Məhkəmə qərarları › İş №2(104)-973/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-973/2025

26.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-973/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(076)-79/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 10 yanvar 2024-cü il tarixli 29 nömrəli arayışdan görünür ki, Cavabdeh2 və X1 nikahı Şəmkir rayon qeydiyyat şöbəsində 22 iyun 2021-ci il tarixdə 137 nömrəli aktı ilə qeydə alınmışdır. Nikahdan sonra arvada “Hadıyeva” soyadı verilmişdir.

2. 31 avqust 2021-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, X15 31 dekabr 2021-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında Cavabdeh2, ana qrafasında İddiaçı qeyd edilmişdir.

3. 30 yanvar 2025-ci il tarixli aktın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 16(076)-8/2025-ci saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X10, icra məmuru X8, borclu Cavabdeh1 və borclunun valideyinləri X4, X7 iştirakları ilə icra sənədində qeyd edilən ünvan 1 ünvanda baxış keçirilmiş və qızıl-ziynət və digər cehiz əşyaları aşkar edilməmişdir.

4. 26 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 06 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3960,00 manat müəyyən olunur. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 01 ədəd brilyant qaşlı fantaziya formalı 583 əyarlı 8 qramlıq qızıl üzüyün üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, ölçüsü və 01 dəst qızıl yumru formalı qaşsız sırğa-üzük dəstinin əyarı, qramı barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və iddia ərizəsində qeyd olunan 6150 (altı min bir yüz əlli) manat dəyərində, 6 adda qızıl-zinət əşyalarının, 980 (doqquz yüz səksən) manat dəyərində cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 41 manat dövlət rüsumunun, 51 manat mediasiya xərcinin, cəmi 7222 (yeddi min iki yüz iyirmi iki) manat pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 onun əri, Cavabdeh1 isə qaynanasıdır. Cavabdeh2 ilə öz istəyi ilə ailə qurmuş və qayınanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar qızıl-ziynət əşyaları hədiyyə etmişlər. Cavabdehlər qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edirlər. Buna görə də məcbur olub, hazırkı iddianı qaldırmışdır. Cavabdehlərdə qalan qızıl-zinət əşyaları bir ədəd qızıl üzük, brilyant qaşlı, fantaziya formalı, 583 əyarlı, 8 qramlıq- 1500 manat; bir ədəd qızıl sep, 16 qramlıq, 583 əyarlı-1500 manat; bir dəst sırğa-üzük dəst, qızıl, yumru formalı, qaşsız, qayınatası hədiyyə vermişdir- 800 manat; bir ədəd sep, qızıl, klonla birlikdə, 12 qramlıq, 583 əyarlı – 1000 manat; bir ədəd sep, qızıl, klonlu, üstündə baş həriflər yazılan, 4 qramlıq, 583 əyarlı anası hədiyyə etmişdir -450 manat; bir ədəd bilərzik, qızıl, kəpənəkli, 4 qramlıq, 583 əyarlı, zəncir formasında, həyat yoldaşı ad günündə hədiyyə vermişdir - 300 manat; bir ədəd üzük, qızıl, gül formasında, qaşsız, 4 qramlıq, 583 əyarlı - toyda baldızı Hüsnücahan hədiyyə etmişdir- 300 manat; bir ədəd üzük, qızıl, sadə, qaşsız, dördkünc formalı, 4 qramlıq, 583 əyarlı - 300 manat, cəmi 6150 (altı min bir yüz əlli) manat ibarətdir. Cehiz əşyaları bir ədəd saç buran fen, çəhrayı rəngli, sadə-50 manat; bir ədəd uklatka fen, qara rəngli, BRAUN markalı-50 manat; bir ədəd saç qurutma feni, qara rəngli,sadə-50 manat; iki ədəd tort qabı, HEVSAN firması, qızılı rəngli, bəzəkli, dairəvi cəmi 180 manat; bir dəst kamot qabı, qızılı rəngli,naxışlı, böyük, 5 dənəlik-650 manat, cəmi 980 (doqquz yüz səksən) manat dəyərində əmlakdır. Qeyd edilənlərə əsasən ona məxsus olan, yuxarıda qeyd olunan 6150 (altı min bir yüz əlli) manat dəyərində, 6 adda qızıl-zinət əşyalarının, 980 (doqquz yüz səksən) manat dəyərində cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 41 manat dövlət rüsumunun, 51 manat mediasiya xərcinin, cəmi 7222 (yeddi min iki yüz iyirmi iki) manat pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(076)-79/2025 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217, 216- 220, 227 və 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, şahid kimi dindirilən X11 və X5 izahatlarında toy zamanı cavabdehlər tərəfindən ona qızıl-zinət əşyalarının hədiyyə edilməsini bildirmişlər. Həmçinin şahid X16 öz izahatında bildirmişdir ki, cavabdehlər qızılları girov qoyaraq kreditə pul götürmüşlər. Kreditin ödənişlərini gecikdirdikləri üçün qızıllar satılmışdır. Məhkəmə şahid ifadələrini sübut olaraq qəbul etməmişdir. Məhkəmənin nəyə görə şahid ifadələrini sübut kimi qəbul etməməyi məhkəmə qətnaməsindən aydın deyildir. Cavabdeh2 digər cavabdeh Pərvanə Ziyad qızının təkidi ilə ona hədiyyə olunan qızıl-ziynət əşyalarını pul qarşılığında girov qoymuşdur. Cavabdehlər tərəfindən ödənişlər edilmədiyi üçün qızıllar satılmışdır. Məhkəmə isə qətnaməsində qeyd etmişdir ki, iddiaçı tələb etdiyi qızıl-ziynət əşyalarının cavabdehlərdə qaldığını sübut edə bilməmişdir. 2024-cü ilin ilk ayına kimi cavabdehlərlə bir ailədə yaşamışdır. 2024-cü ilin mart ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cehiz əşyalarının da çox hissəsini həmin ərəfədə cavabdehlərdən götürmüşdür. Məhkəməyə təqdim etdiyi şahid ifadələri, eyni zamanda cavabdehin ifadəsi əsas idi ki, məhkəmə iddia tələbini təmin etsin. Çünki, qızıl-zinət əşyalarımı cavabdehlər zorla onun əlindən alıb girov qoymuşdular.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, məhkəməyə sübut təqdim etsələr də məhkəmə iddianı təmin etməmişdir. Cehizlərin çoxusu çıxarılsada 980 manat dəyərində əşyalar cavabdehlərdə qalmışdır. Qızıl-zinət əşyalarını isə 2020-ci ildə toydan sonra qaynanası iddiaçıdan alıb banka girov qoyub pul götürmüşdür. Tələb olunan əşyaların cavabdehlərdə qalması şahid ifadələri ilə sübut olunsada, lakin məhkəmə iddianı təmin etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, toydan sonra iddiaçının qızılları özündə olmuşdur. İddiaçıya məxsus qızıllar cavabdehlər tərəfindən əlindən alınmamışdır. Eləcədə, 980 manat dəyərində 4 adda cehiz əşyaları cavabdehlərin evində qalmayıb. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı və Cavabdeh1 məhkəmə iclasında nümayəndə vastəsilə təmsil olunur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 157.2 Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.01. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 nikahı 22 iyun 2021-ci il tarixdə qeydə alınmış və iddiaçı və qayınanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq cavabdehlər və qohumlar ona qızıl-ziynət əşyaları hədiyyə etmişlər. Eləcədə iddiaçı özünə məxsus cehiz əşyalarını cavabdehlərin yaşadığı evə aparmışdır. Ailə münasibətləri pozulduğundan tərəflər sonradan faktiki olaraq ayrılmışlar. İddiaçı toy zamanı cavabdehlər və qohumlar tərəfindən ona hədiyyə olunmuş qızıl-zinət əşyalarının, eləcədə cehiz əşyalarının 980 manat dəyərində 4 ədəd cehiz əşyalarının cavabdehlərdə qalmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

29. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

30. Kollegiya qeyd edir ki, qızıl-zinət və cehiz əşyalarının qaytarılmasına dair tələb, mülkiyyətin müdafiəsini tənzimləyən qanunvericilik müddəaları əsasında həll olunmalıdır. Mübahisə predmeti olan qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

31. Hazırkı iş üzrə İddiaçı cavabdehlərdən 1500 manat dəyərində bir ədəd qızıl üzük, brilyant qaşlı, fantaziya formalı, 583 əyarlı, 8 qram, 1500 manat dəyərində bir ədəd qızıl sep, 16 qram, 583 əyarlı, 800 manat dəyərində bir dəst sırğa-üzük dəst, qızıl, yumru formalı, qaşsız, (qayınatasının hədiyyə verdiyi), 1000 manat dəyərində bir ədəd sep, qızıl, klonla birlikdə, 12 qramlıq, 583 əyarlı, 450 manat dəyərində bir ədəd sep, qızıl, klonlu, üstündə baş həriflər yazılan, 4 qramlıq, 583 əyarlı (anası hədiyyə edən), 300 manat dəyərində bir ədəd bilərzik, qızıl, kəpənəkli, 4 qramlıq, 583 əyarlı, zəncir formalı (həyat yoldaşının ad günündə hədiyyə etdiyi), 300 manat dəyərində bir ədəd üzük, qızıl, gül formasında, qaşsız, 4 qramlıq, 583 əyarlı (toyda baldızı Hüsnücahanın hədiyyə etdiyi), 300 manat dəyərində bir ədəd üzük, qızıl, sadə, qaşsız, dördkünc formalı, 4 qramlıq, 583 əyarlı, cəmi 6150 (altı min bir yüz əlli) manat dəyərində qızıl-zinət əşyaları, eləcədə 980 manat dəyərində cehiz əşyalarının cavabdehlərdə qalmasını iddia etsə də, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur.

32. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı izahatında toyları olan vaxt əri Cavabdeh2 ona məxsus qızıl-zinət əşyalarını pul qarşılığında girov qoyulmasını, ayrılmamışdan əvvəl ödənişlər edilmədiyi üçün qızılların satıldığını qeyd etmişdir.

33. Apellyasiya icraatı zamanı isə iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə izahatında bildirmişdir ki, iddiaçıya məxsus qızıllar qaynana tərəfindən alınıb girov qoyulmuşdur.

34. Göründüyü ki, iddiaçı tərəf toydan sonra qızıl-zinət əşyalarının əlindən alınaraq banka girov qoyulmasını iddia etsədə, lakin bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

35. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Şahid ifadələrinin sübut kimi nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahid ifadələrini sübut kimi qəbul etməmişdir.

37. Belə ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

38. İşdən müəyyən olunur ki, şahid Əskinaz Budaqova iddiaçının əmisi arvadı, Familə Həsənova xalası, Leyla Budaqova isə anasıdır. Göründüyü kimi adı qeyd olunan şahidlərdən biri iddiaçının ailə üzvü (anası) digərləri isə yaxın qohumudur. Bu da onu deməyə əsas verir ki, şahidlər iddianın təmin olunmasında maraqlı olmuşlar.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 384, 392, 393, 384 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(076)-79/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar