Məhkəmə qərarları › İş №2(104)-854/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-854/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-854/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: birgə nikah dövründə ər-arvadın gəliri; əşyanın qanunsuz sahiblikdən qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(076)-164/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və arvada Ələkbərova soyadı verilmişdir;

2. Doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2011-ci il tarixdə Əli, xx.xx.2014-cü il tarixdə Aydan və xx.xx.2019-cu il tarixdə Aylin adlı uşaqları doğulmuşdur;

3. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr ərzində Cavabdeh “Zolotoya Korona” və “Contact” pul köçürmələri vasitəsilə xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 79207 RUR, xx.xx.2023-cü il tarixdə Faiq Nuriyev tərəfindən 800 ABŞ dolları, xx.xx.2024-cü ildə İddiaçı tərəfindən 6000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 80000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 113000 Rusiya rublu, 110 Rusiya rublu, xx.xx.2023cü ildə İddiaçı tərəfindən 85000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 15000 Rusiya rublu, xx.xx.2023-cü ildə 160000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 10000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 40000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 30000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 20000 Rusiya rublu, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən 80000 Rusiya rublu, xx.xx.2023-cü ildə Faiq Nuriyev tərəfindən 50000 Rusiya rublu, xx.xx.2023-cü ildə Faiq Nuriyev tərəfindən 35000 Rusiya rublu və xx.xx.2024-cü ildə 103000 Rusiya rublu pul göndərilmişdir;

4. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 50000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

5. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 35000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

6. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 80000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

7. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 20000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

8. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 30000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

9. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 40000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

10. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 15000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

11. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 160000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

12. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 85000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

13. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 113000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

14. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 110 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

15. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 80000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

16. xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 6000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

17. xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şəmkir filialında 103000 Rusiya rublunu nəğd şəkildə götürmüşdür;

18. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 4700 manat pul müştəri Ə****** L*****N***** qızının 416973*******2973 kart hesabına ödənilmişdir;

19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 585 əyarlı, 4 qram çəkidə brilyant qaşlı kişi üzüyünün dəyəri 700-800 manat müəyyən edilmişdir;

20. BOKT "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə 14.5 qram qızıl əşyası girov qoyaraq 24010/2 saylı müqavilə üzrə təşkilatdan 800 manat kredit götürmüş və borcunu xx.xx.2023-cü ildə bağlayaraq, girov qoyulmuş qızıl-zinət əşyalarını xx.xx.2023-cü ildə özünün iştirakı ilə təhvil almışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 15000 manat pulun və bir ədəd 700 manat dəyərində qızıl kişi üzüyünün, 50 manat mediasiya xərcinin və 89 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2010-cu ildə faktiki evlənməklə nikahlarını xx.xx.2014-cü ildə Şəmkir rayonu Kür qəsəbə icra nümayəndəliyində rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. O, 2023-cü ildən 2024-cü ilə kimi Rusiya Federasiyasında işləmişdir. Hər ay öz adından Cavabdeh adına "xxxx" ASC-dən 1800 manat pul göndərmişdir. Ümumilikdə bir il ərzində 22000 manat göndərmişdir. İndi isə o, Qarabağda Xocalı rayonunda fəhlə işləyir. Qarabağda işləyərkən isə 4700 manat pul göndərmişdir. Həmin pulları istədikdə isə cavabdeh onları evin tikintisinə xərclədiyini bildirmişdir. Valideynlərindən onların evə pul xərcləyib-xərcləmədiklərini soruşduqda, onlar bütün qazanclarını evə xərclədiklərini, cavabdehin evə çox az pul xərclədiyini bildirmişlər. Atası hər ay 310 manat qocalıq pensiyası, anası isə hər ay 220 manat sosial pensiya alır. Yəni, hər ay evə onun göndərdikləri ilə bərabər 2500 manat pul gəlir. Daha sonra onlar mübahisə etmişlər, cavabdeh evdən gedərkən pulları və ona aldığı bütün qızılları özü ilə aparmışdır. Eyni zamanda, ona məxsus olan bir ədəd qızıl üzüyü də özü ilə aparmışdır. Ümumilikdə, cavabdeh 30000 manat pul, özünə aid qızıl əşyalarını və ona məxsus olan bir ədəd kişi üzüyünü aparmışdır. Buna görə də o, Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və cavabdehdən 15000 manat pulun alınmasında ona köməklik edilməsini xahiş etmişdir. Polis şöbəsində ona tələbinin mülki xarakterli olması və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

23. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı oğlu, Cavabdeh keçmiş gəlinidir. Oğlu İddiaçı Rusiyada olarkən, oradan arvadı Cavabdeh pul göndərmişdir. Lakin, hansı məbləğdə pul göndərməsi barədə məlumatı olmamışdır. Həmin pulları Lamiyyə iki dəfə də onun X6la birlikdə bankdan götürmüş və evə bazarlıq etmişdir. Oğlu Rusiyada olduğu müddətdə əri Səlahəddin Ələkbərov da, o özü də işləmişdir. O istilikxanada fəhlə kimi işləyərək, günə 35-40 manat pul qazanmışdır. Həmçinin, sosial müavinət də alır. X6 isə işləyərək, 15 günə evə 700-800 manat qazanc gətirmişdir. Cavabdeh yaşadıqları kənddə ən yaxşı paltarları geyinmişdir. Sonuncu dəfə Cavabdeh onların evindən anası və qardaşı gəlib aparmışdır. Həmin vaxt Lamiyyə paltarlarını və qızıllarını da aparmışdır. O, gəlini Lamiyyəyə getməməsini bildirsə də, o, anası ilə getmişdir. Cavabdeh sonradan qızıllarını satdığını eşitmişdir.

24. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı oğlu, Cavabdeh isə keçmiş gəlinidir. Oğlu İddiaçı Rusiya Federasiyasında olarkən Cavabdeh pul göndərmişdir. Oğlunun hansı məbləğdə pul göndərməsini və gəlinin həmin pulları hara xərcləməsini bilməmişdir. Hələ oğlu Vüsal Rusiyaya getməmişdən əvvəl kredit götürmüşlər, həmin krediti gəlini Lamiyyə ödəmişdir. Oğlu Vüsal 2024-cü ilin yanvar ayında Rusiyadan gəldikdən sonra 3-4 ay müddətində Cavabdeh ilə birlikdə yaşamışlar, onlar arasında pulla bağlı heç bir mübahisə olmamışdır. Həmin müddətdə oğlu Vüsal Qarabağda işləmişdir. 2024-cü ilin yayında Cavabdeh aralarında baş vermiş narazılıqlara görə əşyalarını da yığıb onların yaşadığı evdən getmişdir.

25. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı atası, Cavabdeh isə anasıdır. Anası Cavabdeh atası ilə ayrıldıqdan sonra kirayədə yaşamışlar. Anası həmin vaxt qızıl əşyalarını qohumu Məlahətlə telefonla danışıb aparmışdır. Sonradan qızıl əşyalarını qaytarmamışdır. Anasının qızıl əşyalarını satdığını hesab etmişdir. Anası Lamiyyə atası Vüsala məxsus qızıl üzüyü də satmışdır. Həmin üzük qaşsız olmuşdur.

26. Şəmkir Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(076)-164/2025 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddianın rədd edilməsi; İddiaçı Cavabdeh qarşı pul, əmlak və maddi ziyan tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

27. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, habelə Ailə Məcəlləsinin 32.1, 32.2 və 36.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin sözügedən qətnaməsi ilə onun bu iddia tələbi rədd edilmişdir. Səbəb olaraq göstərilmişdir ki, iddianın təmin olunması üçün məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, iddia tələbilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Məsələn: foto şəkillər, cavabdehin adına bank vasitəsi ilə göndərmiş olduğu pul vəsaitinə dair bank çıxarışı, şahid ifadələri, polis araşdırması və digər sənədlər təqdim etmişdir. Eyni zamanda, şahid ifadələri də onu deməyə əsas verir ki, iddiası əsaslıdır. İş üzrə şahid kimi dindirilənoğlum xx.xx.2014-cü il təvəllüdlü X7 cavabdehin qohumu Məlahətlə telefonla danışdıqdan sonra özü ilə gətirdiyi qızılı aparıb sonra da geri qaytarmadığını görmüşdür. Məhkəmə niyə bu şahid ifadəsini nəzərə almamışdır, niyə bu izahatı mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdehdən ona yolladığı pulları geri qaytarmağını istədikdə isə pulları evin tikintisinə xərclədiyini bildirmişdir. Halbuki, valideynlərinin izahatlarından açıq aydın görünür ki, cavabdeh tərəf evin təmiri üçün heç bir vəsait xərcləməmişdir. Evdə heç bir təmir işləri aparılmamışdır. Həyətdə hörgü işi getmişdir. Onun da pulunu atası ödəmişdir. Bundan başqa həyətdə tikinti işləri aparılmamışdır. Eyni zamanda qeyd edir ki, cavabdeh evdən gedərkən 30000 manat məbləğində pul, özünə məxsus qızıl əşyalarını və ona məxsus bir ədəd qızıl kişi üzüyünü də özü ilə aparmışdır. Bununla da ona maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən ona toy zamanı bir ədəd qızıl kişi üzüyü hədiyyə edilmişdir. Bu üzüyü əvəzsiz əqd üzrə əldə etdiyindən, yalnız ona məxsusdur. Cavabdeh həmin üzüyü ona geri qaytarmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Rusiya Federasiyasında işlədiyi zaman qazandığı 30000 manat vəsaiti, habelə Qarabağda işlədiyi zaman qazandığı 4700 manat vəsaiti arvadı Cavabdeh göndərmişdir ki, sonuncu həmin pulları özündə saxlasın və gələndə iddiaçı özünə avtomobil alsın. İddiaçı evinə qayıtdıqda isə cavabdeh azyaşlı uşaqlarını da götürüb evdən getmişdir. Cavabdeh evdən gedərkən iddiaçıya məxsus qızıl üzüyü, habelə pul vəsaitini də özü ilə aparmışdır. İddiaçı hər ay cavabdehin adına pul göndərmişdir. Cavabdeh qaynana-qaynatası ilə birlikdə yaşamış, sonuncular da pensiya almışlar, habelə günəmuzd işlər görərək gəlir əldə etmişlər. Beləliklə, evin təsərrüfatını idarə etmişlər. Yəni, iddiaçının cavabdehə göndərdiyi pullar ev təsərrüfatının idarə edilməsinə sərf edilməmişdir. Cavabdeh isə həmin pulları başqa şəxslərə vermiş, habelə İran klub deyilən təşkilata göndərmişdir. İddiaçının atası cavabdehdən bank kartlarını tələb etdikdə, cavabdeh kartları qırmışdır. Bunu təsdiq edən foto şəkillər mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər iddiaçının valideynləridir və həmin şahidlərin verdiyi ifadə ilə müəyyən edilir ki, evdə aparılmış tikinti işləri iddiaçının göndərdiyi pul vəsaiti hesabına həyata keçirilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı Rusiya Federasisiyasından ölkəyə qayıdandan bir neçə ay sonra Qarabağ zonasında işləməyə getmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əri İddiaçı bir il müddətinə Rusiya Federasiyasında olmuşdur. Hər ay müəyyən məbləğlərdə pullar göndərmişdir. Əri ona ümumilikdə göndərdiyi həmin pul vəsaitləri ailə təsərrüfatının idarə edilməsinə sərf edilmişdir. Bankdan götürdüyü pulların hamsı iddiaçı tərəfindən göndərilməmiş, həmin pulların müəyyən hissəsi qardaşı tərəfindən ona göndərilmişdir. Həmçinin bankdan kredit götürüb evdə tikinti (naves, qapı-pəncərə və s.) işləri gördürmüşdür. Əri tərəfindən göndərilən pul vəsaiti hesabına kredit borcunu ödəmiş, uşaqların məşğələ xərclərini qarşılamışdır və evin müəyyən ehtiyyaclarına xərclənmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, əri İddiaçıla avtomobil almaq kimi fikirləri olmamış, habelə bu məqsədlə ona pul vəsaiti göndərilməmişdir. İran təşkilatı adlanan yerə pul göndərməsi barədə iddiaçı tərəfin bildirdikləri həqiqətə uyğun deyildir. Elə bir təşkilatı tanımır. Birgə yaşadıqları evdən gedərkən nə özü ilə pul vəsaiti aparmış, nə də ki, ərinə məxsus qızıl üzüyü götürməmişdir. 12 iyun 2024-cü il tarixdə gecə saatlarında qaynatasının təkidi ilə birgə yaşadıqları evi tərk edib atası evinə getmişdir. Əri İddiaçı Rusiya Federasiyasından qayıtdıqdan 3-4 ay sonra Qarabağda işləməyə getmişdir. İddiaçı Rusiya Federasiyasından qayıtdıqdan sonra bir neçə ay birlikdə yaşasalar da, lakin əri ondan hər hansı pul tələb etməmişdir. Ayrıldıqdan sonra ona qarşı hazırkı iddianı irəli sürmüşdür. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehə məxsus mobil nömrə hansısa şəxs tərəfindən qəsdən Getcontact proqramında «İranı klub 100 dollar» deyə yazılmışdır. Ona görə iddiaçı tərəf guya cavabdehin İran təşkilatına pul göndərməsi barədə dəlillər irəli sürür. İddia tələbi əsassızdır. Əgər həqiqətən də iddiaçı tərəfindən cavabdehə avtomobil almaq məqsədilə pul vəsaiti göndərilmişsə, onda nəyə görə iddiaçı Rusiya Federasiyasından evinə qayıdanda göndərdiyi pulları cavabdehdən tələb etməmişdir. O cümlədən, iddiaçı evinə qayıtdıqdan sonra da bir neçə ay cavabdehlə birlikdə yaşamışlar. Həmin vaxt da belə bir mübahisə olmamışdır. Cavabdeh iddiaçı ilə faktiki ayrıldıqdan sonra sonuncu əsassız iddia irəli sürmüşdür. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

38. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

39. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

40. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

41. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

42. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

43. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından üç uşaqları doğulmuş, ər-arvad birgə təsərrüfat idarə etmişlər. Tərəflər birgə nikahda olduqları dövrdə İddiaçı Rusiya Federasiyasında işləyərək gəlir əldə etmiş və qazandığı pul vəsaitindən arvadı Cavabdeh da göndərmişdir. 2024-cü ildə ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və Cavabdeh əri ilə birgə yaşamış olduqları evi tərk etmişdir. İddiaçı arvadı Cavabdeh evdən gedərkən onun işləyib göndərdiyi 30000 manat pul vəsaitini, habelə bir ədəd kişi üzüyünü özü ilə apardığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

56. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi birgə nikah dövründə qazanılmış 30000 manat pulun yarısı olan 15000 manatın və iddiaçıya məxsus qızıl kişi üzüyünün cavabdehin evdən gedərkən özü ilə apardığı və başqa şəxslərə xərclədiyini bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməmişdir. İddiaçı məhkəmə iclası zamanı 2023-cü ildən 2024-cü ilin yanvar ayına kimi Rusiya Federasiyasından cavabdehə göndərdiyi pulları cavabdehin ailə təsərrüfatına xərcləmədiyini, hətta həyətlərində aparılmış təmir işlərinin valideynlərinin vəsaiti hesabına aparıldığını, cavabdehin isə evdən gedərkən onun göndərdiyi pulu və ona məxsus qızıl kişi üzüyünü özü ilə apardığını bildirmişdir. Cavabdeh tərəf isə iddiaçının bildirdiklərinin əsassız olduğunu, iddiaçının onların birgə ailə təsərrüfatını idarə etdikləri müddətdə Rusiya Federasiyasında işləyərkən göndərdiyi pulların isə birgə ailə təsərrüfatına xərcləndiyini, o evdən gedərkən pul və iddiaçıya məxsus qızıl kişi üzüyünü aparmadığını göstərməklə təkzib etmişdir.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

58. İddiaçı Cavabdeh 15000 manat pul vəsaitini ailə təsərrüfatından kənar başqa məqsədlərə sərf etdiyini, habelə bir ədəd kişi üzüyünü özü ilə apardığını iddia etsə də, işin faktiki halları ilə bu hal öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər Tamara Ələkbərova, Salahəddin Ələkbərov və Əli Ələkbərovun ifadələri də iddianın həlli baxımından mötəbər sübut hesab edilə bilməz. Ona görə ki, adları qeyd olunan şahidlərdən Tamara Ələkbərova, Salahəddin Ələkbərov iddiaçının valideynləri, digər şahid Əli Ələkbərov isə tərəflərin birgə nikahdan olan (iddiaçının himayəsində yaşayan) oğludur. Bu halda həmin şahidlərin işin iddiaçının xeyrinə həllində maraqlı olmaları istisna edilən hal deyildir.

59. İşin obyektiv həlli baxımından diqqət yetirilməli hallardan biri də odur ki, İddiaçı Rusiya Federasiyasından ölkə ərazisinə qayıtmış bir neçə ay arvadı Cavabdeh ilə birlikdə yaşamış, daha sonra isə işləmək məqsədilə Qarabağ şəhərinə getmişdir.

60. İddiaçı həm Rusiya Federasiyasından göndərdiyi 10300 manatın, həm də Qarabağda işlədiyi zaman arvadı Cavabdeh göndərdiyi 4700 manatın, ümumilikdə 15000 manat vəsaitin arvadı tərəfindən ailə təsərrüfatına deyil də, başqa məqsədlərə sərf edildiyini iddia etmişdir. Eyni zamanda, iddiaçı həmin pulları gələcəkdə özünə avtomobil almaq məqsədilə arvadı Cavabdeh verdiyini bildirmişdir.

61. Məhkəmə kollegiyası işin şərh olunan hallarını ağlabatanlıq meyarları əsasında təhlil edərək qeyd edir ki, İddiaçı 10300 manat vəsaitini özünə avtomobil almaq məqsədilə Rusiya Federasiyasından arvadı Cavabdeh göndərdiyi təqdirdə, oradan ölkə ərazisinə qayıdıb cavabdeh (arvadı) ilə birlikdə yaşadıqları aylar ərzində həmin vəsaiti arvadından tələb etməməsi, həmin vəsaitin ailə təsərrüfatına deyil də, başqa məqsədlərə sərf edilməsindən məlumatsız qalması ağlabatan və məntiqli deyildir.

62. İddiaçı digər dəlili isə ondan ibarətdir ki, arvadı Cavabdeh 15000 manat vəsaiti və ona məxsus qızıl üzüyü birgə yaşamış olduqları evdən gedərkən özü ilə aparmışdır. Bu dəlillə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi Cavabdeh əri və sonuncunun valideynləri ilə birlikdə yaşamış olduğu evdən getdiyi gün qaynatası (iddiaçının atası) ilə aralarında münaqişə yaranmış, qaynatasının təkidi ilə yaşadığı evi gecə saatlarında tərk etməli olmuşdur. Ailə münaqişəsi nəticəsində evi tərk edən şəxsin özü ilə 15000 manat pul vəsaiti, habelə qızıl-zinət əşyası aparması da inandırıcı və ağlabatan deyildir.

63. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(076)-164/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar