Məhkəmə qərarları › İş №2(104)-964/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-964/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-964/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-383/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-383/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh 100 (bir yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi və Cavabdeh 02 (iki) manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-383/2022 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci ildə qoyun almaq üçün 180 manat pul göndərmiş, lakin heyvanları gətirmədiyi üçün, Şəmkir Rayon Polis şöbəsinə müraciət etmişdir. Bundan sonra Rəşad 08 iyun 2021-ci ildə 2 baş qoyunu gətirərək, əlavə olaraq ondan 50 manat pul almış, 10 gündən sonra qoyunun biri ölmüşdür. Bu barədə cavabdehə məlumat verdikdə, cavabdeh ölmüş heyvanın əvəzinə bir baş 15 kq çəkidə qoyun verəcəyinə dair öhdəlik götürsə də, vədinə əməl etməmişdir. Bundan başqa, Əliyev Zeynalabddin oğlunun təqaüd kartını alıb ona vermək üçün, 2021-ci ilin avqust ayında Gəncədə vəkil işləyən Nazimin adı ilə 100 manat pul almışdır, əlavə olaraq cavabdeh onun xx.xx.2021-ci ildə aldığı VAZ-21015 aldığı maşını gətirmək üçün 100 manat pul almışdır. Cavabdeh 19 aprel 2022-ci ildə onun yaşadığı evə gələrək yenə yalan ifadələrlə onu aldadaraq 110 manat pul almış və ona 150 millimetrlik 8 ədəd şvəllər,160 millimetrlik 2 ədəd künc gətirəcəyini bildirmişdir.Cavabdehin təqsiri üzündən müalicə almış, maddi və mənəvi ziyan çəkmişdir. Cavabdeh ona 500 manat maddi, 1500 manat mənəvi ziyan vurmuşdur. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)383/2022 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-383/2022 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətində Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-383/2022 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. İddianın təmin edilmiş hissəsi mübahisələndirmədiyindən, həmin hissə ilə bağlı araşdırılma aparılmır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Şəmkir RPS-nin Tb-nin təhqiqatçısı, polis kapitanı X2 HK-1/1203 nömrəli materialı üzrə 09 may 2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki,Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlaması rədd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin ona 500 manat maddi, 1500 manat mənəvi ziyan vurduğunu göstərərək, 2000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsini tələb etmişdir. İddiaçı 19 aprel 2022-ci ildə 19 aprel 2022-ci il tarixdə Cavabdeha 150 millimetrlik 8 ədəd şveller və 160 millimetrlik 2 ədəd künc (uqolnik) üçün 110 manat məbləğində, 2021-ci ilin avqust ayında iş düşəltmək üçün 200 manat məbləğində pul verdiyini, Cavabdeh isə İddiaçı 100 manat məbləğində pul aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddianı qismən, yəni 100 manat həddində təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla nəsaslandırmışdır ki, İddiaçı Cavabdeh maddi və mənəvi ziyanın əvəzi kimi 2000 manat ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan maddi və mənəvi ziyana görə maddi təzminatın 2000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı Cavabdeh 2000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsini tələb etsə də, iddianın təmin olunmayan hissəsində apellyasiya dəlillərinin əsaslılığa dair istər birinci instansiya məhkəməsində, istərsə də, apellyasiya icraatında heç bir mötəbər sübut növü təqdim edə bilməmiş və onun həmin dəlilləri öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-383/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-383/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar