Məhkəmə qərarları › İş №2(104)-97/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-97/2024

02.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-97/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Quluyev Vaqif İfrat oğluna qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1 və cavabdeh Quluyev Vaqif İfrat oğlunun iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 02 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli qərarı ilə Cavabdeh1, X1, X5, X4 və X6 mülkiyyətində 2,29 ha torpaq sahəsi verilmişdir. Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000ci il tarixli 05 nömrəli iclas protokolu ilə Bərdə rayonu Qaraqoyunlu kəndi ərazisində yerləşən 423 nömrəli kontura düşmüş payçılardan X7, İddiaçı1 və Əmirov Məhəmməd Binnət oğluna verilmiş pay torpaqlarının həmin konturdan çıxarılaraq 414 konturdan verilməsi qərara alınmışdır. Həmin protokoldan çıxarış Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 may 2007-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. 10 iyun 2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Bərdə rayonu Qaraqoyunlu bələdiyyəsi tərəfindən bələdiyyə fondunda qalan 423-cü konturdan 4 ha və 414-cü konturdan 1 ha torpaq sahəsi ayrılıb əkin üçün İddiaçı1 99 il müddətinə verilmişdir. Bərdə Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilərək, İddiaçı1 Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə verilmiş Bərdə rayon Qaraqoyunlu kənd ərazisində yerləşən 2,29 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh1 İftar oğlunun və onun ailə üzvlərinin mülkiyyətində olan 2,29 ha torpaq sahəsinin Azərbaycan Respublikası DT və XK Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən ölçülərək mülkiyyətçilərin istifadəsinə verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2012-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi İddiaçı1 Cavabdeh1 mülkiyyətində 2,29 hektar torpaq sahəsinin başqa konturda olan 0,76 hektar və 414-cü konturda X3 mülkiyyətində olan 0,58 hektar torpaq sahəsindən çıxarılma hissəsində və Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olan 2,29 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən ölçülərək mülkiyyətçilərin istifadəsinə verilməsi hissəsində ləğv edilmiş, Cavabdeh1 mülkiyyətində başqa konturda olan 0,76 hektar və X3 mülkiyyətində olan 0,58 hektar torpaq sahəsindən İddiaçı1 çıxarılma hissəsində iddia təmin edilməmiş, qətnamə İddiaçı1 Cavabdeh1 mülkiyyətində 414 nömrəli kontorda yerləşən 0,95 hektar torpaq sahəsindən çıxarılma hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2012-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bərdə rayon İcra və Probasiya şöbəsinin 14 fevral 2013-cü il tarixli aktına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 25 may 2013-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı1 istifadə etdiyi tələbkar Cavabdeh1 mülkiyyətində olan 414saylı konturda yerləşən 0,95 hektar torpaq sahəsindən çıxarılmış və həmin torpaq sahəsi Cavabdeh1 təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon M.Əsədov adına Aqrofirmanın İslahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çxarışa əsasən, 414-cü konturda JN- 157 saylı Dövlət Aktı ilə İddiaçı1 ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və həndəsi en ölçüləri naturada təyin edilmiş və məlum olmuşdur ki, M.Əsədov adına Aqrofirmanın İslahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə İddiaçı1 ayrılmış torpaq sahəsi ilə TEKUİS məlumat bazasına əsasən cavabdeh Quluyev Vaqif İfrat oğlunun və ailə üzvlərinin JN-105A və JN-105 saylı Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9269 saylı rəyindən görünür ki, Bərdə rayon M.Əsədov adına Aqrofirmanın İslahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə İddiaçı1 ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və həndəsi en ölçüləri naturada təyin edilmiş və məlum olmuşdur ki, M.Əsədov adına Aqrofirmanın İslahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə İddiaçı1 ayrılmış torpaq sahəsi ilə TEKUİS məlumat bazasına əsasən cavabdeh Quluyev Vaqif İfrat oğlunun və ailə üzvlərinin JN-105A və JN-105 saylı Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 cavabdeh Quluyev Vaqif İfrat oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7632 ədəd yonca kipinin və ya dəyəri 22896 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, eləcə də, mülkiyyətində olan 1,59 hektar torpaq sahəsindən Quluyev Vaqif İfrat oğlunun qeyri-qanuni istifadəsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin 12 oktyabr 2012-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 1,59 hektar torpaq sahəsini cavabdeh zəbt edərək qanunsuz istifadə edir. Cavabdeh 8 ildir həmin ərazini əkib-becərir və ildə 4 dəfə məhsul (1 hektar torpaq sahəsindən 150 kip) əldə edir. Nəticədə cavabdeh ona ümumilikdə 7632 ədəd kip olmaqla 22896 manat ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, X2 verdiyi 09 mart 2021-ci il tarixli ekspertiza rəyinə əsasən mübahisələndirilən ərazi mülki iş materiallarına əlavə edilmiş hüquq müəyyənedici sənədlərə əsasən JN-105 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilən, həmçinin Bərdə rayonu, Qaraqoyunlu kəndində yerləşən 414 saylı konturun bölgü xəritəsindən çıxarış sənədində əks olunan 1,529 hektar torpaq sahəsi ilə eynilik təşkil edir. JN-105 saylı Dövlət Aktının planında qeyd olunan 0,76 hektar torpaq sahəsi mübahisə predmeti deyildir. Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) İddiaçı1 cavabdeh Quluyev Vaqif İfrat oğluna qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maddi ziyan” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qeyri-qanuni istifadəsi sübut olunmadığından iddia hər iki hissədə təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat: İddiaçı1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizasının 29 iyul 2022-ci il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun rəyinə əsasən mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin İddiaçı1 məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədləri elektron məlumat bazasında qeydiyyata alınmadığından cavabdehin sözügedən 1,59 hektar torpaq sahəsini zəbt edərək istifadə etməsini təyin etmək mümkün olmamışdır. 1,59 hektar torpaq sahəsinə aid elektron məlumat bazasında onun mülkiyyətində olması barədə heç bir hüquqi sənəd qeydə alınmasa da, naturada göstərdiyi torpaq sahəsi cavabdeh Quluyev Vaqif İfrat oğlu tərəfindən istifadə edilir Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsi ilə (hakim R.B.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovun və F.Ə.Mehtiyevin iştirakı ilə) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(021)-873/2021 nömrəli qətnaməsi iddia tələbinin “torpaq sahəsindən cavabdehin qeyriqanuni istifadə etməsinin qadağan edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilərək, Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli 05 nömrəli qərarı ilə pay torpağı 423-cü konturdan çıxarılaraq 414-cü kontorda İddiaçı1 verilmiş torpaq sahəsinə Cavabdeh1 tərəfindən törədilən maneənin aradan qaldırılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia tələbinin bir hissəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə iddiaçıya verilmiş 1,59 ha torpaq sahəsini cavabdeh əkib-becərməsi ilə ona 22896 manat zərər vurmuşdur. Lakin iddiaçının iddia etdiyi qərarla ona 1,59 ha torpaq verilməmişdir. Əksinə qərardan görünür ki, hazırkı iş üzrə İddiaçı1 Cavabdeh1 414-cü konturda olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,95 ha hissəsini zəbt etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun rəyinə əsasən mübahisələndirilən 1,59 ha torpaq sahəsi İddiaçı1 oğluna məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədləri ilə elektron məlumat bazasında qeydiyyata alınmadığından cavabdehin sözügedən 1,59 ha torpaq sahəsini zəbt edərək istifadə etməsini təyin etmək mümkün olmamışdır. 1,59 ha torpaq sahəsinə aid elektron məlumat bazasında onun mülkiyyətində olması barədə heç bir hüquqi sənəd qeydə alınmasa da, naturada göstərdiyi torpaq sahəsi hal-hazırda cavabdeh Quluyev Vaqif İfrat oğlu tərəfindən istifadə edilir. Göründüyü kimi, iddiaçı işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarına əsaslansa da, həmin qərarda ona 1,59 ha torpaq sahəsinin verilməsi qərara alınmamışdır. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianı bu hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 1,59 ha torpaq sahəsindən cavabdehin qeyri-qanuni istifadə etməsinin qadağan edilməsi hissəsinə münasibətdə isə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu hissədə tələbin əsasını Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli 05 nömrəli qərarı ilə pay torpağı 423-cü konturdan çıxarılaraq 414-cü konturda İddiaçı1 verilmiş həmin torpaqdan istifadəyə cavabdeh tərəfindən qanunsuz olaraq maneçilik törətməsi ilə bağlıdır. İşin qeyd olunan apellyasiya icraatı zamanı iddiaçının sədrlik edənin sualına cavabı ilə müəyyən olunmuşdur. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin bu hissəsinə 414-cü kontora dəyişdirilmiş torpaqdan istifadəyə maneənin aradan qaldırılması kimi hüquqi qiymət verilməlidir. 423-cü konturdan 414-cü kontura dəyişdirilmiş torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd mövcud olmasa da, lakin bundan əvvəldə qeyd olunduğu kimi Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçının pay torpağı 423cü konturdan 414-cü kontura dəyişdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 157.8-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində icraat İddiaçı1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106, 218.3cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarını nəzərə almamışdır. Həmçinin iş üzrə məhkəmə ekspertizası keçirilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Həmçinin cavabdeh Quluyev Vaqif İfrat oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)- 284/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, 71, 127-ci, Mülki Məcəllənin 152.1, 178.1-ci, Torpaq Məcəlləsinin 49-cu, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 88, 106.1, 220-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi cavabdehin mülkiyyətinə olan əmlaka dair hüquqlarını pozmuş, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydi nəzərə almamış, iş üzrə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş və işin hallarını araşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-804/2023 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Elşad Şamayev, hakimlər Elşanə Vəliyeva və Aqil Abbasovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onun torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur, lakin mübahisəli torpaq sahəsini 1999-cu ildən ona verilmiş, 2011-ci ilə qədər onun istifadəsində olmuşdur. Cavabdeh1 uzun müddətdir ki, torpağın 1,59 ha hissəsindən istifadə edir. Apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Quluyev Vaqif İfrat oğlu apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı onun bibisi oğludur, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur, onun və ailə üzvlərinin mülkiyyətidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə.165.1 sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı iki tələb irəli sürmüşdür: a) ziyanın ödənilməsi; b) 1,59 ha torpaq sahəsindən cavabdehin istifadəsinin qadağan edilməsi. Hər iki tələb mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası izah edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Hazırki iş üzrə mübahisə edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində və sahibliyində olması müəyyən edilmişdir. İş üzrə alınmış ekspertiza rəyi ilə mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin İddiaçı1 məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədlər mövcud deyildir və iddiaçı özü də həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmadığını göstərir. Apellyasiya məhkəməsində birinci icraat zamanı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2021-ci il tarixli qərardadı ilə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2022-ci il tarixli rəyinə əsasən, müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun rəyinə əsasən mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin İddiaçı1 məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədləri elektron məlumat bazasında qeydiyyata alınmadığından, cavabdehin sözügedən 1,59 hektar torpaq sahəsini zəbt edərək istifadə etməsini təyin etmək mümkün olmamışdır. 1,59 hektar torpaq sahəsinə aid elektron məlumat bazasında onun mülkiyyətində olması barədə heç bir hüquqi sənəd qeydə alınmasa da, naturada göstərdiyi torpaq sahəsi cavabdeh Quluyev Vaqif İfrat oğlu tərəfindən istifadə edilir. İddiaçı Ali Məhkəmənin 12 oktyabr 2012-ci il tarixli qərarı ilə ona 1,59 hektar torpaq sahəsi verildiyini və cavabdehin həmin torpaq sahəsini zəbt etdiyini göstərsə də, bu hal öz təsdiqini tapmır və Azərbaycan Respublikası Ali Məhkəmənin 12 oktyabr 2012-ci il tarixli qərarı ilə ona 1,59 hektar torpaq sahəsinin verilməsi müəyyən olunmur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında ifadə etdiyi göstərişlərinə uyğun olaraq, Bərdə rayon M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyəti kimi 414-cü konturda verilən torpaq sahəsi ilə Quluyev Vaqif İfrat oğlunun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməsinin müəyyən edilməsi üçün, xx.xx.2023-cü il tarixli 2(104)-1319/2023 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9269 saylı rəyi ilə müəyyən olunur ki, Bərdə rayon M.Əsədov adına Aqrofirmanın İslahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çxarışa əsasən, 414-cü konturda JN- 157 saylı Dövlət Aktı ilə İddiaçı1 ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və həndəsi en ölçüləri naturada təyin edilmiş və məlum olmuşdur ki, M.Əsədov adına Aqrofirmanın İslahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə İddiaçı1 ayrılmış torpaq sahəsi ilə TEKUİS məlumat bazasına əsasən cavabdeh Quluyev Vaqif İfrat oğlunun və ailə üzvlərinin JN-105A və JN-105 saylı Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. Əldə edilmiş mütəxəssis və ekspert rəyləri məhkəmə iclasında tədqiq olunaraq, digər sübutlarla yanaşı qiymətləndirilmiş və həmin rəylərin qanuniliyi və əsalılığı heç bir şübhə doğurmamışdır. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, M.Əsədov adına Aqrofirmanın İslahat komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə İddiaçı1 ayrılmış torpaq sahəsi ilə TEKUİS məlumat bazasına əsasən cavabdeh Quluyev Vaqif İfrat oğlunun və ailə üzvlərinin JN-105A və JN-105 saylı Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi, İddiaçı1 mübahisəli torpaq sahəsinin ona məxsusluğu, onun hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz tutulması, və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi nəticəsində ona maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-tikinti-texniki tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Kollegiya məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 150 manat İddiaçı1 tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat İddiaçı1 tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar