqətən iddiaçı tərəfindən cavabdehə toyları zamanı iki ədəd qızıldan ibarət boyunbağı və bir ədəd üzük hədiyyə olunmuş, lakin iddiaçı tələb etdiyi boyunbağının toy zamanı hədiyyə etdiyi boyunbağı olmaması, habelə bilərziyin mövcud olması barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, iddia olunan 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 7 qram çəkidə olan zəncir (sep) boyunbağı və 1 ədəd 583 əyar qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərziyin mövcudluğu və həmin qızıl-zinət əşyalarının cavabdeh tərəfindən gedərkən aparılması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsi olan bacısı Nümayəndə cavabdehlə danışıqlarını əks etdirən səs yazısı olan disk dinlənilmiş, lakin həmin səs yazısında cavabdehin iddia olunan bilərzik və boyunbağını aparması öz təsdiqini tapmamışdır. Kollegiya qeyd edir ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də məhkəmə kollegiyasının iclasında tələb olunan boyunbağının ona toyunda hədiyyə olunduğunu, bilərziyin ümumiyyətlə mövcud olmadığını, üzüyün onlar tərəfindən iddiaçıya hədiyyə etdikləri nişan üzüyü olduğunu göstərmişdir ki, bu hal da onun səmimiliyinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiada qeyd edilən qızıl əşyalarının mövcudluğu, onların cavabdehə verilməsi və iddiaçının həmin əşyalardan məhrum olması heç bir sübut növü ilə sübut olunmur. Azərbaycan Respublikası MPM-nin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən onun mübahisələndirdiyi qızıl əşyalarının aparılması subuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022ci il tarixli, e-2(125)-2816/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(125)-2816/2022 saylı qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilməmiş 490 manat dəyərində 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 7 qram çəkidə olan zəncir (sep) boyunbağı və 360 manat dəyərində 1 ədəd 583 əyar qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərziyi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar