Məhkəmə qərarları › İş №2(104)-787/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-787/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-787/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması; tutmanın ipoteka predmetinə yönəldilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(021)-24/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz olmaqla 10195 ABŞ dolları məbləğində kredit verilmişdir;

2. Cavabdeh1 "xxxx" X3 (sonradan "xxxx" adlandırılmışdır) ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, borclu Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil 10.195 ABŞ dolları məbləğində hesablanmış kreditin ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü etmişdir;

3. Borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə xx.xx.2020-ci il tarixli pretenziya məktubu (bildiriş) göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir;

4. İddiaçı ASC Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ərizə verərək, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 1 nömrəli evin 5 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş və həmin ərizə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır;

5. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir;

6. Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, X1 "xxxx" ASCyə xx.xx.2015-ci il tarixə olan 9991,96 ABŞ dolları xarici valyutada əsas kredit borcu xx.xx.2019-cu il tarixə olan manat ekvivalentində 15731,31 manat təşkil etmiş, hesablanmış 8050,22 manat kompensasiya məbləği həmin borcun azaldılmasına yönələrək, qalıq borc 7681,09 manat təşkil etmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 919.8 dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, cəmi 14646.68 ABŞ dolları məblağində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "Yelo Bank” ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ÍKB ASC-nin “Bərdə” filialından illik 26 faizlə 60 ay müddətinə 10195 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 1 otaqlı 31.6 k.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzili 2014-ci il 05 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh1 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə banka 4518.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 13826.88 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə onun yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 4518.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz, 823.93 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020- ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 234 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14060.88 ABŞ dolları borcu vardır. 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(021)-24/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13202.95 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə ekvivalenti, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 20070 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracından satışdan əldə olunan vəsait hesabına iddia tələbi həcmində iddiaçı "xxxx" ASC-nə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehlərə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməklə cavabdehlərdən tutulması, mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və banka təhvil verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada məhkəmə mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 150 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 427.3, 442, 443.1, 445, 448.1, 739, 743, 269, 317.1 və 319.1ci maddələrinə, həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1 və 36-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, edilmiş ödənişlər nəzərə alamamış və məhkəmə birtərəfli qaydada işi araşdıraraq iddia tələbini təmin etmişdir. xx.xx.2014-cü il tarixli 60 ay müddətinə bağlanmış kredit müqaviləsinin bitmə müddəti xx.xx.2019-cu il olmuşdur, iddiaçı 2022-ci ilədək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Ancaq İddiaçı ASCməhkəməyə 5 ildən sonra yəni, 2024-cü ildə müraciət etmiş, beləliklə də, iddia qaldırmaq üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İpoteka müqaviləs mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlırazılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də, daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edirik ki, ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat yuxarı qiymətləndirildiyindən, evin qiymətinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmçinin, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da, qanuni hesab etmək olmaz. İş üzrə qəbul edilmiş qətnamədə tərəfimizdən ödənilmiş məbləğlər nəzərə alınmamış, əsas borc və gecikdirilmiş vaxt üçün faiz borc hesablanmışdır. Hesab edirəm ki, iş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, artıq hesablanmış əsas və faiz borcu silinməlidir. Bizim evin dəyəri ən çoxu 15.000 manat təşkil etdiyi halda, ipoteka predmtetinin likvid dəyəri 20.070 manat dəyərləndirilmişdir. Bu səbəbdən də, ipoteka predmentini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir. Sadalananlara əsasən iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə tikintitexniki ekspertizası keçirilməsinin təmin edilməsi və müddət keçdiyindən qətnaməni ləğv edilməsi xahiş olunmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2024-cü il tarixli 2(104)-1422/2024 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-24/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-24/2024 saylı qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “YELO Bank" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13202.95 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə ekvivalenti, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması hissəsində dəyişdirilməsi; Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13202.95 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə ekvivalenti, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı mirası qəbul etdikləri həcmdə İddiaçı ASC-nin xeyrinə tutulması; Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması; Apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

e) Kassasiya instansiyası məhkəməsində icraat:

15. Cavabdeh3 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2025ci il tarixli 2(102)-47/2025 nömrəli qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2024-cü il tarixli 2(104)-1422/2024 saylı qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

f) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

24. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

26. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir.

27. Maddə 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

28. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

29. Maddə 59.4. (2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında) Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni kredit müqaviləsi üzrə borc tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin banka təhvil verilməsi hissələrdə mübahisələndirmişlər. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Odur ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı göstərilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13202.95 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə ekvivalenti ilə tutulması» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilməli, 7681,09 manat kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi kredit müqaviləsi üzrə borc tutulmasına dair qalan hissədə təmin edilməməli, həmçinin qətnamə «mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, mənzilin banka təhvil verilməsi» hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə «mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzildən çıxarılması» hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" X3 ilə borc alan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz olmaqla 10195 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədi ilə ipoteka qoyan (borc alan) Cavabdeh1 ilə kreditor arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 1-də yerləşən 5 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Borc alan Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Kreditor da borcalanın vərəsələri olan cavabdehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

43. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

44. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 10 yanvar 2025-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, mülki işin 32-ci vərəqində olan “Problemli kreditlərin kompensasiyası” barədə xx.xx.2019cu il tarixli sənəddən görünür ki, X1 "xxxx" İKB ASC-yə xx.xx.2015-ci il tarixə olan 9991,96 ABŞ dolları xarici valyutada əsas kredit borcu xx.xx.2019-cu il tarixə olan manat ekvivalentində 15731,31 manat təşkil etmiş, hesablanmış 8050,22 manat kompensasiya məbləği həmin borcun azaldılmasına yönələrək, qalıq borc 7681,09 manat təşkil etmişdir. İş üçün əhəmiyyətli olan bu hal məhkəmələr tərəfindən nəzərə alınmamış, həmin sənədə ümumiyyətlə qiymət verilməmiş, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borcun qalığı manatla deyil, ABŞ dolları ilə tutulmuş, iş üzrə keçirilmiş mühasibatlıq ekspertizası zamanı da bu hallar nəzərə alınmamış, həmçinin Fərmanın tələblərinə uyğun olaraq faiz və dəbbə pulunun silinməli olmasına heç bir qiymət verilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsini qət etmiş, cavabdeh apellyasiya şikayətində həmin hissəni mübahisələndirərək “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin düzgün tətbiq edilmədiyi barədə dəlillər irəli sürsə də, apellyasiya məhkəməsi həmin dəlillər üzrə ümumiyyətlə heç bir araşdırma aparmayaraq və həmin hissə üzrə heç bir əsaslandırma etmədən bu hissədə qətnaməni dəyişdirmədən saxlamışdır. Halbuki mövcud məhkəmə təcrübəsinə və “İpoteka haqqında” Qanunun 59.4cü maddəsinin ipoteka müqaviləsi bağlanan dövrdəki redaksiyasına əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda onların məcburi çıxarılması məzmununda tələb təmin edilə bilərdi. Həmin şəxslərin istifadə hüququna xitam verilməsi, mənzilin banka təhvil verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr isə “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin tələblərinə zidd olmuşdur. Kassatorun ipotekanın ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi, mənzilin dəyərinin daha aşağı olması barədə dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, kassasiya şikayətində ipotekanın qiymətinin daha aşağı müəyyən edilməsinin cavabdehin hansı marağına uyğun olması əsaslandırılmamış, ekspert rəyinin əsassızlığı ilə bağlı hər hansı mötərbər sübutlara istinad edilməmişdir.

45. Qeyd edilməlidir ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

46. Cavabdehlər (vərəsələr) Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş miras qoyan (borcalan) Cavabdeh1 miras aktivini qəbul etdiyinə görə bilavasitə miras qoyanın miras passivini də qəbul etmiş olur və beləliklə miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludurlar.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

48. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, kredit müqaviləsi üzrə borcun tələb olunan həddə təmin edilməsi yolverilməzdir.

49. Çünki, problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, "xxxx" X3 ilə mərhum borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür və restrukturizasiyadan sonra qalıq borc məbləği 7681,09 manat təşkil edir.

50. Kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşərək restrukturizasiya edilsə də, lakin Fərmanın icrası ilə bağlı tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən restrukturizasiya olunan məbləğdə borc tutulmalıdır.

51. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası həm kreditorun, həm də borcalan şəxslərin üzərinə düşür. Kredit müqaviləsi üzrə borcun restrukturizasiya olunması barədə tərəflərin bir-birinə qarşı rəsmi müraciətləri olmamışdır. Beləliklə, kreditor tərəfindən yeni müqavilə bağlanması üçün hər hansı bir tədbir həyata keçirilməsi müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası həmçinin göstərir ki, kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşərək, restrukturizasiya təklif olunduğundan kredit müqaviləsi üzrə faiz və cərimə borcunun cavabdehlərdən tutulması istisna edilir.

53. Ona görə ki, sözügedən Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyildir ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni, dövlət borclunun buna razılığının olub-olmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürmüş və icra etmişdir.

54. Digər tərəfdən, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli, ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın:

55. 5.1-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir.

56. 5.2-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir:

57. 5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir;

58. 5.2.2. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir;

59. 5.2.3. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir:

60. 1. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə;

61. 2. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda – kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla.

62. Göründüyü kimi, kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borcu olduğundan adıçəkilən Qaydanın 5.2.3-cü bəndində nəzərdə tutulmuş qayda həmin borca aid edilə bilməz. Həmin Qaydanın 5.2.1-ci bəndinə müvafiq olaraq, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinməlidir.

63. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

64. Məhkəmə kollegiyası istinad olunan normanın dispozisiya şərtlərini hazırkı işin faktiki halları ilə sistemli şəkildə tədqiq edərək qeyd edir ki, cavabdehlər (vərəsələr) mərhum borclu Cavabdeh1 borcunun sonuncudan miras qalmış əmlakdan çox olması barədə məhkəməyə sübut təqdim etməmişlər. Halbuki, yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericilik miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsini vərəsənin üzərinə qoymuşdur. Odur ki, 7681,09 manat borc məbləğinin mərhum borcalanın vərəsələrindən tutulması yolveriləndir.

65. Birinci instansiya məhkəməsi isə cavabdehlərdən kredit müqaviləsi üzrə borc tutulması hissədə işin bu hallarını hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və restrukturizasiyadan sonra qalıq borc məbləği 7681,09 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir.

66. Kollegiya iddia tələbinin “cavabdehlərin istifadə hüququnun itirilməsi, onların mənzil satıldıqdan 1 ay sonra oradan çıxarılması və mənzilin təhvil verilməsi” hissəsini isə qismən əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

67. Kollegiyanın qənaətinə görə, ipoteka qoyan üzərinə müvafiq öhdəlik götürmüş olduğundan və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğundan, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılmaları tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur.

68. Bununla belə nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi orada yaşayanların istifadə hüquqlarına xitam verilməsi üçün əsas ola bilməz. Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə istifadə hüququnun əlindən alınması və mənzilin təhvil verilməsi qanuni əsaslara söykənmir.

69. Şərh olunanlara istinadən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, ipoteka predmeti olan fərdi yaşayış evinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin banka təhvil verilməsi hissədə iddiaçının tələbi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçının bu tələbinə düzgün hüquqi qiymət vermədən iddianı həmin hissədə təmin etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə də ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(021)-24/2024 nömrəli qətnaməsi «cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 2014-cü il 05 dekabr tarixli kredit müqaviləsi üzrə 4418.29 ABŞ dolları əsas, 8484.66 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13202.95 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə ekvivalenti ilə tutulması» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilsin. 7681,09 (yeddi min altı yüz səksən bir manat doqquz qəpik) manat kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia kredit müqaviləsi üzrə borc tutulmasına dair qalan hissədə təmin edilməsin. Həmçinin qətnamə «mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, mənzilin banka təhvil verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə «mərhum Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə tələb yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən, 1 otaqlı, 31.6 kv.m ümumi, 17 kv.m yaşayış, 14.6 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzildən çıxarılması» hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar