Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-861/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 1380 (bir min üç yüz səksən) manat dəyərində (583 əyyarlı, 23 qram) olan boyunbağı, 1000 (bir min) manat dəyərində (916 əyyarlı, 8,6 qram) olan onluq kulon, 1400 (bir min dörd yüz) manat dəyərində (583 əyyarlı, 20 qram, 1 karat brilliant qaşlı) olan üzük-sırğa dəsti, 800 (səkkiz yüz) manat dəyərində (750 əyyarlı, 0,50 sot brilliant qaşlı) olan nişan üzüyü və uşağına məxsus 300 (üç yüz) manat dəyərində (585 əyyarlı, hər biri 4 qram) olan iki ədəd qolbağının və ya onların ümumi dəyəri-4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində pulun, eləcə də, ödənilmiş 68,80 (altmış səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun, 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqının və 110 (bir yüz on) manat məbləğində vəkil xidməti haqqının əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 avqust 2018-ci ildə ailə quraraq rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 bir övladları anadan olmuşdur. Evliliklə bağlı cavabdeh ona toylarında badam formalı sırğa-üzük dəsti (brilliant qaşlı, 583 əyyarlı, 20 qram çəkidə, 1400 manat dəyərində), nişan üzüyü (750 əyyarlı, brilliant qaşlı, 800 manat dəyərində), 1 ədəd boyunbağı (23 qram çəkidə 583 əyyarlı qızıldan 1380 manat dəyərində), 1 ədəd onluq kulon (916 əyyarlı 8,6 qram, 1000 manat dəyərində)- zinət əşyalarını üzərinə taxaraq hədiyyə etmişlər. Bunlar fotoşəkillərdə və toy diskində əks olunur. Bundan başqa anası X2 2021-ci ildə oğlunun 1 yaşında bir ədəd 300 manat dəyərində 4 qram çəkidə üzərində “Emil” (oğlunun adı) yazılmış qolbağını və 2022-ci ildə oğlunun 2 yaşı olan zaman uşağın kirvəsi Nağıyev Ruslan ona üzərində “Emil” yazılmış 300 manata qolbağını hədiyyə etmişlər. Cavabdehlə yaşadığı müddətdə münasibəti mehriban olmuşdur. Sonradan cavabdeh ona qarşı soyuq münasibət göstərmişdir. O, qadındır və aralarında olan və baş verən hadisələri yazmaq istəmir, lakin onu bildirir ki, ailəsinə müdaxilə olunurdu, hətta cavabdehin başqa insanla münasibətini hiss etmiş və bunun üstündə aralarında ziddiyyət yaranmışdır. Belə ki, 2022ci ilin iyun ayında cavabdeh heç bir əsas olmadan onunla dalaşdı, onu döyüb evdən çıxıb getməyini tələb etdi. Onu yalandan telefonda başqa bir şəxslə danışmaqda suçladı, lakin o, heç vaxt cavabdehə xəyanət etməmiş və ərə gəldiyi vaxtdan bir dəfə də olsun tək evdən bir yana çıxmamışdır. O, uşağının paltarını torbaya yığmış, ona və uşağına məxsus qızıl-zinət əşyalarının yerləşdiyi mücrünü həmin torbaya qoymuşdur. O, evdən çıxarkən cavabdeh qızılların yerinə baxıb, onları yerində görməyib ona “sənə qızıl düşmür” sözlərini deyərək əlindəki sellofan torbanı yerə boşaltmışdır. Həmin zaman cavabdeh qızılları götürmüş və uşağı əlindən alıb onu maşınına mindirib qayınanası ilə birlikdə anasıgilə aparmışdır. Həmin gün uşağı verməyi tələb etsə də, onu qaytarmamışlar və o, dözə bilməyib məcbur qalıb “102” xidmətinə cavabdehin uşağı və qızıllarını əlindən almasını bildirmişdir. Bundan sonra qayınatası anasına zəng edərək, demişdir ki, “gəl uşağı apar”. Anası taksi ilə cavabdehin evinə getmiş, uşağı verəndə onun qızıllarını da qaytarmalarını tələb etdikdə cavabdeh bildirmişdir ki, qızılları qaytarmayacaq. Bugünə kimi də gözləmişdir ki, bəlkə cavabdeh özü onun və oğlunun qızıl əşyalarını qaytara, lakin indiyə kimi qızıllarını qaytarmayıblar. Goranboy Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, onların nikahı pozulmuş və cavabdehdən uşağa aliment qət edilmişdir. Ona məxsus cehiz əşyaları cavabdehin atası evindədir. Cavabdeh tərəf cehiz əşyalarının çıxarılmasını ondan tələb etmiş, lakin o, qızıllarını almamış və gəlin köçdüyü evdən hüquq almamış əşyalarını çıxardası deyildir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilmiş, Cavabdeh 1380 (bir min üç yüz səksən) manat dəyərində olan (583 əyyarlı, 23 qram) boyunbağı, 1000 (bir min) manat dəyərində olan (916 əyyarlı, 8,6 qram) onluq kulon, 1400 (bir min dörd yüz) manat dəyərində olan (583 əyyarlı, 20 qram, 1 karat brilliant qaşlı) üzük-sırğa dəsti, 800 (səkkiz yüz) manat dəyərində olan (750 əyyarlı, 0,50 sot brilliant qaşlı) nişan üzüyü və uşağına məxsus 300 (üç yüz) manat dəyərində olan (585 əyyarlı, hər biri 4 qram) iki ədəd qolbağı və ya bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda, onların ümumi dəyəri- 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti, eləcə də ödənilmiş 68,80 (altmış səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun, 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqının və 110 (bir yüz on) manat məbləğində vəkil xidməti haqqının əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Birinci instansiya məhkəməsində məhkəmə prosessində iştirak edə bilməmişdir. O, məhkəməyə iddiaçının iddia ərizəsinə qarşı etirazını bildirmiş, lakin, İ instansiya məhkəməsi onun etirazını nəzərə almamışdır. Belə ki, o, etirazında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları toy-nişan ərəfəsində ona alınmışdır və hədiyyə kimi də iddiaçıya verilmişdir. Həmin vaxtdan da, həmin qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuşdur. Aralarında baş verən narazılıqdan sonra isə məhkəmənin qətnamədə göstərdiyi kimi deyil, yəni o iddiaçını döyməmişdir, könüllü olaraq özünə və uşağa aid nə var idisə sərbəst surətdə yığaraq aparmışdır. Bu zaman ona hər hansı-təzyiq təsir göstərilməmişdir. Qeyd etdiyi kimi iddiaçıya alınan qızıl-zinət əşyaları ona hədiyyə olunan gündən onun özündə olmuşdur və gedərkən də özü ilə aparmışdır. İddiaçı və şahidləri ifadələrində qeyd edirlər ki, bir neçə gündən sonra AR DİN “102” xidmətinə zəng edərək qızılların və uşağın alınıb verilməsini xahiş etmişlər. Halbuki, həmin zəng çıxarılarsa onda aydın olar ki, iddiaçı yalnız uşağın ondan alınıb verilməsini xahiş etmişdir, qızıl barədə isə heç bir söz olmamışdır. Məhkəmə iddianı təmin edərkən yalnız iddiaçının və onun şahidlərinin ifadələrinə istinad etmişdir. Qızıl-zinət əşyalarının onda qalmasına dair iddiaçı tərəfindən hər hansı əsaslı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi. Apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, qızıl əşyaları olmuş, lakin cavabdehin özündə olmuşdur. Cavabdeh 2023-cü ilin iyun ayının 18-də evdən getmiş, gedərkən qızılzinət əşyalarını da özü ilə aparmış, 1 həftə sonra gəlib uşağı da özü ilə aparmışdır. Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi. Apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddiasının dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan : Gəncə univermaq qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 583 əyyarlı rus qızılından hazırlanmış 23 qram çəkidə olan sep - 1380 (bir min üç yüz səksən) manat, 916 əyyarlı qızıldan hazırlanmış 8,6 qram çəkidə olan onluq kulon - 1000 (bir min) manat, 583 əyyarlı qızıldan hazırlanmış 20 qram çəkidə olan brilliant qaşlı (1 karat) üzük-sırğa dəsti-1400 (bir min dörd yüz) manat, 750 əyyarlı qızıldan hazırlanmış qram çəkidə olan brilliant qaşlı (0,50 sot) nişan üzüyü - 800 (səkkiz yüz) manat, 585 əyyarlı qızıldan hazırlanmış biri 4 qram çəkidə olan 2 ədəd qolbağı - 300 (üç yüz) manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş: X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Cavabdehlə qızı arasında yaranmış mübahisə zamanı sonuncu qızını döyərək onu atası evinə gətirmişdir. Bu zaman evdə gəlini X3 olmuşdur. O, xəbəri eşidən kimi evə gəlmiş və yaranmış mübahisəni aydınlaşdırmaq və tərəfləri barışdırmaq üçün cavabdehlə əlaqə saxlamış, lakin qarşı tərəf qızı xəyanət etdiyi üçün barışmaq istəmədiyini bildirmişdir. Bir neçə gün sonra onlar uşağın və qızılların geri qaytarılması üçün DİN-nin “102” çağrı mərkəzinə müraciət etdiyinə görə qızının qayınatası onlarla telefon vasitəsilə əlaqə saxlayaraq uşağı gəlib aparmalarını bildirmişdir. O da təkbaşına gəlib uşağı götürərəkən qızılları da tələb etmiş, lakin onlar qızılları verməyəcəklərini bildirmişlər. X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun baldızıdır. Mübahisə yarandığı gün cavabdeh anası ilə birlikdə İddiaçı atası evinə gətirmişlər, həmin vaxt o, evdə olmuşdur. Rahidə ağlaya-ağlaya dəfələrlə cavabdehə və qayınanasına uşağı və qızıl-zinət əşyalarının qaytarılmasını tələb etmiş, lakin cavabdeh “sən xəyanətkarsan sənə nə qızıl, nə də uşaq düşmür” sözlərini deyərək çıxıb getmişdir. Bir neçə gündən sonra Rahidə “102” xidmətinə zəng edərək uşağına və qızıllarına görə şikayət etmiş, bundan sonra cavabdehin atası zəng edərək polissiz gəlib uşağı aparmalarını bildirmişdir. Bundan sonra qayınanası Nahidə Həsənova cavabdehgilə gedərək uşağı götürmüş və bu zaman qızılları tələb etmiş, lakin cavabdeh tərəf qızılları verməmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, qızıl-zinət əşyalarının mövcudluğu həm iş materialları, o cümlədən iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Tələb edilən qızıl-zinət əşyalarının dəyəri barəsində məsələyə də qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin əşyaların dəyəri real olmaqla həqiqəti əks etdirir. Tələb edilən əşyaların kimdə qalması, çəkisi, dəyəri və mövcudluğu ilə bağlı məhkəmə iclasında izahatı alınmış iddiaçının iş üzrə verdiyi izahatını məhkəmə inandırıcı hesab etmiş və mötəbər sübut kimi qiymətləndirib nəzərə almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsini əsaslı sayır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 02 avqust 2018-ci il tarixdə nikaha daxil olmuşlar və birlikdə yaşamışlar. Toy günü və yaşadıqları dövrdə ona hədiyyə olaraq qızıl-zinət əşyaları verilmişdir. İddiaçı Cavabdeh ilə birlikdə yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı daha sonra ər evindən ayrılaraq atası evinə getmiş və gedərkən qızıl-zinət əşyaları cavabdeh tərəfindən ondan alınmışdır. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MM-nin: 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Kollegiya mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin (cavabdehin) qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Hazırkı mübahisə üzrə iddiaçı qızıl əşyalarının mövcudluğunu sübuta yetirməli olsa da, məhz iddiaçının həmin qızılları gedərkən özü ilə aparması barədə cavabdehin tərəfin apellyasiya dəlilləri və cavabdehin izahatı artıq cavabdehin tərəfin əmlakların mövcudluğunu mübahisələndirmədiyini göstərir ki, bu da qızıl əşyalarının həqiqətən də iddiaçıya hədiyyə edildiyini və onun mülkiyyətində olmasını təsdiq edir. Ona görə də, hazırkı halda mübahisəli əmlakların həqiqətdə mövcud olması müəyyən edildiyindən və tələb edilən dəyərdə olması barədə mütəxəssis rəyi mövcud olduğundan araşdırılmalı olan hal iddiaçıya məxsus qızıl əşyalarının cavabdehin qanunsuz sahibliyində qalıb-qalmamasını müəyyən etməkdir ki, bu da iddiaçının evdən çıxma şəraiti tədqiq edilməklə müəyyən edilməlidir. İddiaçının evdən çıxma şəraiti tədqiq olunarkən isə müəyyən edilir ki, tərəflər arasında ailə-məişət zəminində mübahisə yaranmış və iddiaçı həmin mübahisə zəminində evdən çıxaraq atası evinə getmişdir. Bu zaman iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehə məxsus evdə qalmışdır. Belə ki, evdən gedərkən cavabdehin əlindən uşağı və qızıl-zinət əşyaları alınmış, sonradan uşağı ona qaytarılsa da, qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Belə bir şəraitdə kollegiya iddiaçının mübahisə zəminində evdən gedərkən qızıl zinət əşyalarını özü ilə götürməsini ağlabatan və inandırıcı hesab etmir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya onu da qeyd edir ki, qızıl-zinət əşyalarının çəkisi və dəyəri, həmçinin geyim əşyalarının dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş və iddiaçı bu barədə mütəxəssis rəyini iddia ərizəsinə əlavə edərək, əmlaklarının qiymətini rəydəki dəyərdə qeyd etmişdir. Həmin rəydəki qiymətlərin əsassızlığı barədə kollegiyada şübhə yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiada qeyd edilən qızıl və geyim əşyalarının mövcudluğu, cavabdeh və oğlu tərəfindən iddiaçıya hədiyyə edilməsi və iddiaçının həmin əşyalardan cavabdeh tərəfindən məhrum olması sübut olunur. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-861/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-861/2024
25.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver