Məhkəmə qərarları › İş №2(104)-840/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-840/2025

30.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-840/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеh X7 Sistemlərinin İstismarı idarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmək mübahisələri, işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil2 və cavabdeh X7 Sistemlərinin İstismarı idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cаvаbdеh X7 Sistemlərinin İstismarı idarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi) qarşı əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(045)-247/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti X11i X7 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş 120-k nömrəli, 23 sentyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin X4 İdarəsinin idarə aparatının Kadrlar üzrə mütəxəssisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 23 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir.

2. Quliyeva (Əliyeva) Şahinə Teymur qızının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 3-17-5/2-ə-84076/2024 nömrəli məktubdan görünür ki, İddiaçı şöbəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli yazılı izahatında 2021-ci ildən X4 İdarəsində kadlar üzrə mütəxəssis işlədiyini, idarənin rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edildiyini və əvvəlki işinə bərpa edilməsini istəmişdir. İdarənin rəisi X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır.

4. Goranboy 1 saylı Mediyasiya təşkilatı tərəfindən verilmiş MŞG/MT/032-2024- 00791 nömrəli, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayşdan görünür ki, İddiaçı və X7 Sistemlərinin İstismar İdarəsinin hüquqşünası Nümayəndə mediasiya sessiyasında iştirakı barədə bildiriş xx.xx.2024-cü il tarixdə çatdırılmışdır.

5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Goranboy Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 18-1-39/2-Ə-263-42-147/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Goranboy rayon sakini İddiaçı xx.xx.2021-ci il tarixdən “Şəkərli diabet tip 2” diaqnozu ilə Goranboy RMX-nın poliklinikasının endokrinoloji (şəkər) kabinetində qeydiyyatda dayanır. Həmçinin, vətəndaş xx.xx.2024-cü il tarixdən nevroloji kabinetdə “Asteno - nevrotik sindrom. Yuxu pozğunluğu” diaqnozu ilə müalicə təyin edilmiş, halhazırda müalicələri davam etdirilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cаvаbdеh X7 Sistemlərinin İstismarı idarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan X7 Sistemlərinin İstismarı İdarəsinin 23 sentyabr 2024-cü il tarixli, 120-k №-li əmrinin ləğv edilməsi, onun kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməyi və ona xx.xx.2024-cü il tarixdən hesablanılmaqla, məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat pul vəsaitinin, hüquqi xidmət üçün çəkdiyi 421 manat pulun, ödənilmiş 60 manat mediasiya xərcinin məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2001-ci il tarixdə X1 İstismarı İdarəsinə rabitəçi - operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cü il tarixdə kadrlar şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə X1 İstismarı İdarəsi ləğv edilmiş və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinə birləşdirilmiş, həmin tarixdən idarə aparatına 8-ci dərəcəli kadr üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, İddiaçı ilə X4 İdarəsi arasında əmək müqaviləsi bağlanaraq kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Sözügedən əmək müqaviləsinə əsasən işçiyə hər ay 458 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. İddiaçı işlədiyi idarədə struktur və ştat cədvəlində dəyişiklik edilməsi adı ilə cavabdeh X7 Sistemlərinin İstismarı İdarəsinin rəisi tərəfindən əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə, 120-k №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh X7 Sistemlərinin İstismarı İdarəsinin qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə - Daşkəsən regional şöbəsinə şikayət etmişdir. X6 Xidmətinin Gəncə - Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı şikayəti araşdırılaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "X8 Xidməti" X11in 26 avqust 2024-cü il tarixli 13-4/3-1-75Ü/2024 nömrəli əmrinə əsasən, X4 İdarəsinin adı dəyişdirilərək X7 Sistemlərinin İstismarı İdarəsi kimi müəyyən edildiyi, təsdiq edilmiş yeni ştat cədvəlində İddiaçı işlədiyi kadr üzrə mütəxəssis ştatının ixtisar edilmədiyi, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbinə riayət edilməyərək əmək müqavilənizin Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilməsinin zəruriliyi əsaslandırılmadığı və əmək müqaviləsinin əmək qanunvericiliyinin tələbi pozularaq ləğv edildiyi məlum olmuşdur. X7 Sistemlərinin İstismarı İdarəsinin vəzifəli şəxsi, idarənin rəisi X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 - cı (işçilərin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. İddiaçı cavabdeh X7 Sistemlərinin İstismarı İdarəsi tərəfindən işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə əmr ilə tanış olmamış və ona Əmək Qanunvericiliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamış, əmr işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilməmiş və bu barədə işçi elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Hesab edir ki, cavabdeh X7 Sistemlərinin İstismarı İdarəsi İddiaçı qanunsuz işdən çıxardığına görə əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan əmr ləğv edilməli, İddiaçı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı və bu müddət ərzində iddiaçının keçirmiş olduğu bütün gərginlik, narahatlıq əsəb, mənəvi sarsıntılara görə mənəvi zərərin əvəzini cavabdeh iddiaçıya ödəməyə borcludur. Əmək mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya sessiyası keçirilmiş,xx.xx.2024-cü il tarixli, MŞG/MT-032-2024- 00791 №-li X3 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edilir.

8. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(045)-247/2025 nömrəli qətnaməsi (hakim Taleh Mustafayev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2, 375.2 və 377.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddənin birinci hissəsinə, 294-cü maddənin ikinci hissəsinə, 294-cü maddənin dördüncü hissəsinə, 296-cı maddənin birinci hissəsinə əsasən, 296-cı maddənin ikinci hissəsinə, 296-cı maddənin üçüncü hissəsinə, 296-cı maddənin altıncı hissəsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025cü il tarixli, 2(045)-247/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə bu mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2, 375.2, 377.1-ci maddələrini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294, 296-cı maddələrini tətbiq etmiş, lakin həmin normaları səhv təfsir etmişdir. Məhkəmə həmin normaları səhv təfsir etdiyindən, bu normaları iş üzrə cavabdeh X7 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsinin xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə ərizəsinin təmin edilməsinə deyil, əslində İddiaçı xx.xx.2024-cü il tarixli iddia müddətinin ötürülməsinin üzürlü sayılması barədə ərizənin təmin edilməsi üçün tətbiq etməli, iddia ərizəsinə mahiyyət üzrə baxmalı və iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarmalı idi. Belə ki, iddia müddətinin ötürülməsi səbəbləri məhkəmə tərəfindən diqqətlə araşdırılmalı, qiymətləndirilməli maddədə göstərildiyi kimi müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətləri altı ay və ya ondan az olan tələblər üzrə bu səbəblər bütün iddia müddəti ərzində baş verərsə üzürlu sayıla bilərlər. Məhkəmə (hakim) yuxarıda göstərilən maddi hüquq normalarına istinad etmiş, onları tətbiq etmiş, lakin onları səhv təfsir edərək iddiaçıya münasibətdə düzgün tətbiq etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı faktiki olaraq xx.xx.2024cü il tarixdə işə buraxılmamaqla, onunla bağlanmış əmək müqaviləsinin şərtlərinin pozulduğunu bilmiş, öz iradəsindən asılı olmayaraq işə çıxa bilməmiş və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. İddiaçı pozulmuş hüququnun həll edilməsinə görə xx.xx.2024-cü il tarixdə X5 şikayət etməklə də, hüququnun pozulmasının artıq ona aşkar olmasını göstərmişdir. Qanunvericinin tələbinə görə X6 fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilmədiyindən, ona edilmiş müraciət iddia müddətinin axımının dayandırılması üçün əsas ola bilməz. Məhkəmə iddia müddətinin üzrlü səbəblərdən ötürməsi ilə bağlı obyektiv hallar müəyyən etməyərək, iddia müddətinin tətbiqini qanuni və əsaslı hesab edilməsi ilə bağlı məsələləri düzgün qiymətləndirməmişdir. Hesab edirəm ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Buna görə də ilk növbədə hesab edir ki, hazırkı iddia ərizəsinə mahiyyət üzrə baxılarkən qətnamə ilə İddiaçı qanunla qorunan hüquqları pozulmuş, işə mahiyyəti üzrə baxılarkən iddia tələbi təmin edilmək əvəzinə, hakim qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış, qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx.xx.2001-ci il tarixdə X1 İstismarı İdarəsinə rabitəçi - operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə kadrlar şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə X1 İstismarı İdarəsi ləğv edilmiş və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinə birləşdirilmiş, həmin tarixdən idarə aparatına 8-ci dərəcəli kadr üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, onunla X4 İdarəsi arasında əmək müqaviləsi bağlanaraq kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Sözügedən əmək müqaviləsinə əsasən ona hər ay 458 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. Onun işlədiyi idarədə struktur və ştat cədvəlində dəyişiklik edilməsi adı ilə cavabdeh X7 Sistemlərinin İstismarı İdarəsinin rəisi tərəfindən əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə, 120-k №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən xitam verilmişdir. O cavabdeh X7 Sistemlərinin İstismarı İdarəsinin qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə şikayət etmiş və ondan bu barədə izahat alınmışdır. X6 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən şikayəti araşdıraraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “X8 Xidməti” X11in 26 avqust 2024-cü il tarixli 13-4/3-1- 75Ü/2024 nömrəli əmrinə əsasən, X4 İdarəsinin adı dəyişdirilərək X7 Sistemlərinin İstismarı İdarəsi kimi müəyyən edildiyi, təsdiq edilmiş yeni ştat cədvəlində onun işlədiyi kadr üzrə mütəxəssis ştatının ixtisar edilmədiyini, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3cü hissəsinin tələbinə riayət edilməyərək əmək müqavilənin həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinin zəruriliyinin əsaslandırılmadığı və əmək müqaviləsinin əmək qanunvericiliyinin tələbinin pozularaq ləğv edildiyi məlum olmuşdur. X7 Sistemlərinin İstismarı İdarəsinin vəzifəli şəxsi, idarənin rəisi X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçilərin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixdən işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. O, X7 Sistemlərinin İstismarı İdarəsi tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmr ilə tanış olmamış və ona Əmək Qanunvericiliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamış, əmr onun elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilməmiş və bu barədə poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 Sistemlərinin İstismarı idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

16. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 2. Hissə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

18. Maddə 6. Hissə 2. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

19. Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

20. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

21. Maddə 294. Hissə 1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

22. Maddə 294. Hissə 2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

23. Maddə 294. Hissə 4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

24. Maddə 294. Hissə 5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

25. Maddə 296. Hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

26. Maddə 296. Hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

27. Maddə 296. Hissə 6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

28. Maddə 296. Hissə 7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

31. Maddə 379.1.6. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.

32. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarı

33. iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarı

34. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Bundan başqa həmin Qərarda göstərilir ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə müraciət etməzdən əvvəl əksər hallarda X6 Xidmətinə müraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

43. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

48. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

50. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(045)- 247/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı cavabdehin 23 sentyabr 2024-cü il tarixli əmrinin qanunsuz hesab edilməsi, işə bərpa olunmasını və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı əmək müqaviləsi 23 sentyabr 2024-cü il tarixdə ləğv edilsə də, o, 16 sentyabr 2024-cü il tarixdən işə buraxılmamışdır. İddiaçı ilk öncə pozulmuş hüququnun bərpası üçün X6 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə şikayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 3-17-5/2-ə-84076/2024 nömrəli məktubdan görünür ki, İddiaçı şöbəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli yazılı izahatında onun 2021-ci ildən X4 İdarəsində kadlar üzrə mütəxəssis işlədiyini, idarənin rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edildiyini və əvvəlki işinə bərpa edilməsini istəmişdir. İddiaçı xx.xx.2024-cü ildə əmək mübahisəsinin həll edilməsi üçün Mediasiya təşkilatına, daha sonra xx.xx.2024-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh X7 Sistemlərinin İstismarı idarəsinin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. Ərizə qəbul edilmiş və bu əsasla iddia müddəti tətbiq edilmiş, iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, İddiaçı 23 sentyabr 2024-cü il tarixdə işdən çıxarılmasını bilsədə iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etməmişdir.

53. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin ötməsi müəyyən edildiyindən, iddianın bu əsasla rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

55. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı)

56. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasınagətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı)

57. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsinin (kəsilməsinin) əsası kimi iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə müraciət etməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

58. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun. Başqa sözlə, Qanun məhkəmədənkənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna da odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun.

59. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəlləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə-Daşkəsən regional şöbəsi Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul oluna bilməz. Bu baxımdan, həmin orqana müraciət edilməsi də iddia müddətinin kəsilməsinin əsası kimi nəzərdən keçirilə bilməz.

60. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında da göstərilib. Konstitusiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X6 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

61. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən– iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

62. Göründüyü kimi, əmək qanunvericiliyi fərdi əmək mübahisələrinin həlli üçün 1 aylıq iddia müddəti müəyyən etmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur.

63. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 30 iyul 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, “məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”.

64. Başqa sözlə, ötürülmüş müddətin bərpasına dair iddiaçı (işçi) ərizə də verə bilərdi. İddiaçının belə bir ərizə vermək imkanı olsa da, onun bu imkandan istifadə etməsi işdən görünmür.

65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

66. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

67. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

70. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

71. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməklə 23 sentyabr 2024-cü il tarixdə işdən çıxarılmışdır. İddiaçı ilk öncə X6 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə şikayət etmişdir. İddiaçıya ünvanlanmış Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 3-17-5/2ə-84076/2024 nömrəli məktubdan görünür ki, İddiaçı şöbəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli yazılı izahatında onun 2021-ci ildən X4 İdarəsində kadlar üzrə mütəxəssis işlədiyini, idarənin rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən çıxarıldığını və əvvəlki işinə bərpa edilməsini qeyd etmişdir. İşdə olan arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü ildə əmək mübahisəsinin həll edilməsi üçün Mediasiya təşkilatına, daha sonra xx.xx.2024-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh X7 Sistemlərinin İstismarı idarəsinin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş, ərizə qəbul edilmiş və bu əsasla iddia müddəti tətbiq edilmiş, iddia tələbi rədd edilmişdir.

72. Göründüyü kimi, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(045)-247/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar