Məhkəmə qərarları › İş №2(104)-928/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-928/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-928/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Mustafayev Mustafa Əli oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı birgə paylı mülkiyyət hüququ üzrə əmlakın naturada bölünməsi və s. tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4gir qızına qarşı cavabdehlərlə birgə paylı mülkiyyət hüququ üzrə əmlakın naturada bölünməsi, bölünmə mümkün olmadıqda əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4gir qızına qarşı «payın naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracda satılaraq, əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:2909) dövlət büdcəsindən İddiaçı qaytarılması, İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında idddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə o, cavabdeh kimi məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiyi, yəni işə mahiyyəti üzrə baxılması üzrə tələbini nəzərə almamışdır. Belə olan təqdirdə məhkəmə MPM-nin 170.1-ci maddəsinə istinad edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edə bilməzdi, bir sözlə məhkəmənin mülki işlə bağlı ekspert tərəfindən verilmiş rəydən sonra, onun iştirakı olmadan və iddiası tərəfindən verilmiş ərizəyə onun fikri öyrənilmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul etməsi onun hüquqlarını məhdudlaşdıran haldır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 saylı qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, göstərmişdir ki, İddiaçı cavabdehlər ona və qeyrilərinə qarşı birgə paylı mülkiyyət hüququ üzrə əmlakın naturada bölünməsi və s. tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 71/2025 saylı qərardadından tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan xx.xx.2025-ci il tarixində, hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi və məruzəsi, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə baxılacaqdır. İstəyi odur ki, şikayətinə şifahi qaydada iştirakı ilə baxılsın. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə şifahi icraat qaydasında baxılması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmçinin, 60-cı maddədə deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququdur. Şəxs hüququndan istifadə etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qanunvericiliyin tələbindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İddiaçının şikayətinin dəlillərini əsassız hesab edən kollegiya, qeyd edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən yazılı ərizə ilə xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq, cavabdehlərin razılığını nəzərə almadan, hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, şikayətin hazırkı dəlilləri qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-71/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar