Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-854/2024 27.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(062)-763/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz rayon qeydiyyat şöbəsinin 18 yanvar 2024-cü il tarixli arayışlarından görünür ki, X3 19 fevral 2018-ci il tarixdə, X4 isə 08 may 2019-cu il tarixdə anadan olmuşlar, ataları Maraqlı şəxs, anaları Ərizəçidır.
2. Mediasiya prosesində bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, saziş Ərizəçi və Maraqlı şəxs arasında bağlanmışdır. Sazişin şərtinə görə tərəflərin birgə nikahından doğulmuş 19 fevral 2018-ci il təvəllüdlü Kənan və 08 may 2019-cu il təvəllüdlü Səma adlı uşaqlar yetkinlik yaşına çatana kimi analarının yanında saxlanılmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə Tovuz şəhəri Mediasiya ofisində mediator X2 iştirakı ilə bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin 19 fevral 2018-ci ilk təvəllüdlü Kənan və 08 may 2019-cu il təvəllüdlü Səma adlı uşaqların yetkinlik yaşına çatanadək onun yanında və himayəsində qalması hissəsinə dair barışıq sazişçinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, mediasiya prosesi zamanı bağlanmış 01 sentyabr 2023- cü il tarixli saziş üzrə 19 fevral 2018-ci il təvəllüdlü Kənan və 08 may 2019-cu il təvəllüdlü Səma adlı uşaqlar yetkinlik yaşına çatana kimi Ərizəçi yanında saxlanılması barədə tərəflər razılığa gəlmişlər. Lakin Maraqlı şəxs sazişin şərtlərin yerinə yetirməyərək Kənan adlı uşağı məktəbdən gələn zaman razılığı olmadan aparmış və geri qaytarmamışdır.
5. Tovuz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(062)-763/202 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi “tərəflərin birgə nikahından doğulmuş 19 fevral 2018-ci il təvəllüdlü Kənan və 08 may 2019-cu il təvəllüdlü Səma adlı uşaqların yetkinlik yaşına çatana kimi analarının yanında saxlanılmasına” dair hissədə təsdiq edilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3, 217.4, 218.1, 355-23.1, 355-25.1, 355-25.2, 355-25.3, 355-26.1, 355-26.2 maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 24.4, 33.1, 34.1, 34.2, 34.3 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mediasiya təşkilatında imza etdiyi sazişin hüquqi əsasını bilməmişdir. Qaynanası onu aldadaraq demişdir ki, imza etsədə ərizəçi ilə barışacaqlar və bu sənəd boş bir sənədə çevriləcək. Lakin sonradan ərizəçi nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barışıq əldə olunması üçün vaxt verilməsini xahiş etmişdir. Uşaqlardan biri onun himayəsindədir və qəti olaraq ərizəçinin yanına getmək istəmir. Ona görə də qəyyumluq və himayə orqanının rəyi alınmalıdır. Eləcədə məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
14. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
15. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
16. Maddə 306. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
17. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
18. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
19. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
20. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.
21. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
22. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.
23. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma;
26. Maddə 24.4. Tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər.
27. Maddə 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
28. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
29. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
30. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.
31. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından 19 fevral 2018-ci il tarixdə X3 və 08 may 2019-cu il tarixdə X4 anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğundan ayrılmışlar və Ərizəçi ailə münasibətlərindən irəli gələn mübahisənin həlli üçün Tovuz şəhəri Mediasiya ofisində mediator X5 müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi arasında 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmış və həmin sazişin şərtinə görə tərəflərin birgə nikahından doğulmuş 19 fevral 2018-ci il təvəllüdlü Kənan və 08 may 2019-cu il təvəllüdlü Səma adlı uşaqlar yetkinlik yaşına çatana kimi analarının yanında saxlanılmasına dair razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişin şərtinə əməl etməmiş və buna görədə iddiaçı hazırki ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, işə baxan birinci istansiya məhkəməsi də ərizəni təmin etmişdir.
37. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Beləki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna görə, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, eləcədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. İşdən müəyyən olunur ki, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş və barışıq sazişinin tərəfləri birgə nikahlarından anadan olmuş uşaqların ananın himayəsində saxlanılması barədə razılığa gələrək sazişi hər iki tərəf imzalamışdır. Yuxarıda da qeyd olunduğu kimi Maraqlı şəxs sonradan barışıq sazişinin şərtini pozmuş və 19 fevral 2018-ci il təvəllüdlü Kənan adlı uşağı məktəbdən qayıdarkən özü ilə aparmış və geri qaytarmaqdan imtina etmişdir. Ona görə də kollegiya hesab edir ki, “tərəflərin birgə nikahından doğulmuş 19 fevral 2018-ci il təvəllüdlü Kənan və 08 may 2019-cu il təvəllüdlü Səma adlı uşaqların yetkinlik yaşına çatana kimi analarının yanında saxlanılmasına” dair hissədə barışıq sazişini təsdiq etməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir.
38. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(062)-763/202 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.